Zarafatnamələrin ciddiliyi - Sərvaz HÜSEYNOĞLU

 

Azad, müstəqil, qalib və fikir, düşüncə azadlığının qarantı olan bir ölkədə yaşamasaydıq, yazıçı-dramaturq Xeyrəddin Qocanın taleyi sarıdan çox narahat olardım. Çünki Xeyrəddin Qoca olduqca cəsarətli qələm əhlidir. Çünki zamanında belə azadfikirliliyin, cəsarətliliyin sıxıntılarını geninə-boluna yaşamış olduqca, görkəmli sənətkarlarımızın həyat hekayətləri, hər kəs kimi, mənə də bəllidi. Sözün düzünü deməyin zor iş, əsl kişilik örnəyi olduğu zamanlarda totalitar rejimlərin azad sözün, azad fikrin başı üzərində Demokl qılıncına döndüyü aləmin hekayətləridir o yaşananlar. Və hər yada düşəndə, xatırlananda istiqlal fədailərimizin dönməz əqidə, amal yolunda düçar olduqları məhrumiyyətlərin utancını yaşamalı oluruq. Bu baxımdan Xeyrəddin Qocanın cəsarətli yazılarının əndişəsini də yaşamalı olmuşam həmişə.

Amma nə xoş ki, öz dahi sələfləri ilə müqayisədə Xeyrəddin Qocaya azad, demokratik, qabardılan problemlərə dözümlü Azərbaycanımızın satirk yazıçı ömrü yaşamaq nəsib oldu. Bu azadfikirliliyin, demokratiyanın qarantı olan ulu öndər Heydər Əliyevin davamlı qayğısı və unudulmaz dəstəyi ilə yazıb-yaratdı. O dahi şəxsiyyət Xeyrəddin Qocanın istinad nöqtəsi oldu. Ürəyincə yazıb-yaratmaq istəyinə güc-qüvvət verdi. Yaradıcılığını və özünəməxsus xarakterini dəyərləndirdi. Xeyrəddin Qoca bu qayğıkeşliyin, məxsusi diqqətin sayəsində satirik sənət yolunu öz böyük sələflərinin - ustadları Mirzə Cəlilin, Ə.Haqverdiyevin, M.Ə.Sabirin məramınca davam etdirə bildi. O böyük müəllimlərimin hədəfi, qınaq yeri olan "marallar"ın, rusbaşlıların mənəvi kasadlıqlarının gerçək üzünü qamçıladı. Bu mövzuda "açdı sandığı, tökdü pambığı". Cəmiyyətdə və ictimai həyatda baş verən, müşahidə etdiyi nöqsanlara, əyintilərə qarşı barışmaz olan ümummilli liderin yaxın fikirdaşı, əqidədaşı olaraq yazıb-yaratdı. Öz sələflərinin yoluna sadiq qaldı.

Elə onun həyat və yaradıcılığına ayna tutan bu günlərdə nəfis tərtibatla "Mütərcim" nəşriyyatında nəşr edilən "Molla Nəsrəddin" yolu" adlı kitaba daxil edilən məqalələrdə, haqqında deyilmiş fikirlərdən seçmələrdə də bu həqiqətlərdən söz açılır. Xeyrəddin Qocanın özünəməxsus, təbii, vəfalı və cəsarətli yazıçı xarakteri, yaradıcılıq imkanları incələnir. Bu mənada akademik İsa Həbibbəyli kitaba yazdığı Ön sözdə haqlı olaraq vurğulayır ki: "Azərbaycan ədəbi-elmi ictimaiyyəti Xeyrəddin Qocanı ciddi satirik yazıçı kimi yaxından tanıyır və onun satira yaradıcılığı sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir". Çünki "Çoxcəhətli fəaliyyətə malik olan Xeyrəddin Qocanın keçdiyi yol maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən rəsmi diplomatik işə, qəzetçilikdən satirik nəşrə qədər geniş bir dairəni özündə cəmləşdirir".

Bu yöndə Ön sözdə qeyd olunan məqamlar dərin səmimiyyət, tarixi yaşantılara sonsuz vəfadarlıq faktları kimi razılıq doğurur: "XX əsrin sonlarında Xeyrəddin Qoca artıq mətbuatda və həyatın burulğanlarında bişib-möhkəmlənmiş qələm ustası və əsl əqidə sahibi idi. Cəmiyyət həyatında baş verən mürəkkəb ictimai-siyasi proseslərin alt qatlarını, dərinliklərini görə bilmək, əsas inkişaf meyillərini düzgün dəyərləndirmək bacarığı sayəsində o, xalqımızın nicatı yolları barədə düşünərkən, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutmağın zərurətini hamıdan tez hiss edənlərdən, gün kimi aydın olan bu gerçəkliyi birmənalı şəkildə qəbul edənlərdən biri kimi, yeni Azərbaycan uğrunda fəal mübarizliyə qoşulanlardan biri olmuşdur. Xeyrəddin Qoca Heydər Əliyevçilik - yeni azərbaycançılıq hərəkatına bağlı olan, bu hərəkatın reallığına və gələcəyinə dərindən inanan vətənpərvər Azərbaycan ziyalısıdır".

