“Bu qatarın arxasınca baxma”ğa dəyər… - Yeganə MƏMMƏDOVA

Azərbaycan Dəmir Yollarının 145 illiyi: Tarixi araşdırma

 

İndi də sərnişin qatarı görəndə uşaqlığım düşür yadıma, kövrəlirəm. Elə bilirəm o qatar yenə məni babalı-nənəli günlərimə qovuşduracaq. Axı vaxtilə babamgilə qatarla gedərdim. Çox məhrəm, doğma gələn o anları heç unuda bilmirəm, yenidən düşündükcə də “kaş ki”lər dilimdən düşmür…

Və tələbəlik… Əvvəllər yaşadığım ünvandan Bakıya birbaşa gedən avtomobil, avtobus çox az olduğundan yenə qatarla gedib-gəlirdim. Əslində qatarla səfər daha rahat, daha xoş idi mənim üçün: nə saatlarla getdiyim yoldan yorulardım, nə də pəncərədən yolboyu seyr etdiyim mənzərələrdən; ən əsası isə salonlar səliqəli, havası ekoloji baxımdan təmiz. İndi də yaxın-uzaq yola çıxanda əksər vaxt qatar olur yol yoldaşım, simsarım, sirdaşım. Azərbaycanımızın cənnət- camal guşələrini onun pəncərə “gözü”ndən seyr etmək məxsusi bir maraq, gözəl ovqat oyadır adamda. Budur, mənzil başına varıram artıq. Düşəcəyim stansiyaya çatıb qatardan enəndə isə qəribə təəssüratqarışıq bir hiss bürüyür varlığımı və bir anlıq geri dönüb sərnişini olduğum “sahibim”in arxasınca boylanıram. Tanınmış şairimiz Ramiz Rövşən necə deyir:

Baxma, bu qatarın dalınca baxma,

Baxma, gözlərini yorunca, baxma.

Qaşların altında cüt yarpaq kimi

Gözlərin saralıb solunca, baxma.

Amma yox, bu yerdə “bu qatarın dalınca baxma”ğa dəyər. Çünki o bizi Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm ordumuzun 44 günlük müharibədə Zəfər çaldığı – qalib Qarabağımıza, Şuşamıza, Füzulimizə, Cəbrayılımıza, Ağdamımıza, Qubadlımıza, Zəngilanımıza, Laçınımıza, neçə-neçə gəzməli-görməli məkanlarımıza, gözəl günlərə vəsilə olacaq nurlu səhərlərə aparır…

Bu yerdə elektrik qatarlarının, üzərində şütüdüyü dəmir yolunun yaranma tarixindən, istər sosial, istərsə də iqtisadi baxımdan ölkəmiz üçün hansı əhəmiyyətə malik olmasından qısaca ekskurs etməmək mümkünsüzdür məncə.

Məlumdur ki, 20 yanvar 1880-ci il – Azərbaycanda dəmir yolunun yaranması tarixidir. Məhz həmin ilin yanvarında neft daşınması üçün ilk dəfə olaraq uzunluğu 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu istismara verilmişdir. Sonralarsa eyni marşrutla sərnişin daşınması da təmin olunmuş və bu proses Bakıda sərnişin vağzalının inşası ilə davam etdirilmişdir. Belə ki, tikintisi 1878-ci ilin sonunda başlanan Bakı-Sabunçu-Suraxanı dəmir yolu Sabunçu və Suraxanı mədənlərini Bakının neft zavodları və dəniz limanı ilə birləşdirirdi. Onu da qeyd edək ki, bu, Azərbaycanda ilk çəkilən dəmir yolu olub.

1883-cü il mayın 8-də Bakı-Yelizavetpol-Tiflis magistral dəmir yolu istifadəyə verilmiş, həmçinin Tiflisdən Batum limanına dəmir yolu çəkilmişdir. Bakı-Yelizavetpol-Tiflis magistral dəmir yolunun davamı Tiflis-Qori- Kutaisi-Poti-Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dənizi sahilləri birləşdirildi.

Ağdam-Xankəndi dəmir yolunun inşası isə 1979-cu ildə ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilib. 1970-ci illərdə Sumqayıt, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt və Poylu stansiyalarında yeni vağzal binaları şəxsən Heydər Əliyevin nəzarəti altında tikilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 20 iyul tarixli sərəncamı ilə yaradılan “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyəti bu gün də üzərinə düşən məsuliyyətli missiyanı ardıcıl olaraq davam etdirməkdədir.

