İllərin ötməsindən qorxmayan alim - Əsgər ZEYNALOV

 

1999-cu ildə doktorluq dissertasiyam Ali Attestasiya Komissiyasında növbəti dəfə dayandırılmışdı. Məsləhət üçün adını eşidib, üzünü görmədiyim Cəlil Nağıyevin yanına - Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasına getdim. Görüşdük, tanış olduq. Xeyli söhbət etdik. Bir-birimizi az-çox tanıdıq. Növbəti dəfə artıq biz köhnə tanışlar kimi görüşürdük. Bu, Cəlil müəllimin sadəliyindən, səmimiliyindən irəli gəlirdi.

Cəlil Qərib oğlu Nağıyev 1945-ci il iyul ayının 26-da təkcə Azərbaycanın deyil, eləcə də Şərqin mədəni mərkəzlərindən biri olan, Nizami yurdu Gəncə şəhərində anadan olmuşdur. Onun valideynləri 1918-ci ildə deportasiyaya məruz qalaraq öz dədə-baba yurdları - Qərbi Azərbaycanı məcburi surətdə tərk etməli olmuşlar. Onlar əvvəlcə Tovuz rayonunun Quşçu stansiyasında müvəqqəti məskunlaşmış, sonra Gəncə şəhərinə köçmüşdür. Pərən-pərən düşən bu nəslin bəzi üzvləri Türkiyəyə (İğdır şəhəri), əksər hissəsi isə Azərbaycanın müxtəlif şəhər və bölgələrinə (Gəncə, Bərdə, Şəki, Kürdəmir və s.) pənah aparmış və bu günə kimi oralarda yaşayırlar. Cəlil Nağıyevin atası - dədə-babalıqca İrəvan xanlığının Əştərək bölgəsinin Pətrəncə kəndindən olan Qərib Haqverdi oğlu Nağıyev 1906-cı ildə İrəvan şəhərində doğulub. Xatırlatmaq lazımdır ki, Cəlil Nağıyevin ana tərəfi - Abbasovlar nəsli də həmin bölgənin Qızıl Temir kəndindən idi.

Cəlil Nağıyevin atası Qərib Nağıyev 1918-ci ildən Gəncədə yaşamış, bu şəhərdə erməni vəhşiliklərinin şahidi olmuşdur. O, iki illik Bakı Partiya Məktəbində oxumağa göndərilmiş, təhsilini başa vurduqdan sonra Qutqaşen (indiki Qəbələ) rayonu Yerli İcraiyyə Komitəsində işləmiş, sonra isə Qəbələ rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdı.

Belə bir ailədə dünyaya göz açan Cəlil Nağıyev 1953-cü ildə Gəncədəki 20 nömrəli ümumtəhsil dəmiryolu məktəbinə daxil olmuş, 1964-cü ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. Həmin ildə o, təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olunmuş və 1969-cu ildə Universiteti bitirərkən - Dövlət İmtahan Komissiyasının və fakültə Elmi Şurasının qərarı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin slavyan filologiyası kafedrasında aspiranturada təhsil almağa göndərilmişdir. Bir il müvafiq ixtisas (serb dili və ədəbiyyatı) üzrə staj keçdikdən sonra - 1970-ci ildə o, həmin kafedranın əyani aspiranturasına daxil olur. 1974-cü il yanvarın 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinin dissertasiya şurasında professor N.İ.Kravtsovun rəhbərliyi altında "Serb romantik poeziyası və Şərq" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib Bakıya qayıdır və Azərbaycan Dövlət Universitetinin Xarici ədəbiyyat tarixi (indiki Dünya ədəbiyyatı) kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayır. 1989-cu ildə C.Nağıyev Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri seçilir və bu günə kimi fasiləsiz olaraq həmin kafedraya rəhbərlik edir.

Cəlil Nağıyev 1990-cı ildə "Azərbaycan-Yuqoslav qarşılıqlı ədəbi əlaqələri təmasları" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildən professordur.

1993-cü ildə Cəlil Nağıyev Bakı Asiya Universitetini təsis etmiş və həmin universitetin rektoru seçilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə on cilddən ibarət "Dünya uşaq ədəbiyyatından seçmələr" kitabları nəşr olunmuşdur. Prof. Cəlil Nağıyev bu kitabların tərtibçisi, bəzilərinin Ön sözünün müəllifidir. Bu cildlərin birində Cəlil Nağıyevin tərcüməsində görkəmli Portuqaliya yazıçısı Joze Qomes Ferreyranın "Cəsur Joanın qeyri-adi macəraları" romanı çap olunmuşdur. O, 300-dən artıq elmi məqalənin, ondan artıq ali məktəblər üçün tədris proqramının, ali məktəb tələbələri (bakalavr və magistr) üçün iki ("Qədim Şərq ədəbiyyatı tarixi" və "Qərbi Avropa ədəbiyyatı. Orta əsrlər və İntibah dövrü)" dərsliyin və altı monoqrafiyanın (Azərbaycan, ingilis və rus dillərində) müəllifidir. Bundan əlavə, C.Nağıyev "Çaşıoğlu" nəşriyyatında 100 cildlik "Dünya ədəbiyyatı" seriyasından nəşr olunmuş əsərlərin redaksiya heyətinin üzvü olmuş, 20-dən artıq əsərə redaktorluq etmiş və Ön söz yazmışdır.

