Məlumdur ki, 21 Azər Cənubi Azərbaycan xalqının tarixində ən əlamətdar gün olmuşdur. Həmin gün Təbrizdə Milli Məclis öz işinə başlamış, Seyid Cəfər Pişəvəri başda olmaqla Milli Hökumətin yarandığı elan edilmişdi.
Cənubi Azərbaycanın dirçəlişində, onun yeni həyatının canlanmasında Azərbaycanın bir çox görkəmli-yaradıcı ziyalılarının, o cümlədən, Azərbaycanın xalq yazıçısı (1911-1993) görkəmli nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, publisist, ictimai dövlət xadimi Mirzə İbrahimovun əvəzsiz xidmətləri olmuşdur.
Həmkarlarından fərqli olaraq Mirzə İbrahimovun Cənubi Azərbaycana müntəzəm gedib-gəldiyini qeyd etmək lazımdır. O, Cənubda gedən hadisələri diqqətlə izləməklə bərabər, maarif və mədəniyyətin çiçəklənməsinə çalışmış, Cənubla bağlı mətbuatda məqalələr çap etdirmiş, müxtəlif tədbirlərdə çıxışlar etmişdir. Mirzə İbrahimovun bu dövrün hadisələri, Milli hərəkatın xarakteri, Milli Hökumətin gördüyü tədbirlərlə, İran mətbuatının Cənubi Azərbaycan hadisələrinə münasibəti ilə əlaqədar onun, həm də sonralar da yazılmış bir çox elmi publisistik, xatirə tipli əsərləri vardır. 1945-1946-cı illərdə demokratik hərəkatın hazırlanmasında və inkişafında Mirzə İbrahimovun rəhbərliyi ilə çıxmış "Vətən yolunda" qəzetinin mühüm rolu olmuşdur. Qəzetin geniş uğurlarından M.C.Bağırov razı qalsa da, SSRİ-nin Tehrandakı diplomatları bu qəzetin xalqımızın milli həmrəyliyinə xidmət etdiklərini bilmədiklərinə görə narazı idilər. Odur ki, istər Tehran hakim dairələri, istərsə də SSRİ diplomatları hər vəchlə qəzetin nəşrinə maneə törədirdilər.
Professor Cəmil Həsənli "Güney Azərbaycan: Tehran, Bakı və Moskva arasında" (1939-1945) adlı monoqrafiyasında yazır: "Vətən yolunda" qəzetinin geniş yayılması və bolşevikləşmə meylinin güclənməsi Azərbaycanda (Cənubi Azərbaycanda - M.M.) sərt tədbirlərlə müşayiət olundu. Oktyabrın (1941-ci ilin oktyabr ayında - M.M.) axırlarında İranın daxili işlər naziri Cahanbani Təbrizə gəldi. Oktyabrın 30-da o, əyalətin bütün vəzifəli və imkanlı adamlarının toplantısını keçirdi. Cahanbani öz çıxışında bildirdi ki, hər kəs gərək ayıq olsun, şahın və hökumətin tapşırıqlarını sözsüz yerinə yetirsin. Nazirdən sonra vali Fəhimi çıxış etdi və bildirdi ki, əhali gərək Qızıl Ordu tərəfindən aparılan təbliğata uymasın, öz pullarını havayı yerə Sovet kino filmlərinə və teatr tamaşalarına xərcləməsinlər."
Hərəkat ərəfəsində və gedişində Cənubi Azərbaycanda Milli-Demokratik hərəkatın güclənməsində qəzetdə çap olunmuş imperializm və despotizm əleyhinə məqalələr vətənpərvər və yurd tarixi ilə bağlı yazılar, bir çox bədii əsərlər, şeir və hekayələr mühüm rol oynamışdı.
