Yol yoldaşı - Vüsal NURU

- Qardaşın necə adamdı?

- Yol yoldaşı olmamışam.

Demək ki, adamı tanıdan yoldur. Yoldaş eləyən, yoldaşı itirən də yoldur. Yolun mistikası bir ayrı mövzudur, mən bu dəfə Seyfəddin Hüseynlidən danışacağam.

İkinci dəfədir ki, onunla yollarda yoldaş oluram. Gedirik Qarabağa. Qəribədir ey, vallah, gör tale yolları bizi harda qarşılaşdırıb; ikimiz də Ağdamdan qaçqın düşmüşük. Əlbəttə, onda bir-birimizin varlığından xəbərsiz idik. Hələ onda yolumuz kəsişməmişdi. İndi yolumuzun üstündəki müqəddəs ədəbiyyat məbədi, ora gedən yol bizi qarşılaşdırıb, tanış eləyib. Həmişə ona "Əziz adam, doğma adam" deyirəm. Onunla dostlaşmaq, məncə, çox asandı, könlünə gedən yol işıqlıdır. Gənclik illərində (yaşımızın artan rəqəmlərinə görə gənclər ordusundan tərxis olunmuşuq) "525-ci qəzet" bizə qayğı göstərdiyi, səhifələrində yer verdiyi üçün qapısını tez-tez döyərdik, üz tutardıq həmişə ağ kompüterin arxasında gördüyüm Seyfəddin müəllimin yanına. Əlbəttə, o dövrlərdə də zəif yazılarımız vardı (biz şedevr hesab eləsək də). Seyfəddin müəllim o yazıların ələ gələnini redaktə, korrektə eləyib çapa verərdi, biz də şənbə günü qəzeti açıb dahiyanə duruşlu şəklimizi, "Nobellik" yazımızı görəndə Bakının ilk neft buruğu kimi fontan vuran istedadımızla qürrələnərdik, sevincimizdən ayağımız yerə dəyməzdi. Çap olunmayanda yenə Seyfəddin müəllimə üz tutardıq, bu dəfə nigaranlıqdan, o bizim ruhumuzu duyardı, elə sözlər toxuyardı, elə cümlələr qurardı, misallar çəkərdi heyran-heyran dinləyərdik, yazının çapa layiq olmadığını ballı su kimi içirərdi bizə. Yol göstərərdi, istiqamət verərdi, dartıb zərif qanadlarımızı qırmazdı. Söz yığınından şillə kimi ağırlaşmış yazılarımızı üzümüzə çarpmazdı; bizə yuxarıdan aşağı baxmazdı. Elə o günlərdən Seyfəddin müəllim əziz adamımız, doğma adamımız oldu. Şəxsən mənim könlümdə taxt qurdu. İllər və yollar bizi daha da yaxınlaşdırdı, bir-birimizə bağlayan tellər, bağlar artdı. Seyfəddin müəllimin daxili dünyasını görmək şansım yarandı.

Hə, onu deyirdim axı, yol yoldaşı olmaq... Gedirik Qarabağa. Bu dəfə mənim maşınımla, ikimiz. Keçən ildən belə bir vədimiz vardı; birlikdə doğma yerləri gəzib, duyğulu anları birlikdə yaşamalıydıq.

Bu əziz adam, doğma adam zəng elədi ki, onu yaxşı bir qrupla Ağdama dəvət eləyiblər, vədimizi yerinə yetirməyə fürsət düşüb.

Vədələşdiyimiz saatda, vədələşdiyimiz yerdə görüşdük, düşdük yola. Getdik, getdik, getdik, axır ki, Qarabağın havasına çatdıq. Gözümüzün ehtiyacı olan yaşılın Qarabağ çaları, qırmızının lalə tonu bizi valeh elədi. Seyfəddin müəllimin bütün hissləriylə, duyğularıyla ağacın kökləri torpağa bağlanan kimi kəndinə bağlandığını bilmirdim. Onun televiziya çıxışlarında, ümumi söhbətlərimizdə Mərzilidən, Ağdamdan danışdığı xatirələri eşitmişdim. Amma bu kişinin doğulduğu kəndlə nəfəs aldığını, ürəyinin bu torpaqda döyündüyünü bilmirdim. Tanıdığım bir çox adam var ki, hələ doğulduqları torpaqlara sevgilərini pafosla, ulduz kimi parlaq kəlmələrlə izhar eləsələr də, işğaldan azad olunduğu gündən bu günə qədər ziyarətə getməyiblər. Müxtəlif səbəblərə, bəhanələrə bağlayıblar özlərini. Məncə, bu natamam insanın xarakteridir. Bu tiplərin digər münasibətləri də parıltıdan ibarət olur, ocaqları əl isitmir. Deməyim budur ki, Seyfəddin müəllimin saxta sözlərin, süni sevgilərin adamı, yalançı vətən aşiqi olmadığını görürdüm. Bir neçə dəfə bu ata-baba yurdumuza səfərləri olub; Şuşanı, Əsgəranı, Xocalını, Xankəndini bir neçə dəfə görüb, amma hər bu rayonlardan keçdikcə düşmənin evlərə, ağaclara, yollara tutduğu divanı ilk dəfə görürmüş kimi vaysınır, yanıb-yaxılırdı. Hiss eləyirdim ki, adam içindən qorğa kimi qovrulur. Haldan-hala, əhvaldan-əhvala düşürdü Seyfəddin müəllim.

