Abid Tahirli və onun monoqrafiyası haqqında bir neçə söz
ELÇİN
Unudulmaz professor Abbas Zamanovla böyük yaş fərqinə baxmayaraq, çox isti və Sovet İttifaqındakı ideoloji şərait daxilində qarşılıqlı etibara söykənən bir münasibətimiz var idi və 1970-ci illərin sonu, ya da 80-ci illərin lap əvvəllərində Abbas müəllim Abay Dağlının Türkiyədə nəşr olunmuş "Füzuli" pyesini mənə bağışlamışdı (o nazik kitabça indi də mənim kitabxanamdadır). Həmin vaxta qədər mən bu mühacir yazıçımızın adını eşitməmişdim və Abbas müəllim o ədəbiyyatşünaslarımızdan biri (birincisi!) idi ki, sovet dönəmində xüsusi bir enerji, hətta mən deyərdim ki, mənəvi bir ehtiyacla heç kimin tanımadığı mühacir qələm sahiblərimizi axtarıb tapır, imkan daxilində onlarla ünsiyyət qururdu.
Ona görə "imkan daxilində" deyirəm ki, sovet dönəmində hakim ideologiya mühacir ədəbiyyatı yaxına buraxmırdı, ona qərəzli yanaşır, onu yad-yabançı, ən başlıcası isə sosrealizm doqmalarına qarşı təhlükəli hesab edirdi və bu ədəbiyyatı ədəbi və elmi-nəzəri tədqiqatdan kənarda saxlayırdı. Mən bir neçə il əvvəl Abbas müəllim haqqında məqalədə, eləcə də başqa yazılarda bu barədə geniş yazmışam və söhbəti uzatmaq istəmirəm.
"Füzuli" pyesi mənim üçün sırf bədii-estetik və dramaturji baxımdan parlaq bir hadisə deyildi, ancaq mühacir bir qələm sahibinin əsəri kimi gözlənilməz və maraqlı idi. İllər keçdikdən, siyasi-ictimai epoxalar dəyişdikdən sonra, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən etibarən siyasi mühacirətlə (Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyov və b.) bərabər, ədəbi mühacirət də (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev (Ağaoğlu), Əsəd bəy (Qurban Səid), Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məhəmmədzadə, Almas İldırım və b.) siyasi tariximizə, ictimai fikrimizə, ədəbiyyatımıza qayıtdı və ədəbiyyatşünaslığımızda mühacir ədəbiyyatımızın tədqiqi ilə bağlı ayrıca elmi-nəzəri bir qol yarandı.
1987-ci ildə təsis etdiyimiz Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" Cəmiyyətinin) sədri kimi burasını da qeyd etməyi özümə borc bilirəm ki, bu təşkilatın işgüzar və vətənpərvər kollektivi ilə biz çox zaman ideoloji baxımdan "gəmidə oturub, gəmiçi ilə dava" edə-edə mühacirlərimizi, onların tək-tük dərnəklərini axtarmaqla, təşkilatlanmalarına kömək etməklə bağlı çox iş gördük və dəmir pərdə arxasındakı həmvətənlərimizin arasında milli mədəniyyətimizi, ədəbiyyatımızı hansı imkan tapırdıqsa, təbliğ edirdik.
O zaman Məhəmməd Kəngərli, Əhməd Qaraca, Yəhya Daşdələn və başqaları kimi siyasi xadimləri, eləcə də İren Məlikova və onun qızı Şirin Məlikova, Turxan Gəncəyi, Sərvər Tanili, Qulamrza Səbri Təbrizi və başqa professorları, elm adamlarını, müğənni Yaqub Zurufçunu, foto-rəssam Rza Diqqətini ilk dəfə Azərbaycana dəvət etdik, burda onları qarşılayıb, sağ-salamat da yola saldıq. Mən yazıçı Baninlə (Ümmülbanu), yaxud rəssam Səlim Turanla (Əli bəy Hüseynzadənin oğlu), rəssam Əkbər Behkalamla, Ceyhun bəyin oğlu Timuçin bəylə, Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xanın oğlu Zahid xan Xoylu, bu qəbildən olan başqa soydaşlarımızla görüşdüm və bu ilk görüşlər yalnız milli mənliyin ifadəsi yox, təsdiqi idi. Bizim kiril, latın və ərəb əlifbası ilə nəşr etdiyimiz "Odlar yurdu" qəzeti xaricdəki soydaşlarımız, eləcə də daxili oxucularımız arasında böyük əks-səda doğurmuş, rəğbət qazanmış, tirajını 300 minə çatdırmışdı və mən bütün bunları ona görə yazıram ki, həmvətənlərimizlə qarşılıqlı mənəvi körpü yaratmağa nail olmuş bu qəzetin əsas əməkdaşlarından biri də oxucuların qarşısındakı bu kitabın müəllifi, dediyim həmin ədəbi mühacirətşünaslığımızın görkəmli nümayəndəsi Abid Tahirli idi. O zaman gənc və istedadlı bir jurnalist olan Abid, bu gün ədəbiyyatşünaslığımızda haqqında danışdığımız yeni elmi sahənin bünövrəsini qoyanlardan biri, filologiya elmləri doktorudur.