Mirzə İbrahimov dəfələrlə Cənubi Azərbaycanda olmuş, bu prosesdən ayrı-ayrı görüntüləri və epizodları qələmə almış, xatirə və səfər qeydlərində konkret məqamları xatırlamışdır. Yazıçının 1958-ci ildə qələmə aldığı "Parçalanmış zəncirlər" adlı publisistik yazıda bir dilənçinin hələ gələcəkdə çox hadisələrin baş verəcəyi haqqında öngörənliyini mənalandırmışdı. "On altı-on yeddi il əvvəl, Təbriz bazarının ağzında səhərdən axşama qədər adam əskik olmayan qapıların qabağında quru yerdə bardaş quraraq bir dilənçi oturmuşdu. Saçı, saqqalı, hətta qalın qaşları da ağarmış bu qoca öz görkəmilə dilənçidən artıq, qədim əsrlərin müdrik filosoflarına oxşayırdı. Bütün günü istehzalı bir təbəssüm və inqilabı baxışlarla bazara gəlib gedənləri süzər, başını tərpədərək öz-özünə söylənərdi:
"O.. la..caq.. çox şey... olacaq!" Doğrudan da, çox şeylər oldu. Cənubi Azərbaycan xalqı öz muxtariyyətini, öz azad dövlətini qurdu. Qısa müddət ərzində Azərbaycan dili dövlət dili elan edilmiş, Təbriz Universiteti, filarmoniyası yaradılmış, xalq ordusu təşkil edilmiş, hökumət heyəti formalaşmışdır. Lakin bu dövlət Azərbaycanın ilk Cümhuriyyətindən də az, cəmi 12 ay yaşamışdı.
Mirzə İbrahimov 1946-cı ilin mayında qələmə aldığı "Cənubdan səslər" adlı səfər təəssüratlarında 1945-ci ilin iyulunda Tehran və Təbriz haqqında yazaraq İranda gedən hadisələri qələmə almışdır. O özünün Tehran təəssüratını belə bildirirdi: "Bazarlarda və küçələrdə gözə dəyən bu ziddiyyət (ictimai qüvvələr arasında təzad nəzərdə tutulur - M.M) siyasi mübarizə meydanında da əks edir. İstibdadın məhbəslərdə, dar ağacları susdurmağa çalışdığı mütərəqqi və demokratik qüvvələrin də hərəkətə gəlmiş və azadlıq uğrunda mübarizə aparırlar"
Yazıçı 1945-ci il may ayının 5-ni də xüsusi hərarətlə xatırlayır. Bu gün sovet qoşunlarının İrandan çıxarıldığı gündür. Həmin gün həm faşist Almaniyası üzərində qələbə sevinci yaşanırdı, həm də sovet qoşunlarının Təbrizi tərk etməsi mərasimi çox yüksək səviyyədə təşkil olunmuş, Milli Məclisin qarşısında mitinq keçirilmiş, Səttarxan xiyabanı insanlarla dolmuşdu.
Böyük ədibin o dövrdə Təbrizdə, eləcə də Cənubi Azərbaycanın digər şəhərlərində keçirdiyi günlər unudulmazdır. Mirzə İbrahimov bu günləri yazaraq əbədiləşdirmiş, daha da unudulmaz etmiş, qələminin və qəlbinın hərarəti ilə isindirmiş, azadlıq dastanına çevirmişdir.
Mirzə İbrahimovun "Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında" adlı məqaləsi Cənubi Azərbaycan hadisələrini işıqlandıran əsaslı publisistik əsərlərdən biridir. 1947-ci ildə qələmə alınmış bu əsərdə 1945-1946-cı ilin demokratik hərəkatına, hərəkatın gedişinə, Azərbaycan Milli Hökumətinin islahatlarına, hərəkatın məğlubolma səbəblərinə və nəticələrinə geniş yer verilmişdir.
Bu məsələlərə Təbrizdə İran qoşun hissələrinin neytrallaşdırılması, mərkəzin tez-tez bir-birini əvəz edən hökumətləri ilə danışıqlar aparılması və müqavilələr bağlanması, İran mürtəce mətbuatının yazdığı böhtanlar, "İran demokrat firqəsi" kimi mürtəce siyasi qurumun yaradılması, Qəvamüddövlə hökumətinin məkrli və iyrənc oyunları və s. daxildir.
