"Bir sevdadır Azərbaycan" - Sədat Adıgözəllə müsahibə

Professor Sədat Adıgözəllə Ərzurum Kitab Fuarında tanış olduq. Ərzurum Atatürk Universiteti çağdaş türk ləhcələri və ədəbiyyatı fakültəsinin tələbələri Azərbaycan dilində kitab üçün gəlirdilər. İlk dəfə bu istəklə qarşılaşdığımdan heyrət edirdim. Bir neçə nümunəmiz vardı və o az sayda kitabımız bir neçə günə satıldı. Tələbələr "hocamız, filan kitabı oxuyun, filan yazarla tanış olun" - deyirdilər. Sonra bir gün fuarımızın üfüqündə göründü. Təvazökar görkəmli bu adam bizi fakültəyə mühazirə oxumaq üçün dəvət etdi. Bu, hər tələbəyə nəsib olmaz, - dedi, Azərbaycan ədəbiyyatını yazarın öz dilində, öz ləhcəsində dinləmək. Nəhayət, bizim də hocamızı dinləmək saatımız gəldi.

Qeyd edim ki, professor Sədat Adıgözəl beynəlxalq elmi jurnallarda Elçin, Anar, Mövlud Süleymanlı, İsmayıl Şıxlı və bir çox Azərbaycan yazıçısının əsərlərini müxtəlif aspektdən təhlil edən onlarla məqalə ilə çıxış edib. Folklorumuzu və adətlərimizi araşdırıb, tarixi şəxsiyyətlərimiz haqqında geniş rezonans doğuran yazıların müəllifidir. Onun "Elçin. Ədəbiyyat sosiologiyası açısından romanları" kitabı Türkiyə Universitetlərinin çağdaş türk ləhcələri və ədəbiyyatı fakültələrində dərslik kimi istifadə olunur.                                                

 

-dat y, öncə, Azərbaycandan başlasaq? Nədir Azərbaycan sizin üçün?

-Bir sevdadır Azərbaycan. Cavablardan ilki və ən önəmlisi; Azərbaycan mənim üçün bir ülkü oluşudur. Atamın atası Osmanlı-rus savaşında ruslara əsir düşür,  qaçarkən Bakıda öldürülür və orada dəfn edilir. Mənim çocuqluğum bu hekayəni dinləyərək keçdi və mən sanki Azərbaycana gedərsəm, babamı tapacam hissini bugün də yaşayıram. İkinci səbəb 1990-cı illər - mənim lisə son və universitetdəki ilk illərimdir. Qanlı yanvar olayları olduğunda lisə son sinifdəydik. Dərslərimiz, özəlliklə də ədəbiyyat dərslərimizdə Azərbaycan və Türk dünyası bizim ən çox maraqlandığımız məsələlər idi. Hətta dəfələrlə baş verən haqsızlığa göz yaşları tökmüşdük. Mənim üçün Türk dünyası həyatımın üfüq xətti idi. Getməli, görməli və oranın bir parçası olmalıyam. Universitetdən məzun olduğumuzda Atatürk Universitetində çağdaş türk ləhçələri və ədəbiyyatları bölümü yeni qurulmuşdu. Mən akademik çalışma istəyimi rəhmətlik hocam Professor Bilgə Seyidoğluna söylədikdə o da mənə  bu bölümü təklif etdi. Bu, əslində mənim xəyallarımı gerçəkləşdirəcəyim bir sahə idi və mən Azərbaycanı seçdim. Budur mənim Azərbaycan sevdamın hekayəsi...

-Azərbaycan ədəbiyyatında daha çox 60-cılar deyə bilinən bir kəsimin əsərlərini araşdırmısınız.