Dövlət başçımızın rəhbərliyi ilə erməni işğalından azad edilmiş torpaqlarımızda artıq uzun müddətdir ki, genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu işlərin görüldüyü əsas sahələrdən biri də məhz elə dəmir yolları ilə bağlıdır. 2021-ci ildə beynəlxalq əhəmiyyətli Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmiryol xəttinin tikintisinə başlanılıb. Dəmir yolu xəttinin layihələndirilməsi artıq 83% yerinə yetirilib. Layihə üzrə torpaq işləri, süni qurğuların tikintisi, yolun üst quruluş elementlərinin quraşdırılması isə 65% yekunlaşıb. Sözügedən marşrut Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasına xidmət edəcək.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə açılışı gerçəkləşdirilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə-Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Kompleksin bünövrəsi isə 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağın, Ağdam rayonunun sosial- iqtisadi inkişafına, Azərbaycanın nəqliyyat potensialının daha da genişlənməsinə münbit şərait yaradacaq. Burada insanlarımız üçün hər cür şərait yaradılıb: gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri və s.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı hər gün 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Bu gün ölkəmizin nəqliyyat infrastrukturu tarixində böyük önəmi olan Azərbaycan Dəmir Yolları ən sürətli inkişaf mərhələsinə qədəm qoyub. Bakı-Qazax-Bakı dəmir yolu marşrutunun bərpası da bu sahənin inkişaf göstəricilərindəndir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov 2019-cu ilədək Qazax istiqamətində hərəkət edən qatarların yataq tipli qatarlar olduğundan danışarkən, artıq bu sahədə yeniliklərin, böyük dəyişiklərin olduğuna toxunub:

“Bakı-Qazax və əksinə hərəkət edən qatarlar oturacaq tiplidir. Bakı-Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək. Bununla Qazax rayonunun əhalisi də daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək”.

Ən əsası isə odur ki, əvvəllər sərnişinlər Bakıdan Qazaxa qatarla 8 saat 25 dəqiqəyə çatdırdısa, indi bu məsafə 5 saat 36 dəqiqəyə endirilib, yəni sürət artımına görə zaman məsafəsi azalıb.

Artıq Xırdalan-Sumqayıt-Bakı istiqamətindəki elektrik qatarlarının Ceyranbatanda da stansiyasının inşası ilə bağlı fikirlən səsləndirən, öz təkliflərini dilə gətirənlər var.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, sözügedən məsələ ilə əlaqədar müxtəlif araşdırmalar həyata keçirilir: “Metro xətlərinin çəkilməsi mümkün olmayan bir çox istiqamətlərdə dəmir yolu xətlərinin çəkilməsinə ehtiyac yaranacaq. Bu hal Xırdalan qəsəbəsi ilə bağlı müzakirələrdə də özünü göstərir. Çünki Xırdalana, ya metro çəkilməlidir, ya da dəmir yolu. Hazırda bununla bağlı müzakirələr aparılır”.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmiryol layihələrinin həyata keçirilməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə də, sözün müsbət mənasında təsirsiz ötüşməyəcək. Belə ki, yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını daha da artıracaq.

Onlara maraq azalsa da…

Bir vaxtlar paytaxtımızda tramvaylar, trolleybuslar şütüyərdi. Və doğrusu, bu nəqliyyatlar mənim aləmimdə şəhərimizin daha qədimliyinu, tarixiliyini bir növ özündə simvolizə edərdi. Özü də həm rahat, həm də elektriklə işlədiyindən atmosferi zəhərləməzdi, yəni ekoloji cəhətdən təmiz idi. Tramvay və trolleybuslar elə bil sərnişinləri də bir-birinə bir qədər də isinişdirər, daha çox ünsiyyətcilliyə, söhbətcilliyə vəsilə olardı. Sonralar avtobus, avtomobillər çoxaldı, metropolitenin fəaliyyət dairəsi şaxələnib genişləndi. O üzdən tramvay və trolleybuslara maraq getdikcə azalmağa başladı. 2004-cü ildə isə tramvay sistemi tamamilə ləğv olundu, hətta relslər də söküldü. Söz yox, sıxlığın aradan qaldırılmasına, saatlarla dayanacaqlarda gözləmələrin azalmasına və s. xidmət etdiyi üçün nəqliyyat növlərinin artması təqdirəlayiqdir. Lakin bununla yanaşı, qazandığımız üstünlüklərin çatışmayan tərəfləri də az deyil. Yaxşı olardı, paytaxtda, eləcə də bölgələrimizdə elektrikli avtobuslardan istifadə olunardı, sərnişindaşımada fəaliyyət göstərən və atmosferi çirkləndirən nəqliyyat növləri tədricən xətdən çıxarılardı. Doğrudur, bu, maliyyə baxımından bəlkə də çətin olar, amma sağlamlığımızı, atmosferi oksigen çatışmazlığından, zəhərli qazlardan müəyyən qədər qorumaq üçün ən mühüm işlərdən biri olardı.

Yenə tramvay-trolleybus mövzusuna qayıtmaq istərdim. Çünki bu mövzunu əsas və faydalı məqamlardan biri hesab edirəm.

Faktdır ki, Bakıya ilk tramvay xətti 1924-cü ilin fevralında çəkilib. 1926-cı il iyulun 6-da isə Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə salınıb. Sözügedən tarixləri xatırlatmaqda məqsədim var: yəni bildirim ki, müasir dövrlə həmahəng, modernləşdirilmiş şəkildə trolleybus və tramvayların bərpası yenə də uyğun görülərdi; bu, həm ucuz başa gəlməklə yanaşı, ekoloji baxımdan sərfəli olardı, həm də şəhərin ümumi görkəminə müsbət təsir edərdi. Belə bir addımın atılması, zənnimcə, 145 illik yubileyini qeyd edən Azərbaycan Dəmir Yollarının növbəti uğuru, Azərbaycanımıza isə bu qurumun mühüm, misilsiz töhfələrindən biri olardı.

 

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!