Çağdaş Azərbaycan türk ədəbiyyatının əsas detektiv yazıçılarından biri, şübhəsiz ki, Çingiz Abdullayevdir. Ümumiyyətlə, kəşfiyyat/casus, siyasi detektiv, mafiya və "whodunit" (kim edib) romanları ilə tanınan müəllif, əsərlərində daha çox XX əsrin sonu ilə XXI əsrdə, Sovet İttifaqının dağılmasından əvvəl, dağılması zamanı və sonrasında, bu regionda, xüsusilə Rusiyada baş verən siyasi və sosial inkişaflar, Sovet İttifaqının dağılmasına kapitalist sisteminin təsirləri, Sovet İttifaqı daxilindəki siyasi qarşıdurmalar və mafiya-dövlət münasibətlərinə diqqət yetirir. Onun "İrodun kölgəsi", "Uğursuzun hekayəti", "Xəzinədar", "Timsah xətti", "Rəzalətin son həddi" və "Balkan sindromu" kimi romanlarını bu məsələyə misal çəkmək olar.
"İrodun kölgəsi"ndə Rusiyada siyasi, hərbi və ya iqtisadi hakimiyyəti saxlamaq məqsədi daşıyan bir sıra cinayətlər törədilir. Əsərdəki hadisələr, Moskvada seçkilər öncəsi müxalifət liderinin həyatına sui-qəsd cəhdi və ardınca metroda baş verən partlayışla başlayır.
Sovet İttifaqının dağılmasından sonra Rusiyada baş verən siyasi münaqişə, qurumlar arasında siyasi çəkişmələr, dərin dövlətin siyasətə və seçkilərə qeyri-qanuni müdaxiləsi, bu məqsədlə həyata keçirdiyi terror aktları romanın əsas hekayəsini təşkil edir. Əsərdə onun adı çəkilməsə də, hazırkı prezidentin Yeltsin olduğu aydındır. 1996-cı ildə Rusiyada ikinci prezident seçkiləri keçiriləcəkdir. Seçki prosesində ölkədə siyasi gərginliyin də yaşanacağı görünür. Çünki dekabrda keçirilən seçkilərdə müxalifət qalib gəlib. Bu, onu göstərir ki, prezident seçkilərində də böyük ehtimalla qalib gələcəklər. Lakin müxalifətin seçkilərdə qalib gəlmə ehtimalı iqtidardakıları və dövlət daxilindəki dərin qüvvələri narahat edir. Romanda siyasi münaqişənin tərəfləri, müxalif kommunist rejiminin tərəfdarları və hökumət üzvləridir.
Rusiya ordusunda və FTX tərkibində toplaşan bir qrup əsgər (polkovnik Mamontov, Pankov və FTX-nin direktor müavini), maraqlarını, mövqelərini və rütbələrini qorumaq üçün indiki prezidentin vəzifəsini davam etdirməsini istəyir və bu məqsədlə gizli işlər görməyə başlayırlar. Çünki hakimiyyət dəyişikliyi onların maraqlarına ziddir. Bu vəziyyət romanda "Amma hakimiyyətə başqa birinin gəlməyi hər şeyin sonu demək idi. Bu illər ərzində nə vaxtsa "ictimai mülkiyyət" adlanan yağlı kətəyə ağızları ilişmiş və az vaxtda nağıllardakı kimi varlanmış çox sayda "qırsaqqız"ın tamamilə məhv olması demək idi" (səh. 185) sözləri ilə ifadə olunur.
