I hissə
(Qüsurlu nümunə üzərində iş)
Oxuyub-anlama bacarığı dövrümüzdə insan həyatında prioritet olduğu üçün ixtisasından asılı olmayaraq, çoxlarının müzakirə mövzusuna çevrilir və sosial şəbəkələrdən müşahidə etdiyimiz kimi, insanlar yazılı kommunikasiyada anlaşmadıqda bir-birlərini məhz bu bacarığın əskikliyi ilə ittiham edirlər. Lakin çox az adam nəzərə alır ki, oxuyub-anlama oxucunun məntiqi, tənqidi idrakından nə qədər asılıdırsa, yazı müəllifinin peşəkarlığı da bu məsələdə o qədər rol oynayır.
Oxuyub-anlama, yazı bacarıqlarının formalaşdırılması mətnşünaslığın bir çox elmi-nəzəri mövzuların mənimsənilməsini tələb edir. Bu mövzulardan biri mətn dilçiliyimizin az öyrəndiyi keçid cümlələri, keçid abzaslarıdır. İstənilən sahə üzrə yazılı materialların ilk oxunuşda anlaşılmasında çətinlik yaradan problemlərdən biri məhz abzasların əlaqələnməsində yol verilən qüsurlardır. Mətnlərdə abzaslararası əlaqənin nəzərə alınmaması əsas mövzu və tezisin inkişafını izləməyi, köməkçi fikirlər arasındakı əlaqəni dərk etməyi çətinləşdirir. Mətnin asan dərk edilməsi üçün bu struktur məsələsinə ciddi diqqət vermək müəllifin vəzifəsidir.
Saytlardan birində yayımlanmış məqalədən bir parça üzərində praktik iş aparmaqla sizə mətnin strukturunda keçid cümlələrin, keçid abzasların rolunu izah edəcəyik. Məhz bu parçanı seçməyimiz mövzuya yaxşı nümunə olduğu üçündür. Səhvlər də bizim üçün resursdur, buna görə məqalənin müəllifinə minnətdarlıq borcumuz vardır. Məqsədimiz məqalənin tənqidi olmadığı üçün mənbəni göstərməyi uyğun görmürük.
Aşağıda təqdim olunan nümunə vasitəsilə mətndə abzaslararası əlaqənin pozulmasının fikrin inkişafına mənfi təsirini müşahidə edəcəksiniz.
Nümunə: "Dilçilik təlimi cəmiyyətdə yaranır və yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır, yönəldilir. Cəmiyyət, yazıçılar, dilçilik institutları üzərlərinə düşən vəzifələri heç də hər zaman yerinə yetirmirlər. Son həlledici faktor dövlətdir.
Dilçilik institutları yalnız tərifçiliklə məşğul olurlarsa, onda tənqidə ehtiyac qalmır.
Dillər son dərəcə rəngarəng ifadə vasitələrinə malikdir və bir dildə kəskin emosional mənaya malik olan söz digər dildə neytral xarakter daşıya bilər. Məsələn, "sən yaşamağı bacarmırsan" Çin dilində ağır söyüşdür. Azərbaycan dilinə birbaşa tərcümədə isə nəsihət kimi qəbul oluna bilir..."
Nümunəni oxudunuz və indi təhlilimizdən öncə özünüz abzaslar arasındakı əlaqəyə, mövzusunun inkişaf etdirilməsinə diqqət edin.
Mətnin izahedici abzaslarının ən son cümləsi keçid cümləsi ola bilər. Abzasda keçid cümləsi ümumiləşdirici cümlədən sonra gəlir və yeni mətləbə keçidi təşkil edir. Nümunədəki "Son həlledici faktor dövlətdir" cümləsi keçid cümləsi kimi görünür. Çünki "dilçilik institutlarının rolu" mövzusundan yeni mövzuya keçir: dilçilik təlimində dövlətin rolu.
Mətn parçasında növbəti abzas bir cümlədən ibarətdir. Belə cümlələr keçid abzası adlanır və o halda istifadə edilir ki, öncəki abzasda keçid cümləsi olmasın. Keçid abzası iki izahedici abzas arasında əlaqələndirici rol oynayır. Bu abzasın mövzusu növbəti abzasda izah edilməlidir.
