Formanın müqəddəs sirri: Keçmişə aid sözlər - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Məlum fikri xatırlayaq: dünyada heç nə orijinal deyil, bizim canfəşanlıqla irəli sürdüyümüz hər bir ideya - fikir hardansa gəlir, hardansa qaynaqlanır. Başqa bir fikir də var: nəyisə kəşf etmək xam xəyaldır, bu kəşf adıyla təqdim edilən hər şey bu dünyada mövcuddur, sən sadəcə onu yatdığı yerdən qaldırırsan. Gözəl bir şeir oxuyanda səni təkcə onun rayihəsi və nəfəsi sevindirmir, həm də onun sənə qədər təmasda olduğu mənbələrdən gələn meh yaradır bu gözəlliyi. Başqa nəsə qatqı olmadan gözəlliyi təsəvvür eləmək olmaz.

Jan-Lük Qodar necə deyirdi: məsələ bu ideyanı haradan götürməyində yox, onu nəyə aid etməyindədir. Məsələ belədir ki, informasiya sərhəd tanımır, bir ideya minlərlə adamın ağlına gələ bilər və hər kəs bunu öz aləmində şərh edər. Həyat, yaşam və həqiqətlə bağlı bu ideya ilk meydana çıxanda sanki səssizlik içində  qəfil fontanlar vurur, göyə millənir, ikincidə sükut çökür, sonrakılarda plagiat da adlana bilər.

Şair içinə daman nəsnələrdən yazır. Məsələn, Musa Yaqub içinə daman duyğunun, ya nəyinsə "real əksi"ni görmədən o şeiri qələmə almazdı. Onun üçün vizuallıq, görüntü əsas şərtdir. Gördüyünü yazan Musa Yaqub oxucunun görmədiklərini də ekrana sala bilirdi. İngiltərənin ilk böyük şairi Cefri Coser deyirdi: "Başqa şairlər artıq məndən əvvəl məhsulu yığıb taxıl aparmışdılar". Davam edirdi: Mənsə onların iziylə gedib yerə, orda-burda dağılan dənələri toplayanda çox sevinirəm və hansısa gözəl sözün sünbülünü yığa bilsəm, çox xoşbəxt olaram. Musa Yaqubda Xaqanidən, Saib Təbrizidən nələrsə var, amma bu nələrsələr yerdən toplanmış qızıl toxumlardır...

Yəni, kimisə təqlid eləmək, onun iziylə getmək yaxşıdır, başqa bir alternativ də yox kimidir. Məhz yerdən yığılan tək-tük sünbülün hesabına şair öz üslub və texnikasını kamilləşdirə, onu başdan-binadan yarada bilər.

Bəzən belə də olur, kimsə, məsələn, elmdə hansısa ideyanı irəli sürür, həm də bir az natamam şəkildə, ancaq onun "şərh"indəki bütün səslər dil açmır, lal və kar qalır, kimsə gəlir ona büsbütün fərqli don, libas biçir və həmin yüksəklikdən ideya tam olaraq görünür. Başqa heç nə. Onda dava başlayır: "məndən oğurlayıb". Axı sən yaxşı yazmamısan, imkan ver, sözü tam, bütün ahəngiylə eşidək.

İngilis ədəbiyyatının başqa bir nəhəngi - Alfred Tennisonsa belə deyirdi: "Biz rastımıza çıxan nəsnələrin bir parçasıyıq".

Amma hər kəsin məhz özünəməxsus hekayəsi olmalıdır. Hekayəsi olmayan şair, yazıçı ola bilərmi? Əlbəttə, yox. Hekayəsi, dərdi, dünyalarca kədəri olan sənətkar bütün bunlardan qaçmaq üçün fantaziyalara yelkən açacaq. Ya da hər şeyi öz adından deyəcək. Öz adından demək ən çətin məsələdir. Bu texnikanı içində yaratmalısan, həmin estetika illər boyu sənin daxilində boy atmalıdır. Etimad Başkeçidin "Min yol mənə söylər" romanında olduğu kimi. Romandakı Edik həm müəllifdir, həm də deyil, Xıdır İlyaslı Tahir Aslanlının yalnız bir tərəfidir. 

