“Aqibət duyğusu” haqqında
Culian Barnsın müəllifi olduğu "Aqibət Duyğusu" romanı insan yaddaşının, tarixinin tədqiqi vasitəsilə sadə həyat illuziyasını ifşa edir və insanı bir neçə sual ətrafında düşünməyə vadar edir: həqiqət nisbidirsə, yaddaş qeyri müəyyəndirsə, biz əslində kimik?
Romanda zaman xətti deyil, çünki postmodern əsərlərdə öyrəşdiyimiz reallıqlar, həqiqətlər, zamanın özü də rekonstruksiyaya uğrayaraq başqa məcradan oxucu beyninə axın edir. Toninin nəsri ilə oxucu həqiqətlər, yadda qalanlar, yaddaşdan qəsdən kənarlaşdırılanlar, qeyri-müəyyənliklər arasında bir detektiv kimi axtarışa cəlb olunur. Bu gərginlik romanın fəlsəfi qatlarının açılmasının əsas məqamlarıdır. Əgər xatirələrimiz bizi yanıldırsa, bizim keçmişimizdən bu günümüzə qədər yaşadığımız anlarda gerçəklikdən uzaq illuziyalara yer verilibsə və kimliyimiz məhz bu xatirələrimizin üzərində qurulubsa, bu zaman biz özümüzü nə dərəcədə yaxşı tanıya bilərik?
Kitab sadə və sakit həyatın axınında olduğunu sanarkən gözlənilməz və çox uzaq keçmişdə qalan xatirələrini oyatmağa onu vadar edən bir məktub və kiçik miras məsələsindən sonra keçmiş münasibətlərini sorğulamağa məruz qalan Toni Uebsterdən bəhs edir. Toni keçmişə qayıdarkən, yaddaşının ən dərin qatlarında qalan xatirələrini yadına salma cəhdlərində psixoloji özünümüdafiə mexanizmini işə salarkən şüurundan tamamilə qovduğu həll olunmamış problemlərlə üzləşməli olur. Roman insanların obyektiv həqiqət ideyasına meydan oxuyaraq bugün və keçmiş arasındakı əlaqələri necə rekonstruksiya edərək subyektiv həqiqət formalaşdırdıqlarını ustalıqla göz önünə sərir.
Dərc olunduğu ildə Buker mükafatına layiq görülən "Aqibət Duyğusu" Culian Barnsın təmkin və emosional dərinliyini əks etdirən ən gözəl əsərlərindən biridir. Ümumiyyətlə, bu əsər oxucuya özünə kənardan baxaraq "mən"ini nə dərəcə yaxşı tanıdığını sorğulamağa sövq edir. Yaddaşın qüsurları, özünü aldatma, təhrif olunmuş həqiqət Tonini məktubu aldığından bəri təqib etməkdə qalmır, onunla birlikdə oxucular da bütün fraqmentlərin altında həqiqəti axtarmaq prosesinə cəlb olunurlar.
Roman boyunca müəllif oxucunu "yaddaşımız bizi yanıldırsa, əslində biz kimik?" sualı ətrafında düşünməyə vadar edir. Əgər kimliyimiz keçmişimizin məhsuludursa, yaddaşımız isə bizi yanıldırsa, o zaman əsl kimliyimizi necə tapmalıyıq?
Hər insan keçmişinə nəzər salarkən daxili biblioqrafiyasını vərəqləməli olur, xatirələrinin şahidi olduğumuz an bəzən qeyri-müəyyənliklə, bəzən təhrif olunmuş məlumatlarla rastlaşdığımız üçün bu biblioqrafiyanın etibarlılığını sorğulamalı oluruq. İnsan hafizəsi subyektiv olduğu üçün güvənilməzdir. Ekzistensial düşüncələr roman boyu bizi müşaiyət edir: “Ümumiyyətlə, şəxsiyyətin təkamülündə nostaljinin hansısa rolu varmı?” (Barns, S. 92). Bu, müəllifin oxucuya ünvanladığı adi və səmimi sual kimi görünsə də, ekzistensial və fəlsəfi çağırış kimi səslənir. Ümimiyyətlə, nostalgiya keçmişə emosional, bəzən aldadıcı bir nəzərdir ki, insanın itki ilə, zamanla və ölümlə münasibətini göstərir. Əgər keçmişimizə biz nostalji prizmasından nəzər salsaq, bu zaman ortaya çıxan emosional baxış bizim şəxsiyyətimizin formalaşmasına necə təsir göstərə bilər?
