Ədəbiyyatşünaslıq elminin hər üç sahəsində dəyərli araşdırmaların müəllifi, "ədəbiyyatşünas, mətnşünas, tənqidçi, pedaqoq, professor Xeyrulla Məmmədov klassik ədəbiyyatımızla əlaqələrimizin itməsinə imkan verməyən, köhnə mətnləri xüsusi qayğı və diqqətlə araşdırıb üzə çıxaran, nəşr etdirən ən güvənilən mütəxəssislərdən biri idi" (S.Rüstəmxanlı. El adamı, el alimi. (Professor X.Məmmədov haqqında nəşr olunan "Dünyada qala bilmək" kitabında). Bakı: "Qanun" nəşriyyatı, 2012, s.20).
XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının mötəbər tədqiqatçısı, pedaqoji fəaliyyəti ilə elmi araşdırmalarını məharətlə əlaqələndirməyi bacaran, arxivlərdə toz basmış bir çox əsərlərin, əlyazmaların üzə çıxarılıb ədəbi-elmi ictimaiyyətə təqdim olunmasında misilsiz xidmətləri olan Xeyrulla Qulam oğlu Məmmədov 1 avqust 1935-ci ildə Lerik rayonunun Hoveri kəndində - babaları adlı-sanlı din xadimləri, üləmalar olan bir ailədə anadan olmuşdir. Onun "uşaqlığı qanlı-qadalı illərə düşmüş, atası Böyük Vətən müharibəsində həlak olduğundan, o, kiprikləri ilə od götürən kişi qeyrətli anası Güləbətin xanımın nəzarəti və nəvazişi ilə boya-başa çatmış, kəndlərindəki yeddiillik məktəbi "əla" qiymətlərlə bitirmiş" (İslam Qəribli. Sönməyən ocaq. Bakı:"Mütərcim" nəşriyyatı, 1997, s. 144), təhsilini Lerik qəsəbəsində (indiki Lerik şəhəri - İ.Q.) davam etdirərək 1952-ci ildə orta məktəbi tamamlamışdır.
***
2 iyun 1957-ci ildə, tələbəliyinin son ilində "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "Tələbələrin arzusu" adlı məqaləsi ilə mətbuat aləminə gələn, Lerikdə müəllim işlədiyi illərdə "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi" qəzetlərində "Mənim qeydlərim", "Ədəbi qiraət dərsliklərində səhvlərə yol vermək olmaz" kimi yazılarını dərc etdirən X.Məmmədovun keçən əsrin 60-70-ci illəri arasında yazıb çap etdirdiyi "İstoriə izdaniə "Xopxopname", "S.M.Qənizadənin bədii nəsri", "Bir ərizə", "Fırtınadan doğulan adam", ""Nübar"sız "Sovqat"sız" uşqaların sönən çırağı", "Əqidə döyüşlərində", "Əliiskəndər Cəfərzadə", "Firidun bəy Köçərli nə vaxt inspektor olmuşdur?", "Molla Nəsrəddin"i zəmanə yaratdı", "N.Nərimanovun zəmanəti", "Əkinçi"nin övladları", "Bir tərcümənin tarixi" və s. onlarla irihəcmli, əksəriyyəti jurnallarda işıq üzü görən məqalələrində məlum olmayan neçə-neçə ədəbi, tarixi fakta ikinci həyat bəxş edilmiş və beləliklə, "lal" sənədlərin dilə gətirilib onların obyektiv şərhinin verilməsi ilə ədəbiyyatşünaslıqda hökm sürən bir sıra mübahisələrə aydınlıq gətirilmişdir.
XX əsrin 70-ci illərindən etibarən Xeyrulla müəllimi, əsasən, arxiv materialları ilə işləyən, ilk mənbələri üzə çıxarıb onları elmi ictimaiyyətə təqdim edən tədqiqatçılar sırasında görürük.
