Firidun bəy Köçərli Molla Vəli Vidadinin ilk tədqiqatçılarından biri kimi - Təranə ABDULLAYEVA

 

Sistemli Azərbaycan ədəbiyyat tarixinin yaradılmasında müstəsna xidmətləri olan Firidun bəy Köçərlinin tədqiqatlarında XVIII əsr Azərbaycan şairlərinin araşdırılması mühüm yer tutur. Alimin bu sahədə apardığı tədqiqatlar bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

F.Köçərlinin tədqiq etdiyi XVIII əsr Azərbaycan şairlərindən biri də Molla Vəli Vidadidir.

M.V.Vidadinin şəxsiyyəti barədə məlumat verən F.Köçərli qeyd edir ki, o "Molla Pənahın müasiri, dostu və bir qövlə görə, əqrəbası imiş. Molla Vəli Qazax mahalında Şıxlı qəryəsində təvəllüd edibdir. Bəzi rəvayətə görə, Molla Vəlinin atası Məhəmməd ağa İrandan gəlmədir və Məhəmməd ağanın atası Həmzə sultanın nəslindəndir ki, Səfəvilərin dövründə İranda olurmuş" (F.Köçərli. Azərbaycan ədəbiyyatı. Birinci cild. Bakı: "Elm" nəşriyyatı, 1978, s. 192)

M.V.Vidadini elmli, savadlı, təbi rəvan, təqva əhli, vaxtının çoxunu ibadətlə keçirən, haqq söyləyən, haqqı dost tutan, hər kəsin eybini açıq söyləməkdən çəkinməyən bir şəxsiyyət kimi xarakterizə edən F.Köçərli qeyd edir ki, "bəzi rəvayətə görə, Molla Vəli Qazax mahalında ən mötəbər, tədbirli və nüfuzlu bir adam hesab olunduğundan binaən, Gürcüstan valisi İrakli xan onu özünə müqərrəb edib və onun ağıl və kamalını görüb, bəzi ittifaqlarda Qazax mahalına dair məsələlər vüqua gəldikdə onun tədbir səlahdidilə iş görərmiş" (yenə orada, s. 192).

F.Köçərli daha sonra qeyd edir ki, bu rəvayətin təsdiqinə, yəni "Vidadinin İrakli xana müqərrəb və məsləhətçi olduğuna" nə gürcü, nə rus və nə də bizim tarixlərdə rast gəlmədik.

M.V.Vidadinin Qarabağda, Şuşada, İbrahim xanın sarayında olması məsələsində də F.Köçərli tərəddüd edir. Əhməd bəy Cavanşirin "Qarabağ tarixi" əsərinə istinadən Molla Pənah Vaqifin Vidadini "yazıb Qazaxdan Qarabağa gətirtdiyini" bildirən müəllif qeyd edir ki, rəvayətə görə, "xan Molla Vəlinin ağıl və kamalını dərk edib və xüsusən onun mömin və müttəqi bir şəxs olduğunu görüb, ona lütf və mərhəmət göstərərmiş və hər qism röya görsə imiş Molla Vəliyə söylər imiş. Molla Vəli dəxi onları xeyli münasib təbir edərmiş. Amma bu rəvayəti dəxi təsdiq etməyə əldə bir dəstavizimiz yoxdur. Bunun doğruluğuna şəhadətverici "Qarabağ tarixi"ndə də bir işarə görmədik" (yenə orada, s.193).

Qarabağda Mirzə Vəli adlı bir şəxsin yaşadığını və bunun "Şuşa uyezdinin Baharlı qəryəsindən olduğunu və onun nəslindən olan bir çox məşhur adamların hazırda Qarabağda və Bakıda Vəliyev familiyası ilə ömür sürdüyü"nü yazan F.Köçərli təəssüflə bildirir ki, bir çox müəlliflər, "Qarabağın əhval və tarixinə bələd olanlar və onların cümləsindən şair Mirmöhsün ağa Ağamirzadə (Mirmöhsün Nəvvab - T.A.) Şıxlı Molla Vəlinin vücudunu bilmərrə inkar edib, Molla Vəli Vidadinin ancaq Mirzə Vəli Baharlıdan ibarət olmasını təkid edirlər" (yenə orada, s. 193-194).

