Dansökülən variant" monoqrafiyası ilə bağlı düşüncələrim
"Yeganə, vahid oxunuş hər hansı, xüsusilə də, "Dədə Qorqud" mətninin təbiətinə əzəldən yaddır. Yeganəlik əlahiddəyə gətirən yoldur. Oradan da büt qayırmağa bir addım qalır".
Kamal Abdulla
Akademik Kamal Abdullanın "Dədə Qorqud" mövzusunda yazdığı elmi və bədii əsərləri bir ad altında, vahid tematik motiv boyunca birləşə bilir: "K.Abdullanın "Dədə Qorqud" yaradıcılığı".
Onun elmi əsərləri intellektual axtarışlarının məhsulu olduğu kimi, bədii əsərləri də, əslində, bu elmi axtarışların poetik müstəvidə davamıdır. "Yarımçıq əlyazma" romanının cildinin arxa qabığında müəllif özü bunu aydın şəkildə belə ifadə edib: "Yarımçıq əlyazma"ya gətirən yollar, izlər, cığırlar, lağımlar: "Əvvəl-axır yazılanlar...", "Yolun əvvəli və axırı", "Unutmağa kimsə yox...", "Ruh", "Gizli Dədə Qorqud", "Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud - 2", "Bir-iki, bizimki...", "Kim dedi ki, Simurq quşu var imiş?!", "Sirr içində nəğmələr", "Gümüş dövrün sirləri", "Qərar", "İlişin qayıtmağı", "Elə bil qorxa-qorxa...", "Hərdən mənə mələk də deyirlər...", "Beyrəyin taleyi", "Casus", "Hamı səni sevənlər burdadı...", "Dəvə yağışı", "Kədərli seçmələr" və hətta: "Azərbaycan dili sintaksisinin nəzəri əsasları."
Kamal müəllimin sıraladığı bu kifayət qədər iri siyahı onun irili-xırdalı bir sıra elmi və bədii kitablarından ibarətdir. Bu əsərlər müəllifin janrca və formaca (şeir, hekayə, esse, pyes, monoqrafiya və s.) biri-biri ilə qətiyyən yanaşı durmayan əsərləridir.
Kamal Abdulla 1980-ci ildə "Kitabi-Dədə Qorqud" dastanlarında olan şeirlərin, 1981-ci ildə isə eposun nəsr təhkiyəsinin özünəməxsus xüsusiyyətlərindən bəhs edən əsərlər yazmışdır. 1983-cü ildə çap olunmuş məqaləsində isə Azərbaycan mifologiyasının sistemli tədqiqi üçün "Kitabi-Dədə Qorqud"un mənbə olaraq rolunu əsaslandırmışdır. K.Abdulla üçün eposun mətnaltı "sirlər" dünyasına gedən yol dastanın dilindən başlanır. Bu baxımdan onun növbəti ildə çap olunmuş məqaləsi tədqiqatçı və epik dil probleminin nəzəri-metodoloji əsaslarına həsr olunmuşdur. Bu elmi məqaləni indi oxuyarkən onun müəllifi alim K.Abdullanın obrazı altında yazıçı K.Abdullanın da konturlarını aydın şəkildə sezmək olur. Eyni məsələ alimin 1985-ci ildə çap olunmuş "Müəllif - əsər - oxucu" kitabında da geniş şəkildə şərh olunmuşdur.
Kamal müəllimin 1991-ci ildə bu tipli yazıları özündə birləşdirən "Gizli Dədə Qorqud" adlı kitabı nəşr olunur. K.Abdulla burada özünün elmi tədqiqat metodunun əsaslarını da şərh etmişdir. Həmin metodu o, əslində, öz bədii yaradıcılığında da davam etdirəcəkdi. Bu cəhətdən, müəllifin əsas tezisi ondan ibarətdir ki, "bir tərəfdən dastanın üzdə olan ifadə planı var ki, burada çox məsələ qaranlıq görünə bilər... Digər tərəfdən, üzdəki ifadə planından başqa dastanın dərin, gözəgörünməyən mahiyyət planı vardır. Məhz mahiyyət planında ifadə planında özünü göstərən qəribəliklər və məntiqsizliklər duman kimi dağılır, hər şey öz dəqiq və təbii halını alır, bir növ, məntiqsizliklərin məntiqi əsas görünməyə başlayır". Doqquz il sonra bu kitabın ardı nəşr olunur. K.Abdulla "Sirr içində dastan" və yaxud "Gizli Dədə Qorqud - 2" adlı yeni kitabında dastanın üzdə olan ifadə planındakı qaranlıq və məntiqsiz təsir bağışlayan məqamların məntiqini aydınlaşdırmaq üçün mətnin dərinliklərinə - altda, K.Abdullanın obrazlı ifadə etdiyi kimi: gizlində olan mahiyyət planına enir Daha sonra müəllif "Dədə Qorqud" motivləri üzərində elmi-bədii axtarışlarını "kifayət" hesab edir: "Casus" pyesi və "Yarımçıq əlyazma" romanları meydana gəlir.