Akademik İsa Həbibbəyli yazır: "Arxiv materiallarına dərindən bələd olmaq, elmi dövriyyəyə çoxsaylı naməlum sənədləri və faktları daxil etmək baxımından Xeyrulla Məmmədovun xidmətlərini özündən əvvəlki fədakar və görkəmli arxivşünas alimlər nəsli ilə müqayisə etmək mümkündür. Bu baxımdan Xeyrulla Məmmədov qeyd olunan istiqamətdə öz dövrünə görə mühüm xidmətlər göstərmiş akademik Feyzulla Qasımzadənin böyük davamçısı, müxbir üzvlər Abbas Zamanov və Əziz Mirəhmədovun layiqli müasiri idi" (İsa Həbibbəyli. Ciddi ədəbiyyatşünas alim. (Professor X.Məmmədov haqqında nəşr olunan "Dünyada qala bilmək" kitabında). Bakı: "Qanun" nəşriyyatı, 2012, s.28)
X.Məmmədovun araşdırmalarının müəyyən qismi Sultan Məcid Qənizadə ilə bağlıdır. Əsərlərini geniş müqəddimə və şərhlərlə nəşr etdirən alimin iyirmi ilə yaxın gərgin və səmərəli axtarışlarının bəhrəsi kimi meydana çıxan "Sultan Məcid Qənizadə" monoqrafiyasında (Xeyrulla Məmmədov. Sultan Məcid Qənizadə. Bakı:"Yazıçı" nəşriyyatı,1983) biz S.M.Qənizadəni əsl maarif fədaisi, gözəl yazıçı və publisist, ictimai xadim kimi görürük.
S.M.Qənizadə hərtərəfli istedada malik yazıçı olmuşdur. X.Məmmədov onun istər orijinal əsərlərini, istərsə də tərcümələrini tədqiq edərək belə bir qənaətə gəlmişdir ki, "mövcud cəmiyyəti dəyişmək məsələsində maarifçiliyin digər nümayəndələri kimi, o da silaha, silahlı üsyana, ümumiyyətlə, ictimai inqilablara deyil, mənəvi təkamül yoluna üstünlük vermişdir" (Yenə orada, s. 96). Müəllifin qənaətinə görə, S.M.Qənizadə o mövzuları qələmə almış və elə məsələləri müzakirə obyektinə çevirmişdir ki, həmin mövzu və məsələlər xalq həyatından alınsın və hadisələrin axınından doğan məntiqi nəticə mütləq xalqın mənafeyinə xidmət etmiş olsun.
Ədibin tərcüməçilik fəaliyyətindən bəhs edən müəllif yazır: "Qabaqcıl ədəbi təcrübəni və başqa xalqların mənəvi nailiyyətlərini Azərbaycanda yaymaq işinə xüsusi əhəmiyyət verən yazıçı Dyaçenkonun "Qurbana qurban" (1892), Lev Tolstoyun "Əvvəlinci şərabçı" (1894), A.F.Poqosskinin "Allah divanı" (1896), Myatnitskinin "Xor-xor" (1902) əsərlərini təbdil və tərcümə edir, nəşrinə və tamaşasına nail olur" (Yenə orada, s.79-80).
X.Məmmədovun qənaətinə görə, bədii tərcümə S.M.Qənizadənin nəzərində yalnız bir dildən başqa dilə əsər çevirməkdən, xalqı onun faydalı ideya-məzmunu ilə tanış etməkdən ibarət deyildi. Bu, eyni zamanda milli ədəbiyyatı forma, janr və üslublarla zənginləşdirən, zəif inkişaf etmiş sahələrini dirçəldən, başqa xalqların ədəbi nailiyyətlərinin mənimsənilməsinə yardım edən vasitə idi. S.M.Qənizadə tərcümə üçün əsər seçməyə ciddi münasibət bəsləmiş, tərcümə olunan bədii nümunənin tərcümə edən xalqın həyat-məişət tərzinə, bədii zövqünə, adət-ənənəsinə, dini və dünyəvi görüşlərinə, əqidə və inamlarına uyğunluğunu əsas prinsip kimi qəbul etmişdi.
X.Məmmədov Bakı, Tiflis, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin arxivlərində apardığı uzun və gərgin axtarışların bəhrəsi olan "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər" monoqrafiyasını 1987-ci ildə çap etdirir (Xeyrulla Məmmədov. "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər. Bakı: "Yazıçı" nəşriyyatı, 1987).
H.Zərdabi, S.Ə.Şirvani, N.Vəzirov, M.Şahtaxtlı, C.Ünsizadə, S.M.Qənizadə, S.Vəlibəyov, Z.Marağayi, N.Nərimanov, Ə.Gorani, F.Köçərli, R.Əfəndiyev, S.S.Axundov və başqalarının bədii və publisistik əsərlərini tədqiqata cəlb edən müəllif hesab edir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində maarifçilik ideyaları özünün parlaq ifadəsini birinci növbədə publisistika və bədii ədəbiyyatda tapmış, "bədii ədəbiyyatda maarifçilik məfkurəsi birinci növbədə maarifçi realizmin dövrün əsas yaradıcılıq metoduna çevrilməsində müşahidə olunmuş, bu isə, öz növbəsində, ədəbiyyatı xalq həyatına yaxınlaşdırmışdır" (Yenə orada, s. 38).
