Divanəliyə yoluxmuş bəxtiyar - Ali İzzətbeqoviçin 100 illiyi münasibətilə

 

O, bir müdrik idi... 1925-ci ilin avqustunda Bosniyada dünyaya göz açdı. Ailədə, ən çox da anadan dini tərbiyə gördü. Gənc ikən Qərb fəlsəfəsinə dair oxuduqlarının təsirilə inancı bir qədər sarsıldısa da, dinlə əlaqəsi heç zaman üzülmədi; Tanrısız aləm ona daim anlamsız göründü. Həmin vaxtlar onu Berqsonun "Yaradıcı təkamül", Kantın "Saf ağlın tənqidi" və Şpenqlerin "Qərbin qürubu" əsərləri öz təsiri altına almışdı...

Məruz qaldığı fikri sarsıntı uzun sürmədi və islami şəxsiyyəti onun gənclik həyatına yön verməyə başladı.

Liseyi bitirdiyi zamanlarda artıq onun təbiətində üsyankar ruh özünü büruzə verməkdəydi. Hərbi xidmətini başa vurmağa yaxın daha öncəki islami fəaliyyətlərinə görə onu arxadaşlarıyla həbsə atdılar. Bir neçə illik həbsdən sonra Sarayevo Universitetindəki çalışmalarına qayıtdı.

O aralar kommunist rejiminin təzyiqlərinə baxmayıb, bütün gücünü fəlsəfə və İslamla bağlı düşüncələrini məqalələr şəklində qələmə almağa sərf etdi. Yazılarında İslami baxış bucağından anlatdıqları da Yuqoslaviyadakı müsəlmanlara təsirsiz qalmadı. Düşüncə və fəaliyyətləri artıq onu hakimiyyətin hədəfinə çevirmişdi. 1970-də dostlarıyla birgə hazırladığı "İslam Deklarasiyası" geniş əks-səda doğurdu. Dünya müsəlmanlarına öz dindaşları qarşısındakı məsuliyyəti xatırladan Deklarasiya az sonra onu yazanların siyasi təzyiqlərə məruz qalmalarına yol açdı.

Titonun ölümünün ardınca Yuqoslaviyada vəziyyət lap ağırlaşdı və İzzətbeqoviçi yenidən həbsə atdılar. O, qanuni hakimiyyəti yıxmaq üçün təşkilat qurmaqda günahlandırılırdı.

On dörd illik həbsə məhkum edilmişdi. 1987-də ona təklif elədilər ki, əfv diləsə və bir daha siyasi fəaliyyətlə məşğul olmayacağına söz versə, azadlığa buraxılacaq. Amma o, təklifi rədd elədi. Kommunist rejimin dağılmağa üz tutduğu vaxtlar idi; beynəlxalq aləmin təzyiqləri nəticəsində azad olundu.

...1990-da partiya qurdu. Yuqoslaviya parçalandığı zaman siyasət meydanına atıldı, 1990-cı il seçkilərini qazandı və Bosniya-Herseqovinanın dövlət başçısı oldu. O, indi bir xalq qəhrəmanı və Avropanın yaşamaq haqqı tanımadığı müsəlman bosniyalıların incidilmiş qürurunun ağrılı-acılı səsiydi. Tarixdən bilirdi ki, XV əsrin son rübündə Əndəlüsdə üç milyon müsəlmanın qətlinə fərman vermiş Avropa indi - XX əsrin son rübündə də Bosniyanı ikinci Əndəlüsə çevirmək istəyir...

