Müdrik insanların dostluqları da müdrik olur. Eynilə Heydər Əliyev və Cavad Heyət kimi... Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin dostları hər zaman say-seçmə insanlar olub: görkəmli siyasətçilər, elm adamları, mədəniyyət xadimləri və b. Belə say-seçmə və bənzərsiz dostlardan biri də o taylı-bu taylı Azərbaycanın ağsaqqalı, İranda ilk dəfə açıq ürək əməliyyatını həyata keçirən dünya şöhrətli cərrah-alim, türkoloq Cavad Heyətdir.
Azərbaycan xalqının qismətinə düşən bu iki dahi şəxsiyyətin dostluğunun kökündə milli birlik, soykökə bağlılıq, yüksək vətənpərvərlik hissləri durur. Ötən əsrin əvvəllərindən vətənimizə, xalqımıza uzanan yad əllər H.Əliyev və C.Heyət tanışlığının gecikməsinə, onların yaxınlaşmasına mane olmuşdu. Lakin uca Allah tərəfindən talelərinə yazılan dostluq bir qədər geciksə də, sonradan qırılmaz əlaqələrə, möhkəm bağa çevrildi. Bəs bu əbədiyaşar dostluq necə başladı? Gəlin, birlikdə zamanda yolculuq edərək 43 il əvvələ qayıdaq. Belə ki, 1982-ci ildə, indiki H.Əliyev adına sarayda Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun anadan olmasının 170 illiyi ilə bağlı dövlət tədbiri təşkil olunmuşdu. Ədəbiyyata, incəsənətə xüsusi diqqət və qayğı göstərən H.Əliyev hər zamankı kimi bu tədbiri də diqqətindən qaçırmamışdı. Xoşbəxtlikdən, C.Heyət həmin vaxt prof. Nurəddin Rzayevin qonağı kimi Bakıya dəvət olunmuşdu. Tədbir iştirakçılarından olan C.Heyətə arxa sıralarda yer ayrıldığını desələr də, təvazökarlıq edərək xalqın içərisində əyləşməyi seçir. Lakin doktor Heyət insanşünas Heydər Əliyevin gözündən yayınmır. Ulu öndərin nəzərlərini öz üzərində hiss edən Cavad Heyət yerindən qalxaraq başı ilə onu salamlayır. Tədbir bitdikdən sonra H.Əliyev səhnə arxasında onun üçün ayrılmış xüsusi otağa keçir və deyir: "Doktor Cavad bəy təkcə Nurəddinin qonağı deyil. O, Azərbaycanın qonağıdır. Bütün qapılar onun və həyat yoldaşının üzünə açıqdır. Əgər meyli olarsa, mənimlə də görüşə bilər".
Təəssüf ki, dövrün siyasi çətinlikləri bu görüşün tam şəkildə reallaşmasına mane olur. Cavad Heyət hər iki tərəf üçün yarana biləcək problemlərdən ehtiyat edərək Heydər Əliyevə salam və ehtiramını göndərməklə kifayətlənməli olur.
1992-ci ildə mənfur düşmən tərəfindən başlanan işğalçılıq siyasəti torpaqlarımızın itirilməsinə, yüz minlərlə insanın dədə-baba yurdlarından qaçqın düşməsinə səbəb olmuşdu. Bu ağır və faciəli günlərdə hər kəs öz cəbhəsində əlindən gələni edərək, əsl vətəndaşlıq borcunu yerinə yetirməyə çalışırdı. Ürəyi həmişə Azərbaycanla döyünən Cavad Heyət Kəlbəcərin işğalı xəbərini eşidəndə dərindən sarsılır və həmin gecə göz yaşları ilə Türkiyə prezidenti Süleyman Dəmirələ Qarabağ müharibəsində Azərbaycana yardım etməsi üçün tarixi məktub yazır: "Sayın Cümhur Rəisi, lütfən, məni əfv edin. Bu sətirləri göz yaşlarımın qabağını ala bilmədən yazıram və bu anda Allah-Təaladan xalqımıza qurtuluş, ya da özümə ölüm istəyirəm. Biz tarix boyu izzət və şərəflə yaşadıq və zamanı gəldikdə ölümü zillətə tərcih verdik. Ona görə də mən bu günlərimizi xalqımız üçün yaşamaq saymıram. Bu gün mənim əlimdəki qələm-kağız və quru nəfəsimdən başqa bir şeyim yoxdur. Onları da məzlum xalqımızın yolunda sevə-sevə verməyə razıyam..."
Oxuyan hər kəsə təsir edən bu məktub qısa zaman ərzində H.Əliyevə də çatır. Belə ki, Amerikaya rəsmi görüşə gedən zaman vətəndaş-şair Bəxtiyar Vahabzadə təyyarədə sözügedən məktubu H.Əliyevə oxuyur. Məktubdan təsirlənən ulu öndər B.Vahabzadəyə deyir: "Mən Doktor Cavad Heyəti xeyli müddətdir ki, tanıyıram, onun yazdıqlarını oxumuşam, özüylə də görüşmüşəm. Doktor Cavad nə vaxt Bakıya gəlsə, onu mənim yanıma gətirin ki, onunla yaxından tanış olum, öz təşəkkürümü ona üzbəüz bildirim".
Çox keçmir ki, arzuolunan görüş baş tutur. Həmin hadisədən sonra C.Heyət Bakıya ilk səfərində B.Vahabzadə ilə birlikdə prezidentlə görüşmək üçün iqamətgaha gəlirlər. Təxminən, bir saata qədər davam edən görüş H.Əliyev və C.Heyət dostluğunun möhkəmlənməsində xüsusi bir mərhələ təşkil edir. Sonralar isə bu görüş bir növ ənənə halını alır.