Prezidentin dəyişməsini istəməyən Federal Təhlükəsizlik Xidmətinin (FTX) analitik idarəsi rəsmiləri, seçkiləri manipulyasiya etmək üçün "Qoliafın qayıdışı" adlı gizli bir plan hazırlayır. Çeçenistandakı müharibədən və Rusiyadakı ümumi ictimai-siyasi şəraitdən istifadə edərək ölkədə qarışıqlıqlar yaratmaq, sui-qəsdlər həyata keçirmək bu planın hədəflərindəndir. Bu məqsədlə təhlil şöbəsi əməkdaşlarının planlarına müxtəlif tarixlərdə və yerlərdə sui-qəsd və təxribatlar təşkil etmək, lakin günahı çeçenlərin üzərinə atmaq da daxildir. Bu plan romanda "Məhz o vaxtlar analitik idarənin "Qoliafın qayıdışı" adlı tam məxfi proqramı hazırlandı. Müxalifət inamla hakimiyyətə doğru gedirdi və onun yürüşünü demokratik yollarla kəsmək qeyri-mümkün idi. Yalnız bir yol qalırdı: Çeçenistandakı müharibədən və ölkədəki ümumi şəraitdən istifadə edərək seçkilərin vaxtını dəyişmək, ləğv etmək və ya, ümumiyyətlə, konstitusion normaların fəaliyyətini dayandırmaq" (səh. 186) cümlələri ilə ifadə edilir. Bununla da ölkədə xaos yaratmaq, fövqəladə vəziyyət elan etmək, seçkiləri təxirə salmaq istəyirlər. Əsərdə "Qoliafın qayıdışı" adı altında dərin dövlət qüvvələri tərəfindən planlaşdırılan qanunsuz əməllər barədə aşağıdakı məlumatlar verilir:
"'Qoliafın qayıdışı" əməliyyatı. FTX-nin analitik idarəsi qarşıdakı prezident seçkiləri ilə bağlı material hazırlayıb, nəticə birdir: prezident heç bir halda qalib gələ bilməz. Ona görə analitiklər cəmiyyətdə gərginlikdən və çeçenlərlə müharibədən istifadə edərək ümumi situasiyanı ağırlaşdırmağı təklif edirlər. Sənəddə göstərilir ki, Moskvada nümayişkaranə terror aktları keçirmək və buna görə çeçenləri günahlandırmaq daha məqsədəuyğundur. Daha sonra isə fövqəladə vəziyyət elan edib seçkiləri təxirə salmaq lazımdır. Şəhərə Kantemirov və Taman diviziyaları yeridilməlidir." (səh. 170)
"Qoliafın qayıdışı" planına əsasən "...Ayın 5-də "Ost-Bankın" qarşısında, 8-də metroda" (səh. 135) və "...Ayın 23-də Vnukovo aeroportunda partlayış" (səh. 280) kimi terror aktları həyata keçiriləcəkdir. Daha sonra dərin güclər planı həyata keçirməyə başlayır. Bu çərçivədə ilk hərəkət müxalifət liderinin şəxsi avtomobilinin bombalanmasıdı. Aksiya keçirilir və müxalifət lideri binaya yaxınlaşarkən onun olduğu güman edilən avtomobil bombalanır. Əsərdə bu terror aktı belə təsvir olunur:
"Qorxunc partlayış səsi gələndə ofisiantlar podnoslarda şampan paylayırdılar. Elektrik kəsildi və partlayışın zərbə dalğası bir neçə pəncərəni sındırdı. İsterik qadın qışqırtıları və qab-qacaq səsləri eşidildi. Və ani sükut. Özlərinə gələn insanlar ehtiyatla ətraflarına baxıb nə baş verdiyini anlamağa çalışırdı." (səh. 12)
Müxalifət liderinə edilən bu hücumu kimin həyata keçirdiyi isə romanın demək olar ki, sonuna qədər sirr olaraq qalır. Partlayışdan sonra avtomobildən çıxarılanlar arasında müxalifət liderinin olmadığı, lakin "Onun salam gətirən katibi, sürücüsü və cangüdəni[nin] həlak ol[duğu]" (səh. 13) bildirilir.
FTX rəhbərliyinin "İrodun kölgəsi"ndə gördüyü ikinci terror aktı metroda bombalı hücumdu. Bu partlayışda "11 ölü, 40-dan çox yaralı[nın]]" (səh. 24) olduğu açıqlanır və günah yenidən çeçenlərin üzərinə atılır. Aparılan araşdırmalar nəticəsində hər iki hərəkətdə eyni növ partlayıcıdan istifadə olunduğu dəqiqləşdirilir (səh. 23).
Moskvada baş verən bu iki partlayışdan sonra bəzi ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndirilir. Hava limanları, qatar stansiyaları, avtovağzallar və insanların sıx toplaşdığı yerlər nəzarətdə saxlanılarkən, metro stansiyalarında təhlükəsizlik mexanizmləri quraşdırılır. Bundan əlavə, Moskva merinin təklifinə uyğun olaraq, şəhərdə yaşayan bütün çeçenlərin pasportları yoxlanılmağa başlanır (səh. 68), bəzi problemli şəxslərin ölkədən çıxarılması qərara alınır (səh. 35). Əslində bütün bunlar ölkədə fövqəladə vəziyyətin elan edilməsinə hazırlıqdır. Dərin güclər öz məqsədlərinə çatırlar. Bu yolla, Abdullayev, 1996-cı il seçkiləri kontekstində Rusiyada kommunistlərlə yeni quruluş tərəfdarları arasında hakimiyyət uğrunda gedən mübarizəyə və seçkilər zamanı dərin dövlətin təxribat cəhdlərinə işıq salır, o illərdə Rusiyanın siyasi atmosferini üzə çıxarır.