Quruculuq işlərinin miqyasını gördükcə fərəhlənir. Fərəhlənib deyir:

- Bu Vətənə, bu dövlətə layiq olmaq lazımdı. Belə şey harda var? Gör nə qədər texnika işləyir. Bu gözəlliyə bax! Ay dədəm vay, dağlara bax ey!

Bu tərif dövlətdən vəzifə tutub, maaş alan, xidməti maşınında əlini qarnının üstünə qoyub Şuşaya gedən məmurun, oturacağa sığmayan məmur yoldaşına vəzifəsini qorumaq üçün dediyi söz deyildi. Bir qarayanız, orta çəkili, uşaqlıq gülüşünü hələ də üzündə qoruyub saxlayan bir qəzet redaktorunun, gecəsini-gündüzünü oxumağa-yazmağa, araşdırmağa sərf eləyən, maaşını gözünün işığıyla qazanan sadə bir adamın mövqeyi, vətəndaş məsuliyyətinin dərki idi.

Seyfəddin müəllimin sevgisiylə qidalanırdım. Məcbur olmadan danışdığı sözlər mənə həzz verirdi, onun tanımadığım tərəflərini, bürclərini aşkarlayırdım. Belə başa düşürəm ki, Seyfəddin Hüseynli nümunəvi insan olmaq üçün özünü cilalayır. Yeri gəlmişkən, deyim ki, məcbur, ehtiyac olmadığı yerdə belə, təhlükəsizlik kəmərini bağladı, dedi: "Biz gərək başqalarına örnək olaq". Əlində artıq olan heç bir qabı, salfeti, qabığı qıyıb maşının pəncərəsindən xaraba yurdumuzun tullantılarının arasına atmırdı ki, buraları zibilləmək olmaz, günahdır. 

Mərziliyə yaxınlaşırıq. Məni kəndlərinə qonaq aparır. Elçilikdə ata oğlunu tərifləyən kimi yolboyu kəndlərini öyür. Uşaq vaxtı görmədiyim üçün mənə ilkin tanışlıq verir. Təəssürat oyadır. Bunu da elə şövqlə, elə məhəbbətlə, elə yanğıyla deyir ki, istəyirəm yolun yolsuzluğuna baxmadan, təcili yardım kimi sürəti artırım, bu həyəcandan boğulan adam kəndinin havasını udsun, təzələnsin, tumurcuğu çiçək olsun, özünə qayıtsın. Ata yurduna bağlı olmaq belə olur ey! Kəndin adətini, hadisələrin tarixini, adamların xatirəsini, qəbirlərin cığırlarını belə adamlar qoruyub saxlayır, özündən sonraya ötürüb kəndinin diri qalmasına çalışır.    

Ağdamın mərkəzindən Mərzilinin girişinə qədər danışan Seyfəddin müəllim birdən əllərini dizlərinə çırpıb dedi:

- Vay, dədəm, vay, ta özün bax də, mən nə deyim? Gör, nə boyda kənddi ey! - Kəndin boyunu sevir. - Bu ölkədə bundan böyük kənd var? Vay, dədəm, vay!

Hiss eləyirəm ki, qəhərlənib, tufana düşmüş balıqçı gəmisi kimi  duyğularının nəhəng dalğaları arasındadır.   

Hər dəfə "Dövlət bəyin ölüsü də gözəldi", - deyib sevir Mərzilinin xarabalığını. Bənzətməsi burda yerinə düşür. Replikanın "Nəsimi" filmindən olduğu yadıma düşür: Miranşah Dövlət bəyin kəsdirdiyi başını qırmızı ipəyin arasında gətirib Şəmsin qarşısına atır. Örtüyü açıb başa soyuqqanlı baxan Şəms tövrünü pozmadan Dövlət bəyin gözəlliyinə xələl gəlmədiyini, ona sevgisinin dəyişmədiyini cəsarətlə etiraf eləyir və onda bu sözləri deyir. Seyfəddin Hüseynli də, axı, məlumatlı adamdı, intellektualdır, hansı sözün harda yerinə düşəcəyini bilir, o boyda filmdən hansı replikanın Mərziliyə yaraşdığını peşəkarcasına tapmışdı. Əlacı olsaydı, yəni qolu çatsaydı, gücü yetsəydi, Mərzilini cəbhədən qayıtmış yaralı oğlu kimi bağrına basardı, tozlu-torpaqlı saçına tumar çəkərdi, al-qana boyanmış üzündən öpər, öpərdi.

