İon Deakoneskunun "Müsahibə" seçmə şeirlər toplusu işıq üzü gördü - "Yeni DƏB" seriyasından daha bir nəşr

Görkəmli rumın şairi İon Deakoneskunun "Müsahibə" seçmə şeirlər toplusu "Yeni DƏB" seriyasından "Zərdabi Nəşr"də nəfis şəkildə işıq üzü görüb. 

İon Deakonesku / Ion Deaconescu (1954) görkəmli rumın şairi, ədəbi tənqidçi, tərcüməçi, esseistdir. 1947-ci ildə Rumıniyanın cənub-qərbindəki Oltenia bölgəsində, Tarqu Loqreşti şəhərində anadan olub. Buxarest Universitetinin İncəsənət fakültəsində (1972), Krayova Universitetinin Hüquq fakültəsində (1996) təhsil alıb. Dilçilik, dünya ədəbiyyatı mütəxəssisidir, filologiya üzrə fəlsəfə doktoru, Krayova Universitetinin professorudur. "Ruhun şəklini çəkən qurğu" (1981), "Çiskinin qabı" (1985), "Anın sonsuzluğu" (1986), "Səs maskası" (1987), "Sıfır hərəkətlilik" (1995), "Çöl baxçası" (1997), "Uğursuzluq bayramı" (2001), "Xeyirsiz əks-səda" (2002), "Nada" (2007), "İşığın qanadları" (2009), "Qaçqın gəlincik" (2010), "Lənətli şair" (2011), "Gələcək gözyaşı" (2013), "Çoran və ya inkar vasitəsilə xilas" (2004), "Ümumi ritorika" (2006), "Dil və siyasi nitq" (2007) və b. şeir, araşdırma, esse kitablarının müəllifidir. Onun tərtibçiliyi ilə bir neçə əsaslı Avropa və dünya şeiri antologiyaları nəşr edilib. Şeirləri, araşdırmaları, ədəbi-tənqidi məqalə və esseləri, kitabları Türkiyə, İtaliya, Fransa, Serbiya, İngiltərə, Macarıstan, Portuqaliya və Makedoniyada dərc edilib. Ümumilikdə əsərləri iyirmidən artıq dilə tərcümə olunub. Dünyaca məşhur rumın-fransız yazıçısı, filosofu Emil Çoranla müsahibəsi Avropa Birliyi tərəfindən dəstəklənən "Yeni Avropa" (Nouvelle Europe) jurnalında dərc olunub, böyük səs-küy doğurub. Rumıniya Yazıçılar Birliyi (1996), Jurnalistlər Assosiasiyasının (1996), Beynəlxalq Yazıçı və Rəssamlar Assosiasiyasının üzvü (S.U.A.), ABŞ Bioqrafiya İnstitutunun Tədqiqat və Məsləhət Şurasının (2003), Moldova Elm, Mədəniyyət və İncəsənət Xadimləri Assosiasiyasının fəxri ( 2015), eləcə də Ukrayna, Monqolustan, Kosovo, İtaliya, Fransa və b. ölkələrin nüfuzlu incəsənət təsisatlarının üzvüdür. Rumıniya, Yaponiya, Monqolustan, İtaliya, Moldova, Monteneqro, Koreya və b. ölkələrin nüfuzlu ədəbiyyat ödüllərinə layiq görülüb. Beynəlxalq Mihay Eminesku Akademiyasının prezidentidir. Krayovada yaşayır.

2005-ci ildən indiyə qədər Səlim Babullaoğlunun Azərbaycan Yazıçılar Birliyinin nəzdində, "Dünya ədəbiyyatı" dərgisinin əlavəsi kimi təsis etdiyi "Yeni DƏB" seriyasında 30-dan artıq kitab - dünya ədəbiyyatı nümunələri nəşr olunub. Bir ara nəşrində fasilə yaranan seriya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında təkrar bərpa olunub.

Toplunun tərcüməçisi və Ön söz yazısının müəllifi, eyni zamanda seriyanın baş redaktoru Səlim Babullaoğludur. Kitaba Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare giriş yazısı yazıb.