Belə görüşlərdən biri isə 1996-cı ilə təsadüf edir. 1996-cı ilin 29 oktyabrında H.Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə görkəmli dramaturq Hüseyn Cavidin məqbərəsinin açılışı idi. Ulu öndər həmin vaxt Azərbaycanda olan doktor Heyəti məqbərənin açılışına dəvət edir. Həm Heydər Əliyev, həm də Cavad Heyət açılış zamanı çıxış edərək H.Cavidin keçdiyi ömür yolundan, yaradıcılığından və məşəqqətli taleyindən danışırlar.
Zaman keçdikcə Doktorla olan dostluğuna xüsusi önəm verən H.Əliyev artıq C.Heyəti hər kəsə dostu kimi təqdim edirdi. Hər iki dahi şəxsiyyətin işləri və öhdəlikləri kifayət qədər çox olsa da, görüş üçün yaranan fürsəti layiqincə dəyərləndirərək həmsöhbət olurdular. Bir gün B.Vahabzadə təzəcə yazdığı "Özümüzü kəsən qılınc" adlı tarixi pyesinin premyerasına baxmaq üçün Heydər Əliyevi və ailəsini "Filarmoniya"ya dəvət etmişdi. Eyni zamanda Doktor üçün də dəvətnamə vermişdi. Hər zamankı kimi C.Heyət təvazökarlıqla xalqın içərisində əyləşmişdi. Tamaşa başlayandan sonra Heydər Əliyevin yanında oturmuş və ona əsər haqqında izahatlar verən Bəxtiyar Vahabzadə deyir: "Doktor Cavad bəyi də dəvət etmişəm ki, tamaşanıı görsün. Çünki o, türklərin tarixi ilə çox maraqlanır və türklərin tarixi haqqında kitab da yazıb". Bu sözlərdən sonra ulu öndər B.Vahabzadəyə deyir: "Niyə onu bizim yanımızda əyləşdirməmisən? Get, onu bizim yanımıza gətir". B.Vahabzadə Doktorun yanına gələrək məsələni izah edir və onu cənab prezidentin yanına apararaq öz yerində, yəni Heydər Əliyevin sağ tərəfində əyləşdirir. Tamaşanın birinci hissəsi qurtardıqdan sonra H.Əliyev Doktorun əlindən tutaraq özü ilə səhnə arxasına aparır və aktyorlara təqdim edərək deyir: "Doktor Cavad bəy bizim dostumuzdur. Yüksək dərəcəli məşhur cərrah olmaqla yanaşı, mədəniyyət alimidir və özü də azərbaycanlıdır, bizə də çox bağlı insandır. Sizin tamaşanı da çox bəyəndi".
Elmə, təhsilə hər zaman xüsusi diqqət ayıran, cəmiyyətin qurtuluşunu savadlı gənclərin yetişməsində görən ulu öndər və doktor Heyətin görüşlərinin birində tarixi an yaşanır. Belə ki, Azərbaycanda və Türkiyədə dövlət hesabına təhsil almaq istəyən iranlı tələbələr C.Heyətə müraciət edərək məsələnin həllində kömək etməsini istəyirlər. Bu istiqamətdə həmişə əlindən gələni edən C.Heyət H.Əliyevlə görüşlərinin birində deyir: "Hər il bizim iyirmi nəfər tələbəmizi Türkiyənin Ali Təhsil Nazirliyi dövlət hesabına oxumaq üçün qəbul edir. Siz də, əgər imkan olarsa, beş nəfəri dövlət hesabına oxumağa qəbul edin". Bu sözlərdən əsəbiləşən H.Əliyev cavabında: "Nə səbəbə Türkiyə üçün iyirmi nəfər, bizim üçün beş nəfər nəzərdə tutulub? Mən hər il əlli nəfər iranlı tələbəni öz hesabıma qəbul edəcəyəm. Onlar burada mənim hesabıma təhsil alacaqlar". Fikrimizcə, təkcə bu fakt onların nə qədər böyük ürək sahibi, ali insan olduğunun sübutudur.
Hər iki dahi şəxsiyyət görüşdükləri zaman bir çox məsələlər ətrafında müzakirələr apararaq fikir mübadiləsi edirdilər. Lakin onların söhbətinin ana xətti taleyüklü məsələmiz olan Dağlıq Qarabağ problemi idi. Belə görüşlərin birində doktor Heyət ulu öndərə deyir: "Biz Qarabağın ana vətənə qayıdacağı və orada mənim sizi təbrik edəcəyim günü, görəsən, görəcəyikmi?" H.Əliyev isə: "Əlbəttə, görəcəyik" - deyərək qəti inamla cavab verir. Təəssüflər olsun ki, arzulanan bu görüş onların sağlığında həyata keçmir. Lakin ümidvarıq ki, müzəffər ordumuzun cəmi 44 gündə əldə etdiyi gün kimi parlaq qələbəmiz hər iki dahi şəxsiyyətin ruhuna agahdır. Uca Allahdan hər ikisinə rəhmət və gözəl axirət diləyirik.
Sonda qeyd etmək lazımdır ki, bu məlumatlar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Aysel Acalova tərəfindən çapa hazırlanan və yaxın günlərdə işıq üzü görəcək "Cavad Heyət: "Mən və Atam (Xatirələr)" kitabından əxz edilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!