Xəlil Rza cəsarəti, Xəlil Rza həqiqəti - Firuz MUSTAFA

 

Dünyanın çox qəribə, paradoksal hadisələri olur. 22 iyun 1994-cü il tarixində mən Alma-Atıdakı filosof tanışım Rüstəm Janqujin ilə birlikdə Oljas Süleymenovun ofisində söhbət edirdik. Söhbət əsnasında məşhur qazax şairi Bakıdakı bir çox dostlarını xatırladı, onlara salamlarını göndərdi. Və sonra əlavə etdi: "Xəlil Rzaya xüsusi salamlarımı çatdırarsan. O, bütün türk dünyasının böyük şairidir. Xəlil bəy özü boyda od-alovdur". Sən demə, biz Oljas ağa ilə söhbət etdiyimiz gün, yəni iyun ayının 22-də, elə həmin anlarda Xəlil Rza gözlərini əbədi yumubmuş.

Xəlil Rzanın "od parçası" olduğunu bir çox tanınmış söz adamları, o cümlədən, Xalq şairi Bəxtiyar Vahabzadə və rus şairi Yevgeni Yevtuşenko da demişdi. Maraqlı həm də burasıdır ki, şair vaxtilə "Odsevər" imzası ilə şeirlər yazmışdır.

Oxuculara təqdim edilən müxtəsər yazının "əsas qəhrəmanı" da Xəlil Rza Ulutürkdür.

Yazıda rus şairi Boris Pasternakın Nobel mükafatına layiq görülməsindən sonra Moskva ədəbi mühitində ona qarşı olan hücumların fonunda gənc Azərbaycan şairinin cəsarətli çıxışından bəhs edilir.

1958-ci il. Moskva. Xəlil Rza Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alır.

Təkcə gənc şairin təhsil aldığı institut deyil, az qala, bütün SSRİ bir-birinə dəyib. Səbəb sadə və həm də mürəkkəbdir. Görkəmli rus şairi Boris Pasternak ilk böyükhəcmli nəsr əsərində - "Doktor Jivaqo" romanında "sosializm həqiqətləri" yerlə-yeksan edib. Pasternak Amerika MKİ-nin (ÜRU-nun) 40 ildə Sovetlər Birliyinə endirə bilmədiyi zərbəni cəmi bir əsərlə vurub. Roman ilk dəfə sovet dövlətindən "xəbərsiz", Milanda italyan dilində çap olunub. İndi, az qala, bütün dünya bu romandan danışır. Hələ bu azmış kimi, Nobel komissiyası Pasternakı öz ödülü ilə mükafatlandırıb. Nə etməli?

23 oktyabr 1958-ci il tarixdə Nobel öz sahibinə təqdim olunmalıydı. Elə həmin gün o vaxtın ideoloji bosu M.A. Suslovun şəxsi tapşırığı ilə bütün təbliğat maşını Pasternakın əleyhinə işə düşür. Ölkə başçısı Xruşşovun özü sussa da, artıq ideoloji "qulbeçələr"ə yuxarıdan əmr gəlmişdi: bütün SSRİ ziyalı və vətəndaşları yazıçını xorla lənətləməli idi. O vaxt Ümumittifaq gəncləri adından SSRİ komsomolunun 1-ci katibi Vladimir Semiçastnı oktyabr ayının 29-da komsomolun Plenumunda (sonralar yazdığına görə, Xruşşovun tələbi ilə) çıxış edərək Pasternakı zərərli bir "ünsür", gənclərin əxlaqını korlayan bir burjua tör-töküntüsü kimi ifşa etdi.

Demək olar ki, bütün ali məktəblərdə Nobel mükafatçısı və bu mükafatın özü ifşa olunmağa başlamışdı. Bəs necə? Fürsət düşmüşkən, hökumətdən nəsə qapmaq, şöhrət, orden-medal qazanmaq lazım idi. Danışanların, yazıçını "yıxıb-sürüyənlər"in çoxu yaşlılar və "ortabablar" idi. Bəs istedadlı gənclər niyə susur? Niyə gənc qələm sahibləri də bu "təbliğat seli"nə qoşulmurlar?