C.Nağıyevin yaradıcılığının bir sahəsi də tərcüməçilikdir. O, serb və xorvat dillərindən Bosniya və Xorvatiya yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, eyni zamanda Tronskinin "Antik ədəbiyyat tarixi" adlı əsərini dilimizə çevirmişdir.

C.Nağıyev təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da yaxşı tanınır. Onu xüsusi vurğulamaq lazımdır ki, bu zəhmətkeş tədqiqatçı dünyanın bir çox ölkələrində 50-dən artıq beynəlxalq simpozium, forum və konfranslarda çıxış etmiş, elmi yığıncaqların sədri olmuşdur.

C.Nağıyev Moskva, Sarayevo (Bosniya və Hersoqovina), Zadare (Xorvatiya), Konstansiya (Rumıniya), Kiyev, Simferopol (Ukrayna), Alma-Ata (Qazaxıstan), Bişkek (Qırğızıstan), Daşkənd (Özbəkistan), Qazimağusa, Lefkoşa, (Şimali Kipr Türk Respublikası), Ankara, İstanbul, İzmir, Kayseri, Antaliya, Konya, Tekirdağ, Çanaqqala, Bayburt, Samsun (Türkiyə) şəhərlərində keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir.

Azərbaycan və Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında, alimlərin fikir mübadiləsində prof. C.Nağıyevin xidmətləri danılmazdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Həmçinin o, uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, BDU-nun Elmi Şurasının elmi katibi olmuşdur.

Cəlil Nağıyevin rəhbərliyi altında 30-a qədər tədqiqatçı dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adını almışdır. Bunların bəziləri xarici vətəndaşlardır. Eyni zamanda onun rəhbərliyi ilə iki tədqiqatçı müdafiə edərək elmlər doktoru adını almışdır.

Cəlil Nağıyevin 1987-ci ildə "Serb romantik poeziyası və Şərq" (Bakı: Yazıçı, 1987, rus dilində) adlı ilk monoqrafiyası çap olunmuşdur. 1998-ci ildə onun yeni monoqrafiyası ("Koroğlu"nun Çin qaynaqları", Bakı: Asiya, 1998) çap olunur, bir müddət sonra bu kitab ingilis dilində nəşr edilir (The Chinnese soutces of the "Koroghlu" Eho, London: Rossendale Books, 2018).

2019-cu ildə görkəmli ədəbiyyatşünas alimin irihəcmli "Qərbi Avropa ədəbiyyatı" (Orta əsrlər və İntibah dövrü) adlı fundamental tədqiqat əsəri işıq üzü gördü. Akademik Kamal Abdullanın redaktor, professorlar - Qorxmaz Quliyev, Şahin Xəlilli və Ülfət Bədəlbəylinin rəyçi olduğu bu əsər sözün əsl mənasında heyrətləndiricidir. Ali məktəblər üçün dərslik kimi təqdim olunan, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakı Dövlət Universitetinin 100 illik yubileyinə ithaf olunan bu əsər, mənim fikrimcə, o zaman 75 yaşını tamamlayan müəllifin öz yubileyinə hədiyyə idi.

Cəlil müəllim o zaman kitabı mənə təqdim edəndə onu birnəfəsə oxudum, haqqında bir məqalə də yazdım. Monoqrafiya ilə bağlı müəllifə zəng edib irihəcmli məqalə yazdığımı bildirdikdə, Cəlil müəllim özündən asılı olmayaraq uca səslə "Nə danışırsan?" deyə sevincək halda öz təşəkkürünü bildirdi.

Ədəbiyyatşünas alimin "Qərbi Avropa ədəbiyyatı" əsərinin dəyərli cəhətlərindən biri də ondan ibarətdir ki, o bu tədqiqatı yalnız Qərbi Avropa ədəbiyyatı ilə bağlı aparmamış, yeri gəldikcə Azərbaycan ədəbiyyatı nümunələri ilə də müqayisə etmişdir: "Kitabi Dədə Qorqud", "Koroğlu" və s. Müəllif əsərində göstərir ki, "Roland haqqında dastan"da Ronaldın ögey atası Hanelonun xəyanəti nəticəsində həm igid qəhrəman Roland, həm də, fransız ordusu məhv olur. Düzdür, araşdırıcı dastandakı bəzi məqamları "Kitabi-Dədə Qorqud" dastanı ilə müqayisə edir. Ancaq burada baş verən xəyanət məsələsi "Astiaq əfsanəsi"ndə Harpaqın xəyanətinə daha çox oxşayır. O, təkcə Astiaqa deyil, bütün Midiyaya xəyanət etdiyi kimi, müəllifin göstərdiyi kimi, Hanelon da Rolanda bəslədiyi nifrətə görə Fransaya xəyanət edir.

