Gündəlik həyatımızda elə insanlar olur ki, onlarla özündən asılı olmadan az qala, bütün ömrünboyu yanaşı addımlayırsan. Həm də onların içində elələri olur ki, səninlə hər görüşünə nur çiləyir, səni, həyat nə qədər çətin olsa da, nikbin səmtə yönəldir; düşüncənə pərvaz verir; səni həyatda yaşamağa, yazmağa, pozitiv şeylər haqqında düşünməyə sövq edir; sənə xüsusi dəyər verir, təqdir edir, təfəkkürünə heyranlığını bildirir. Eyni zamanda sənə yol göstərir, məsləhətçin olur, uğurlarına sevinir, hər hansı xoşagəlməz hal baş verdikdə dərdlərinə həmdəm olur, yaradıcılıq imkanlarını təqdir edir. Öz gücünə inamını artırır...
Belə ləngərli insanlardan, kişilərdən, alimlərdən söz düşəndə o andaca gözlərim önündə tanınmış folklorşünas alim, türkoloji ədəbiyyat və ədəbiyyatşünaslığa, Azərbaycan-türkman ədəbi, mədəni, folklor və epik əlaqələrinə yetərincə nəzərəçarpacaq töhfələr vermiş filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev dayanır.
Qəzənfər müəllimi 80-ci illərdən üz-üzə tanıyıram. O vaxtlar o, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda Xarici dillər kafedrasına rəhbərlik edirdi. Bir qədər sonralar o, buradan ayrılıb AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışmağa başladı. Lakin mən Qəzənfər müəllimi qiyabi olaraq daha tez, 70-ci illərin əvvəllərindən tanıyırdım. Çünki Qəzənfər müəllim İraqda çalışdığı vaxtlardan Azərbaycan oxucu ictimaiyyəti arasında yaxşı mənada səs-küyə səbəb olmuş əldən-ələ gəzən "Altı il Dəclə-Fərat sahillərində" adlı maraqlı kitabı ilə oxucuların ürəyini riqqətə gətirmişdi.
Qəzənfər müəllim bu kitabda elə bir şirin təhkiyə üslubundan istifadə etmişdir ki, oxucu əsərin sonuna çatmayanadək ondan kənarlaşa bilmirdi.
Bu böyük alim həm M.F.Axundov adına APRD və Əİ, həm də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işlədiyi illərdə qələmi bir gün də özündən kənara qoymadı. Qələm bu böyük insanın folklor, el adət-ənənələri, aşıq yaradıcılığı, dastanlar, bədii-fəlsəfi düşüncə tərzi onun iç dünyasından bir an belə yasaq düşmədi. Qəzənfər müəllim söz ovsunçusu, fikir, deyim zərgəridir. O, sözlərə, ifadələrə elə bir ülgü vurub, don biçir ki, sanki həmin sözlər də bu düşüncə sehrbazının feilinin təsiri altına düşür. Odur ki Qəzənfər müəllimi biz bir sıra rakurslardan səciyyələndirməyi qərara aldıq:
Qəzənfər müəllim əsl insan olaraq özündə vicdan kateqoriyasının ən çeşidli elementlərini məsuliyyəti, cəsurluğu, xeyirxahlığı, hər kəsin qayğısına qalmanı, hər kəsə köməyə çalışmanı, səbirli, bağışlamağı bacaran, daim öz üzərində işləyən, özünə və başqalarına hörmət edib, öz prinsiplərini qoruyan, ictimai fikrə hörmətlə yanaşan, daxili inamının gücünə söykənən, daim özünü inkişaf etdirməyə səy göstərən, ağlı, qəlbi, cismindəkilərinin hamısı arasında harmoniya yarada bilən, özünün əsl hiss və duyğularını gizlətməyən, rola girməyə meyilli olmayan, mənəvi saflığı, həyat müdrikliyini hər şeydən üstün tutan, seçkin şəxsiyyətlərdəndir. Bir sözlə, Qəzənfər müəllim əsil kişi olaraq insan keyfiyyətlərinin ən ümdə tərəflərini özündə mahiyyətincə təcəssüm etdirən Böyük İnsandır!..