Təbliğat maşını tezliklə öz "müsbət" işini gördü. Çox keçmədi ki, orda-burda cəsarətdən dəm vuran gənc və sırtıq "komsomolçu şairlər"in bir çoxu bir-birlərinin sözünü kəsə-kəsə efirdən-ekrandan, qəzet-jurnal səhifələrindən Pasternakın ünvanına lənətlər, nifrinlər yağdırmağa başladılar. Amma bu az idi. Məsələ burasındadır ki, "tənqidçi" gənclərin çoxu "orta səviyyəlilər" idi. Bəs hanı istedadlar? Belədə Komsomol MK-nın məsul işçi sözü o vaxtkı gənclər arasında öz nüfuzu, "çəkisi", "blatı" olan Yevgeni Yevtuşenkoya müraciət edir. Yevtuşenko cavan olsa da, artıq SSRİ-də yaxşı tanınırdı. Xüsusilə, 1954-cü ildə SSRİ yazıçılarının 2-ci qurultayında Səməd Vurğunun məruzəsində adı çəkiləndən sonra daha da məşhurlaşmışdı. İndi o, odla su arasında qalmışdı; əsəri tərifləsə, onu "yuxarılar" vuracaqdı. Yox, əsəri tənqid etsəydi, o, "aşağı"nın, yəni oxucu kütləsinin tənqidinə tuş gələcəkdi.

Nə etməli?

Yevtuşenko, nəhayət, fikirləşib bəhanə, daha doğrusu, "çıxış yolu tapdı", əsər barədə danışmaqdan imtina etdi. Səbəb kimi isə bunu dedi: "Mən "Doktor Jivaqo" romanını oxumamışam. Əsərdə nədən bəhs edildiyindən bixəbərəm. Oxumadığım əsər haqda mən nə danışa bilərəm ki?" Doğrudan da, oxumadığın əsərdən söhbət açmaq inandırıcı görünə bilməzdi. Halbuki gizlətsə də, əsəri ilk oxuyanlardan biri məhz Yevgeni Yevtuşenko olmuşdu. Yuxarıda dediyimiz kimi, roman ilk dəfə İtaliyada, sonralarsa İngiltərədə, Hollandiyada, ABŞ-da nəşr edilmişdi. Əsəri Yevgeni Yevtuşenko nəinki rus dilində, hətta italyan və ingilis dillərində də oxuya bilərdi, çünki hər iki dili yüksək səviyyədə bilirdi. Sadəcə, ayıq-sayıq gənc şair öz gələcək reputasiyasına xələl gəlməsini istəmirdi.

Haşiyə. Buradaca qeyd etməyi vacib bilirik ki, yalnız aradan illər keçəndən sonra Yevgeni Yevtuşenko "Doktor Jivaqo haqqında yazmışdı: "Bu roman sevgi haqqında, insan taleyi haqqında, faciələr və ümidlər haqqında, varlığı düşündürən əbədi suallar haqqında yazılmış bir əsərdir".

O vaxtkı SSRİ məmurları əsər haqqında təkcə rus ziyalılarının danışmasını kafi hesab etmirdilər. Axı SSRİ təkcə ruslardan ibarət deyildi. Bəs bu Pribaltikadan, Orta Asiyadan, Qafqazdan gələn gənclər niyə susurlar? Axı onlar gələcəyin ədibləri olacaq. Bu cür laqeydlik qınaq obyekti olmalıdır...

Ədəbiyyat İnstitutunda iclası aparan komsomol lideri üzünü tələbələrin toplaşdığı auditoriyaya tutub təkrarən inadla soruşdu:

- Boris Pasternakın Nobel mükafatına layiq görülmüş cəfəng "Doktor Jivaqo" sayıqlaması haqda kimin danışmağa sözü var?

Bu sözlərdən bəlli olurdu ki, əsər haqda hansı "istiqamətdə", hansı "ustanovka" ilə danışmaq lazımdır. Ortaya uzun bir sükut çökdü. Komsomol şefi narahat idi. Az sonra arxa sırada kiminsə əli yuxarı qalxdı.

İclasın aparıcısı, gələcəkdə daha iri məmur olmaq istəyən sarışın komsomol şefi göz gəzdirərək yuxarı qalxan əli görüb gülümsədi:

- Buyurun, buyurun... Hiss olunur ki, qafqazlısız...