"Kitabi-Dədə Qorqud" dastanının iki plandan - ifadə və mahiyyət planlarından ibarət sistem kimi təsəvvür edən K.Abdulla "Gizli Dədə Qorqud" əsərində belə yazır: "Dastan bu iki planın üzvi şəkildə birləşməsindən ibarətdir. Mahiyyət planına nüfuz etmədən ifadə planını araşdırmaq birtərəfli, bəsit və üzdən gedən nəticələrə gətirib çıxarır. Əksinə, mahiyyət planında "gizlənmiş" səbəblərin, motivlərin açılması ifadə planının da məntiqsizliklərini anlamağa kömək edir. Şübhəsiz ki, bu gizlində qalmış motivlər üzdə olan süjet xəttinin, hər hansı bir məqamın bütöv və dərindən qavranılmasına böyük köməkdir. Bu səbəblər, başqa sözlə desək, bu motivlər nə şəkildə özünü göstərir? Demək olar ki, bir, ya iki söz, cümlə, davranış tərzi, adi ştrix, detal da gözəgörünməz gərgin bir münasibətlər kələfinə işarə edə bilir və yaxud bir kələfin yaranmasını şərtləndirir. Bu işarələr müxtəlif səviyyəli olsalar da (məsələn, söz və davranış tərzi; cümlə və detal və s.) öz aralarında pozulmaz bir sistem yaratmış kimidirlər".
Azərbaycan nəsrində "Kitabi-Dədə Qorqud" dastanlarının postmodernist roman "yozumu" da yazıçı, şair, akad. K.Abdullanın yaradıcılığı ilə bağlıdır. Ümumiyyətlə, ədibin "Dədə Qorqud" yaradıcılığı uzun illərin məhsulu olub, həm bədii, həm də elmi əsərləri əhatə edir. Müəllifin mövzu (tematik motivlər) baxımından bir-biri ilə sıx bağlı, yaxud bir-birinin davamı olan bu yaradıcılığı fenomenal dərəcədə mürəkkəbdir. Belə ki, ədib-alimin bədii və elmi əsərləri Azərbaycan ədəbi-elmi mühitində heç kəsin yaradıcılığına bənzəməyən orijinal hadisədir. O, belə demək mümkünsə, özünəqədərki ənənə əsasında işləmir, lakin yaradıcılığında güclü bir ənənə də müşahidə olunur. Elmi mühitin qiymətləndirməkdə (səciyyələndirməkdə) çətinlik çəkdiyi bu ənənənin müəllifi elə K.Abdullanın özüdür. O, xüsusilə bədii yaradıcılığında inkişaf etdirdiyi "Dədə Qorqud" yozumu ənənələri ilə müasir Azərbaycan tənqidində, əslində, çaşbaşlıq yaratmış müəllifdir. Hələ ki, Azərbaycan ədəbiyyatında üçüncü minilliyin başlanğıcında elə bir bədii əsər olmadı ki, onun haqqında K.Abdullanın 2004-cü ildə çap olunmuş "Yarımçıq əlyazma" romanı qədər yazsınlar və mübahisə etsinlər. Bu roman ədəbi və elmi mühiti sözün həqiqi anlamında silkələdi.
"Kamal Abdullanın "Kitabi-Dədə Qorqud" poetikasına giriş. Dansökülən variant" monoqrafiyası mənə bunları bir daha xatırlatmağa imkan verdi. Deməli, Kamal müəllimin əsərlərində əsas konflikt "Miflə yazının münasibətləridir. Yazı mifə qarşı üsyan edir... İnsan qəlbini, insan hissiyyatını hərəkətə gətirir. Bəzən bizə elə gəlir ki, keçmişlər keçmişdə, tarixdə olanlar tarixdə qalır. Miflə yazının toqquşması da geridə qalmır, bu günümüzdə də ən kəskin formada yaşayır. "Kitabi-Dədə Qorqud" donmuş mətn deyil, çoxşaxəli, çətin, dərin, ziddiyyətli bir keçidin əksidir. "Dədə Qorqud" dastanı bu keçidin bütövdən təkcəyə, külldən vahidə, insan cəmiyyətindən insana keçidin ən ümumi, ən aparıcı məqamlarını təsvir etdiyi surətlərində, hadisələrində yaşadır".
Kamal müəllim yeni monoqrafiyasına epiqraf olaraq Canbatisko Vikonun "İnsanlıq tarixini şairlər yazmağa başladı" - sitatını seçmişdir. İnsanı dərindən düşünməyə məcbur edən bir fikirdir.
Aristotel fəlsəfəsinin əsas fikri olan "Ya…ya…" və bundan doğan "Həqiqət-Yalan" ikili inkar qanunu, "Dədə Qorqud"da fiziki mövcudluğun üç forması - "Ölüm", "Dirilik", "Küçücük ölüm" - fikirlərini də ortaya qoyan Kamal müəllimdir və sonra isə Kamal müəllim yazır: "Aristotelin qurduğu divar çökür". "Dədə Qorqud" bizim milli, mənəvi, fəlsəfi, etik, ictimai, siyasi, bədii, ədəbi…. əgər tapsanız nəyimizdir". Bu sualı da bizə Kamal müəllim verir.
