Yaxşı şeir könül xoşluğu verir - Bəxtiyar ƏLİYEV

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair-publisist Nəbi Mülkümovun "Masterkitab" nəşriyyatında işıq üzü görən "Mənim könül dəftərim" kitabı onun yaradıcılığının poetik və bədii ifadəsidir. Şairin ikinci kitabında vətənpərvərliyi, əməksevərliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər rəvanlığı, düşündürücülüyü, obrazlığı ilə səciyyələndirir. Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb bölməsinin sədri Əlmaniz Ələkbərlinin yazdığı ön söz də mətləblərin təsdiqidir. 

Şairin "Mənim könül dəftərim" adlı kitabına doğulduğu Zaqatala rayonunun Yeni Suvagil kəndində təqdim etmə mərasimi keçirilib. Yeni Suvagil kəndi Mina Nəzirova adına tam orta məktəbində müəllim və şagirdlərin şair Nəbi Mülkümovla görüşü yadda qalan olub. Tədbirdə AYB-nin Şimal-Qərb bölməsinin sədri Əlmaniz Ələkbərli, şair-publisist Şirin Qəlbinur, yazıçı-publisist Həvva Adəmsoy Vasalova, yazar Züleyxa Davudova və başqaları iştirak ediblər.

 

Məktəbin direktoru Abdurahman Soltanov tədbiri açaraq qeyd etdi ki, məktəbin fəal məzunlarından olan Nəbi Mülkümov bədii yaradıcılığa hər zaman önəm verib. Onun poeziyası ölkə mətbuatında işıq üzü görüb, yazdığı şeirləri oxucular maraqla qarşılayıb. Şagirdlər də Nəbi Mülkümovun dərin məzmunlu, ruha oxşayan şeirlərini sevə-sevə əzbərləyirlər. Həm Azərbaycan dilində, həm də Saxur dilində yazdığı şeirlərin sözlərinə musiqilər bəstələndiyi, mahnıları el şənliklərində oxunduğu qeyd olunub. Rayonun qabaqcıl ziyalıları ilə məktəbdə bu cür görüşlərin keçirilməsi şagirdlərin vətənpərvərlik ruhunun formalaşdıracağına əminliyini bildirdi.  

 

Əlmaniz Ələkbərli qeyd etdi ki, Nəbi Mülkümov ixtisasca mühasibdir. Onun yaradıcılığa, poeziyaya həmişə böyük həvəsi olub. Tələbə olanda iqtisadçı kimi çalışdığı illərdə onun şeirləri ara-sıra dövrü mətbuatda dərc olunub. Onun "Mühasibat okeanı" şeiri də o illərin sorağıdır. "Qarabağsız keçən illər", "Vətən torpağı", "Sən yanımda olanda", "Zəhmətkeş insan", "Şamil dağı" və başqa şeirlər şairin Vətənə, xalqa, dövlətə necə qəlbən bağlı olduğunun göstəricisidir. Şəhid anası Züleyxa Davudova tədbirin təşkilatçılarına təşəkkür edib. Nəbi Mülkümovun yaradıcılığını yüksək dəyərləndirib. Qeyd edib ki, son illərdə şairin bədii yaradıcılığı bulaq kimi çağlayır. 

Şair-publisist Şirin Qəlbinur Nəbi Mülkümovla tanışlıq illərindən, daha sonra yaradıcılıq mühitində eyni cəbhədə fəaliyyətindən söz açdı. Bildirdi ki, Nəbi Mülkümovun publisistikası düşündürücüdür, məzmun və məna baxımından bir-birini tamamlayır. 

 

Tədbirdə çıxış edənlər Nəbi Mülkümovun poeziyasından danışdılar. Sözlərinə yazılmış mahnılara görə onu nəğməkar şair də adlandırmaq olar.

Yeni Suvagil kəndi Mina Nəzirova adına tam orta məktəbinin şagirdləri şairin şeirlərini deyiblər. Yaxşı şeir könül xoşluğu verir. Zaqatala rayonun musiqi məktəbinin müəllimi Vüqar İskəndərli şairin sözlərinə bəstələnmiş mahnıları ifa edib.

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!