Cəlil Nağıyev "Qərbi Avropa ədəbiyyatı"ndan sonra - 2020-ci ildə "Dədə Qorqud, Koroğlu və ..." (ingiliscə: The of Epos and Psichoanalisis, London: Rossendale Books, 2023) monoqrafiyasını çap etdirdi. Akademik Muxtar Kazımoğlunun elmi redaktorluğu ilə nəşr olunmuş bu monoqrafiyada da tədqiqatçı alimin istər dastanlarımızın, istərsə də Azərbaycan romanlarının Qərbi Avropa dastanları və romanları ilə müqayisəsi, xüsusilə də "Kitabi-Dədə Qorqud" dastanında xüsusu yeri olan ədəbi psixologizm və Azərbaycan folklorunda mövcud olan psixoanaliz problemləri öz əksini tapmışdır.

Bizcə, Cəlil müəllim bundan sonra yazmasa belə, "Qərbi Avropa ədəbiyyatı" əsəri ilə ədəbiyyatşünaslıq elmində yaşamaq hüququ qazanmışdır.

Ədəbiyyatşünas, slavist Cəlil Nağıyev həm də fəal şəkildə bədii tərcümə ilə də məşğuldur. Yuxarıda adını çəkdiyimiz J.Q.Ferreyranın romanından başqa o, fransız dilindən Qustav Floberin "Sadəlövh" povestini, F.Mouetin "Qurdları qorxutma (romandan parça), K.Hamsunun "Sirli dərd", P.Laqerkvistin "Zirzəmidə" və "Lift isə cəhənnəmə düşürdü", V.Çərkəzin "Dişi qurd", İ.Andriçin hekayələrini, "İvo Andriçin etirafı"nı, "Cərzələz Əlinin yolu" triptixini (üç hekayə), "Drina körpüsü" romanını, İ.M.Tronskinin "Antik ədəbiyyat" dərsliyini (Etibar Kərimli ilə birlikdə) dilimizə tərcümə etmişdir. 

Uzun illər televiziyada (AzTV-də) "Ədəbi abidələr" adlı bir veriliş nümayiş etdirilirdi. Bu verilişdə Azərbaycan ədibləri ilə yanaşı, dünya ədəbiyyatının korifeyləri - fransız, ingilis, alman, italyan, ispan, rus, Amerika və digər ölkələrin ən böyük yazıçıları haqqında respublikamızın bu sahələrdə tanınmış mütəxəssisləri çıxış edirdilər. Cəsarətlə demək olar ki, həmin verilişlərin ən məhsuldar iştirakçısı professor Cəlil Nağıyev idi. Onun ayrı-ayrı ölkələrin ədəbiyyatının görkəmli nümayəndələri ilə bağlı çıxışları tədqiqatçının nə dərəcədə yaradıcılıq diapozonuna malik olduğunu təsdiq edir.

2013-cü ildə Viktor Hüqonun "Səfillər" romanı ilə bağlı "Ədəbi abidələr" silsiləsində üç veriliş hazırlandı. Bu verilişin hər üçündə C.Nağıyev və G.Abdullazadə ilə yanaşı mən də çıxış etməli oldum. Cəlil müəllimin yüksək səviyyəli, peşəkar çıxışı hələ də gözümün qarşısındadır. Sonra bu verilişləri Fransaya - Parisdə fəaliyyət göstərən Hüqonun Dostları cəmiyyətinə göndərdim və bununla bağlı həmin cəmiyyətin məcmuəsində yazı çap olundu.

Cəlil Nağıyev 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinun üzvüdür. O, Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi" medalı və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir.

Bakı Asiya Universitetinin sabiq rektoru, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, elm aləmində özünü təsdiq etmiş, zəhmətkeş alim, yorulmaz tədqiqatçı, filologiya elmləri doktoru, professor Cəlil Nağıyevi yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Bu il Cəlil Nağıyevin 80 yaşı tamam olur.

Öz-özümə düşünürəm: "bu insanı yaşadan nədir?"

Öncə Tanrının - ulu Tanrının qismətidir. Belə qənaətə gəlirəm ki, onu yaşadan bir tərəfdən yaradıcılıqdırsa, ikinci tərəfdən xeyirxahlıqdır.

Yaradıcılıqla məşğul olanda fikir bir istiqamətə yönəlir: yazmağa başladığın işi sona çatdırmağa. Boş, lazımsız düşüncələrə yer qalmır.

İkincisi, Cəlil müəllim həmişə ərklə üz tutulası insandır. İçindəki xeyirxahlıq bizcə, onu yaşadan əsas amillərdəndir.

Mahnıların birində deyilir: Qorxmuram illərdən, qoy ötsün illər ... İllər ötür qoy ötsün. Yaradıcılıqla xeyirxahlıq Cəlil müəllimi yaşadır...

Yenə də gənclik həvəsi ilə yazıb yaradır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!