Nümunəmizə baxaq. Birinci abzasda dilçilik təlimində dövlətin roluna keçid olundu və biz gözlədik ki, yeni abzasda bu roldan bəhs ediləcəkdir. Lakin keçid abzası bu cümlənin mətnlə məntiqi əlaqəsini pozdu və bir məsələ açılmamış qaldı.
Keçid abzasından sonrakı abzasa baxaq. Bu, izahedici abzasın ilk cümləsi tematik cümlədir və biz mövzunu ifadə edən açar sözü seçirik: dilin ifadə vasitələri. Keçid abzasımızda mövzu nə idi? Dilçilik institutunun tənqidi funksiyası. Lakin növbəti abzasın tematik cümləsi tamamilə başqa mövzunu təqdim etdiyi üçün bu abzasın da mətndə məntiqi əlaqədən kənarda qaldığını görürük.
Mətnin aydın, oxunaqlı olmasında keçid cümlələri və abzaslarının böyük rolu vardır. Bu məqamlara diqqət edilməyəndə oxuyub-anlama çətinliyi oxucunun deyil, müəllifin problemi olur. Müəllif mətninin anlaşıqlığını - məzmunun hamı üçün əlçatanlığını təmin etmək üçün mətndə əsas mövzunun, tezisin inkişafına xüsusi diqqət verməlidir. Bu isə mövzular, tezislər arasında əlaqəni qoruyaraq abzasların məntiqi əlaqəsini təmin etməklə mümkündür.
II hissə
(Nümunəvi mətn parçası üzərində iş)
Mətn tərtibi məsələlərini izah etmək, öyrənənlərin mətnqurma bacarığını formalaşdırmaq üçün qüsurlu nümunələr üzərində işləmək kifayət etməz, gərək məşğələlərdə nümunəvi mətnlərdən istifadə edilsin ki, mövzu tam aydın olsun. Buna görə də qüsurlu nümunənin əsasında təhlil apardığımız kimi, nümunəvi mətndən bir parçada abzasların əlaqələnməsinin fikrin inkişafındakı rolunu dəyərləndirəcəyik.
Mətn yazmaq bir sənətkarlıqdır. Azərbaycanda bunun ustadı olan alimlərdən biri natiqliyi, elmi-publisistik məqalələrinin maraqlı üslubu ilə tanınan akademik Rafael Hüseynovdur. Alimin "525-ci qəzet"in 2 iyul 2025-ci il tarixli buraxılışında yayımlanmış "Hər yeni gündə təkrarlanmalı dərs" məqaləsindən bir parça seçərək abzaslararası məntiqi əlaqənin izahı üçün istifadə edəcəyik.
Öncə seçdiyimiz parçanın birinci abzasını oxuyaq və keçid cümləsini, onun mövzusunu müəyyənləşdirək.
Nümunə: "...Cavad xan məhz onu seçmişdisə, demək ki, digərlərindən üstünmüş. Ancaq nədirsə, o, Şəfinin bənna, memar yox, ruhani olmasını istəyirmiş. Odur ki, gətirib qoyubmuş Gəncə mədrəsəsində dərs almağa. Ancaq Şəfi din adamı da olmadı. Nə ailəsi, nə yaxınları onu gələcəyin şairi kimi görürdü. Di gəl, taleyin yazısı beləymiş ki, gərək o, Azərbaycanın böyük müəllimlərindən və üstün söz ustalarından biri ola".
Abzas parçasında Mirzə Şəfinin bir zaman bənna, ruhani kimi peşələrlə məşğul olduğunu öyrənirik. Parçanın son iki cümləsindən isə məlumat alırıq ki, Mirzə Şəfi müəllim, şair kimi tanınmışdır. Bu məlumat yeni mövzuya keçiddir. Son iki cümlədə açar sözlərə diqqət edək: şair, müəllim. Demək, növbəti abzasda məhz bu mövzunun açılacağını gözləyirik. Yəni növbəti abzasda Mirzə Şəfinin müəllimliyindən, şairliyindən bəhs olunmalıdır.
