"Sarı mətbuat"ın Simonyanı - A.Savalan

"Literaturnaya qazeta"nın 23-29 aprel 2025-ci il tarixli sayında Rusiya Federasiyasının bir qrup tanınmış ziyalıları - dramaturq, yazıçı, jurnalist, rejissor, bir sözlə, elm və mədəniyyət xadimləri ölkənin ali orqanlarına və müvafiq nazirliklərinə "Susmaq istəmirik" başlıqlı müraciətlərini dərc etdirmişlər.

Müraciətdə Marqarita Simonyan adlı teleaparıcının görkəmli rus şairi Konstantin Simonovun ailə həyatına və yaradıcılığına kölgə salan, aşağılayıcı fikirlər aşılayan mövqeyi haqlı olaraq tənqid olunur. K.Simonovun 110 illiyinə və Böyük Qələbənin 80 illiyinə həsr olunmuş televiziya verilişinə milyonların baxdığı bir məqamda cəbhəçi şairin təmiz şəxsiyyətinə şər və böhtan çirkabını yaxan M.Simonyan Sovetlər Birliyində az qala, hər kəsin əzbər bildiyi "Gözlə məni" şeirinin müəllifinə belə yanaşmaqla ictimaiyyətdə özünə qarşı mənfi reaksiya yaratmışdır. Təbii ki, şairin oğlu Aleksey Simonov bu verilişə laqeyd qalmamış və Simonyanın böhtan xarakterli çıxışına tutarlı dəlillərlə təkzib verdirmişdir. Rusiya Federasiyasının bu müraciətə imza atan ziyalıları Simonyandan üzr istəməyi və "Gözlə məni" müqəddəs adının onun apardığı müəmmalı verilişdən kənarlaşdırılmasını tələb edirlər.

 

Azərbaycan yazıçıları da Rusiya ziyalılarının haqlı tələbinə qoşularaq görkəmli söz sənətkarının, cəbhəçi şairin işıqlı xatirəsinə kölgə salmağa çalışan teleaparıcını efir məsuliyyətinə və insanlıq qanunlarına əməl etməyə çağırır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!