Mövcud ədəbi əsərləri, "Əkinçi", "Ziya", "Kəşkül" kimi mətbuat orqanlarında mövzu ilə bağlı materialları tədqiq edən X. Məmmədovun fikrincə, "maarifçilərin təbii insan konsepsiyası şəxsiyyət azadlığı məsələsi ilə sıx surətdə bağlıdır. İnsan onların nəzərində fizioloji varlıq deyil, öz azadlığı uğrunda mübarizə aparan vətəndaşdır" (Yenə orada, s. 44).
Ədəbiyyat tarixçisi və mətnşünas ailm kimi dəyərli tədqiqatların müəllifi olan X.Məmmədov ədəbiyyatın nəzəri problemləri ilə də ciddi şəkildə məşğul olmuş, maarifçi realizmin nəzəri aspektlərini araşdırmaqla kifayətlənməmiş, XIX əsrin sonu, XX əsrin əvvəllərində realist ədəbiyyatda ədəbi janrların inkişafı, mövzu və problematikası barədə də geniş tədqiqatlar aparmış və bu qənaətə gəlmişdir ki, "M.F.Axundov məktəbinə mənsub yazıçıların qarşısında duran başlıca məsələ epik və dramatik növlərin inkişafına rəvac verməkdən, dram, komediya, faciə, roman, povest, hekayə və sairəni ədəbiyyatın əsas ədəbi formalarına çevirməkdən ibarət idi" (Yenə orada, s. 151).
Professor X.Məmmədov Nəcəf bəy Vəzirovun irsinin tədqiqi ilə də ciddi şəkildə məşğul olmuş, onun əsərlərini müqəddimə, şərhlər yazmaqla nəşr etdirmişdir.
X.Məmmədov qeyd edirdi ki, N.Vəzirovun diqqətini cəmiyyətin komik və tragik təzahürləri ilə yanaşı, ciddi və gərgin tərəfləri də cəlb edir, o, cəmiyyətdə insanlar arasında münasibətlərin dramatizminin təsvirinə də yer ayırırdı. Bu baxımdan "Nə əkərsən, onu biçərsən" (1911), "Keçmişdə qaçaqlar" (1912), "Təzə əsrin ibtidası" dramları diqqəti cəlb edir.
N.Vəzirov dramaturji yaradıcılığında tərcümə və təbdillə də məşğul olmuş, A.K.Tolstoyun "İvan Qroznının ölümü" faciəsini tərcümə etməklə yanaşı, "Ağa Kərim xan Ərdəbili" komediyasını məşhur fransız dramaturqu J.B.Molyerin "Xəsis" əsərindən, "Dələduz" isə naməlum ingilis müəllifindən təbdil edilmişdir. Müəllif qeyd edir ki, "hər iki komediyada N.Vəzirov hadisələri Avropa mühitindən Azərbaycana köçürmüş, personajların adlarını dəyişib onlara milli kolorit və səciyyə aşılamış və bu yolla yerli müsəlman məişətinin qüsurlarını tənqid etmişdir" (Yenə orada, s.516).
Professor X.Məmmədovun tədqiqatlarında XIX əsrin ikinci yarısındakı Cənubi Azərbaycan maarifçilik ədəbiyyatının tədqiqi də əhəmiyyətli yer tutur. Müəllifin qənaətinə görə, "bu dövrün ədəbi hərəkatın inkişafında bir-birindən əsaslı surətdə fərqlənən iki ədəbi mərhələ müşahidə olunur. Birincisi, 50-60-cı illəri, ikincisi, 70-ci illərdən başlayaraq XX əsrin əvvəllərini əhatə edir" (Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, doqquzuncu cid. Bakı: "Elm" nəşriyyatı, 2021, s. 189).
X.Məmmədov hesab edir ki, Cənubi Azərbaycan maarifçiliyinin formalaşmasında İran hüdudları xaricində Şimali Azərbaycanda baş verən milli dirçəliş prosesləri də az rol oynamamışdır. "Parçalanıb bir-birindən fərqli inzibati struktura və məfkurəyə malik dövlətlərin tərkibində yaşamalarına baxmayaraq, onlar min bir tellə bir-birinə bağlanır, vətənin taleyi, xalqın həyati mənafeyi ilə səsləşən məsələlərin hamısında bir nöqtədə birləşir. Sərhəd nişanlarının alt və üst tərəflərində ümumi mədəniyyətlərini yaradıb inkişaf etdirirdilər. Bunlar küll halında ümumazərbaycan ictimai və bədii fikrinin inkişafına xidmət göstərirdi" (Yenə orada, s.192).