Qəzənfər müəllim əsl alim kimi geniş spektrli keyfiyyətlərə malik olmaqla, hər şeyi öyrənməyə çalışan, özünə daim tənqidi münasibət bəsləməyi bacaran, fərdi elmi-nəzəri hazırlığı üzərində işləyən, Azərbaycan folklorşünaslıq, dastanşünaslıq elmlərinin formalaşmasına öz töhfələrini verən, daxili elmi potensiyasını elmin sirlərıni öyrənməklə dərindən mənimsəməyi qarşıya məqsəd qoyan, yazıb-yaratdığı nümunələrə tənqidi yanaşmağı bacaran, vicdanlı tədqiqatçı, öyrənməkdən və öyrətməkdən heç zaman usanmayan, özü-özünü təşkilatlandırmağı bacaran, uzun müşahidələr aparıb, elmi paradiqmalarını yeni istiqamətlərə yönləndirməyə can atan, öz tədqiqatlarının nəticələrini görəndə uşaq kimi sevinc hissi keçirən, elmi araşdırmalarından vəcdə gəlib bu prosesə digərlərini də həvəslə qoşmağa çalışan nadir keyfiyyətlərə malik Alimlərdəndir!..
Qəzənfər müəllim XX əsrin 60-cı illərindən bu yana heç vaxt, bəlkə də heç bir saat kitabla olan ülfət və ünsiyyətinə ara verməyib. Axtarıb, arayıb, yazıb, yaradıb. Harada bir işartı, işıq görübsə, onların dalınca gedib. Ağa yaradıb, Haqq çıxartmaqdan zövq alıb. Yazdıqları az qala bestsellerə çevrilib. İraq türkmanlarını bizə ilk tanıdan Rəsul Rza, Mirzə İbrahimov və başqa bu kimi milli vətənpərvər, tarixsevər ziyalılarımızın ortaya qoyduqları ilə qənaətlənməyib. Türkman elini bütün tərəfləri - adət-ənənələri, folkloru, dastanları, klassik ədəbiyyatı, XX əsr və müasir ədəbiyyat nümayəndələri ilə mahiyyəti etibarı ilə tanış edib. Azərbaycan-kərkük bədii söz sənətini bir-birinə inteqrasiya etdirməklə bizləri dili dilimizdən, sözü sözümüzdən, özü özümüzdən, adı adımızdan, dadı dadımızdan olanlara bir köynək də yaxınlaşdırıb. Ədəbi əlaqələrimizin sınırlarını dərinləşdirməyə və genişləndirməyə xüsusi təkan verib. Bu təkanı Azərbaycanımızın Cənub hissəsindəki qardaşlarımızın ədəbiyyatındakı kimi paralellərə bənzəyən, bir sıra hallarda o paralelləri də üstələyən tarixi, praktik, etnik, nəzəri baxış, yanaşma və paradiqmalarla təhlillər edib, yeni mərtəbəyə yüksəldən alimlərin ön sırasında qərar tutub.
Qəzənfər Paşayevin saysız-hesabsız məqalə və materiallarını dəyərləndirməyi qarşıya məqsəd qoymadan onun İraq türkmanlarının həyat və folklor yaradıcılığından topladığı əsərlər onu oxucular arasında yetərincə məşhurlaşdırmışdır.
Qəzənfər müəllim, gördüyümüz kimi, bir tərəfdən, folklor və dastan materiallarının yığılıb nəşr etdirilməsi, nəğmələr, mahnılar, atalar sözü və zərbi-məsəllərin toplanılıb oxucu ictimaiyyətinə çatdırılması ilə məşğul olmuşdursa, başqa bir tərəfdən, onun tanınmış bədii təfəkkür sahiblərinin yaradıcılığını təhlil edən analitik ovqatlı, düşündürücü yazıları və əsərləri bu böyük alimin yaradıcılığını müxtəlif yönlərdən həm öyrənməyə, həm də təblığ etməyə əsaslar verməkdədir.