1992-ci il referendumuyla Bosniya-Herseqovina müstəqilliyini elan elədi. Ölkəsi serblərin hücumuna məruz qalanda təmkinli davrandı, münaqişəni bitirməyə çalışdı. Müharibə zamanındakı serbləri nəzərdə tutaraq: "Niyə belə vəhşiliklərin qisasını almadınız? Avropa mədəniyyətinin bir parçası olduğunuz üçünmü?" - deyə soruşan alman jurnalistə cavabı bu olmuşdu ki, "inandığım Kitab buyurmur"... Mübarizəsi üç ildən çox sürən qanlı savaşa son qoyaraq, 1995-in axırlarında Bosniya-Herseqovinanın müstəqil dövlət kimi tanınmasını təmin etmiş Deyton müqaviləsi ilə nəticələndi.

...Xalqın çox sevdiyi, aydınların midrik bildiyi bir öndər idi. Savaş çağının, elə sonrakı illərin də necə təzyiqlərinə dözdü, dayandı... 2000-də səhhəti ilə bağlı Ali Şuradan uzaqlaşdı. Hədsiz yorulduğunu, artıq sevgiliyə - Yaradanına qovuşmaq istədiyini deyirdi. Və... 2003-ün oktyabrında haqqın rəhmətinə qovuşdu... Ruhu şad olsun...

 

***

Ali İzzətbeqoviç zamanın yetirdiyi nadir düşüncə adamlarındandı. Dünyanın vicdanını oyatmaq yolunu seçdi, ömrünü ali insani dəyərlərin inkarına qarşı mübarizəyə həsr elədi. Sanki yer üzünə İslam mədəniyyətinin gözəlliyini anlatmaqdan ötəri gəlmişdi. XX əsrin əvvəlində M. İqbal Şərq İslamı üçün necə bir dəyər idisə, o da əsrin sonlarında Qərb İslamı üçün elə dəyərliydi.

Ən mühüm əsərlərindən biri - 1960-larda başlayıb, 1980-lərdə tamamladığı "Şərq və Qərb arasında İslam"dır; dünya mədəni düşüncəsinə yeni rəng qatan kitablardan olub, fəlsəfi dərinliyi ilə də seçilir.

A.İzzətbeqoviç din olmadan insan olmağın mümkün olmayacağını düşünürdü. İslamiyyəti də bir din olaraq sevmiş və yaşamışdır. Deyirdi, Şərq dünyası ümumən ruhu, Qərb dünyası da maddəni əsas götürdüyü halda İslamiyyət hər ikisini birləşdirir. Onun fikrincə, İslami dəyərlər zamana sığmazdır, çünki zamana hökm edən Allahdan gəlir. Bir də deyirdi, din və əxlaq mədəniyyətin özülüdür; dinlə birləşən bir mədəniyyət insanı xeyirə aparar, dinsiz mədəniyyət isə əxlaqi yoxsulluğa sürüklər...

 

Cəlal BƏYDİLİ

 

 

 

...Söylədiklərindən...

 

 

 

Tanrısız bir dünya cənnəti qurmaq xülyasına qapılanlar bu xülyalarının xarabalıqları altında qalmağa məhkumdurlar.

***

Şükürlər olsun ki, tarixə Allah hökm edir.

***

Tanrısız bir həyatı xəyalıma belə gətirəmməzdim.

***

Mən dindarlığımı anamın dindarlığına borcluyam.

***

Tanrı inancı olmadan heç bir əxlaqi sistem qurula bilməz.

***

İnsan hələ tarix səhnəsinə çıxan vaxt başlanğıc üçün müəzzəm bir əxlaq sərmayəsinə malik idi... Bu günəcən insanlığın böyük simaları daim eyni əxlaqı aşılamışlar. Əxlaqi həqiqətlər ...əbədidir.

***

Mən hər zaman ölkəmi sevdim və sevərəm... Mən bütün sevgimi azadlığa qurban elədim.

***

Biz savaşda ölən vaxt yox, düşmənlərimizə bənzəyən vaxt uduzarıq.

***

Bizi torpağa gömdülər, amma toxum olduğumuzu bilmirdilər.

***

Uca Yaradana and içirəm ki, kölə olmayacağıq.