Burada qeyd etməyi lazım bilirik ki, M.Nəvvab M.P.Vaqif haqqında yazdıqlarının içərisində M.V.Vidadinin "Dəyər" rədifli qəzəlini, "Vaqiflə Vidadinin deyişməsi"ni vermiş (M.Nəvvab. Təzkireyi-Nəvvab. Bakı: "Elm" nəşriyyatı, 2018, s.17-25), ayrıca oçerkdə ondan "Mirzə Vəli ibn Bayram xan Baharlı" kimi bəhs etmiş, "Eylərsən", "Düşübdür", "Düşər" rədifli qoşmalarını, "Belə qalmaz" rədifli müsəddəsini və "Könlümü" rədifli qitəsini təzkirəsinə daxil edərək yazmışdır: "O, Molla Pənaha rəqib olmuş və həmişə bir-birilə şeirləşib həcv demişlər. Vəfat edən vaxt təqribən həştad yaşı var idi" (yenə orada, s. 37-40).

Sonrakı tədqiqatlarda yuxarıda adları çəkilən şeirlər, qeydsiz-şərtsiz, bir qayda olaraq Molla Vəli Vidadinin əsərləri hesab edilmişdir.

M.M.Nəvvabın yazdıqlarına əlavə olaraq F.Köçərli onu da əlavə edir ki, bir qədər əvvəl Baharlı kəndindən Həmid bəy Vəliyev adlı bir şəxslə tanış oldum. O şəxs bildirdi ki, Molla Vəli mənim babamdır və təxəllüsü də "Vidadidir".

Təbii ki, F.Köçərli nə M.M.Nəvvabın, nə də Həmid bəy Vəliyevin dediklərini həqiqətə uyğun saymır və yazır: "Hər halda cənab Mirmöhsün ağa, Həmid bəy və qeyriləri Baharlı Mirzə Vəli ilə Şıxlı Molla Vəlini qarışdırırlar. Bu, böyük səhvdir. Vidadi mərhumun övladı əlan Qazax mahalında və bəziləri Tiflis şəhərində sakindirlər" (F.Köçərli. Göstərilən əsəri, s.194).

F.Köçərlnin qənaətinə görə, Molla Vəli Vidadi dostu Vaqifin dəvəti ilə Qarabağa gəlmiş, "burada Cavanşir uyezdində məşhur "Gülüstan" adlanan yerdə ki, - sabiqdə xırdaca bir xanlıqdan ibarət imiş, - Molla Vəli Vaqifin vasitəsi ilə xanın hüzurunda müqərrəb və məhrəm şəxslərdən biri olubdur" (yenə orada, s.194).

F.Köçərli fikrinin təsdiqi üçün Vidadi ilə Vaqifin deyişməsindən mövzu ilə bağlı Vaqifin dilindən deyilən beş bəndi və Vidadinin dilindən olan aşağıdakı bəndi misal gətirir:

 

"Dövtələb oluban gedibsən xandan,

Ölüncə çıxmanam ta Gülüstandan,

Sən hərgah çalışsan habelə candan,

Hər nə desən, bil, aqibət eylərsən"

 

(yenə orada, s.195).

 

M.V.Vidadinin Məhəmməd ağa və Tiflisdə ikinci müfti olan Osman əfəndi adlı oğlanları, Osman əfəndinin üçüncü müfti olan Məhəmməd və "Qazax mahalında məsnədi-qəzavətdə ikən həşdad sinnində dari-üqbayə rehlət edən" Qazi Səiddədin adlı oğlanları olduğunu qeyd edən F.Köçərli bildirir ki, Vidadinin böyük oğlu, babasının adını daşıyan Məhəmməd "Qazi Səidəddin əfəndinin qövlünə görə bir müddət Gülüstanda xanlıq etmişdir" (yenə orada, s.195-196).

