Məşhur Moldova şairi Qriqore Kiperin "Təsadüfi kəlmələr" seçmə şeirlər toplusu "Yeni DƏB" seriyasından "Zərdabi Nəşr"də nəfis şəkildə işıq üzü görüb.
Qriqore Kiper /Grigore Chiper (1959) tanınmış Moldova şairi, nasir, ədəbi tənqidçidir. 16 aprel 1959-cu ildə Moldovanın cənub-şərqində, Kopanka kəndində anadan olub. Kişineu Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ötən əsrin 80-ci illərində Moldova şairlərinin yaradıcılığı ilə bağlı doktorluq işi müdafiə edib (2011). İlk mətbu şeiri 1982-ci ildə dərc edilib. Alman, italyan və amerikan poeziyasının təsiri altında, eyni zamanda klassik və çağdaş rumın poeziyasının ciddi mütaliəsindən sonra (1983-1986) öz poetik yolu və üslubu formalaşıb. 1990-cı ildə işıq üzü görən "Güclə sezilən" adlı şeir kitabı ilə poetik debüt edib. Kitab ədəbi tənqid tərəfindən müsbət qarşılanıb, "Gənclər mükafatı"na layiq görülüb., "Falset" (1991), "Mavi dövr" (1997), "Çexov deyə, öz-özümə söyləndim" (2001), "Roman-simulyakr" (2010), "Formallıqlar" (2015), "Violonçel və başqa səslər" (2000), "Ayaq altından sürüşən qum" (2014), "Tapmacanın hissələri" (2017), "Yeddi təpədən sonra" (2024) və b. şeir, nəsr, bədii-sənədli kitabların müəllifi- dir. Rumıniya, Polşa, Litva və Latviyaya, eləcə də Almaniyaya səyahət dövrünə təsadüf edən yaradıcılığı Rumıniya Mədəniyyət Fondunun mükafatına, həmçinin Fransa "Union Latin" cə- miyyətinin ödülünə layiq görülüb. "Mavi dövr" şairin yeganə qafiyəli şeirləri toplanmış kitabıdır. 2001-ci ildən Qriqore Kiperin yaradıcılığı yenilənməyə, təkmilləşməyə başlayır, coğrafi-ekzistensial çalarlarla yanaşı, yeni rəmzi poetik mahiyyət də əldə edir. Bir çox milli və ədəbi mükafatlara layiq görülüb. Moldova və Rumıniya Yazıçılar Birliklərinin, Beynəlxalq PEN Təşkilatının üzvüdür. "Contrafort" jurnalının bədii şurasının üzvü, "Quadrat" dərgisinin məsul katibidir. Kişineuda yaşayır.
2005-ci ildən indiyə qədər Səlim Babullaoğlunun Azərbaycan Yazıçılar Birliyinin nəzdində, "Dünya ədəbiyyatı" dərgisinin əlavəsi kimi təsis etdiyi "Yeni DƏB" seriyasında 30-dan artıq kitab-dünya ədəbiyyatı nümunələri nəşr olunub. Bir ara nəşrində fasilə yaranan seriya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında təkrar bərpa olunub.
Toplunun tərcüməçisi və Ön söz yazısının müəllifi, eyni zamanda seriyanın baş redaktoru Səlim Babullaoğludur. Tərcümələrin hazırlanmasına tanınmış ictimai xadim, hüquq elmləri doktoru, iş adamı Vüqar Novruzov dəstək verib. Kitaba Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko və Vüqar Novruzov giriş yazıları yazıblar.
Nəşrin məsləhətçisi Əsəd Cahangir, koordinatoru Rauf Aslanov, naşiri Elman Qasımovdur. "Yeni DƏB" seriyasının redaksiya heyətinə Seyfəddin Hüseynli, Əsəd Cahangir, Azər Turan, Qulu Ağsəs, Fərid Hüseyn daxildir.
Kitab üzərində Emil Camalov və Məlahət Qənbərova çalışıblar.
Seriyanın informasiya dəstəkçiləri sırasında "Dünya ədəbiyyatı" dərgisi, "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı, www.mustaqil.az saytı da var.
"Ədəbiyyat qəzeti"nin oxucularına səfir A.Esaulenko və V.Novruzovun giriş yazılarından fraqmentləri və Səlim Babullaoğlunun kitab üçün yazdığı qısa Ön sözü təqdim edirik.
Aleksandr
Esaulenko
Səfir
"Onun poeziyası bu gün də aktuallığını qoruyur"
Qriqore Kiper - 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində fəaliyyətə başlayan ədəbi nəslin parlaq nümayəndələrindən biridir. Onun yaradıcılığı Moldova Respublikasının müstəqilliyi ilə üst-üstə düşən, mühüm siyasi və mədəni dəyişikliklərlə səciyyələnən bir dövrə aiddir. Kiper təkcə həmin dövrün tanınmış ədəbiyyat siması deyil, həm də ölkənin ədəbi və vətəndaş şüurunun formalaşmasına töhfə verən intellektual hərəkatın fəal iştirakçısı olmuşdur. Onun şeirlərində zamanın nəfəsi, fərdin taleyi üzərində düşüncələr, dil və forma ilə dərin yaradıcılıq işi aydın hiss olunur. Bu səbəbdən onun poeziyası bu gün də aktuallığını qoruyur.