Şifrələrin və kodların içərisində azıb qalmış XXI əsrin insanının həyəcanla dinlədiyi qopuzun səsi əsl sənətin və mahiyyətin doğurduğu səsdir. Kamal Abdulla bizi yenə "Gizlinlər" içində qoyur: "Mif dövrünün mətni və Yazı dövrünün mətni: Dəşti-müstəqimiyyə və Dəşti-məcaziyyə".
"Dəşti-müstəqimiyyəyə mifoloji bədii poetiklik ünsür və vasitələri, dansökülən mərhələdə müstəqim deyimlərin bədii poetiklik "iddiasında" olan ünsürləri daxil edilir. Bu məkan, əslində, tarixəqədərki mifoloji təsəvvürlər dövrünə və tarixi mif yaradıcılığı dövrünə məxsus bədii poetik elementləri öz içinə yığır.
Dəşti-məcaziyyə isə tarixi dövrün mif yaradıcılığından sonrakı təsviretmə dönəmindəki bütün və hər cür məcazlaşmaları və klassik poetik örnəkləri ehtiva edir. Beləliklə, deyə bilərik ki, KDQ-də tarixəqədərki mif yaradıcılığı dövrünü təmsil edən Dəşti-müstəqimiyyə ilə tarixi mif təsviri dövrünü təmsil edən Dəşti-məcaziyyə üzbəüz dayanmışdır. Anaxronikliyin ruhu və canı bu iki mənəvi mənanın - Dəşti-müstəqimiyyə və Dəşti-məcaziyyənin bir-birinin yanında, bəzən də bir-birinin içində olması ilə intişar tapır.
Dəşti-müstəqimiyyə dövrünə, yaxud qatına təmiz mifoloji elementlərdən ibarət olan mif mətninin dövrü kimi baxmaq olar.
Dəşti-müstəqimiyyə dövrünə, yaxud qatına sonralar yaranacaq yazı mədəniyyətinin məhsulu olan klassik poetizmlər daxil edilir.
Beləliklə, aydın olur ki, Dəşti-müstəqimiyyə və Dəşti-məcaziyyəyə aid olan bu iki dövrün (məkanın) hər biri dastanda müstəqil qat olaraq öz zəngin əvvəlcə bədii poetik, daha sonra bədii və poetik potensialı ilə çıxış edir.
Mifoloji dansökülən insan təsəvvürlərinin, onun ibtidai görüşlərinin ilkın çağıdır. "Dansökülən" sözünün magik içqatına böyük ümidimiz var. O qədər şəffafdır ki, xüsusi izaha ehtiyac qalmır. Mifoloji dansökülən mifoloji günortaca, oradan da mifoloji qüruba keçəcək. Sonra - zülmət. Və daha sonra - işıq!
Tarix belə başlayacaq. İnsanlar illəri, ayları, günləri saymağa başlayacaqlar. Onlar dünəni xatırlayacaq və sabahı gözləyəcəklər, artıq ancaq indi ilə yaşamayacaqlar… Dünya Allahların, titanların, yarımallahların, Şər və Xeyir mələklərinin, kortəbii təbiət qüvvələrinin - tufan və fırtınaların, zəlzələ və uçqunların, vəhşi ehtirasların, Göy qurşağından keçən və keçməyən bütün rənglərin dünyasıdır.
Yazı fərdin yaranmasını şərtləndirir, bu şəkildə cəmiyyət üzvlərinin özü-özünü tanımağını qarşıya məqsəd qoyur.
Təmas nöqtəsi dastandır. Münasibətlər dastanda gəlib birləşir. Mifin bütün əzəməti və gücü də məhz burada özünü göstərir, gələcək gücsüzlüyü, zəifləməsi də məhz burda öz ilkin tərpənişinə başlayır. Yazının da eynilə ilkin gücsüzlüyü burda-bu təmas nöqtəsindədi. Hər şey bu təmas nöqtəsindən - dastandan başlayır: güc və gücsüzlük də!
Və bu günəcən gəlib çıxır."
Möhtəşəm fikirlərdir. Bir mütəfəkkirin gəldiyi nəticədir. Kamal müəllim, arzu edirəm ki, "Dədə Qorqud" sevginiz heç vaxt bitib-tükənməsin.
Öz-özümə belə bir sual verirəm: Kamal Abdulla antik süjetləri niyə bu qədər sevir? "Sözlərin magiyası: natamamın tamlığı, natamamın estetikası…."
Və özüm-özümə belə cavab verirəm: Kamal müəllimin əsərlərində əsas konflikt miflə yazının münasibətləridir. Yazı mifə qarşı üsyan edir.
Yeganə Nəhmətulla qızı
İsmayılova
filologiya üzrə elmlər doktoru, professor
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!