Əliağa Kürçaylının Salyanda heykəli ucaldılmalıdır... - Allahverdi Eminovdan TƏKLİF

Təklif

Azərbaycanın hər bir regionunda seçilmiş, görkəmli şəxsiyyətləri olubdur və bu gün də vardır. Belə simaların gənc nəslin tərbiyəsində böyük rolu şəksizdir. Onların adları əbədiləşdirilir: küçələrə adları verilir, büstləri və heykəlləri ucaldılır. Bu mənada, Salyan rayonu istisna deyil. Rayonun görkəmli şəxsiyyətlərindən Əli bəy Hüseynzadə, Salman Hacıyev, Əlövsət Quliyev, Qüdrət Səmədov və başqalarını xatırlatmaq olar. Müasirlərimizdən - şairlərdən Əliağa Kürçaylı və Xəlil Rza Ulutürk məhz belələrindəndir. Ə.Hüseynzadə və X.Ulutürkün Salyan şəhərində heykəlləri, Ə.Quliyevin büstü qoyulmuşdur, eləcə də Aşıq Pənah Pənahovun. Lakin bu günə qədər görkəmli şair Əliağa Kürçaylının heykəli yoxdur. O, Qaraqaşlı kəndində doğulmuş, orta məktəbi Salyanda bitirmiş, unudulmaz şairimiz Səməd Vurğunun qayğısı və xeyir-duası ilə Bakıya gətirilmiş, ADU-nu qurtarmış, bir şair kimi yaşayıb-yaratmışdır. "Kürçaylı" təxəllüsünü də S.Vurğun ona tövsiyə etmişdir.

 

Ə.Kürçaylının doğulduğu ev də durur, amma adını daşıyan "Ev muzeyi" hələ də yaradılmamışdır.

Haşiyə çıxardım ki, Əliağa Kürçaylını mən birinci sinifdə oxuyarkən (1948) görmüşəm. Onun böyük bacısı doğulduğum Qırmızıkənd dəmiryolunun ustası Hənifə Quliyevin həyat yoldaşı idi. Hənifə əmi müharibədən qayıtmış dayım Cahandarla dost idilər, birgə ova çıxırdılar. Əliağa tez-tez Qırmızıkəndə gələr, bacısını yoluxardı. O, dayımla dostlaşmış və yoldaşlıq edirdi. 

Mən o vaxt Əliağa Kürçaylı ilə görüşürdüm. Hənifə Quliyev qonşu Dayıkənd dəmiryoluna "yol ustası" vəzifəsinə göndəriləndən sonra bir daha Əliağa Kürçaylını görə bilmədim.

Bakıda Pedaqoji İnstituta qəbul olunmuşdum, ədəbiyyat dərnəyini tənqidçi, dosent Əhəd Hüseynov aparırdı. Yadımdadır, Ə.Kürçaylının "Durnalar Cənuba uçur" poeması təzəcə çap olunmuşdu. Əhəd Hüseynov şairi dərnəyə dəvət etmişdi, poemanın müzakirəsini keçirirdi. Məruzəçi Vaqif Yusif - Gürsel idi. O, ətraflı danışdı, şair razı qaldı, təşəkkürünü bildirdi. 

Əliağa Kürçaylı 51 yaşında dünyasını dəyişdi. Onun dəfnində iştirak etdim, qızı Ülkərlə yanaşı torpağa tapşırıldı.

Görkəmli şairin heykəli Salyan şəhərində qoyulmalı, xatirəsi əbədiləşdirilməlidir.

 

Aprel, 2025

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!