Kitabın Azərbaycan dilində nəşri əziz azərbaycanlı oxucular üçün yeni Moldova poeziyası ilə tanışlıq üçün əla fürsətdir. Kiperin poeziyası duyğuların incəliyi, fəlsəfi dərinlik və parlaq metaforalarla zəngindir. O, şəxsiyyətin daxili dünyasını ifadə edən lirika ilə Avropa poetikasının estetik incəliklərini özündə ustalıqla birləşdirən şairdir. O, təkcə öz şeirləri ilə deyil, həm də ədəbiyyatşünas və tənqidçi kimi Moldova ədəbiyyatında yeni meyillərin dərk edilməsində mühüm rol oynamışdır.
Xüsusi minnətdarlığımı Azərbaycan Yazıçılar Birliyinə və Səlim Babullaoğluna bildirirəm - məhz onun zəhməti, əməyi və şəxsi səyi nəticəsində bu kitab işıq üzü görmüşdür.
Qoy "Təsadüfi sözlər" kitabı Moldova ilə Azərbaycan arasında sarsılmaz dostluğun daha bir rəmzi, mədəniyyət və poeziya vasitəsilə qurulmuş mənəvi körpü kimi yadda qalsın.
Vüqar
NOVRUZOV
Qriqore Kiperin şeirləri ilə dünyamız bir az daha yaxşıya doğru dəyişəcək
Səlim Babullaoğlu
Kiper də hadisədir, xalis ədəbiyyat hadisəsi
Qriqore Kiper Kişineunun çağdaş ədəbi coğrafiyasında, bəlkə relyefində və ya landşaftında demək daha doğru olardı, vacib ərazi, nöqtədir, ötən yüzilliyin sonu və yeni minilliyin yaşadığımız hissəsində ciddi imzadır (illərlə bağlı qeydlər elə illər sonra daha aydın hiss olunacaq). Onun poeziyası gündəlik həyatın, gerçəkliyin zərif lirizmindən doğur, meditativ, pessimist, melanxolik, amma çox dəqiq, bir qədər asketik cizgilərlə təzahür edir. Robert Frost yadıma düşür. O deyirdi ki, mən yüngülçəkili optimizmdənsə, ağırçəkili pessimizmə üstünlük verirəm.
Kiperin şeirlərini diqqətlə oxuyanda (yəni "tərcümə edəndə" deməkdi bu!) XX əsr Avropa poeziyasından oxuduğum yaxşı şairləri xatırlayıram. Birini qeyd edim.
Bu, Kiperdir:
Sənin sükutunu
və evin yaxınındakı qarı oxumaq,
səbəbsiz üşümək üçün
nə qədər zaman gərəkəcək?
Bu da Tranströmer:
Dili yox, sözü, sözü olanlardan yoruldum,
qar altında uyuyan adaya üz tutdum.
Sözsüzdü vəhşi təbiət.
Yazılmamış səhifələr uzanırdı dörd bir tərəfə.
Qarda cüyür izlərini gördüm,
Danışırdı - sözsüzdü.
Kiper temperamentiylə çox maraqlıdı, bunu tərcümə prosesindən dəfələrlə hiss etdim. Günəşli Kişineuda soyuq skandinaviyalı kimi "dəydi gözümə"; bu isə o deməkdir ki, o, müəyyən qədər təklənib, başqa iqlim qurşağına köçüb; öz ədəbi mühitində yeni, yaxud başqa (laşmış) olmağın bir başqa təzahürüdür bu. Onu bir neçə dəfə Kişineuda müşahidə eləmək imkanım olmuşdu. Əlimi ürəyimin üstünə qoyub əminliklə deyə bilərəm ki, "göründüyü kimi olan, olduğu kimi görünəndir", üstəgəl, şeirləri də görünəndir, vizualdır:
Külək ağacları əyir,
Uzaq xatirələr
küləyə cavab verir.
Yalnız arabir
şimal sularının axını üzərində əyilirəm,
səni yaddaşımdan
sanki zərif şitillik çiçəyi kimi
çıxarıb qoxulayıram.
Şair eyni zamanda formula yaradandır, hamı yox əlbəttə ki. Öz klassiklərinə büt kimi tapınan, onların söylədikləri həqiqətləri, düsturları yalnız onların söylədiyi biçimdə qəbul etməyə öyrəşmiş "tipik bir şərqli kimi" mənə (nəbadə, əruzda, yaxud qafiyəli və hecada deyilmiş bir mətləblə bir başqa cür rastlaşaq, olmaz!)Kiperin təqdimatında təklif olunan təkliyin klassifikasiyası, formulu çox böyük həzz yaşadır; əlbəttə, əqli həzz:
Çoxüzlüdür təklik:
özününkülərin arasında,
özgələrlə,
özünlə üzbəüz qalanda.
Öz tarixçəni, əhatə olunduğun insanları, müşahidələrini dəqiqliklə yazanda sən öz ölkənin tarixini də yazmış olursan, bu mənada Kiper həqiqi vətənpərvərdir.
Fikrimcə, Kiperin ən böyük uğuru oxucunu temperamenti ilə "götürməsində", yazdığı, göstərdiyi hər bir şeyi "sakitcə" etməsindədir, təbiət hadisəsi kimi; necə ki, külək əsir, necə ki, yağış yağır, ağaclar yarpaqlarını tökür və ya yenidən yaşıllaşır.
Kiper də hadisədir, xalis ədəbiyyat hadisəsi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!