Anarın fotosuna...
İki günün içində həm mədəniyyətin, həm də ədəbiyyatın səmasından iki ulduz düşdü. Yer də ağladı, göy də. Fəxri Xiyaban o günlərdə səssiz-səmirsiz danışdı - yas tutan insanların pıçıltıları, ayaq səsləri, göz yaşlarıyla dolub-boşaldı. Çox adam gəldi, çox adam getdi. Amma bu iki gündən yadda qalan ən ağır, ən təsirli an... Bəlkə də sözləri belə susduran, boğazda düyün olan o məqam - yazıçı Anarın dostu Elçin Əfəndiyevin vida mərasimində etdiyi çıxış və daha sonra onun qızını bağrına basıb ağladığı fotoydu.
Bəli... Bu, sadəcə bir foto deyildi. Bu bir xatirə deyildi. Bu bir zamanın donmuş halı deyildi. Bu - bir ömrün, bir dostluğun, bir səssiz fəryadın gözlə görünən iziydi. O fotoda zaman dayanmışdı. Sözün qüdrətinə inanan bir yazıçının, sözün aciz qaldığı anda göz yaşına sığınıb susması vardı. O an, bəlkə də, yazıçı Anar üçün qələmindən süzülən minlərlə sətirdən daha həqiqi, daha ağır idi.
Bu foto - birgə yazılmış kitabların, paylaşılan yaradıcılıq yolunun, illərlə çəkilən əziyyətin, sevinclərin və dərdlərin, fikrin və duyğunun donmuş hekayəsiydi. Orada sadəcə kədər yox idi - orada illərlə qorunan bir dostluğun qırılan sükutu vardı. Bu fotoda yazıçı dost itkisi var idi. Bəlkə də, ən təsirli hekayə elə bu foto idi...
Bu foto ağrıdan ötə idi. Bu foto yaşanan acının sükutda necə qışqırdığını göstərirdi. Foto, insanın ən qorxulu həqiqəti ilə üz-üzə qaldığı anın - "fanilik" düşüncəsinin qəfil toxunuşu idi. Heç nə əbədi deyil... nə söz, nə insan, nə də yazılan hekayələr. Hər şey bir gün bitir. Qalan - bu cür donmuş anlar olur. Ağrıya bürünmüş bir qucaq, yaşla dolu bir baxış və susmuş bir yazıçı.
Bu fotoda qorxu da vardı. Yalnız dostunu itirmək qorxusu deyil - öz növbəsini hiss etmək qorxusu. Yola saldığın insanla birlikdə ötən illərin, getmiş zamanın, yaşanmış hər şeyin də səni tərk etdiyini görmək qorxusu. Bu foto bir vidanın deyil, həm də bir daxili parçalanmanın şahidi idi.
O foto bizə bir daha xatırlatdı: bəzi ağrılar yazılmır. Onlar yaşanır. Və bəzən bir yazıçının ən təsirli hekayəsi - onun ağladığı bir fotodur...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!