F.Köçərliyə görə, "Vidadi yüz ilə yaxın, bəlkə, bir az da artıq zindəganlıq edibdir. Sinndə Vaqifdən böyük imiş" (yenə orada, s.196).

Müəllif şairin tərcümeyi-halı ilə bağlı qeydlərini aşağıdakı cümlələrlə tamamlayır: "Molla Vəli Vidadi vəfat edibdir tarixi-hicriyyənin 1224-cü ilində ki, miladın 1809-cu sənəsinə baqidir. Dəfn olunubdur Şıxlı qəbiristanlığında ki, "Gəmiqaya" adlanan yerdə vaqedir. Qəbir daşının üstündə bu beyt həkk olunubdur:

 

Kim Vidadi xəstənin qəbrin görüb etsə dua,

Edə həqq rəhmət, şəfi ola Məhəmməd Mustafa"

 

(yenə orada, s. 196).

 

M.V.Vidadinin yaradıcılığı haqqında danışarkən F.Köçərli ilk olaraq onun "Bax" rədifli, müxəmməs şəklində yazdığı mənzuməsi üzərində dayanaraq yazır: "Vidadinin əsərlərindən məşhuru Şəki və Şirvan hakimi Hüseyn xan "Müştaq" təxəllüsün sərgüzəşti və öz əmisi Hacı Əbdülqadirin hiyləkarlığı və ədavəti ilə məqtul olduğu babında yazdığı müsəddəsdir ki, eyni ilə burada dərc olunur" (yenə orada, s.196). Bu sözlərdən sönra müəllif:

 

Gəl, könül, bir ibrət al, bu gərdişi-dövranə bax!

Cami-heyrətdən dəmi məxmur olub, məstanə bax!

Tut təfəkkür damənin, bir dəm dili-heyranə bax!

Kimsəyə qılmaz vəfa, bu dəhri-bipayanə bax!

Olma məmurinə raqib, axırı viranə bax!

 

- bəndi ilə başlanan və:

 

Böylədir dövran işi, hər gündə bir al eyləmiş,

Aqili nadan ilə pəjmürdəəhval eyləmiş.

Üz verib namərdə, hər dəm mərdi pamal eyləmiş,

Ey Vidadi, gəl ki, bu heyrət məni lal eyləmiş,

Gör nələr qıldı fələk Müştaq tək insanə, bax!

 

- bəndi ilə tamamlanan 28 bəndlik mənzuməni verir (yenə orada, s.196-199).

Əsərin mətnindən sonra Şəki hakimi Hacı Çələbinin oğlu Ağakişi bəyin hakimiyyəti, Qazıqumuq xanı Məhəmməd xan ibn Surxayın Şəki xanlığına hücum edərək oranı istila etməsi və Hüseyn xanın atası Ağakişi bəyin xaincəsinə öldürülməsi, Quba xanı Fətəli xanın köməyi ilə Hüseyn xanın təzədən xanlıq taxtına oturması kimi məsələlərə toxunan müəllif Hüseyn xan Müştaqın həm də şair olduğunu, lakin əsərlərinin əldə olmadığını bildirir və yazır: "Heyfa ki, onun əsərlərindən ələ düşmədi. Hər halda Hüseyn xan Müştaq öz əsrinin əhli-kamal və ürfanından xoşməqal və sahibhal bir vücud olduğu Qafqaz tarixində zikr olunubdur" (yenə orada, s. 200).

M.V.Vidadini "könül və meyli axirət dünyası ilə olub, ibadətlə ömrünü keçirən", şeirlərini "mövzun və pürməzmun kəlamlar" olan şair adlandıran, F.Köçərli qeyd edir ki, "nə qədər ki, Molla Pənah Vaqif əhli-zövqü səfa imiş və beş günlük ömrün qədrini bilib istərmiş ki, onu eyş-işrətlə keçirib könüldə bir həsrət və arzu qalmasın, bir o qədər də dostu Molla Vəli Vidadi dünyanın zövqü səfasına bel bağlamayıb onun bivəfa olmasından məyus və şaki imiş" (yenə orada, s. 201).

