Dünyanın söz üzündəki ən qədim dostum - Rafiq HÜMMƏT

 

Dəyanətin əlli yaşına bir yazı yazmışdım düz on il öncə. Yazdıqlarımı saxlamaqda, toplamaqda özüm qədər pinti adam tanımıram. Üç gündür, bütün boş vaxtımı o yazını axtardım, tapa bilmədim. Dəyanətin özündən soruşmağı isə heç dənəmədim də. Çünki mən çox vaxt yazılarımı şeir kimi birnəfəsə yazıram, dost yazılarını isə bircə dəfə yazıb heç vaxt qaralamıram. Demək istədiyim odur ki, o yazını yəqin ona görə tapa bilmədim ki, onu şeir kimi yazmamışam.

Dəyanət həm həyatda, həm də ədəbiyyatda doğmalıq-yaxınlıq etdiyim ən qədim dostumdur. İlk tanışlığımız növcavan vaxtımızda - təxminən 15 yaşımızda baş tutub. İkimiz də eyni rayondan olduğumuza görə rayon üzrə keçirilən olimpiadada yanaşı oturmuşduq. Təfərrüatları xatırlamıram, amma həmin vaxt aramızda ruhi bir qardaşlığın yaranmağa başlandığını dəqiq bilirəm. Sonralar müxtəlif fənlər üzrə keçirilən olimpiadalarda dəfələrlə görüşdük.

1982-ci ildə ayrılan yollarımız 1985-ci ildə yenidən kəsişdi. Bu dəfə Bakıda, Azərbaycan Dövlət Universitetində və onun yataqxanasında əmoğlum Zakirin sayəsində. Mən oraları tərk edib Tiflisə gəlsəm də, o gün-bu gün bağlarımız heç zaman qopmadı və ulu Tanrıma nəhayətsiz təşəkkürüm ona görədir ki, məni 60 yaşıma gətirib-çıxarıb və 45 illik qədim dostumun 60 yaşına bu gün ürək sözləimi həkk edirəm.

Dəyanət ilk gənclik çağlarımızda mənə daha çox öz işıqlı qoşmalarını oxuyurdu. Qəribədir ki, mən o zamanlar bəlkə də Tiflis ədəbi mühitindəki abilərimin təsiri ilə bir az sərbəst şeirə meyllənmişdim, amma onun, hətta bəzən qafiyəsi olmayan qoşma ölçülü şeirləri məni özümdən alıb aparırdı. Zaman-zaman doğma Borçalısına xas olan qoşma havalı şeirləri qafiyələrlə süslənsə də, eşqin, irfanın elə dərin qatlarına enirdi ki, onların müəllifinin bir haqq ozanı olduğuna şübhə yeri qalmırdı: 

 

Səfər saatımın uğuru yatmış,

gerisi viranə, önü gümandı.

Deyirəm: dur gedək, a başı batmış,

ta burda həyatın nəbzi dayandı.

 

Düz söz atəşinə qovrulur adım,

bəxtiylə öcəşib durur inadım,

əcəlin ağzında haqq amanatım,

halım duymaz dostlar, gendən dolandı...

 

Tez-tez ya Tiflisdə, ya da Bakıda görüşürdük, qələm dostlarımızı bi-birimizlə tanış edirdik. Rəhmətlik Nəcəf Nəcəfov, Xanəmir, Hikmət Sabiroğlu, Qurban Yaquboğlu kimi bənzərsiz Söz adamları ilə məni Dəyanət tanış etmişdi. O dövrdə Tiflis ədəbi-ictimai mühitinin parlaq simaları olan Alxan Binnətoğlu, Mədəd Çobanlı, Valeh Hacılar, Əmrulla Paşayev, Telman Quliyev, Eyvaz Əlləzoğlu, Səməd Qaraçöp, Nəriman Əbdülrəhmanlı... ilə də mən Dəyanəti tanış etmişdim və bizim həm Tiflisdə, həm də Bakıda yeknəsəklikdən uzaq səmimi bir çevrəmiz oluşmuşdu...  

Mənim tanıdığım Dəyanət ədəbi-bədii yaradıcılıq labirintlərində özünü çox da axtarası olmadı, sərbəst şeirlə həmdərd oldu, özünün "ağ şeirləri" ilə sərbəst şeirin üzünü daha da ağartdı, şeirdən-şeirə, kitabdan-kitaba püxtələşdi, sözünün bədii məna tutumu ilə ictima-fəlsəfi fikirləri çulğaşaraq yalnız ona aid olan orijinal bir məzmun kəsb etdi. Bütün yaradıcılığı boyu daha çox özünü, öz içini yazdı, təbiətlə, küləklə, torpaqla insanı bir-birindən ayırmadı, eyni kainatın bərabərhüquqlu varlıqları kimi sözdə canlandırdı:

 

Bütün gözəlliklər ruhun rəsmidi,

bütün canlıların ahıdı külək.

Mən gəzən bir torpağam,

torpaqdan dərdlisi yoxmuş

adamların içində.

