2004-cü ilin noyabr ayının 19-da Heydər Əliyev adına Sarayda unudulmaz Xalq yazıçısı İlyas Əfəndiyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsində iştirak edən sənətsevərlərə dərin sayğısını əsl övlad, oğul təəssübkeşliyi ilə belə ifadə edirdi ustad yazıçımız Elçin: "Mən, ilk növbədə İlyas Əfəndiyevin xatirəsini əziz tutduğunuz üçün, onun 90 illik yubileyini əsl ədəbiyyat bayramı kimi qeyd etdiyiniz üçün sizin hamınıza, eləcə də bu gün bu saraya gələ bilməyən yüz minlərlə oxucu və tamaşaçılara İlyas Əfəndiyevin ailəsi adından dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Çox sağ olun.
İlyas Əfəndiyev 1996-cı ildə vəfat edib və aradan keçən bu səkkiz ildə - mən bunu mübaliğəsiz deyirəm - bir gün belə olmayıb ki, biz, oxucuların, ədəbiyyat, sənət təəssübkeşlərinin, dostların, cəmiyyətimizin bütün təbəqələrinə mənsub olan insanların İlyas Əfəndiyev yaradıcılığına münasibətini hiss etməyək... "Sənətkar ölmür" deyirlər və bu mənada, yəqin, İlyas Əfəndiyevin ruhu şaddır ki, vəfatından sonra keçən bu dövrdə də onun əsərləri dəfələrlə nəşr olunub, xarici dillərə çevrilib, onun haqqında monoqrafiyalar yazılıb, filmlər çəkilib, verilişlər hazırlanıb...
Əlbəttə, bu da bir yaradıcı ömürdür..."
Davam edir.
Günümüzdə yaşayır.
Sabahlarımıza qoşur...
Və uzun sənələr boyunca da davam edəcək, günümüzdə, gələcək günlərimizdə yaşayacaq. Bizimlə bərabər sabahlarımıza qoşacaq. Sözümüzdə yaşayacaq. Çünki "İlyas Əfəndiyev qələmi, sözü hər şeydən üstün tuturdu. Görünür, onun bu həyatdakı missiyası yalnız yazmaqdan ibarət idi və yəqin elə buna görə də o, bütün ömrünü yaradıcılığa həsr etdi..."
Marağı xalqın marağı oldu.
İstəyi vətənin istəyincə oldu. Doğma Azərbaycanımızın müstəqilliyi onun üçün misilsiz bir sevinc, qürur və fəxarət mənbəyinə çevrildi.
İndi unudulmaz sənətkarımızı Xalq şairi Nəriman Həsənzadənin bu səmimi misralarıyla yad etməyin yeridi ki:
İli yox, həyatda insan ömrünün
Anı da tarixi hadisə imiş...
Bu gün dərin əminliklə deyə bilərik ki, İlyas Əfəndiyev öz sənətkar ömrünün hər anını, zərrəsini əsl tarixi hadisə kimi yaşadı. Bu tarixi məqamlara əbədiyaşar ömür verdi. Azərbaycan insanının azadlıq düşüncələrini tarixləşdirdi. Onun ədəbi qəhrəmanları doğma xalqının proqram xarakterli düşüncələrinin ifadəçisi olaraq səhnəyə çıxdı. Anlatdı ki, "Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz ləyaqətinə sahib çıxmasındadır. Mən azadlığın qüdrətinə inanıram!".
İlyas Əfəndiyevin (və gec olan, ancaq güc olan Haqqın, Ədalətin) həyat idealı, başlıca qənaəti belədir. Unudulmaz yazıçının aşağıdakı fikirləri bugünkü qalibiyyətimizin bayraqdarı olan ölkə başçımız və Azərbaycan Ordusu ilə çiyin-çiyinə daha böyük zəfərlərə qoşan xalqımızın yenilməz gücünü, inamını dolğun şəkildə ifadə edir ki: "Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Çünki Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir. Bu gün millətin vətənpərvərlik duyğusunun yeni təlatümünün coşub-kükrəyən dövrüdür..."
İlyas Əfəndiyev böyük sənətkar fəhmi, uzaqgörənliyi ilə bir arada məhz bu günümüzdədi, bu dövrümüzdədi. Ulu öndər Heydər Əliyev də İlyas Əfəndiyevi məhz bu uzaqgörən sənətkar amalına görə dəyərləndirir, məqamını uca tuturdu ki: "Mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissilə xatırlayıram. Hesab edirəm ki, o xalqımız qarşısında öz borcunu, öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaq..."
Təbii ki, unutmayacaq. Ən başlıcası, ona görə ki, Xalq yazıçısı Elçinin də dediyi kimi, "İlyas Əfəndiyevin marağı xalqın marağı idi, onun istəyi vətənin istəyi idi. Və onun içindəki ən böyük təəssübkeşlik də xalqın, vətənin, torpağın təəssübkeşliyi idi..."