Evlərinə lap yaxın yerdə, yolun kənarında saxlayıram maşını. Düşüb evlərinə gedən yolu axtarır. Ot-ələf qurşaqdandı. Evin yeri, daş qalağı bir neçə metrlik olsa da, gedə bilmir. Məni qonşulayırla tanış eləyir: "bu filankəsin evidir. Bu filankəsin oğlunun..." Dağılmış evləri yaddaşındakı kimi diri görür. Qonşularının səsini eşidir. Burda yarımçıq qoyduğu illəri yaşayır. Telefonun gözüylə gördüklərini uzaqda yaşayan qardaşlarına göstərir. Bilmir sevincini, həyəcanını necə, kiminlə bölüşsün. Onu çalxalanan duyğularıyla baş-başa qoyub aralaşıram. Bu hissləri yaşamayan adam bilməz. Bilməsi bir yana, bəlkə də gülər.

Başa düşmüşdüm, Seyfəddin müəllim kövrək adamdı. Bunu da bu səfərdə bildim, elə evlərinin yanında.  

Kəndin qəbiristanlığına getdik. Qəbirlərin ətrafını gəzdi, adları oxudu, şəxsən tanıdıqlarını mənə də tanıtdı. Buna görə deyirəm, belə adamlar kəndləri diri saxlayır. Hər kənddə, hər şəhərdə belə el-obasını unutmayan, unutdurmayan, xatirəsini paylaşan, kəndini diri tutan mühafizəçilər, odu qoruyan mabaxlar lazımdır. Evləri yıxan, yurdları xaraba qoyan amansız düşmənin adı unutqanlıqdır.

Mərzilidə Xudu Məmmədov adına orta məktəbin onuncu sinfinə kimi oxuya bilib. Əlaçı olduğu üçün Xudu müəllimin təsis elədiyi əlaçı təqaüdü alıb. Məktəbin də, Xudu Məmmədovun da adına layiq olduğu üçün Seyfəddin Hüseynli bu gün Mərzilinin ən hörmətli adamları sırasında qürurla durub. Bu sıranın başında Xudu Məmmədovun durduğuna inanıram. Odur ki, Seyfəddin müəllimin durduğu sıraya baxanda onun şəxsiyyəti, kimliyi, kişiliyi, əqidəsi məlum olur.         

Seyfəddin müəllim dolu adamdı, deyərdim, münasibətlərdə balans saxlamağın ustasıdır. Məsafəni dəqiq ölçür; kimi hara qədər buraxır, kimi hardan qaytarır, kimi harda saxlayır. Bu peşəkarlıq imkan verir ki, münasibətini düzgün qura bilsin. İntriqant xarakterli olmadığından inanmıram ki, onun arxasınca danışan ola. Qeybətdən uzaq adamdır, mövzunun ayağı qeybətə sürüşsə, Seyfəddin müəllim onun yönünü dərhal dəyişəcək, söhbəti elə yönləndirəcək ki, bu dəfə qarşısındakı adam onu heyran-heyran dinləməli olacaq. Yəni topu almağı bacarır. 

Seyfəddin Hüseynliylə söhbətə başlamısansa, əmin ola bilərsən ki, yeni mövzular eşidəcəksən, bildiyin mətləbə bu dəfə başqa tərəfdən baxacaqsan. Düşüncən, fikrin aydınlanacaq. Bu ayaqüstü görüşdən faydalanıb çıxacaqsan, mənəvi qazancın olacaq. Bəzi tiplər var; dəriyə yapışan zəli kimi görürsən qarşısındakı adamların enerjisini əmir, komfort zonasına girib adamın sinirlərini alt-üst eləyir, sözü-söhbətiylə əhvalını xaraba qoyur, işığını, nurunu kəsir. Pessimist havasını, qaramat enerjisini sənə yükləyir. Bir də görürsən bədbinliyin hisinə-pasına bulaşmısan. Seyfəddin Hüseynli bu tipin tam tərsidir.

Yaxşı yumor hissi var: zarafatın da əndazəsini bilir, ciddiliyin də. Bir də görürsən qatı açılmamış, on-on beş qulaq, beş-altı dodaq görməmiş elə lətifə danışır, uğunub gedirsən. Danışanda lətifə bitməmiş özü elə gülür ki, səni də dartıb salır o gülüş tornadosuna.

Bax, belə maraqlı və bütöv adamdır Seyfəddin Hüseynli. Dəqiq bilirəm, çünki yol yoldaşı olmuşam.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!