M.P.Vaqifin xarakteri ilə M.V.Vidadinin xarakterinin ziddiyyətli olmasını, lakin bu ziddiyyətin onların səmimi dostluqlarına heç bir maneçilik törətmədiyini bildirən müəllif bu iki sənətkar arasındakı mükaliməni verməklə oxucularına məsləhət görür ki, "onların birinin digərinin üzərinə zərifanə gülüşünün" səbəbini anlamaq üçün "yuxarıda dərc olunan şeirlərə diqqət yetirsinlər".

Mükalimənin məzmunundan çıxış edərək, "Vaqif üçün dünyanın əzabı toy-bayramdır", - deyən F.Köçərli M.V.Vidadinin söylədiklərini belə şərh edir: "Ağlamaq məhəbbətdəndir və şikəstəxatirlik mərhəmətdəndir. İnsanda gərəkdir vəfa, məhəbbət və mürüvvət olsun. Səndə ki, bunlardan bir əsər yoxdur. "Fəlyəzkihu" ayəsini oxuyub ağlamayıbsan və yarü həmdəm firqətin çəkməyibsən. Əgər bu ağlamaq ləzzətin bilsəydin, nuri-bəsər gedincə ağlardın" (yenə orada, s. 206-207).

Şairin "Vəfadar olmayan yerdə məhəbbət payidar olmaz", - misrasına əsaslanmaqla onun bu qəbildən olan şeirlərinin ümumi ruhunu "hər naəhlü nakəsə bel bağlama, sözünə bavər və əhdinə etibar eləmə. Dar gündə baxarsan ki, səndən üz çevirir, ehtiyacı olmadıqda səni tanımaz, bilməz", - ideyasına uyğun olduğunu bildirən müəllif M.V.Vidadinin "Dəyər" və "Olmayan yerdə" rədifli qəzəllərinin tam mətnini verir, şairin:

 

Qan tökər xəstə Vidadi ki, demişdir vazeh,

Könlümün dideyi-giryan kimi fəvvarəsi var,

 

- beytini misal gətirərək onun M.Füzulinin kəlamına bənzədiyini bildirir.

M.V.Vidadinin "Dəyər" rədifli qəzəlinin M.P.Vaqifin ona yazdığı "Kim ki, sevdayi-səri-zülfi-pərişanə düşər" qəzəlinə cavab olaraq yazıldığını qeyd edən F.Köçərli şairin heca vəznli əsərlərindən, qoşmalarından danışarkən onları "mürəbbeat" adlandıraraq yazır: "Vidadinin mürəbbeatı da Vaqifinki kimi xeyli açıq və gözəl dildə və lisanımızın şivəsində yazılmışdır" (yenə orada, s. 207).

Bu qeyddən sonra M.V.Vidadinin "Düşər", "Düşübdür", "Könlümü" qoşmalarının tam mətnini verən müəllif sonuncu qoşma üzərində bir qədər ətraflı dayanaraq yazır: "Şair öz həmdəminə rücu edib deyir ki, vətənindən və elindən ayrı düşmüş könlümü, rəhm et, tərpətmə. O, yaralıdır. Hər bivəfa yadlara könül bağlayıb əziz ömrümüzü badi-fənaya verdik və başımıza dürlü-dürlü bəlalar gəldi. Fələk bizi odlara saldı və könlümüzü şan-şan, yəni parça-parça elədi. Belə müsibətlərə düçar olduqca şairin qanlı yaşı bollanır və sinəsi üstündə göl əmələ gəlir və könlü qəm səməndərinə minib uzaq diyarlara yollanır. "Bollandı", "gölləndi", "yollandı" sözləri türk dilinin şivəsinə məxsus əlfazlardandır ki, başqa lisanə olmaz və sığışmaz" (yenə orada, s.210).