İlyas Əfəndiyev ədəbiyyatımıza (eyni zamanda mədəniyyət tariximizə) mənsub olduğu xalqın milli yaddaşından, kökündən gəldi. Onun yaradıcılığı, ilk növbədə, millətin özü olaraq qalmasına, özünə qayıdışına (bu kontekstdə, güclü olmasına) xidmət işidi. Azadlıq mücadiləmizin zəfər yolunda, müstəqillik xoşbəxtliyimizdə İlyas Əfəndiyev düşüncəsinin, onun vətəndaş-yazıçı çabasının özünəməxsus, əlahiddə yeri, haqqı var.
Xalq yazıçısı Elçin atası, unudulmaz İlyas Əfəndiyev haqqında qələmə aldığı bir xatirəsində böyük sənətkarla yaxın münasibətindən böyük qürur duyan, el-oba arasında "havalı", məcnunanə gəzib-dolaşan bir şuşalının obrazını yaradıb. Vaxt-bivaxt öz pünhan dünyasına qapanan, ona göstərilən azacıq şəfqət duyğusundan hədsiz dərəcədə xoşbəxt, məmnun qalan həmin şuşalı kişi böyük sənətkara müraciətinin axırında hər dəfə son hərfləri xeyli uzada-uzada "İlyass" - deyərmiş.
Adın bu cür ifadəsində xüsusi bir doğmalıq, könüldaşlıq, ərk havası var.
Hər dəfə əziz Şuşa, Kəlbəcər, Laçın, Xankəndi barədə düşünəndə, nədənsə, şuşalı məcnunanənin o ərkli "İlyass" -xitabı da qulaqlarımda səslənib. Çünki o xitabda, səslənişdə adamın ruhuna, qəlbinin dərinliklərinə işləyən bir səmimiyyət, izaholunmaz doğmalıq havası var. Daha çox Zamanda, ömrün unudulmazlığında, o gözəlim dağlarda, yaylalarda doyumsuz bir havanın, nəfəs genişliyinin əks-sədası var. O gözəl yerlərin dağlardan havalanan mahnı səsi var. Şuşa koloriti, Şuşa sevdası, bağlılığı var. Böyük sənətkarımız İlyas Əfəndiyev dağlarda qalan, qayaların hafizəsinə yazılan o mübhəm mahnıların yaddaşa yansıtdığı hekayətlərin sətiraltı mənalarını, kodlarını öz yaradıcılığında əbədiləşdirən ustad idi. Külli Qarabağ sevdalısıydı. Külli-Qarabağ mövzusu onun yaradıcılığından dönə-dönə keçirdi. Qəlbini o yerlərdə qoyub gəlmişdi. Ruhən o yerlərin havasında yaşayırdı. Ona görə də bütün yaşamı boyunca yeriyən, hərəkətdə olan, azadlıq duyğularına səfərbər edən abidə insan ömrü yaşadı.
Qov kimi kövrək, nəğmə kimi həzin, duyğulu qəlbində ömr etdi dağlarda qoyub gəldiyi mahnıların xatirələri. O mahnılar bahar nəfəsli, yaz ətirlidi. Günkü özü də gözəl bir yaz səhərində - 26 may günündə dünyaya göz açmışdı. Bir çox rəsmi sənədlərdə yazılan 13 may günü də yenə baharın, yazın havasına hesablanmışdı.
Yenə də Elçinin dərin təəssüf hissilə ifadə etdiyi köksötürmələr üzərinə qayıdıram: "İlyas Əfəndiyev bu dünyada 82 il yaşadı və çox söz dedi. Amma bununla belə, demədiyi çox sözü də özü ilə apardı.
Və onun deyəcəyi o Sözləri daha heç kəs deməyəcək..."
Təbii ki, o deyiləcək sözləri bir də heç kəs deməyəcək, deyə bilməyəcək.
Amma Azərbaycan oxucusunun sonsuz marağı və zehniyyəti müdam İlyas Əfəndiyevin yadigarları olan ölməz əsərlərinin hər sətrində, hər mətləbində o deyilməmiş, deyilə bilməmiş sözlərdən nəsə yeni bir işarət arayacaq, axtaracaq və nəsə yeni bir işarət, işarətlər bulacaq, tapacaq, o işarətə varacaq...
O deyilməmiş, deyilə bilməmiş sözlərin, mətləblərin işarətləri, vacib kodları zaman-zaman İlyas Əfəndiyevin artıq klassikaya çevrilmiş çoxsaylı əsərlərinin sətiraltı gizlinlərində, cazibəsində müdam var olacaq və öz oxucularının üzünə açıq qalacaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!