Nəşrin məsləhətçisi Əsəd Cahangir, koordinatoru Rauf Aslanov, naşiri Elman Qasımovdur. "Yeni DƏB" seriyanın redaksiya heyətinə Seyfəddin Hüseynli, Əsəd Cahangir, Azər Turan, Qulu Ağsəs, Fərid Hüseyn daxildir.

Kitab üzərində Emil Camalov və Məlahət Qənbərova çalışıblar.

Seriyanın informasiya dəstəkçiləri sırasında "Dünya ədəbiyyatı" dərgisi, "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı, www.mustaqil.az saytı da var. 

"Ədəbiyyat qəzeti"nin oxucularına Səfir Vasile Soarenin və Səlim Babullaoğlunun kitab üçün yazdığı yazıları təqdim edirik.



Vasile Soare

Səfir

 

O Şərqi Avropa məkanında ədəbi 

prosesi təşkil edən vacib simadır

 

Deakonesku XX əsrin ikinci yarısı, 70-80-ci illərdə formalaşmağa başlayan və parlayan rumın ədəbiyyatçıları sırasında qiymətli yeri olan yazıçı, şair, fikir adamı, həm Rumıniyada, həm də Şərqi Avropa məkanında ədəbi prosesi təşkil edən vacib simadır. Onun, xüsusən, Beynəlxalq Mihay Eminesku Akademiyasının prezidenti kimi gördüyü işlər, dahi rumın şairi Eminesku yaradıcılığının təbliği, tanıdılması istiqamətindəki yorulmaz əməyi, eyni zamanda çağdaş Avropa və dünya şairlərinin bir-birini tanıması üçün atdığı addımlar, nəşr etdiyi kitablar, təşkil etdiyi festivallar əvəzolunmazdır.

İon Deakoneskunun "Müsahibə" seçmə şeirlər toplusunun nəşri bir neçə baxımdan əlamətdardır. Əvvəla, rumın ədəbiyyatının, şeirinin növbəti dəyərli nümunəsi Azərbaycan dilində nəşr olunur və bu, dövlətlərimiz arasındakı mədəni əlaqələrin inkişafı, xalqlarımızın bir-birini tanıması baxımından vacibdir. Digər məqamı İon Deakoneskunun şəxsiyyəti, ədib və ictimai xadim kimi fəaliyyəti şərtləndirir...



Səlim Babullaoğlu

 

Deakoneskunun şeirlərinin həqiqi mahiyyəti təsvir pərdələrinin arxasındadır...

 