Oxumağa davam edək:
"Şəfinin adının əvvəlində və ardındakı hər iki sözü ona keçdiyi yol nəsib etdi. Mirzəlik əski əyyamlarda xəttatlığın, katibliyin məxsusi bir çeşidi idi. Hamının yazı-pozudan baş çıxarmadığı çağlarda, bir yerdən başqa yerə məktub göndərənlər mirzələrin yanına gələrdi. Onların şifahi dediklərini mirzələr kağıza köçürər və məktub ünvanına yollanardı. Hərdən yazısı, savadı olanlar belə məktubu daha təmtəraqlı, daha gözəl xətlə yazdırmaqçün mirzələrin xidmətindən istifadə edərdi. Bəlli mirzələrin çörəyi beləcə, başqalarına məktublar yazmaqdan çıxardı, ancaq bir də vardı onun-bunun yazısını yazan, hansısa yazılmışların üzünü köçürüb abıra salan mirzələrdən çox fərqli olan Millət Mirzələri."
Abzasın ilk cümləsində müəllif "Şəfinin adının əvvəlində və ardındakı hər iki söz" dedikdə Mirzə və Vazeh sözlərini nəzərdə tutur. "Mirzə" sözünü müəllif "xalq müəllimi" ifadəsi ilə assosiasiya edərək bu abzasda Mirzə Şəfinin ustadlığı - müəllimliyi mövzusuna giriş edir. Bu abzasın sonuncu cümləsindən çıxış edərək növbəti abzasın mövzusunu təyin edək. Abzasın açar sözü "Millət Mirzələri"dir. Növbəti abzasın açar sözü də "Millətimizin Mirzəsi"dir. Nümunədən göründüyü kimi, müəllif özü də bu ifadəni böyük hərflərlə yazmaqla əsas açar söz kimi fərqləndirmişdir:
"Peşəsi mirzəlik olanların sayını-hesabını müəyyən etmək mümkünsüzdür, amma Millətimizin Mirzəsi adlanmaq şərəfini qazanmışların miqdarı barmaqla hesablanacaq qədər azdır. Vazehin doğuluşundan qazandığı Şəfi adının əvvəlində sabit yerini tapmış iftixarlı "Mirzə" sözü millətin ölməz balaları Mirzə Fətəli Axundzadənin (1812-1878), Mirzə Ələkbər Sabirin (1862-1911), Mirzə Cəlilin (1866-1932), Mirzə Əbdürrəhim Talıbovun (1834-1911), Mirzə Nəsrullah Didənin (1797-1870), Mirzə Qədim İrəvaninin (1825-1875), Mirzə Baxış Nadimin (1785-1880)... adlarını nurlandıran kəlmədəndir".
Nümunə gətirdiyimiz mətn parçasının ikinci abzasının birinci cümləsində şairin "adının arxasındakı söz" ifadəsi də diqqətimizi çəkmişdir. Rafael Hüseynov o mövzunu da unutmayaraq üçüncü abzasda şairin ədəbi şəxsiyyətinin bu tərəfinə - aydınlığına, yəni ziyalılığına nəzər salır.
Müəllif cümlələr, abzaslar arasında məntiqi əlaqə zəncirini çox incəliklə hörür. Mətndə mövzunun, fikrin inkişaf etdirilməsindəki incəlik onun hər abzasında özünü göstərir. İkinci abzasın sonunda "nurlandıran" kəlməsini istifadə etməklə növbəti abzasın mövzusuna keçid etmişdir:
Adının əvvəlindəki "Mirzə"ni Şəfiyə el, ənənə yaraşdırdısa, ikinci adına çevriləcək "Vazeh" təxəllüsünü özü götürdü. "Vazeh" sözünün mənası aydın deməkdir...
Mətndə bütöv bir abzasdan seçdiyimiz ilk cümlələr abzasın tematik cümlələridir və burada "Vazeh" sözü öncəki abzasın keçid cümləsindəki "nurlandıran" sözü ilə eyni mənanı ifdə edir.
Nümunələr əsasında abzaslardakı əsas tezislərin keçid cümlələri ilə əlaqəsini təhlil etməklə mətndə keçid cümlələrinin rolunu anlayırıq: keçid cümlələr və keçid abzaslar mətndə fikrin inkişafında ən incə həlqələrdir və abzaslar arasında məntiqi əlaqəni təmin edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!