Müəllifin gəldiyi qənaətə görə, XIX əsrin 70-ci illərindən etibarən Cənubi Azərbaycan ədəbiyyatında yeniləşmə prosesi sürətləndi. Bədii söz sənəti lirik poeziyanın məhdud forma və mövzu dairəsindən qurtulub əzablı da olsa, geniş inkişaf yoluna, rəngarəng janrlar, aktual sosial problemlər, müasir ideyalar aləminə daxil oldu.
Ədəbi görüşlərində epiqonçuluğa qarşı mübarizə aparan Z.Marağalı ilə Ə.Talıbovun nəsr əsərlərini nəzərdən keçirən X.Məmmədov yazır: "XIX əsr Cənubi Azərbaycan bədii nəsrində müşahidə edilən xüsusiyyətlərdən biri də mistifikasiyadır. Bu, termin kimi mistifikasiyanın mənası əsl müəllifin əsərini, ya başqa müəllifin, ya da heç həyatda olmayan bir adamın, uydurulmuş yazıçının, bir şəxsin ünvanına yazmaqdan ibarətdir. Bədii ədəbiyyatda mistifikasiyanın məqsədi və funksiyaları çoxdur. Bunun özünəməxsus siyasi-ictimai və sırf ədəbi səbəbləri olur" (Yenə orada, s.204).
Müəllif doğru olaraq bildirir ki, XIX əsrin son rübündə Cənubi Azərbaycan ədəbi mühitində baş verən yeniləşmə prosesi poeziyadan yan keçmədi. Eşq, məhəbbət və gözəlliyi tərənnüm edən və şairlərin müxtəlif nəsilləri tərəfindən dönə-dönə təkrar edildiyinə görə təqlidçilik girdabına düşən şeir bu vaxtdan etibarən zəif də olsa, maarifçilik ideyalarının təsirinə qapıldı.
Məhz bu zamandan etibarən poeziyada realist meyillər qüvvətlənməyə başladı. Bu, özünü birinci növbədə klassik şeirin mövzu dairəsinin genişlənməsində, müraciət etdiyi həyat səhnələri və təsvir obyektinə çevirdiyi məsələlərin çoxluğunda və reallığında, satirik və maarifçi didaktik pafosun qüvvətlənməsində və ən nəhayət, poetik formaların əlvanlığında göstərməyə başladı.
Müəllifin gəldiyi yekun qənaətə görə, "XIX əsrin ikinci yarısında Cənubi Azərbaycan ədəbiyyatında başlanan yeniləşmə prosesi əsrin 70-90-cı illərində öz inkişafının yüksək mərhələsinə qədəm qoydu və birinci rus inqilabından sonra İranda başlanan milli azadlıq hərəkatından sonra yaranan inqilabi demokratik mündəricəli, tənqidi realist və inqilabi romantik ədəbiyyatın dirçəlişi üçün münbit zəmin oldu" (Yenə orada, s. 208).
X.Məmmədovun elmi fəaliyyətinin bir istiqamətini uşaq ədəbiyyatının tədqiqi, nəşri və mətnşünaslıq təşkil edir. Uzun illər mənəvi sərvətimizin "gizli", "tamamilə gizli" və s. "kilidlər" altında saxlanılmış, xüsusilə "zamanın aktual ədəbi hadisəsi olaraq, mənəviyyatımızın digər sahələri kimi xalqın tarixinə yoldaşlıq etmiş" (Bəkir Nəbiyev. Hikmət və gözəllik çələngi. (Professor X.Məmmədov haqqında nəşr olunan "Dünyada qala bilmək" kitabında). Bakı: "Qanun" nəşriyyatı, 2012, s.13) bir çox nümunələrinin üzə çıxarılıb ədəbi-elmi ictimaiyyətə çatdırılmasında xüsusi xidmətləri olan X.Məmmədovun bu qəbildən olan işlərindən biri də onun tərtibi ilə "Hikmət çələngi" adlı hekayələr toplusudur (Hikmət çələngi. Bakı: "Gənclik" nəşriyyatı, 1997).