Son illərdə bu cəfakeş araşdırıcının 12 cildlik "Seçilmiş əsərləri"nin işıq üzü görməsi Azərbaycan mədəni-ədəbi həyatında baş verən pozitiv elmi yanaşma və təhlillər kimi dəyərləndirilməlidir və bütün bunlar Qəzənfər Paşayevin yaradıcılığının daha yeni spektrlərini ortaya qoymaq üçün münbit şərait yaradır. Qəzənfər müəllim bu günümüzdə özünün 80-ni xərcləməkdə davam etsə də, bu günün özündə Azərbaycan media məkanında (onların adlarını sadalamaq belə çox vaxt aparardı), qəzet, məcmuə, dərgi və jurnallarda ardıcıl olaraq yazılar çap etdirir, mədəniyyətimizin, epik düşüncəmizin, folklor dünyamızın, aparıcı Azərbaycan yazıçılarının yaradıcılığına dair sanballı yazıları ilə diqqətimizi daha ardıcıl məşğul edir. Bu on iki cildlik heç də hörmətli professor, Əməkdar elm xadimi Qəzənfər Paşayevin folklorşünaslıq, dastanşünaslıq, türkşünaslıq, bəşərşünaslıq, ədəbiyyatşünaslıq, nəzəri-metodoloji, tarixi-praktik yaradıcılığının bütün kəsimlərini özündə ehtiva etmir. Bunu alimin əsərlərinin bütün istiqamətlərinə yaxından bələd olan bir fikir müəllifi kimi söyləyirik. Şübhə etmirik ki, Qəzənfər müəllimin əsərlərinin bədii-fəlsəfi, nəzəri-estetik diapazonu o qədər geniş, dərin və əhatəlidir ki, biz yaxın gələcəkdə bu böyük alimin əsərlərinin iyirmi cildliyinin nəşrinin də şahidləri olacağıq. Qəzənfər müəllim özünün zahiri görünüşünə, davranış manerasına, nitqinə, geyiminə, həyata baxışlarına görə əsil türk insanı xüsusiyyətlərini ləngərlə və şərəflə daşıyan şəxsiyyətlərdəndir. Onun fərdi naturası olduqca özünəməxsus komponentləri ilə diqqət çəkir. Bu milli və fərdi kolorit xüsusiyyətləri onun bütün mahiyyətinin yüksək əyarlı göstəriciləridir. Və bu onun yazı üslubunun da, deyim tərzinin də, daxili aləminin də göstəricisinə çevrilmişdir. Qəzənfər müəllimi digər çoxsaylı alimlərdən fərqləndirən başqa bir xüsusiyyət onun fərdi koloritinin yazılarının mahiyyətinə hopması ilə bağlıdır. Yüksək əyarlı folklor, epos, yazılı ədəbiyyat nümunələrinə və şəxsiyyətlərə həsr etdiyi zəngin təhlil erudisiyası nümayiş etdirən bu müəllifin əsərlərində onun, ilk növbədə, professionallığı özünü dərhal büruzə verir. Çünki bu alimin yazılarının alt qatında sanki milli ornamentləri xatırladan ilmələr, naxışlar hiss etmək mümkün olur. Qəzənfər müəllim bütün tərəfləri və yönləri ilə belə olduqda TÜRK ruhunun möhtəşəm sinoniminə çevrilir. Qəzənfər müəllimin folklora, eposa, adət-ənənələrə, bədii-poetik düşüncəyə baxışı da özü kimi dinamikdir. Çünki o, folklorşünas, dastanşünas, ədəbiyyatşünas, ümumiyyətlə bir söz sərrafı kimi onları donuq, statik vəziyyətdə təsəvvür etmir. Yaxşı duyur və dərk edir ki, maddi həyatımız inkişafda olduğu kimi, onların da statik vəziyyətdə nəzərdən keçirilməsi yolverilməzdir. Odur ki, professor Qəzənfər Paşayevin əsərlərinin mahiyyəti, rənglərinin bir-biri ilə uyuşması, xüsusi rəng qravürləri qeyri-adi parlaq və işıqlı kolorit yaradır.
Qəzənfər Paşayev kimdən yazırsa, nədən yazırsa, oraya özünün fərdi möhürünü vurmağı bacarır.
Azərbaycan folklorşünaslıq və aşıqşünaslıq elminin dəyərli tədqiqatçılarından olan professor Məhərrəm Qasımlı doğru olaraq vurğulayırdı: "Professor Q.Paşayevin elmi-ədəbi fəaliyyəti ən müxtəlif istiqamətlərdə ayrıca tədqiqat mövzusu, araşdırma obyekti olmağa layiqdir".
Bütün bu fikirlər bir daha sübut edir ki, biz Qəzənfər Paşayev fenomenindən bəhs etdikdə hansı yüksək elmi-nəzəri əhəmiyyət kəsb edən təfəkkür sahibinin milli mədəniyyətimizə, ədəbiyyatımıza, ədəbi əlaqələrimizə verdiyi dəyərdən danışırıq.
Nə yaxşı ki, uca Tanrım Azərbaycan milli düşüncəsinə professor Qəzənfər Paşayev kimi işıqlı və yorulmaz simalar bəxş etmişdir. Belə olduqda, Qəzənfər müəllimin Azərbaycan-kərkük folklor və epos yaradıcılığına həsr etdiyi əsərlərinin heç bir mübaliğəsiz, milli folklorşünaslıq elmimizin prioritetli istiqamətlərini təşkil etdiyi onun çeşidli rakurslardan araşdırılmasına xüsusi impuls verəcəyi də göz qabağındadır. Bu gün tam əminliklə deyə bilərik ki, professor Qəzənfər Paşayev milli-mədəni həyatımızın mədəniyyətlərarası yeni fəzasını fəth etmiş zəngin və orijinal dünyagörüşünə malik nadir elm fədailərindəndir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!