Onun şeirlərinin ilk oxusu elə təəssürat yaradır ki, sanki adi, gündəlik şeylərdən danışır şair: bir qadının dükan vitrinlərinə baxa-baxa hərgünkü gəzintisindən, bir başqa qadınla qatarda təsadüfi görüşdən, gözün bir ağaca və quşa qəfil sataşmasından, duadan, bir heykələ diqqətli baxışdan, divar saatının yerə düşüb sınmasından, səmaya dirənən nəzərlərdən... yəni yalnız təsvir edir. Bu sadalananların hamısı doğrudur, amma Deakoneskunun şeirlərinin həqiqi mahiyyəti bu təsvir pərdələrinin arxasında gizlənib. Deyirlər ki, sevirsənsə, hər şeyin var; sevmirsənsə, əlində olan heç bir şeyin mənası yoxdur. Eyni ifadəni "şair və reallıq" münasibətlərinə proyeksiya eləsən, yəqin belə demək olar: şairin ideyası-inancı varsa, demək, hər şeyi var; ideyası-inancı yoxdursa, demək, heç nəyi yoxdur. İon Deakoneskunun inamı, ideyası bizi əhatə eləyən nəsnələri, hadisələri ekzistensial, soyuq varoluşdan, diri, demək ki, ən əhəmiyyətli və isti gerçəkliyə keçirir, onlara dərin məna və vaciblik qazandırır; və bu söylədiklərimi yozumla, sıradan şərhlə qarışdırmaq olmaz. Onun (yaradıcılığı) haqqında "söz adamı kimi can-tale hücrələrinə girə bilən şair" (Nikolae Dabija), "çağdaş Avropanın ən dəyərli şairlərindən biri" (Qeorq Astalos), "misrası səni sınağa çəkən, mat qoyan, öz tərcümeyi-halı, gözlənilməzliklərlə dolu gizli kitabxanası, çölləri olan şeiriyyatın müəllifi" (Slavko Almajan), "bizi əbədiyyətə dəvət edən, gizli kainatın canlı ürək döyüntüsünü duyuran şair" (Luçiano Luizi) və başqa bu kimi çox yüksək fikirlər söyləyiblər. Görkəmli türk şairi Ataol Bəhramoğlu Deakonesku barədə yazır ki, o, ruhun şəklini çəkən "alət"dir. Sitat etdiyim bu böyük sözlərin hamısı, əlbəttə, doğrudur, qiymətlidir, amma heç biri nə ayrı-ayrılıqda, nə də bir yerdə İon Deakonesku poeziyasını ifadə edə bilmir. Çünki elə şairlər var ki, onların yazdıqları barədə danışmaq istəyəndə, anlayırsan: sənin dediklərin eyni zamanda şeir sənəti haqqında söylənə biləcəklər olmalıdır; çünki xas şairlər yalnız öz şeirlərini yazmırlar, onlara qədər yazılmış xalis şeirləri öz əlavələri, möhürləri, imzaları ilə təsdiq edirlər. Necə ki, Vergili "hər kəsə öz ehtirası bələdçilik edir" deyirdi, necə ki, Deakonesku "Məhsuldar zaman" şeirində yazır: "...İbtidai istəklərin iniltiləri bumbuz əks-səda verərkən dünyada, kölgələrə sarılmaq xaric, bir şey qalmırdı..." Necə ki, Aleksandr Blok yazırdı: "Nə qədər ölməmisən, sən qoca, fani dünya,/ Hələ ki qoynundasan şirin istəklərinin,/ Müdrik ol, Edip kimi, dayan, bir ayaq saxla/ Sən önündə Sfinksin, həmin o qədim sirrin". Necə ki, İon Deakonesku "Sfinksin cavabı" şeirində "əlavə edir": "Bir müddət sonra ondan mağaradakı işığın/ gözümü niyə qamaşdırdığını və niyə görmədiyimi soruşdum./ Daşın, gilin, mağaranın ətrafımda uçan/ qanadları ütülmüş pərvanələrlə məni içəri niyə çəkdiyini də./ Əngin səhralardan uzaq ölümsüz eşqlərin mövcud olduğu yerdə/ əbədi öpüşə necə layiq olacağımı da. / Cavab vermədi./ Səssizliyin əks-sədası kimi/ bir damla yaş süzüldü yanaqlarından./Sfinks kordu." 

Şəksiz, şair və ədib, düşünər kimi İon Deakoneskunun formalaşmasında "damarlarımdan qan de- yil, qaranlıq axır" deyən böyük rumın-fransız filosofu, yazarı, bəlkə də haqlı olaraq "XX əsrin sonuncu pessimisti" adlandırılan Emil Çoranın fikirlərinin, onunla hələ gənc ikən görüşünün böyük rolu olub. "Olmuşam, varam, olacağam, çünki bu varlığın/varolmanın yox, qrammatikanın problemidir", - deyən, bu sözləri ilə əzablı həyatı dözülməz yüngüllüklə, eyni qədər gizli sarkazmla ifadə edən (bu ifadəni həm də filosofun bütün yaradıcılığının rezümesi saymaq olar) Çorana ithaf etdiyi, elə Çorandan epiqrafla başladığı "Müsahibə" şeirinin, şübhəsiz, Deakoneskunun bütün poetik yaradıcılığında məxsusi yeri var və biz də kitabı məhz bu şeirin başlığı ilə adlandırdıq. Kitaba daxil edilən əksər şeirlər düşündürür, suallar qoyur; bir çoxunda qiyamət, zamanın şərtiliyi, insanın faniliyi, mübarizə, xeyir və şər problemləri var. Amma çox yaxşı ki, ümid də var. Və bu ümid vərdiş edilən kimi bu dünyada hər şeyin yaxşı bitəcəyinə olan "dəbdə olan ümid" deyil, bu yanaşma Deakonesku miqyasında bir şair üçün sadəlövhlük olardı. Bu bir başqa ümiddir, inamın, eşqin vəd etdiyi, doğurduğu ümiddir: "Tək bir qanad verdi Allah./ İşıqdandı,/ bir gilas yarpağı, ya da azmış bir mələyin qanadıydı,/ ikonalar diksindi. / İnsan oğlu qarşısıalınmaz bir arzuyla uçmağı bacardı,/ birini həsrətlə qucaqladı,/aşiqlər selinə qarışdı". 