Orta boylu, tökmə bədənli, qaraşın, qıvrım saçları alnına tökülmüş bir gənc oğlan cəld addımlarla kürsüyə yaxınlaşdı. Gəncin üz-gözündən yaşına yaraşmayan bir ciddiyyət tökülürdü. Moskvada qışın ilk günləri idi. Artıq qar yağmışdı. Hava soyuq idi. Amma buna baxmayaraq inamlı addımlarla kürsüyə yaxınlaşan bu gəncin əynində ağ rəngli yüngül yay pencəyi vardı. O, bu görkəmdə peşəkar, inamlı bir idmançıya bənzəyirdi. Cavan oğlan əvvəlcə rəyasət heyətinə, sonra zala göz gəzdirib, təmkinlə sözə başlayıb ilkin olaraq komsomol şefinin sualını cavabladı:

- Bəli, mən qafqazlıyam. Azərbaycanlıyam. Bakıdan gəlmişəm...

Yerli komsomol məmuru nədənsə şübhələnibmiş kimi dilləndi:

- Siz burada Ədəbiyyat İnstitutunda təhsil alırsız? Elə isə ad-familiyanızı deyin ki, protokola düşsün.

Xitabət kürsüsündəki gənc cəld, bir qədər də əsəbi və emosional şəkildə cavab verdi:

- Xəlil Xəlilov... Mən Ədəbiyyat İnstitutunda ikinci təhsilimi alıram. Bundan əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. İndi burada birinci kursda oxuyuram. Pavel Antokolskinin rəhbərlik etdiyi poeziya bölməsində... İyirmi beş yaşım var.

Rəyasət heyətindəki komsomol şefi kürsüdəki coşqun gəncin ötkəm danışığından nəsə ehtiyat edib təmkinlə dedi:

- Mən Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Nizamini, Axundovu, "Arşın mal alan" filmini, Rəşid Behbudovu...

Xəlil Xəlilov əlini yuxarı qaldırıb uca səslə dedi:

- Mən də rus ədəbiyyatını çox sevirəm. Puşkini, Lermontovu, Belinskini, Tolstoyu, Turgenevi, Qorkini, Çexovu, Bloku, Mayakovskini... Amma...

Gənc şair cümləni bitirməmiş zalı alqış sədaları bürüdü. Rəyasət heyətindəki gənc komsomol şefi də tribunadakı qaraşın şairi alqışlayanlara qoşulmalı oldu.

- Xəlil Xəlilov, buyurun, davam edin. Hiss olunur ki, siz rus ədəbiyyatını yaxşı bilirsiz.

Kürsüyə sinə gərən gənc şairin səsi daha da gurlaşdı:

- Bəli, mən rus ədəbiyyatını sevirəm. Amma Qərb və Şərq ədəbiyyatını da sevirəm. Böyük ədəbiyyat bizə daim həqiqəti deməyi öyrədib. Əslində ədəbiyyat elə həqiqət deməkdir. Var olsun dünyaya gerçəkliyi çatdıran əsil ədəbiyyat...

Zalda yenə alqış sədaları dalğalandı.

Gənc şair get-gedə daha inamlı danışırdı:

- Biz bu gün buraya Boris Pasternakın Nobel mükafatına layiq görülmüş "Doktor Jivaqo" romanını təhlil, daha doğrusu, tənqid etmək məqsədilə toplaşmışıq. Bəri başdan demək istəyirəm ki, mən bu əsəri diqqətlə oxumuşam.

Zala dərin bir sükut çökdü. Hamının diqqəti oynaq-parlaq gözləri qara işıq kimi alışıb yanan gənc natiqə dikilmişdi.

- Mən mətbuatda Boris Pasternak barəsində çıxan yazıları da oxumuşam. "Doktor Jivaqo" romanı haqqında indiyəcən böyük hörmət bəslədiyim yazıçılar fikir bildiriblər. Məsələn, Tvardovski, Marşak, Erenburq, Leonov, Smirnov...

Rəyasət heyətindəki komsomol şefi bir qədər əsəbi tonda dilləndi:

- Xəlil Xəlilov, biz o böyük yazıçıların fikirləri ilə tanışıq. İndi sizin fikrinizi öyrənmək istərdik.

Kürsüdən zala baxan gənc şair əli ilə gözünün üstünə tökülən uzun, qara-qıvrım saçını geri itələyib ucadan dedi:

- Mən Boris Pasternakı yox, onu tənqid edən o yazıçıları ittiham edirəm... Onlar öz qələm dostlarını satıblar. Həmin yazıçılar bununla həm də həqiqəti satmış, özlərinə və sözlərinə xəyanət etmişlər. Axı yazıçılıq elə qəhrəmanlıq deməkdir... Öz həmkarlarını ayağa verən, donosbazlıq edən bu yazıçılar nə qədər istedadlı olsalar belə, əsl qəhrəman yox, yarımçıq qəhrəmanlardır. Mən təəssüf edirəm. Mən onların əvəzinə xəcalət çəkirəm...