Toni Uebster özünü günahsız, sakit bir insan olaraq tanıyır və yuxarıda da qeyd etdiyimiz kimi, bir məktub və miras xəbərindən sonra yaddaş rəflərində itən xatirələrini axtarıb tapmalı olur və nostalji anlarına geri döndükcə təhrif olunmuş həqiqətləri ilə üz-üzə qalır. Yalnız keçmişlə üzləşdiyində - unutduqlarını yada saldıqda, xatırlamadıqlarını qəbul etdikdə o, əsl kimliyi ilə tanış olur, yaddaşı silkələrnir, həyatın möhkəm təməli sarsılır. Müəllifin bu sualı sadəcə bizi keçmişə qaytarma istəyi deyil, bu, xatirələrimizin, emosional bağlarımızın bir-biri ilə sıx əlaqəsini sorğulamağa şərait yaradan ekzistensial refleksiyadır. O zaman daha bir sual ortaya çıxır ki, "nostalji ilə biz özümüzü daha yaxşı tanıyırıq, yoxsa özümüzdən uzaqlaşırıq?". Bu sualın cavabını isə fərd nostalgiyanı necə qavradığından asılı olaraq cavablandırılır. Keçmişə nəzər saldıqda özümüzlə üzləşə biliriksə, unutduğumuzu düşündüklərimizi yenidən nəzərdən keçirə biliriksə, etiraflar etməkdən çəkinmiriksə, bu halda nostalgiya dürüst refleksiya ilə birləşərək bizi özümüzə daha yaxın edir. Əgər keçmişimizi gözəlləşdirib məsuliyyətlərimizdən boyun qaçırırıqsa, uydurma hekayələrin ardında gizləniriksə, bu halda özümüzdən qaçaraq uzaqlaşırıq. Suala oxucu subyektiv nöqteyi nəzərdən cavab verəcəkdir.
Müəllif əsərdə obyektiv və subyektiv zaman məfhumlarına toxunaraq düşünməyimiz üçün daha bir cığır açır. "Mənsə bunu dəqiq bilirəm: bir obyektiv zaman var, bir də - biləyimizin içəri tərəfində, nəbzimizdə döyünən - şəxsi, subyektiv zaman. Həmin "şəxsi zaman" isə insanın öz yaddaşına olan münasibətilə ölçülür" (Barns, S. 133). İnsan ömrü iki zaman məfhumuna qarışıb gedərkən çox vaxt obyektiv zamanın içində subyektiv zamanın anlamını dərk etmədən yaşayırıq. Xronoloji və ya fiziki zaman diliminin içərisində həm də şəxsi təcrübələrimiz və hissiyatımızla ölçə bildiyimiz daxili zamanımızdan nə dərəcə xəbərdarıq? Müəllif zaman anlayışını subyektiv və obyektiv olaraq ayırıb bizi öz yaddaşımızın ən dərin qatlarında həqiqətin axtarışına doğru yönləndirir. Yaddaş obyektiv deyil - zaman-zaman həqiqətlər düşüncələrimizdə təhrif oluna, emosional dəyişikliyə məruz qala, hətta unudula bilər. Toni də yaddaşının canlanmasında subyektiv zaman anlayışını əasa tutaraq etibarsızlığa yol versə də, oxucu ilə səmimidir - etiraf etməkdən çəkinmir. Müəllifə bu səbəbdən rəğbət bəsləmək, onun passiv və etibarsız mövqeyini görməzdən gəlmək oxucu üçün çətin ola bilər.
"Aqibət Duyğusu" romanında müəllif zaman, yaddaş, şəxsi kimlik anlayışlarının sərhədlərini silərək xətti həyat illuziyasını yox edir. Toni Uebster obrazı vasitəsilə roman nümayiş etdirir ki, yaddaş hadisələrin etibarlı qeydi kimi deyil, keçmişin dinamik və çox vaxt rekonstruktiv görüntüsü kimi fəaliyyət göstərir. Roman güclü ekzistensial bir sual ortaya qoyur: Əgər şəxsiyyətimiz qüsurlu yaddaş üzərində qurulubsa, biz özümüzü nə qədər yaxşı tanıya bilərik? Barns bu məqamda oxucunu həyat hekayələrinə yenidən nəzər salıb bu sual ətrafında düşünməyə, xatirələrinin dərin qatlarına enib fikirləşməyə dəvət edir. Nəticə bundan ibarətdir ki, "sadə həyat" kimi qəbul etdiyimiz "həqiqətlər"imiz obyektiv reallıq deyil, daxili təhkiyəçinin subyektiv məhsuludur. "Aqibət Duyğusu" təkcə yaddaşın hekayəsi kimi deyil, həm də keçmişimizin öz versiyalarımızdan ibarət xatirələrilə yaşamağın nə demək olduğuna dair dərin mülahizələr aparmağa xidmət edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!