***

Mənim üçün yer üzündə yaxşı, doğru və gözəl olan nə varsa, adı İSLAMdır.

***

Müsəlman yalnız dilində Allahın adı olmaqla və İslamın şərəfi naminə özünü qurban verə bilər.

***

Quran ədəbiyyat deyil, həyatdır; O-na bir yaşama tərzi kimi baxılmalıdır.

***

Quran: "Yaxşı insan ol ki, müsəlman olasan" - deyir.

***

Təmizlik imandandır; bu söz ancaq İslamda söylənə bilmişdir. Digər dinlərdə bədənin etibarı yoxdur.

***

Mən Avropaya başım önə əyili getmirəm. Çünki uşaq, qadın və qoca öldürmədik. Çünki heç hansı müqəddəs yerə soxulmadıq. Ancaq onlar bunların hamısını elədilər...

***

Qərb heç vaxt mədəni olmayıb və bugünkü rifahı da davam etməkdə olan sömürgəçiliyi, axıtdığı qan və çəkdirdiyi acılar üzərində quruludur.

***

İstədiyiniz qədər dağlara xaç dikin. Göy üzünə hər baxanda aypara görəcəksiniz.

***

Dindarlıq şəhərin böyüməsiylə azalır... Şəhər böyüdükcə, üzərindəki göy də bir elə kiçilir. Təbiət, çiçək və aydınlıq o qədər az; beton, duman, texnika isə o qədər çox olur. Biz də o qədər az şəxsiyyət, o qədər çox kütlə oluruq. Şəhər nə qədər böyüyürsə, cinayətlər də o nisbətdə artar...

***

Günəşin çoxdan batdığı yerdə də gecənin bütün hərarəti yenə Günəşdəndir...

***

Eşq və nifrətlə şeir yaza bilərsiniz, amma tarix yox!

***

Heyvan ancaq ac olduğu və ya təhdidlə qarşı-qarşıya qaldığı zaman, insan isə tox və güclü olanda təhlükəlidir.

***

Həyat - inananlardan və əməlisaleh olanlardan başqa heç kimsənin qazana bilmədiyi bir oyundur.

***

İnsan, bütün elmlərin onun haqqında söylədiklərindən daha artıqdır.

***

Keçmişin böyük mədəniyyətləri bir arada yaşayaraq qarşılıqlı anlaşmanın ən yüksək səviyyələrinə yetmişdilər.

***

Mənəviyyat və əxlaq olmadan insan həyatı mənasızdır.

***

Yunan faciələri, Dantenin cənnət və cəhənnəm görüşləri, Şekspirin dramları, Faustun "Cənnətdə proloq"u, Melaneziya maskaları və ya qədim yapon freskalarının darvinçi insanla heç hansı əlaqəsi yoxdur.

***

Təkamül fikri hər zaman ateizmlə bağlıydı. Növlərin meydana çıxması və yox olması haqda ilk düşüncələrə Roma şairi Lukresidə rast gəlirik. Lukresi ateist və hedonist fikirləriylə tanınırdı.

***

Rafaelin rəsmlərini əli deyil, ruhu yaradıbdır.

***

İnsan harada zühur etmişsə, onunla bərabər din və sənət də zühur etmişdir.

***

Həyatın zirvəsini təşkil edən nöqtədə bədənlə ruh, ağılla könül, elmlə din, fizikayla hind fəlsəfəsi birləşir.

***

İnsan idealsız yaşaya bilməz, ən azı insan kimi yaşayammaz.

***

Gözəlin ziddi çirkin deyil, yalandır...

***

Biz inanırıq ki, ancaq güclü millətlər böyük imtahanlarla qarşılaşır.

***

Divanəliyə yoluxmuş insanlar bəxtiyardırlar, mən də onlardan biri olduğuma inanıram.

***

Çox yaşadım və çox yoruldum. İndi Sevgilimə qovuşmaq istəyirəm...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!