X.Məmmədov uşaq ədəbiyyatının nəzəri məsələləri ilə yanaşı, onun toplanması, tərtibi və nəşri məsələləri ilə də ciddi şəkildə məşğul olmuş, pedaqoji elmlər doktoru, professor Ağahüseyn Həsənovla müştərək ümumi həcmi 1140 səhifədən artıq olan iki cildlik "Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı"nı nəşr etdirmişdir. Kitab müntəxəbat adlandırılsa da, fikrimizcə, əslində fundamental elmi-tədqiqat əsəridir. Burada Azərbaycan uşaq ədəbiyyatının elmi-nəzəri problemləri ilə bərabər, otuz dörd yazıçının tərcümeyi-halı və əsərlərindən nümunələr, "Dəbistan", "Rəhbər", "Məktəb" jurnalları, ibtidai və rüşdiyyə məktəb dərslikləri haqqında məlumatlar və onlardan götürülən mətnlər daxil edilmişdir.
X.Məmmədovun tərtib edib Ön söz, lüğət və şərhlər yazdığı kitablardan biri "Seyid Əzim Şirvani. Seçilmiş əsərləri"dir ( S.Ə.Şirvani. Seçilmiş əsərləri. Bakı:"Maarif" nəşriyyatı. 1990.)
Kitaba geniş müqəddimə yazan, onun həyat və yaradıcılıq yolu barədə danışan X.Məmmədov şairi Azərbaycan maarifçiliyinin demokratik cəbhəsinə daxil edir və yazırdı: "O, Azərbaycan xalqının fiziki və mənəvi əsarətdən qurtuluş yolunu maariflənməkdə, orta əsrlərdən qalma zərərli şüur və düşüncə tərzindən uzaqlaşmaqda, müasir elmi-texniki biliklərdə görür, ... xalqının xoşbəxt gələcəyi haqqında gözəl arzular bəsləyir və onu dünyanın maariflənmiş və tərəqqi etmiş xalqlarından biri kimi görmək istəyirdi" ( Yenə orada, s. 12-13)
X.Məmmədov bu kitaba izah, şərh və hər mətnin ətraflı lüğətini verməklə S.Ə.Şirvaninin nəzmlə yazdığı "Rəbiül-ətfal" ("Uşaqların baharı") və nəsrlə yazdığı "Tacül-kütub" dərsliklərini, "Siçan və pişik dastanı" əsərini daxil etmişdir.
Professor X.Məmmədov ali məktəblər üçün proqram və dərsliklərin hazırlanmasında da fəal iştirak etmiş, qələminin məhsulu olan "Azərbaycan ədəbiyyatının yaradıcılıq metodu", "Filologiya elminin tarixi və metodologiyası" tədris proqramları və "XIX əsr Azərbaycan uşaq ədəbiyyatı", "Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda"."XIX əsr Azərbaycan ədəbiyyatı" dərslikləri bu gün də tədris prosesində istifadə olunmaqdadır.
Onun Şeyx Əhməd Hüseynzadənin "Tarixi-ədəbiyyati-türki" əsəri, S.M.Qənizadənin Nəvai, S.Ünsizadənin İbrahim Həqqi, R.Əfəndiyevin Nabi barədə tədqiqlərinə dair araşdırmaları dediklərimizə əyani sübutdur.
Geniş mütaliə qabiliyyəti, ensiklopedik təfəkkür tərzi ilə seçilən, elmi kadrların hazırlanmasında mühüm xidmətləri olan X.Məmmədov həm də satirik qələm sahibi olan yazıçı idi. Bədii əsərlərini müxtəlif mətbuat orqanlarında "Molla Dərvişəli Cindar", "Ursan" və s. imzalarla çap etdirən müəllifin felyetonları haqqında professor Zeydulla Ağayev yazır: "Hələ də acı qəhqəhəyə geniş meydan açan cəmiyyətimizin özü onu felyetonçu kimi qələminə sarılmağa, yaradıcılıq diapozonunun daha bir tərəfini bizə göstərməyə vadar edir. Onun felyetonları yalnız və yalnız bugünkü dərdlərimizin üstündə göz yaşı axıdan qəhqəhədir" (Zeydulla Ağayev. Sözlərin qövsi-qüzehi. Professor X.Məmmədov haqqında nəşr olunan "Dünyada qala bilmək" kitabında). Bakı: "Qanun" nəşriyyatı, 2012, s. 58 ).
Beləliklə, professor Xeyrulla Məmmədov ömrünü şam kimi millətinin tərəqqisi yolunda əritmiş, fəaliyyət göstərdiyi bütün sahələrdə uğurlara imza atmış ensiklopedik təfəkkürlü ziyalı və əsl vətəndaş olmuşdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!