Azər Turanın "Müstəqil Azərbaycanın ilk səhiyyə naziri Rahim Hüseynov" kitabı haqqında düşüncələrim
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin uğurları, əldə etdiyi nailiyyətlər daha da yüksəlmişdir.
Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə qazandığımız müvəffəqiyyətlər bizim üçün daha qürurvericidir. Əgər Qarabağ problemi kimi ağır dərdimiz olmasaydı, bəlkə də daha böyük uğurlara imza atardıq.
Buna baxmayaraq, ən ağır vaxtlarda bir çox ziyalılarımız vətənsevərlik, dəyanət və mərdlik nümunəsi göstərməklə öz missiyalarına şərəf və ləyaqətlə əməl etmişlər.
Dəyərli ziyalımız, tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın "Müstəqil Azərbaycanın ilk səhiyyə naziri Rahim Hüseynov" adlı kitabı müasir tariximizin parlaq simalarından biri olan Rahim Hüseynovun gənclərə örnək olan mənalı ömür salnaməsindən, onun fəal həyat mövqeyinə malik şərəfli ömür yolundan bəhs edir.
Kitabda müəllif Rahim Hüseynovu bütün müsbət cəhətlərlə oxuculara təqdim etməyi qarşısına məqsəd qoymuş, onun zəngin həyat təcrübəsinin, ömür kredosunun bütün aydınlığı ilə təsvir etməyə nail olmuşdur.
Rahim müəllimin həmyerlisi və qohumu kimi bu kitabdan əxz etdiyim xoş duyğular və iftixar hissi məni daha da fərəhləndirdi. İnandım ki, Azər müəllim Rahim Hüseynovun haqqında yazdığı bu əsəri özünəməxsus kövrək hisslərlə və xoş duyğularla qələmə almışdır.
Fəxr edirəm ki, Rahim Hüseynov kimi vətəninə, elinə sadiq insanla eyni məkandanam. Onun tərcümeyi-halına yaxından bələd olan bir ziyalı kimi düşünürəm ki, R.Hüseynov haqqında hər dəfə yeni bir şey yazmaq çox çətindir. Çünki valideynləri, bütün qohum-əqrəbası Salyanda yaşamış, bu torpağın şərəfini uca tutmuş, rayon maarifinin, səhiyyəsinin, kənd təsərrüfatının inkişafına səmərəli töhfələrini vermişlər. Bu nəslin layiqli davamçısı olan Rahim Hüseynovun bütöv bir kitaba sığmayan həyatı, fəaliyyəti, sözün həqiqi mənasında, hər birimiz üçün örnəkdir. O, 1975-1993-cü illərdə 18 il Səhiyyət Nazirliyində rəhbər vəzifəsində çalışıb. Gözəl ailəsi, ölkə həyatının müxtəlif sahələrində çalışan ləyaqətli övladları var. Rahim Hüseynov həm Səhiyyə Nazirinin müavini, həm də Nazir vəzifəsində çalışarkən öz xalqı üçün çox işlər görmüşdür. Erməni daşnaklarının əzəli torpaqlarımızı işğal etməsi və günahsız əhaliyə qarşı vəhşiliyi təəssübkeş bir ziyalı kimi R.Hüseynovu həmişə narahat etmişdir. O, yaxşı bilirdi ki, hamımızın bir Vətəni, bir güvənc yeri var.
O müsibətli günlərdə Səhiyyə Nazirliyinin rəhbər işçisi kimi ilin çox hissəsini Qarabağda keçirmişdir. Hər dəqiqədə faciə gözlənilib, 4 dəfə olduğu vertalyot düşmən gülləsi tərəfindən vurulub. Dəqiqəsi həyata bərabər olan belə çətinliklərlə çox üzləşib. Tibbi xidmət polkovniki olan Rahim Hüseynov Füzulidə, Tərtərdə, Ağdamda və başqa ərazilərdə səhra hospitallarının təşkilində yaxından iştirak etmişdir. Vaxtında və operativ həyata keçirilmiş tibbi yardım nəticəsində 50 mindən çox yaralının həyatı ölümün pəncəsindən xilas edilmişdir. O, yaxşı bilirdi ki, Qarabağ varsa, Azərbaycan var, Qarabağ yoxdursa, Azərbaycan yoxdur. Məncə, əsl Vətən oğlu, Dövlət məmuru belə olmalıdır. Və Azər Turan onu həyatından keçən məqamları yüksək peşəkarlıqla qələmə alıb.
Səhiyyənin, poeziyanın, incəsənətin əsl bilicisi olan Rahim Hüseynov bəzən kövrələndə sədəfli tarını sinəsinə sıxıb, keçdiyi həyat yolundan mənəvi zövq alır. Salyanda hamıya yaxşı tanış olan və müqəddəs and yeri olan Mir Bağır ağanın rayonda abidəsinin yaradılması üçün çəkdiyi əziyyət, zəhmət onun necə böyük ürək sahibi olduğundan xəbər verir. Ad-san, şan-şöhrət üçün yox, xalq üçün çalışmaq R.Hüseynovun həyat amalı olmuşdur. Bu məqamlara sözügedən kitabda yetərincə diqqət yetirilib.
Qədirbilən xalqımız belə qeyrətli eloğlumuzun qiymətini həmişə uca tutar.
"Müstəqil Azərbaycanın ilk Səhiyyə Naziri Rahim Hüseynov" kitabı haqqında təəssüratımı müəllifin - Azər Turanın fəxrlə dediyi bir cümlə ilə bitirmək istəyirəm:
"Qürur duyuram ki, yaxın qohumu, milli məfkurəmizin təməllərini türkləşdirən, islamlaşdıran, çağdaşlaşdıran, ideallarımızı bayraqlaşdıran Əli bəy Hüseynzadə kimi, yaxud sirr üstünə sirr, ecaz üstünə ecaz, nur üstünə nur olan Mir Bağır ağa kimi Rahim Hüseynov da bizimdir və bizimlədir!".
Mətləb Əliqulu oğlu Axundov,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı
Salyan
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!