Bu əsnada epoxanın dili problemi ortaya çıxır. Aradan o qədər də böyük vaxt keçmədən M.F.Axundzadənin epoxası ilə Mirzə Cəlilin yaşadığı, ömür sürdüyü zaman fərqliydi, onların anlatma dilləri də tam fərqlidir. Eliotun sözləri necəydi: "Sən keçmişə aid bir nəsnəni həmin keçmişin səsiylə anlada bilərsən, gələn ilin sözləri isə başqa səsi gözləyir. Mirzə Cəlil bu sahədə çox böyük ustadır. Bu hekayələrdə, o cümlədən, Çexovun hekayələrində sözə uyğun səsi eşidirik.

Keçmişdən bəhs edən nasir, əvvəlcə, həmin dövrə xas söz-səs ekvivalentini tapmalıdır.

Eliotun fikrincə, "sənətkarın dühası süngər kimi uducu olmasındadır; başqalarının təcrübələrini və yazılarını mənimsəyin və başqalarına ilham vermək üçün onları realist əyləncələrə çevirin". Eliot daha sonra deyirdi: "Yaxşı şairlər borc alır, böyük şairlərsə oğurlayır".

Eliotu daim plagiatda günahlandırıblar. İlk şeirlərinin birində - "Məhəbbət nəğməsi"ndə Dante, Coser, Marvell və bir sıra fransız şairlərindən misralar var. Məsələ belədir ki, bu halı onun məhz özünəməxsus texnikası yaradırdı. "Bəhrəsiz torpaq"da bu "plagiat" məsələsi artıq ən zil səsə qədər qalxmışdı. Özü də Monroya yazdığı məktubda deyirdi ki, tənqidçilərin tanıya bilmədiyi sitatlar olanda məmnun oluram.  Yusif Səmədoğlunun "Qətl günü" nəşr olunanda onu da "ikinci əl" adlandırırdılar ("Master və Marqarita"). Müəllifsə deyirdi: onlar daha nələrdən istifadə etdiyimi hələ bilmirlər...

Bu məsələləri niyə yazıram? Bizdə, ədəbi çevrələrdə həmişə kiminsə kimlərdənsə oğurladığı hallar sadalanır, Vaqif Səmədoğlu və Ramiz Rövşənin "oğurladıqları" ideyalar haqqında fikirlər söylənilir. Yaxud Səməd Vurğunun "Azərbaycan" şeirindəki bəzi misralar, ifadə və deyimlər... Yaxud Adil Mirseyidin bəzi şeirləri...

Fikrimizcə, bu ittihamlar zahiri oxşarlıqla sıx bağlı olan məsələlərdir. Tanış olduğun bir ideyanı ondan daha mükəmməl, daha gözəl formaya saldınmı, sənin türkün hər yerdən səslənəcək, əks halda, təsirlə yazılmış mətn adlanacaq. 

"Durna gözlü bulaqlardan..." misra-deyimini kimsə S.Vurğundan əvvəl də yaza bilərdi, ancaq bu oğurluqdurmu? Əlbəttə, yox, şeirin ümumi havası, onu doğuran gərginlik-dramaturgiya elədir ki, şeirin hər bir nöqtəsi S.Vurğun möhürünü daşıyır.

Bizim ədəbiyyatşünaslıqda "plagiat" məsələsi lazımınca araşdırılmayıb.

Yaxud "hansı dildə susasan..." deyimi, bu deyim Məstan Günərdə də var ("Şabadın sətirləri"ndə).

 

Yollar uzun, yollar gödək,

Nə fərqi var, hansı eldə,

Hansı yolda azasan?!

Ellər min-min, dillər min-min,

Nə fərqi var... hansı eldə,

...Hansı dildə susasan?!

 

Eliotun yuxarıda adını çəkdiyimiz poeması allüziyalar, sitat, pastiş və digər mənimsəmələrin kollajıdır. Sanskrit də daxil olmaqla, yeddi dildən istifadə edir və akademik sitat üslubunda yazılmış bir neçə səhifəlik qeydlərlə bitir. Eliotun öz yazı sistemi var, digər dillərdən və digər şairlərdən həmin sistemə daxil edilən nə varsa, ilkin yaddaşını itirmir, ancaq eyni zamanda bu sistemin qanunlarına tabe olur, iki nəsnənin bir yataqda uyuması yeni ideyaların doğmasına səbəb olur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!