Dövri mətbuatda ara-sıra maraqlı hekayələrini, kəsərli publisistik yazılarını oxuduğum, "Mələklərin fəryadı", "Özümlə söhbət" nəsr kitabları ilə yaxından tanış olduğum yazıçı-publisist Nəriman Fərmanın "Analı dünyam" memuar-poeması şüuraltına ötürülmüş etnoyaddaş və mental dünyaduyumu baxımından diqqətimi çəkdi.
Əsasən nasir kimi tanıdığım və özünün də şairlik iddiası olmayan qələm dostumuzun bu poemasının qəhrəmanı (həm də prototipi) on uşaq dünyaya gətirib, boya-başa çatdıran doğma anasıdır. Bu "Qəhrəman ana"nın övladlarına çəkdiyi əziyyət, verdiyi tərbiyə, aşıladığı öyüd-nəsihət, halallıq, gözütoxluq kimi əxlaqi dəyərlər maraqlı epizodlar, lirik ricətlərlə oxucu qəlbinə yol tapır. Nəticədə, hər birimizin "ana" deyə biləcəyimiz Azərbaycan-türk xanımının ümumiləşdirilmiş obrazı, doğma siması gözümüzün önündə canlanır:
Orta boylu idi, həm də ağsifət,
Nə qədər çəksə də əzab-əziyyət
Bir uşaq saflığı vardı üzündə,
Mən qəzəb görmədim ala gözündə.
...Ey mənim on uşaq anası anam,
Ömrümün-günümün mənası anam.
"Proloq"la başlayıb "epiloq"la bitən poema daxili yarımbaşlıqlara bölünür: "Anam atam haqqında", "Cehiz", "Sözün hikməti", "Ər evi", "Ananın oğluna nəsihəti", "İllər sonra", "Anamı xatırlarkən", "Qovaq ağacı", "Qovaq kölgəsində qadınlar", "Səhər süfrəmiz", "Anamın yun şalı", "Anamın bayatıları".
Bu adlara poemanın fəsilləri səviyyəsində yanaşmaq təbii ki, düz olmazdı. Əslində, mətndaxii verilmiş yarımbaşlıqlar poemanın kompozisiyasını və süjet sistemini tənzimləməyə xidmət edir. Müəllif ötən çağlara - analı günlərinə acılı-şirinli xatirələrlə qayıdır. Bu nostalji duyğular bəzən onu çayında çimdiyi Qobuya, bəzən də həmkəndlilərinin "qərərgahına" bənzəyən qovaq kölgəsinə aparır. Lakin, xatirələr müxtəlif istiqamətlərə şaxələnsə də onların hər birində zəhmətkeş (bəlkə də əzabkeş), gəncliyini və dincliyini övladlarına qurban verən ana obrazını görürük:
Anam şum yerində yığırmış başaq,
Kürəyində uşaq, bətnində uşaq.
Böyük külfət idik, çoxu da oğlan,
Başqa dövran idi bizim o dövran;
Köhnədən, kültədən tikib geyərdik,
Yağlıdan, yavandan tapıb yeyərdik.
Bir an belə dayanmaq bilməyən, hər işə əl atan bu ana - doqquz oğul, bir qız anası övladlarına mükəmməl tərbiyə verməyə də vaxt tapır. Onların atalarına "baş tacı" kimi baxmağını ailənin qanunu hesab edir.
Poemada ər evinə yola saldığı qızına verdiyi nəsihəti eyni zamanda qızının qaynanası da öz oğluna verir. Bütün bunlar müasir gəncliyimiz üçün dəyərli tərbiyə kodeksidir. Müəllif ananın dilindən gəlin köçən qızına dediyi sözləri həyati misallarla, gələcəyə yönəlik reallıqlarla çatdırır. Bu məqamda gen və qan yaddaşımızla zəmanəmizə qədər gəlib çıxan Azərbaycan-türk ailə dəyərlərinin fərqinə laqeyd qala bilmirik və buna qürur yerimiz kimi baxırıq. Qonşular qızı üçün hansı cehizləri verdiyini soruşanda müdrik ana təmkinlə dillənir: "Sözlərdən tutmuşam mən ona cehiz". "Ananın oğluna nəsihəti" bölməsində də didaktik təhkiyə dərin məzmunu və mənəvi-əxlaqi dəyəri ilə diqqəti cəlb edir. Ana öz oğluna tövsiyə edir ki, bütün məqamlarda həyat yoldaşına xoş münasibət göstərsin. Bu ailə adlı "kiçik dövlətin" təməl prinsiplərindəndir. Onu da xatırladır ki:
Bir səhvi olarsa onu az qına,
Söz demə qəhərdən zorla udquna.
Verdiyi yeməyi sən iştahla ye,
İradın olsa da ustalıqla de.
Bir az duzlu olsa verdiyi yemək
Deyərsən yeməyin duzlu - özün tək...
Poemada yer alan "qovaq kölgəsi" müəllifin tapıntısıdır. Adətən, bölgələrdə belə yığnaq yerləri olur - ya çinar, ya qovaq, ya da hansısa bir çardaq kölgəsi sanki təbii bir teatr səhnəsinə bənzəyir. Sanki hər insan bir obraz olaraq öz rolunu oynayır. Nəriman Fərmanın təsvir etdiyi "qovaq kölgəsidə" olduğu kimi...
Məsnəvi poetik formasında yazılan "Anali dünyam" poeması deqradasiyaya uğramış dəyərlərimizin bərpası yönündə, ailədən cəmiyyətə sağlam inkişaf yolunda önəmli örnəklərdən biridir. Müəllifin gəldiyi qənaət budur ki, ana haqqı Tanrı haqqıdır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!