Mirzə İbrahimovun məqalələrində şah ordularının hücumu, onların Azərbaycanın bütün yerlərində yaratdığı terror və vəhşiliklər, Milli Hökumətin süqutu konkret faktlarla təsvir edilmişdir. Müəllif yazır: "Beləliklə, Cənubi Azərbaycanda bütün xalqın, bütün mütərəqqi qüvvələrin iştirakı ilə əmələ gəlmiş böyük və qüdrətli bir milli-demokratik hərəkat qan dəryasında boğuldu. İndi mürtəcelər onun buraxdığı dərin izləri və güclü təsiri də qanla yuyub aparmağa çalışırlar".
Müəllif belə bir qərara gəlir ki, "Terror, dar ağacları, məhbəslər və kitabları yandırmaqla heç bir xalqın azadlıq hərəkatına son qoymaq və çürümüş ictimai münasibətləri əbədi saxlamaq olmaz".
Yazıçı azadlıq və istiqlaliyyət uğrunda həlak olmuş qəhrəmanları adbaad xatırlayır, onların ölümünün, şəhidliyinin təfərrüatlarını təsvir edir. O, Təbrizdə, Mərənddə, Xoyda, Marağada, Urmiyada və s. yerlərdə şah qoşunlarının cinayətlərini sadalayır, bu qoşunların Azərbaycana yalnız cəza məqsədi ilə göndərildiyini sübut etməyə çalışır. Yazıçı ölümü böyük cəsarətlə qəbul edən Milli Hökumətin baş prokuroru Firudin İbrahiminin, general Kəbirinin, Xoylu İsmayılın, Urmiyalı Bəhram Nəbinin, köhnə inqilabçı Azad Vətənin ölümə mətanətlə sinə gərdiyini xatırlatmış, ADF fəallarının xüsusi qəddarlıqla qətl edildiyini vurğulayaraq yazmışdı: "Azərbaycan Demokrat Firqəsi Xoy əyalət komitəsinin sədri Əhmədi ölümqabağı onu sorğu-suala çəkən Tehran cəlladlarına demişdir: "Mən Tehran nümayəndələrinin suallarına heç bir cavab verməyəcəyəm, mənim cavablarım sizə bəllidir. Mən sizin murdar üzünüzü görmək istəmirəm. Ömrümün son iki ilini mən Azərbaycan xalqının azadlığı yolunda xainlər və mürtəcelərlə mübarizəyə sərf etmişəm."
Mirzə İbrahimovun məqalələrində bu cür qəhrəmanlardan biri Azərbaycan himnini oxuyarkən can vermiş, digəri Səttarxana həsr edilmiş şeiri oxuya-oxuya həlak olmuşdu. 1946-cı illərin sonunda belə qanlı cinayətlərin sayı-hesabı yox idi. Xalq Tehran cəlladlarına boyun əymir, dönməz və qətiyyətli olduğunu öz ölümü ilə nümayiş etdirirdi.
Mirzə İbrahimov digər məqalələrində də Cənubi Azərbaycanda 1941-1946-cı illərdə baş vermiş hadisələrə toxunmuş, öz fikir və mülahizələrini bildirmişdi. O, bu məqalələrdə təkcə milli-demokratik hərəkata deyil, bu dövrdə yaranmış ədəbiyyat və incəsənətə də münasibət bildirmişdir. "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"nın III cildinə yazdığı "Milli-azadlıq mübarizəsi və Demokratik hərəkatın qızıl səhifələri" adlı Ön sözü o, belə başlayır: "1940-1950-ci illər Cənubi Azərbaycan ədəbiyyatının çiçəklənmə dövrü oldu. Bunun da kökləri həmin illərdə ictimai həyatın canlanmasında, xalqın milli-azadlıq və demokratik hərəkatının o vaxta qədər görünməmiş dərəcədə genişlənməsində, fırtınalı dərya kimi coşaraq şiddətli dalğalarla şəhərlərdən kəndlərədək ölkənin bütün güşələrini əhatə etməsində, bütün ictimai təbəqələri hərəkətə gətirməsində idi" .