Zal uğuldadı.

Xəlil Rza kürsüdə guruldayırdı:

- "Doktor Jivaqo" romanı dəyərli, gərəkli, cəsarətli bir əsərdir...

Komsomol şefi ayağa durub əsəbi halda bağırdı:

- Kürsünü tərk edin...

Gənc şair hiddət və qəzəblə dilləndi:

- Zaman gələcək, Pasternakın "Doktor Jivaqo" romanı öz həqiqi qiymətini alacaq. Həm də bu qiyməti ona gələcək rus ziyalıları verəcək. Siz onda xəcalət çəkəcəksiz...

Şair kürsüdən aşağı endi.

Zalı sükut bürümüşdü.

...Bəli, zənniniz sizi aldatmır. 1958-ci ilin qışında Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda çıxış edən gələcəyin tribun şairi, böyük vətəndaş, həqiqət sevdalısı Xəlil Rza Ulutürk idi.

Xəlil bəylə uzun illər eyni təsisatda çalışmışıq - Elmlər Akademiyasında. O, Ədəbiyyat İnstitutunda işləyib, mən isə Fəlsəfə İnstitutunda. Yaxın dost olmasaq belə, xoş ünsiyyətimiz olub. O, Moskvada Lefortovo zindanında olarkən, EA-da təşkil olunan iclasda çıxış etmişəm. Yeri gəlmişkən, həmin iclasın təşəbbüskarı, Xəlil Rza işləyən şöbənin müdiri, gözəl insan və şair Qasım Qasımzadə olmuşdu.

Xəlil bəy sadədən sadə bir insan idi. Haqsızlığı, ikiüzlülüyü, nadanlığı, naqisliyi, satqınlığı kəskin tənqid edirdi. Özündən yaşlılara böyük ehtiram bəsləyir, gənclərə qayğı göstərirdi.

O, rusları pisləmirdi, rus şovinizmini pisləyirdi. O, bütün erməniləri deyil, qatil erməniləri, erməni xalqını yoldan çıxaran millətçi erməniləri ifşa edirdi.

Xəlil Rza çıxışlarında nə qədər kəskin idisə, həyatda o qədər kövrək bir insan idi.

Onun özü və canı qədər sevdiyi övladı Təbriz vətənimizin şəhidləridir. Mən onun oğlunun dəfn mərasimində əvvəldən sonacan iştirak etmişəm. O, bu müqəddəs ölüm üçün Azərbaycan xalqına "gözün aydın" deyirdi. Bu mərdlik, bu ürək, bu eşq, bu qəhrəmanlıq hər adama qismət olmur.

Xəlil Rza şeirin qəhrəmanı idi.

Xəlil Rza qəhrəmanlığın və qəhrəmanların şairi.

Xəlil Rzanın şeirləri bizim poeziyamızın inciləridir.

Xəlil Rzanın elə təkcə çoxcildlik gündəliyi mədəni, ədəbi, siyasi həyatımızın yarıməsrlik real ensiklopediyasıdır.

Xəlil Rza təpədən-dırnağacan şair idi.

Tribunada od-alov püskürən şair, həyatda çox məsum, utancaq idi. Şeirləri haqqında tərifli söz eşidəndə uşaq kimi qızarar, tər tökərdi. Tərifi bol edən adamlara adətən: "Məni hərdən tənqid də edin"- deyərdi.

Böyük şairi bu gün də tənqid edənlər var. Bir qorxusu yox. Əgər Nizami, Axundov, Mirzə Cəlil, Sabir, Cavid, Cabbarlı, Vurğun zaman-zaman yada salınıb tənqid olunursa və yaxud əksinə, tənqid olunub yada salınırsa bu onların xeyrinədir.

Bir sözlə, Xəlil Rza daim gündəmdədir.

Zaman Xəlil Rza Ulutürkün xeyrinə işləyir.

Şair necə də haqlı idi:

 

Xəlil, sən qayasan, dərdə dözərsən,  

Sən Kürsən, Xan Araz, Göygöl, Xəzərsən,  

Yenə o yerləri bir gün gəzərsən,       

Demə sən bu günə həsrət qalmışam.

 

Əbədiyyət yolun, ədəbiyyat yolun qutlu olsun, Xəlil bəy!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!