 

Dəyanət bəzən də dağa çevrildi, üzündə açılan çiçəyi elə bir vəsf etdi ki: 

 

Qəlbi dağın o üzüyəm,

güllərin ən göyçəyisən,

bu üzümdə açılmısan...

 

Bu misralarda isə yenə cansız bildiklərimizi canlandıraraq şeirə Füzuli kimi, amma pafossuz personajlar gətirdi dostumuz:

 

Eşikdə qızılgüllər xınalı

ölür öz qoxusundan

quşların nəğməsindən

dəlmə-deşikdi səssizlik

xırda otlar göyərmədən quruyur

dilli-dilavər qızılgüllər qarıyır.

 

Varağın üstündə

ağaclarla şeirlər

qarışmış bir-birinə

tavandan özünü asmış hörümçəklər

istəkli ruhların qəlbi döyünür 

istəkli gecələrdə. 

 

Orasını da qeyd edim ki, özümüzü dərk edəndən bəri bizi və çevrəmizi bir-birimizə bağlayan ən böyük özəlliklərdən biri də hər zaman ortaq Türk məfkurəsini mənimsəməmiz olub. (Mənim Bakıda yaşadığım illərdə bizləri türkçülükdə az qala ittiham edənlərin çoxunun indi bütün bərələri tutaraq Anadoluda, Türküstanda, Türkmənelində cıdıra çıxdıqlarını da sarkazmsız seyr edə bilmirəm...)  

Dəyanət Bsmanlının bənzərsiz şairimiz Vaqif Bayatlı Odərə həsr etdiyi şeirin sərhədbilməz ruhu yəqin hərdən Türkün ulu çayı Yeniseyin üzərində hələ də qanad çalır, sanki çayın məcrasını geri döndərməyə çalışır: 

 

Bir gün desələr,

dünyada qanadlı insan tapılmış.

İnanın,

burası yalnız

mənim ölkəm olar.

Vaqif Bayatlı Odər -

qanadları odda yanmış,

yaşadığı tarix bəlli deyil.

Bakı küçələrində

ruhunun dalınca

yeltək səmtsiz əsdiyini

çoxları görmüş.

Onu tanıyanlar söyləmiş,

son dəfə

dünyanın şər çağından

göz aydınlığına uçmuş.

Sonra dönüb çılğın bir həvəslə

həyat və sevgi haqqında

bir-iki qanad oxumuş...

Məzarı torpağa qarışmış İstanbulda,

özü Bakıda

bir qələbəlik tablosunda yaşar.

Qanadlı heykəli

Yeniseyin suları üzərində,

mübarək şırıltısı Ana suyun

yormaz qanadlarını...

 

Dəyanət Azərbaycan ədəbiyyatında faydalı iş əmsalı ilə də seçilən şairlərimizdəndir. Üslub orijinallığı, mövzu rəngarəngliyi, orijinal deyim tərzi ilə seçilən, bəzən ən kiçik şeirində belə gəzlənilməz bədii təsvir və ifadı vasitələri ilə öz duyğularını süsləyir.

Dəyanət təkcə poeziyada deyil, publisistika və naşirlik işində də kifayət qədər sanballı işlər görmüş, onlarla kitab nəşr etdirmişdir. O, son illərdə çağdaş Azərbaycan şairlərinin şeirlərindən ibarət gürcücə, ingiliscə, Türkiyə türkcəsində çap etdirdiyi antologiyalar da onun ədəbiyyatımız qarşısında etdiyi böyük xidmətlərdəndir...

Əlbəttə, bu kiçik qeydlərim qədim dostumun yaradıcılığı haqqında fikirlərdən daha çox təbrik motivli bir dost yazısıdır. Bağlı yollar üzündən seyrək görüşsək də, həm də ailəvi dostluğumuz var, yəni uzun da yazmaq olar, amma arzum budur ki, hələ neçə illər ən azı ad günlərimizdə, yubileylərdə bir-birimizə təbrik ünvanlamağı ulu Tanrı bizə nəsib etsin!.. 

Və bu yazını 1990-cı əziz dostuma yazdığım şeirlə sonladırıram.

 

Günəş çıxan yerdə...

 

Dostum Dəyanət Osmanlıya

 

Əminəm ki,

Günəş batan yerdə

Bir adam

Başını ürəyinə söykəyib

Acı-acı ağlayır.

Ölümü sümüyünə daman

Başqa bir adam

Ayı bürümüş

Qara buludlara baxıb

Dişini-dişinə qıcayır.

Və üçüncü bir adam

Qapı-pəncərəsiz

Nəmli bir zirzəmidə

Üzüqoylu uzanıb

Zəlzələ haqda fikirləşir.

Dördüncü bir adam da

Qopuzdu, sazdı, uddu... - bilmirəm,

Sıxıb sinəsinə

Tanrısına layla çalır.

...Əminəm ki,

Günəş çıxan yerdə

Bir adam

Otağındakı tütün tüstüsünə,

Gözlərindəki çılpaq qızartıya

Və... ölmüş əzablarının meyitinə baxıb

Həzz alır...

 

Tiflis,

2025

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!