İon Deakonesku, eyni zamanda görkəmli ədəbiyyat xadimidir. Beynəlxalq Mihay Eminesku Akademiyasının prezidenti kimi bütün Avropada, xüsusən ,Şərqi Avropada böyük ədəbi prosesin, işin öndərlərindəndir. Onlarla vacib, miqyaslı antologiyaların tərtibçisi, ciddi ədəbiyyat festivalları, elmi konfrans və tədbirlərin təşəbbüskarı, təşkilatçısı, rəhbəridir. Bəlkə də bu işlərə şəxsi yaradıcılığına, özünə ayırmalı olduğu vaxtdan, ömründən kəsərək hədsiz çox zaman sərf edir. Böyük polyak yazıçısı Vitold Qombroviç XX əsr Avropa şeirinin nəhənglərindən olan polyak şairi Miloşu heç cür anlaya bilmirdi ki, niyə Miloş vaxtını antologiyalar tərtib etməyə, polyak ədəbiyyatı tarixinə xərcləyir, niyə yalnız sevdiyi işlə, şeir yazmaqla məşğul olmur. Soruşurdu ki, sən heç antologiya tərtib edən Nitsşeni təsəvvür edirsən? O, Miloşun Protey təbiətini, yaxud təbiətindəki proteizmi anlamaqda çətinlik çəkirdi. Halbuki məhz Miloş kimi adamlar ədəbi mühərrik rolunu oynayırlar və bunu təkcə öz yaradıcılıqları ilə etmirlər. Bir adam yol gedir və sənə elə gəlir ki, izdiham yürüyür. Ədəbi fəaliyyəti baxımından, ədəbiyyat xadimi kimi İon Deakonesku da eyni keyfiyyətə malik şəxsiyyətlərdəndir. Bu gün onu ürəklə ümum-Avropa ədəbi mühtini formalaşdıran şəxslərdən biri hesab etmək olar. Ola bilsin ki, 30-dan bir az artıq şeirin daxil edildiyi bu toplu İon Deakoneskunun poetik yaradıcılığının bütün genişliyini duymaq üçün yetərli olmayacaq. Amma əminik ki, çox qiymətli nümunələr toplanmış bu kitab şair kimi onun obrazının əsas, səciyyəvi cizgilərini faş edəcək. Epistolyar janrın, müsahibə janrının (hətta uydurulmuş olsa belə) qəribə bir xüsusiyyəti var, orda adresat, ünvan, ilk növbədə, yazan və danışan adam [şair eyni vaxtda danışaraq yazandır] üçün daha görünən və əlçatandır, bu isə ədəbiyyat üçün vacib olan, çoxişləkliyi ilə inflyasiyaya məruz qalmamış səmimiyyəti dürüst edir; öncə yazan adamda, müəllifdə belə bir duyğu yaradır ki, o nəhayətsiz laqeydliyə deyil, onunla həmdərd ola biləcək, qarşısında dayanmış başqa birinə xitab edir; bu duyğu oxucuya da dərindən sirayət edir. Ümumiyyətlə isə bütün şeirlər bir az da şairlərin öz-özü ilə söhbəti, müsahibəsidir. Gəlin, Oktavio Pasın sözləriylə desək, Deakoneskunun "Müsahibə"sini gözlərimizlə dinləyək.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!