F.Köçərlinin M.V.Vidadi haqqında qeydlərində diqqəti çəkən digər mühüm məqam şairin "Durnalar" rədifli qoşması ilə M.P.Vaqifin və Q.Zakirin eyniadlı qoşmalarının müqayisəsidir. Qoşmaların üçünün də mətnini verən müəllif yazır: "Bu mürəbbeatın hansı birisini qeyrilərinə tərcih etmək müşkül bir əmrdir. Çünki hər bir şairin özünəməxsus üslub və şivəsi vardır" (yenə orada, s.212).

Vidadinin "Durnalar" qoşması barədə F.Köçərli qənaətini aşağıdakı kimi ümumiləşdirir: "Vidadi ... elə zənn eləyir ki, durnalar dəxi həmişə qəm və ələmə mübtəla olub oxuduqları nəğmələri fərəh və şadlıq ucundan olmayıb, qəm və qüssədən nəşət edən ahü nalələrdir... Onların şirin dili Vidadinin ürəyini parça-parça eləyir" (yenə orada, s.212).

Müəllifin M.P.Vaqifin "Durnalar"ından bəhs edən qeydlərində oxuyuruq: "Vaqif dəxi həmçinin öz qəlbində olan hissiyyatdan söz açıb durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi?... Durnaların oxumağı Vaqifə hüzn gətirmir və könlünü pərişan qılmır. Onların avazı şairin ruhunu təzələndirir" (yenə orada, s.213).

Q.Zakirin "Durnalar" qoşmasını, çox güman ki, şairin Bakıda sürgündə olduğu zaman yazdığını və məzmununa görə daha çox M.P.Vaqifin şeiri ilə səsləşdiyini qeyd edən müəllif fikirlərini aşağıdakı kimi ümumiləşdirir: "...Hər üç şairin durnalara yazığı və rəhmi gəlib dostluq və mehribanlıq gözü ilə onlara tapşırırlar ki, bu yerlər xatalı yerlərdir, burada durmasınlar və səslərini çıxartmayıb, ahəstə keçib getsinlər və illa şahin və laçın onların sürbəsini dağıdar və qızıl qana boyayar" (yenə orda, s.213).

"Hər üç şairin kəlamında başqa bir məlahət və lətafət var", - yazan, vəfatından yüz ildən ziyadə vaxt keçən M.V.Vidadini və M.P.Vaqifi "bizim möhtərəm, milli şairimiz və ədəbiyyatımızın banisi, əşarü kəlamları mövzun, təbləri rəvan, dilləri açıq və sadə" sənətkar hesab edən F.Köçərli bildirir ki, "hərgah Vaqif və Vidadi kimi məşhur şairlər özgə millətlərin arasında zühur etmiş olsa idilər, bişübhə, indiyə kimi onların asarü əşarı dəfat ilə çapdan çıxıb əbnayi-millət içində yayılmışdı. Onların qəbirləri üstündə nişangah qoyulmuşdu və vəfatlarının əlli və yüz sənəlik yübileyi-yövmi-alisi artıq cəlal və təntnə (təntənə) ilə yad olunmuşdu" (yenə orada, s.214).

F.Köçərli M.V.Vidadi haqqında dəyərli və özündən sonrakı tədqiqatçılara istiqamət verən qeydlərini aşağıdakı ibrətamiz və təsirli, günümüz üçün də çox aktual olan aşağıdakı cümlələrlə tamamlayır: "Amma biz türklərdə bu hissiyyat və qədirşünaslıq yoxdur. Şan və şərafətimizə, vətən və millətimizin sərəfrazlığına səbəb olan, dilimiz və ədəbiyyatımıza rövnəq verən əziz və möhtərəm vücudların qədr və mənzilətini bilmirik və onların asari-güzidələri ilə iftixar etmirik. Əzbəs (Əbəs) ki, avamıq və avamlığımızdan milliyyət hissi bizlərdə ayılmayıbdır, vətənimizin, dilimizin və ədəbiyyatımızın qədrini bilmirik" (yenə orada, s.200).

 

12 fevral 2025-ci il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!