Şeirlər - Hikmət FƏRZƏLİ

 

Yaşamaq

 

Yüz döyülüb, yüz bərkiyib, bir sınan,

Öz içinə, öz könlünə qısılan,

Ölənəcən boynumuzdan asılan

Bir dəyirman daşı imiş yaşamaq.

 

İlmə-ilmə, naxış-naxış toxunan,

Səssiz-səssiz dua kimi oxunan,

Nə çoxdu hey, hamar yolda yıxılan,

Döngələrə naşı imiş yaşamaq.

 

Vurar-bölər, hər hesabı heç edər,

Savab sanıb, günah edər, suç edər.

Bu diyardan o diyara köç edər...

Demə durna quşu imiş yaşamaq.

 

***

...Məni kirpiyinin arasında tut,

Yumanda üzündə iz qoya bilim.

Nolar, üzüsulu apar bu yerdən,

Yuxarı çıxmağa üz qoya bilim.

 

Nağıldı hamının bır ömür payı,

Bir azca qorxulu, bir az da şirin.

Düşər sevdasına hər gün, hər ayın,

Düşən yarpaqların, açılan gülün.

 

Mən də bu dünyada çox qalmayacam,

Könlümü, başımı alıb gedəcəm.

Dönəcəm bir qərib qürbət quşuna,

Bir gün pəncərəni döyəcləyəcəm.

 

***

Mənə zülüm eləyir, mənə sitəm eləyir,

Ayağıma dolanır keçən xatirələrim.

Mən özüm öz yarama duz basıram, İlahi,

Gözlərimdə sulanır keçən xatirələrim.

 

Mənimlə yol yoldaşı, mənimlə can sirdaşı,

Hər baharda mənimlə, hər payızı, hər qışı.

Əlliyə mənlə çatıb ardımca, addımbaşı,

Mənnən yatıb oyanır keçən xatirələrim.

 

Bilmirəm, gerçəkdimi, bilmirəm, nağıldımı,

Dünyanın bir nizamı var imiş, dağıldımı?

Qapımı açıb girmək bu qədər ağırdımı?!

Pəncərəmdən boylanır keçən xatirələrim.

 

***

Susamış çöllərin yağmur həsrəti

Buludlar gözünü sıxanacandı.

Sel olmaq, çay olmaq çətin deyil ki...

Damcılar birləşib axanacandı.

 

Dözərsən boyunu aşan qayğıya,

Halına kim gülə, kimlər ağlaya.

Alışarsan neçə oda, yanğına -

Əlini yandırıb yaxanacandı.

 

Bir fələk saxlamaz bu taxtda səni,

Şükr elə, yaradıb bu vaxtda səni.

Unudar böyük də, uşaq da səni,

Çətini qapıdan çıxanacandı.

 

Xəbər al

 

Kim yarıdı bu dünyadan,

Varıb gedəndən xəbər al.

Əvvəl nədi, axır nədi?..

Sirri biləndən xəbər al.

 

Nə yaddan, nə tanışlardan,

Nə yazdan, nə də qışlardan,

Çəkdiyini qırışlardan -

Saçında dəndən xəbər al.

 

Sanma dünya dümağ imiş,

Söykəndiklərin dağ imiş.

Zülüm - görüb susmaq imiş,

Görüb, dinəndən xəbər al.

 

Dünya böyük, pəncərən dar,

Uzanar yollar, uzanar.

Yurd nədi? Nədi intizar?..

Vaxt elə, məndən xəbər al.

 

***

İlahi, könlümə yaxın buraxma

Soyuq adamları, buz adamları.

Ruhuma söykənən bir bəndən yetər,

İstəməm mən neçə yüz adamları.

 

Daha xatirələr çox-çox uzaqda,

Gah günəş yandırıb, gah da ki, şaxta.

Hərdən qaya kimi dimdik ayaqda,

Hərdən kövrək olur söz adamları.

 

Mən meydan oxudum bunca illərə,

Bir az səbir göndər, bir az hövsələ.

Tanrım, gözün kimi qoru, hifz elə

Doğru adamları, düz adamları.

 

***

İlahi, bu yerlə göy arasında

Əlləri üzündə bir bəndə qalıb.

Duası oxunur saz havasında,

Yaxası fələyin əlində qalıb.

 

Bu adam bu ömrü sürgün yaşadı,

Qırx ili cəm etdi, bir gün yaşadı.

Küsüb bu dünyadan küskün yaşadı,

Gileyi sözündə, dilində qalıb.

 

Leysandı gözündə yaş, pərdə-pərdə,

Yel vurub, yengələr oynar yerində.

Ruhu sərgərdandı qərib şəhərdə,

Arzusu küçənin tinində qalıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!