Romanda başqa cinayətlər də var. Prezident seçkilərini təxribat etmək üçün "Qoliafın qayıdışı" planını hazırlayanlardan biri olan polkovnik Mamontov hadisələri araşdıran podpolkovnik Vladimir Sergeyeviç Slavini və onun dəstəsini (mayor Orlovski, Həmzə Ağayev, İnna Svetlova və kompüter mütəxəssisi leytenant Dima Vinoqrodov) bir-bir sıradan çıxarır, planlaşdırılmamış qətllər törədir. Bu səbəbdən də o, romanın ən mühüm cinayətkarı sayıla bilər.
Təşkilat lideri ayın beşində müxalifət liderinin öldürülməsi ilə bağlı öz fəaliyyət planını işə salır. Lakin plan onların düşündükləri kimi getmir. Çünki bomba yerləşdirdikləri avtomobildə hədəfə alınan şəxs yox, onun katibi, sürücüsü və mühafizəçisi olub. Onların məqsədi seçilmək şansı yüksək olan müxalifət liderini sıradan çıxarmaqdır. Maşın partlayandan sonra müxalifət liderinin işçiləri ölür, lakin o, maşında olmadığı üçün sağ qalır. Hadisədən sonra FTX-nin direktor müavini, FTX-nin tərkibində çalışan podpolkovnik Vladimir Sergeyeviç Slavindən sui-qəsdin səbəbkarlarını tapmağı xahiş edir (səh. 15). Lakin bu əmri verən FTX-nin müdir müavini də cinayətkardır; yəni dərin dövlətin arasındadır, amma diqqəti cəlb etməmək üçün qanunauyğun hərəkət edirmiş kimi davranır.
Əvvəlcə Slavin verilən tapşırığa uyğun olaraq cinayətkarların arxasınca gedir və bu mövzuda çoxlu məlumatlar əldə edir. Hadisələrin arxasında dərin dövlətin dayandığını kəşf edir. Bu arada o, çeçenlərin başçısı Hacı Abdulla ilə görüşür. Moskva camaatı sui-qəsdlərə görə çeçenləri günahlandırır, lakin Hacı Abdulla buna etiraz edir və Slavinə, günahkarlardan birinin Keçəl İqor ləqəbi ilə tanınan İqor Adaşev (səh. 87) olduğunu deyir. Slavinin Hacı Abdulla ilə görüşü və Keçəl İqorun arxasınca getməsi dərin dövlət üzvü Mamontovu narahat edir. İfşa olunacağından qorxaraq əvvəlcə Hacı Abdullanı, sonra isə Keçəl İqoru aradan götürür.
Dərin dövlətin üzvləri Slavini addım-addım izləyirlər. Məsələn, təşkilatın rəhbərlərindən biri olan Mamontov, Slavinin otağına onun işlərindən xəbərdar olmaq üçün dinləmə cihazı qoyur.
İstintaq davam etdikcə dərin dövlətin planı ilə bağlı məlumatlar ortaya çıxmağa başlayır. Bu kontekstdə leytenant Dima Vinoqrodov, Slavinin əmri ilə Mamontovun otağında axtarış apararkən, "Qoliafın qayıdışı" planını ələ keçirir. Sənəddə, həmçinin FTX-nin direktor müavininin imzası da var. Mamontov otağına qalxdıqdan sonra sənədin oğurlandığını başa düşür və Slavini öldürməyi əmr edir (səh. 169). Dronqo ilə görüşə getmək üçün FTX-nin binasını tərk edən Slavin, Mamontovun əmri ilə öldürülür. Sənəd isə Dima Vinoqrodovun əlindədir.
Slavini öldürdükdən sonra, polkovnik sənədi tapmaq üçün onu axtarır, lakin çox məyus olur. Bundan sonra cinayətkar, Dima Vinoqrodovu təqib etməyə başlayır. Mamontovun qətlləri, əlbəttə, bununla da bitmir. Sonra Slavinin komandasındakı bütün zabitləri bir-bir sıradan çıxarır.
