Qısa, olduqca qısa ömrünü dünya fəlsəfi fikrinin böyük örnəklərindən birinə çevirə bilən Nitsşe yaradıcılığına heyranlığını ömrü boyu yaşamışam...
Bu sırada poeziya nəhəngləri Lermontov var... Mikayıl Müşfiq var... Çağdaşımız Faiq İsmayılov unudulmazlığı, heyranlığı var.
Unudulmaz bəstəkarımız Qənbər Hüseynli o sıradandır.
Cavan olublar... Gənc olublar! Amma yaradıcılıq imkanlarının üfüqləri zamanları haqlayıb. Ömrün əllisinə, altmışına, yüz ilinə hesablanıb.
Eynilə gerçək dünyamızda vur-tut 25 il ömür sürmüş, amma elə bu gənc yaşında ən ünlü, mötəbər düşüncə sahibləri sırasında yeri görünən Əbil Əbilov kimi...
Cavan idi... Gənc idi! Amma idrakının üfüqləri Qəzalidən, Mövlanadan, Nitsşedən və neçə-neçə fikir nəhənglərindən gəlirdi.
Cəmi 25 il yaşadı. Cavan qaldı. Gənc qaldı.
Yaşasaydı, ömrün 40-cı baharını yaşayacaqdı... Amma Nitsşe yaşda qaldı, Müşfiq yaşda qaldı, Hüseyn Cavid yadigarı Ərtoğrol taleyi yaşadı. Qənbər Hüseynli, Faiq İsmayılov ömrünü, yaşını keçməyə qıymadı, haradasa, həya etdi və "Sevda türküsünə" can verib getdi.
Anmaq, xatırlamaq imandandır!
Öz qısa həyatında ustadlarının, eyni zamanda babası İmamverdi Əbilovun qaydasınca davamlı olaraq günü, ayı, ili bəlli gündəliklərində yazdı. İndi o gündəliklərində yaşayır. Və bu yazdıqları sadəcə sıradan xronika deyil, tarixlə, zamanla bağlı müşahidələr qaynağıdır.
O unudulmaz gündəliklərdən bir yarpağı oxucu diqqətinə təqdim edirik.
Sərvaz HÜSEYNOĞLU
21 yanvar 2007. Biz türkük. Yaşamayan mədəniyyətlərin, olmayan dövlətlərin gördüyü, sevdiyi bir millətin övladlarıyıq. Zəngin bir mədəniyyətimiz var. Mədəniyyətin, mədəniliyin özü olan ocağı ilk dəfə biz alovlandırmışıq. Dünyanın heç bir mağarasında ayı belə yaşamayanda, biz bir insan olaraq Azıx mağarasında ocağın işığına yığışmışıq. Miflər ölkəsi Hindistanı ilk dəfə bizim Altayda, Tyan-Şanda alışdırdığımız alov işıqlandırıb. Göylərin də yerlər qədər sehrli olduğu bir çağda səma miflərini ocağın ətrafında doğulan oğullarına ad seçib atalarımız, böyüklərimiz, ulularımız. Hindistanda dünyanın ən qədim mifoloji dini yarananda, türklər artıq miflərdən danışmırdılar; dünyanın ən qədim dastanlarını - bizim dastanları yazıya köçürürdülər. Qopuz çalıb, söz söyləyib, bütlərin olmadığı dövrlərdə əski türklər Göy Tanrıya - Göylərin və yerlərin Rəbbi olan Allaha inanırdılar. Hər şeyin yaradıcısı və yox edicisinin varlığı haqda biliklər ikinci dəfə gəldiyindən min illər öncə gəlmişdi və ya göndərilmişdi, İlahi varlıq tərəfindən Türk ellərinə, Asiya bozqırlarına, Altaylara. Türk ellərinin Şamanı, Kamı vardı və onların sözləri ocağın işığını Günəşin ziyasından üstün edirdi türk ellərini gecənin qaranlığında. Qurani-Kərimdə Allah-Təala buyurur ki, "Biz heç bir qövmü peyğəmbərsiz buraxmadıq". Bəli, türk torpaqlarında da peyğəmbərlər gəzmiş, Allahın uca adını günəşin doğub-batdığı yerə qədər daşımışlar; güclərinin yetdiyi qədər. Daha sonra türk sərkərdələri günəşin doğub-batdlğı yerə qədər getməyə çalışmışlar. Günəşin doğduğu yerdə də dəniz vardı, batdığı yerdə də. Elə buna görədir ki, qara sevdamız dənizlər olmuşdur. Bu gün də elə bir dəniz, çay, göl yoxdur ki, onun sahilini yuduğu torpaqlarda türkün, türklüyün izinə rastlanmasın.
Şamandan, Kamdan danışdıq. İsa peyğəmbərin davamçıları "havari"lər var, Məhəmməd peyğəmbərdən sonra onun gətirdiyi dinin davasını, təbliğini edən müctəhidlər, Allah dostları - sufilər vardı. Şamanın türk ellərində irşad təbliği aparan bir peyğəmbərin davamçısı olmadığı nə məlum?
Bu peyğəmbərlər tarixdə niyə qalmadılar? Tarixdə hansı peyğəmbərlər qaldı? Hz.Lut qövmü ona inanmadı və həlak oldu. Hz.İsmayıl - onun soyundan gələnlər yollarını elə azdılar ki, özlərindən olan, sonuncu peyğəmbərə etmədikləri pislik qalmadı. Hz.Musa qövmü o qədər azmışdı ki, Allah-Təala kitabların sonuncusu Qurani-Kərimdə özünün var etdiyi və yaratdığı bir qövmü lənətlədi. Hz.İsanın peyğəmbərliyini 300 il sonra qəbul etdilər və s. Bu peyğəmbərlər ona görə unudulmadı ki, sonuncu kitab - "Quran"da hər birinin qissələri, başlarına gələn müsibətləri özlərindən sonra gələn qövm və insan tərəfindən unudulmasın deyə tək-tək yazılmışdı.Və belə də oldu. Qurani-Kərimdə yazılan heç bir şey unudulmadı. Haqlarında məlumat verilən 27 peyğəmbər də eləcə.
Yer üzünə 124 min peyğəmbər gəldiyini söyləyirlər. Bəs onların taleləri haqda harda məlumat verilib? Deyə bilməyəcəyəm - bəlkə hansısa İlahi bir kitabda?
Hər bir qövmə ayrı bir peyğəmbər gəldiyinə görə demək ki, türklərə də peyğəmbər gəlmiş. Bəs niyə adı tarixdə qalmamış? Yuxarıda gördük ki, adları tarixə düşən peyğəmbərlərin heç biri qövmləri tərəfindən qəbul edilməmiş. Demək, tarixdə faciə yaşayan peyğəmbərlər qalır.Türklərin peyğəmbərlərinin tarixdə qalmamasının səbəbi, bəlkə də onların peyğəmbərliyinin türklər tərəfindın qəbul edilməsi olub. Bu, sadəcə, minlərcə ehtimaldan bir güclü dəlil ola bilər.Türklər islamiyyət onların torpaqlarına gələnə qədər və ondan sonra da bir tək Tanrıya - Göy Tanrıya, VIII əsrdən də tək Allaha inanmışlar. Və heç bir zaman da əqidədən dönməmişlər. Dönüklük digər millət və qövmlər üçün xarakterik olsa da, Türk ulusuna xas olan bir şey deyil...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!