Mirzə İbrahımov 1945-1946-cı illər milli-demokratik hərəkatından, bu hərəkatın ülvi məqsədlərindən və nümayəndələrindən böyük iftixar hissi ilə söz açırdı.
Yazıçı XIX-XX əsrlərin ədəbi materialları əsasında ilk antologiyaların yaradılmasına böyük diqqət və qayğı ilə yanaşırdı. Filologiya elmləri doktoru Rəhim Əliyev öz xatirələrində yazır: "Mirzə müəllim şöbə müdiri təyin olunan kimi bir instituta bəs edən böyük bir layihə hazırladı: bu layihənin adı çox adi və iddiasız idi: Cənubi Azərbaycan ədəbiyyatı antologiyası; söhbət XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatından gedirdi və şöbənin rəsmi adı da belə idi. Amma üzdə antologiya adlanırdı, mahiyyətdə isə bu, XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatının ensiklopediyası idi." Burada təqdim olunan şair və yazıçıların, jurnalistlərin, siyasi xadimlərin təkcə əsərləri verilmirdi, həm də onlar haqqında bioqrafik məlumatlar verilirdi. Layihə əsasında hazırlanan dörd cildlik antologiya Azərbaycan xalqının milli birliyi üçün misilsiz bir iş idi.
Mirzə İbrahimovun publisistikasında şəxsi müşahidələrlə yanaşı, tarixi sənədlər, gerçək faktlar mühüm yer tutur. Onun məqalə və oçerklərinin intellektual, həm də emosional tutumu aydın və zəngindir.
Xalq yazıçısı İsa Hüseynov "Azərbaycan sovet yazıçıları" kitabına yazdığı oçerkdə Mirzə İbrahimovun publisistikasını belə səciyyələndirmişdi: "Mirzə İbrahimovun publisistikası nə qədər odlu, həyəcanlıdırsa, bir o qədər səmimi və qəlbə yatandır. Bu isə, hər şeydən əvvəl, onun özünün təbiətindən doğan bir xüsusiyyətdir. Mirzənin böyük ideallarla döyünən ürəyi nə qədər odlu və ehtiraslıdırsa, onun özü bir o qədər sadə, təvazökar və səmimidir" .
Mirzə İbrahimov "Cənubi Azərbaycanda milli-demokratik hərəkat" adlı məqaləsində Xiyabani hərəkatına xüsusi diqqət yetirmişdi. O, publisistik əsərində Şeyx Məhəmməd Xiyabaninin hərəkatında azərbaycançılıq ruhunu, Azərbaycanda xalq hərəkatının milli xarakter kəsb etdiyini vurğulayır: "Şeyx Məhəmməd Xiyabaninin qiyamı azərbaycanlıların qüdrətli vətənpərvərlik ruhunu ifadə etmişdir".
Mirzə İbrahimov öz publisistik məqalələrində Ş.M.Xiyabaninin çıxış və nitqlərinə müraciət edir, ondan misallar gətirir, fikirlərini əsaslandırmaq üçün onlardan istifadə edirdi. O, tamamilə əmin idi ki, Xiyabani üsyanı Səttarxan hərəkatının, 1945-1946-cı illər milli-demokratik hərəkatı Ş.M.Xiyabani hərəkatının davamıdır. Beləliklə, yazıçının publisistikasında Cənubi Azərbaycan həyatının müxtəlif dövr və hadisələrinə diqqət həmişə güclü olmuşdur. İstər ədəbi-bədii əsərlərində, istərsə ictimai-siyasi publisistikasında, istərsə də məruzə və çıxışlarında Cənubi Azərbaycanın həyatı, ədəbiyyatı və mədəniyyəti, ictimai-sosial hadisələrinə maraq qətiyyən itməmiş, əksinə, daha da artmış, şaxələnmiş, ətraflı və parlaq şəkildə öz əksini tapmışdır.
Yuxarıda verdiyimiz məlumatlar söyləməyə əsas verir ki, sevimli yazıçımız Mirzə İbrahimov xalqımızın qəhrəman keçmişində dövrün fəal iştirakçısı olmaqla yanaşı, həm də tarixi əhvalatların salnaməçisidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!