Hadisələri araşdırmaq üçün Abdullayevin məşhur roman qəhrəmanı Dronqo da o vaxtkı xarici işlər naziri tərəfindən tapşırılmışdı. Buna görə də o, Slavinlə birlikdə əsərdəki hadisələri araşdıran əsas detektivdir. Slavinin ölümündən sonra Dronqo araşdırmalarını davam etdirir. İstintaq prosesində planın və dərin dövlətin üzvü olan şəxsləri tapır. Amma dərin dövlət -Mamontov Dronqonu da izləyir. Mamontov Dronqonun dəfələrlə Həmzə Ağayevlə görüşməsinə mane olur və Ağayevin ölümünə səbəb olur (səh. 238). Həmzə Ağayev, Hacı Abdulla, Keçəl İqor və Slavinin ölümündən cavabdeh olan şəxs polkovnik Mamontovdur.
Dörd qətl törətdikdən sonra Mamontov, "Qoliafın qayıdışı" planını davam etdirmək üçün maneələri aradan qaldırmağa davam edir. Bu dəfə onun hədəfləri planı ələ keçirən Dima Vinoqrodov və detektiv Dronqodur. Nəticədə o, aeroportda Dimanı da tələyə salıb öldürür. Ətrafındakılara onun "Terrorçu!" (səh. 288) olduğunu deyir və qurbandan "Qoliafın qayıdışı" planını almağı bacarır. Lakin Dima hava limanına çatmazdan əvvəl tədbir görüb, planın bir nüsxəsini Moskvanın aparıcı qəzetlərinə göndərib və ayın 25-də, seçki günündə Moskvanın aparıcı qəzetlərində dərc olunmasını təmin edib. Sui-qəsd planının ifşası ilə "Qoliafın qayıdışı" sui-qəsd liderlərindən bəziləri həbs olunur, bəziləri istefa verir, bəziləri isə vəzifələrindən uzaqlaşdırılır. Bu məlumatdan da göründüyü kimi, romandakı cinayətlərin hamısı siyasi xarakter daşıyır və hakimiyyəti əldə saxlamaq məqsədi daşıyan terror aktları dərin dövlət qüvvələri tərəfindən planlaşdırılıb. Hadisələrin sonunda məşhur detektiv Dronqo cinayətkarları taparaq məsuliyyətə cəlb edir. Bu vəziyyət romanda belə xülasə edilir:
"Prokurorluq FTX işçilərinin, direktor müavininin, eləcə də polkovnik Mamontovun həbsinə order verib. FTX direktoru istefa verib. Onunla birlikdə Müdafiə və Daxili İşlər naziri də istefa verib. Dövlət duması baş nazirdən hökumətin personal heyətini seçkilərə qədər dəyişməyi tələb edib." (səh. 313)
Nəticə etibarı ilə "İrodun kölgəsi" Rusiyadakı dərin dövlət və onun hazırladığı gizli fəaliyyət planından ibarət "siyasi müəmma" ilə bu "müəmma"nı həll etməyə çalışan Dronqo arasındakı mübarizə üzərində qurulub.
Nəticə
"İrodun kölgəsi", 1996-cı ildə Rusiyada keçirilən seçkilər zamanı baş verən "qanunsuz hadisələr"dən bəhs edir. Bu baxımdan onu siyasi detektiv roman adlandırmaq olar. Romanda qeyd olunmasa da, sözügedən seçkilərdə iqtidarda Yeltsin tərəfdarları və müxalifətdə olan kommunist rejimi tərəfdarları iki düşmən qüvvədir. Bu qüvvələrdən biri olan cinayətkarlar dövlət daxilində təşkil olunmuş bir gizli qrupdur və onların məqsədi siyasi hakimiyyəti saxlamaq və müxalifət liderinin seçkilərdə qalib gəlməsinin qarşısını almaqdır. Bu məqsədlə bəzi sui-qəsdlər, təxribatlar, partlayışlar törədərək, ictimai asayişi pozmaqla seçkilərin qarşısını almaq istəyirlər. Abdullayevin bu romanında aydındır ki, iqtidarda olanlar və dərin dövləti formalaşdıranlar, Rusiyada Yeltsin tərəfdarları, yeni quruluşun siyasi və hərbi elitalarıdır. Müəllif dolayısı ilə onları, seçkiləri sabotaj etməkdə və keçmiş rejim siyasətçilərinə qarşı sui-qəsd hazırlamaqda ittiham edir. O, beləliklə, Sovet İttifaqının dağılmasından sonrakı nizamı qaranlıq siyasi mühit kimi əks etdirir və dərin dövlətə işıq salır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!