Axtarışların, tədqiqatların, elmi-ədəbi nəticələrin başlandığı və təqdim edildiyi dövrdə mən bir təmayülü düzgün saymırdım, hətta bu cəhət məni get-gedə narahat edirdi: tədqiqatçılar (eləcə də həvəskarlar!) bəzən eyforiyaya qapılır, mühacir yazıçı və şairlərin ədəbi irsini bədii əsas olmadan həddən artıq şişirdir, onları qüsursuz, forma və məzmun baxımından az qala, bənzərsiz nümunələr kimi təqdim edirdilər (bu gün də hərdən mətbuatda və efirdə belə halların şahidi oluruq və mən vaxtı ilə bu barədə demişəm də, yazmışam da). Aydın məsələdir ki, ədəbiyyata, ümumiyyətlə sənətə mühacirətdə "qürbətdə nə yaranıb-yazılıbsa, əladır" prinsipi ilə yanaşmaq mənasız bir işdir, çünki onsuz da zaman hər şeyi yerbəyer edəcək - bu mənada Zaman amansızdır və hərgah bu gün vətən sevgisi və həsrəti ilə yazıb-yaradan istedadlı şair Almas İldırımın adı hissə qapılaraq, bəzən Mikayıl Müşfiq, yaxud Səməd Vurğunla yanaşı çəkilirsə, zaman öz işini görəcək, ədəbiyyat tariximizdə hərəni hansı yerə layiqdirsə, o yerə də qoyacaq.
A.Tahirlinin mühacirət mətbuatı və ədəbiyyatı ilə bağlı araşdırmalarında, məqalə və monoqrafiyalarında qələm sahiblərinə hörmət, ehtiram var, ancaq aludəçilik yoxdur, çünki söhbət tədqiq və təhlil obyektinə ciddi və obyektiv münasibətdən gedir. Onun son illərdə yazdığı "Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu" (Bakı, "Elm və təhsil", 2019.), "Məhəmməd Altunbayın həyatı və yaradıcılığı" (Bakı, "Xəzər Universiteti" nəşriyyatı, 2023.) kimi monoqrafiyalarından sonra "Abay Dağlının həyatı və yaradıcılığı" monoqrafiyası yeni yaradıcılıq uğurudur və Abid bu silsiləni belə bir ardıcıllıqla davam etdirsə, elə bilirəm ki, ədəbi mühacirətşünaslığımızın mənzərəsi bütövlük, müfəssəllik baxımından qazanmış olar.
A.Tahirli işlədiyi mövzunun aktuallığını ciddi faktlar və ətraflı şərhlərlə əsaslandırmış, tədqiqat predmetinin öyrənilmə tarixini diqqətlə izləmiş, araşdırmanın məqsəd və vəzifələrinə aydınlıq gətirmiş və arxiv sənədlərinə, ilkin mənbələrə effektli şəkildə istinad etmişdir. Yaxşı cəhətdir ki, Abid bilavasitə A.Dağlının əsərlərinə əsaslanaraq, onun həyatından, ilk qələm təcrübələrindən, yaradıcılığının sonrakı mərhələlərindən ətraflı bəhs edir və bu yazıçının qələmə aldığı mövzuların, onun bədii dilinin və üslubunun, bir sözlə, sənətkarlıq xüsusiyyətlərinin mahiyyətinə varır, A.Dağlının yaradıcılıq portretini yaratmağa nail olur.
Faydalı cəhətlərindən biridir ki, monoqrafiyada Abayın "Onlar türklərdi" romanı, "Dədə Qorqud", "Malazgirtdən Sakaryaya", "Sakarya çətəsi", "Sakarya", "Atatürk", "Atamızın gəncliyi", "Sakaryada 22-ci gün", "Ata anıları", "Albay", "Okullular", eləcə də mənim xatırlatdığım "Füzuli" və s. əsərləri, "Mücahid" dərgisində dərc etdirdiyi məqalə və şeirləri təhlil olunmuşdur. A.Tahirlinin belə bir fikrini də doğru və əlamətdar hesab edirəm ki, A.Dağlı (və digər mühacir yazıçılarımızın) irsinin araşdırılması, ümumiyyətlə Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin, elmi-nəzəri əməkdaşlığının daha da irəliləməsi, genişlənməsi üçün münbit zəmin yaradır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!