Yeni azərbaycançı mövqeyinin mübariz təmsilçisi və dönməz müdafiəçisi kimi dəyərləndirilən Xeyrəddin Qoca filologiya elmləri doktoru Gülbəniz Babayevanın baxış bucağından belə dəyərləndirilir: "Çağdaş Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin" jurnalının ideya, janr və üslub rəngarəngliyini ləyaqətlə davam etdirən Xeyrəddin Qoca orijinal satirik yazıları ilə seçilən yazıçılarımızdandır... Zəngin və çoxcəhətli yaradıcılığı onu dövrünün satirik yazıçısı kimi məşhurlaşdırmış və "Molla Nəsrəddin" ədəbi məktəbinin fəal davamçılarından birinə çevrilmişdir. Azərbaycan xalqının ictimai-siyasi, ədəbi-mədəni həyatında gedən prosesləri həssaslıqla müşahidə edən, bir vətəndaş yanğısı ilə bu taleyüklü məsələlərə öz münasibətini bildirən Xeyrəddin Qoca satira və yumor janrına böyük önəm verir... Və onun məsuliyyətini yetərincə dərk edir.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli (bir qədər də dəqiqləşdirsək, yeganə) təmsilçisi olan Xeyrəddin Qoca barədə akademik Nizami Cəfərovun fikirləri də maraqlı və yaddaqalandır: "Onun 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində apardığı mübarizə hər birimizə məlumdur. Bu mübarizə ən ağır şəraitdə aparılırdı, demək olar ki, onun heç bir müdafiəçisi yox idi, amma onun müdafiəçisi olan böyük bir hadisə var idisə, bu da onun vicdanı idi"..." heç kəsi incitmədən, qəlbinə toxunmadan, vicdani borc, vətəndaşlıq heysiyyəti, insanda insan oyatmaq amacı ilə yazdığı satirik əsərlər, ilk növbədə, Xeyrəddin Qocanın "Zarafatnamələr"i kimi yadda qalır. Daha çox tərbiyə edir, təbəssüm oyadır, insanlıq yolunu işıqlandırır. Nizami Cəfərovun təbirincə desək, nə xoş ki, "Xeyrəddin Qoca zarafat etməkdən çəkinmir və onun ədəbi, yazıçı kimi zarafatlarının mühüm xüsusiyyətlərindən biri odur ki, zarafatlarına birinci növbədə ən çox özü gülür. Ona görə də Xeyrəddin Qocadan incimək mümkün deyil. Çünki özünə qarşı nə qədər obyektiv və prinsipialdırsa, istər-istəməz dövrə, zəmanəyə qarşı da o qədər səmimidir...

Yeni nəşrə X.Qocanın yaradıcılığı barədə Əbülfət Mədətoğlu, Faiq Şükürbəyli, Tahir Aydınoğlu, Alqış Musayev, Mübariz Abdullayev, Şahanə Müşfiq, Əli Nəcəfxanlı, Aygün Eldaroğlu və başqa qələmdaşlarının əhatəli məqalələri ilə yanaşı, bir çox görkəmli ədəbiyyat adamlarının fikirlərindən seçmələr də daxil edilib. Bu sırada Xalq yazıçıları, Anarın, Elçinin, Xalq şairləri Qabilin, Zəlimxan Yaqubun, Cabir Novruzun, filologiya elmləri doktoru, professor Pənah Xəlilovun, professor İmamverdi Əbilovun, Xalq şairi Sabir Rüstəmxanlının, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun, qardaş Türkiyənin ünlü yazarları Dursun Özdənin və İrfan Ülkünün X.Qoca yaradıcılığına dərin sayğılarla izlənən fikirləri var.

Eyni zamanda, kitabın tərtibçisi Selcan Muradzadə yazıçının yaradıcılıq nümunələrindən etdiyi seçimlərdən yeni nəşrə nümunələr də daxil etməyi unutmayıb. Bu sırada seçilmiş hekayələr, "Eşitdiklərim" silsiləsindən seçmələr, "Zamanın rüzgarı", "Bu da axırı" pyesləri yer alıb.

O ki, qaldı mənə, "Molla Nəsrəddin" yolu" toplusuna daxil edilən "Siyah İçindəymiş sədəf, sən demə" adlı təəssüratlarımdan bir məqamı əlavə etmək istərdim: "15 il əvvəl Xeyrəddin müəllim haqqında bir məqalə yazmışdım. Bu yazıya, necə deyərlər, ürəyimi qoymuşdum. Yazı boyunca olduqca qanadlı cümlələr işlətmiş, müqayisələr gətirmişdim. İstəmişdim ürəyincə olsun.

Xeyrəddin müəllim iş otağımda özünəməxsus şuxluqla o məqalənin əlyazmasını gözdən keçirdi. Və qələmi götürüb, deyə-gülə, bütün "qanadlı" ifadələrin, təqdir dolu fikirlərin üstündən xətt çəkdi, tərif dolu müqayisələri qanına qəltan elədi... "Təklikdə qalanda mən" o yazını götürüb yenidən oxudum. Bu, yeni bir məqaləydi; sadə və səmimi... Rahatlandım. Onun özünəmxsus səmimiyyətlə, deyə-gülə etdiyi düzəliş, əslində, məndən ötrü xeyirli bir dərs oldu; qınamadan, qəlbə toxunmadan, sözsüz bir dərs! O dərsi unutduğum olmadı heç. Yazmaqla bərabər, poza bilməyin dərsini aldım.

O dərsi unutmamışam. O dərsləyəm. O dərsin verdiyi "qulaq burması"yla baş-başa bu yazıya son nöqtəni qoymağın vaxtı gəldiyini hiss edirəm. Yoxsa, səmimi əlavələrim davam edəcək. Ən azından, onu da yazacam ki, Xeyrəddin müəllim, Sən mənim üçün çox əzizsən; yazıçı kimi də, İnsan, vətəndaş kimi də, əziz dost, həmkar kimi də!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!