-Azərbaycan ədəbiyyatının oxumadığım dönəmi, araşdırmadığım dövrü yoxdur. Çalışmalarım bəlkə 1960-cılar ağırlıqlı görünə bilər. Amma özəlliklə Azərbaycan ədəbiyyatında adlar sözlüyü adlı internet səhifəsi  çalışmamla bütün dönəmləri araşdırmağa başladıq. Fakültədəki dərslərimdə də bütün dönəmləri ilə Azərbaycan ədəbiyyatını anladıram. 60-cıların çalışmalarımda bir az daha ön planda olmasının səbəbi isə Azərbaycan ədəbiyyatının məncə, ən böyük yazarlarından biri olan Elçinin "Ölüm hökmü" romanıdır. Bu roman Türkiyədə nəşr edildiyində bəlkə də ilk oxucusu mən olmuşam. Bu roman məni ilk öncə Elçin heyranı, daha sonra da 60-cıların araşdırmaçısı etdi. Elçin, Anar, Mövlud Süleymanlı ilə şəxsi  tanışlığım və görüşlərim oldu. Onlar Azərbaycanın və Azərbaycan ədəbiyyatının ədəbiyyatdakı tarixini yazdılar.  Azərbaycan ədəbiyyatının bir çox böyük yazarı var hər birinin yeri və dəyəri fərqlidir, amma mənim sevdiyim, təsirindən qurtula bilmədiyim forması Sovet dövrü davam edərkən "Ölüm hökmü", "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi, "Qətl günü", xüsusilə "Köç" kimi romanların 60-cılar tərəfindən ortaya qoyulmasıdır. Mən demirəm Azərbaycan ədəbiyyatı bu yazarlardan ibarətdir. Mənim çalışmalarım Mirzə Fətəli  Axundovdan, Molla Nəsrəddinə, Əzizə Cəfərzadədən İsmayıl Şıxlıya, Məhəmməd Əmin Rəsulzadədən Əli bəy Hüseynzadəyə, Rəsul Rzadan İlyas Əfəndiyevə və bir çox yeni dövr Azərbaycan yazarına qədər  geniş bir sahəni əhatə edir. Azərbaycan ədəbiyyatı dəryadır və biz ondan bir damla ala bilsək, nə mutlu bizə. Fakültədəki assistentlərimə da müdafiə mövzularını Azərbaycan ədəbiyyatının önəmli simalarından verirəm.

- Türk xalqları arasında ədəbiyyatın rolunu necə dəyərləndirirsiniz? Əgər düşüncə alış-verişi, mədəniyyət desəniz, etiraz edəcəm. Hətta  yasaq illərdə  dəmir pərdə zamanında belə bir-birimizi oxuya bilirdik. Amma hələ bu köprü qurulmadı; bir-birimizi tərcümə ilə oxuyuruq.

- Türk dünyası ilişkiləri üzərində ədəbiyyat və ədəbiyyatın rolu çox danışılan, geniş, tükənməyən bir mövzudur. Bütün türk coğrafiyası olduqca zəngin bir ədəbi gələnəyə sahibik. Özəlliklə xalq ədəbiyyatı üzərində araşdırmalarda  görürük ki, bütün ədəbi materiallarımız çox kiçik dəyişikliklərlə ortaqdır. Modern ədəbiyyata gəlincə eyni zənginlik davam etməklə  çox önəmli yazarlar və şairlər bütün türk coğrafiyasında varlığını sürdürməkdədirlər. Mən ədəbi ilişkilər nöqtəsində mənfi düşüncədə deyiləm. Amma təəssüf ki, modern dünyanın ən böyük problemlərindən biri də mütaliənin azlığıdır ki, bizim gənclik üçün də xəstəlik halına gəlib. Bu yerdə öz ölkəsindəki şair və yazarları izləməkdən  uzaq toplumdan  Türk dünyası ədəbiyyatına maraq gözləmək mümkün deyil.  Fəqət, biz bu durumu aydınlarımız, yəni araşdırmaçılarımız, yazar və şairlərimiz nöqteyi-nəzərindən dəyərləndirməliyik. Bu nöqtədə ədəbi münasibətlərimizin  istədiyimiz səviyyədə  olmasa da, keçmişə nisbətən yaxşılığa doğru olduğunu düşünürəm. Bir-birimizi tərcümə ilə oxuma nöqtəsinə gəlincə mən tərcümə yerinə uyğunlaşdırma ifadəsinin daha doğru olduğunu düşünürəm.

-Tərcümədən söz açmışkən, ortaq dil problemi necə həll olunacaq sizcə (üzülərək xatırladım ki,  20 il öncə də reportajlarımda yazarlarımıza bu sualı verirdim)?

-Ortaq  ədəbi dil, əlbəttə, çox böyük bir düşüncədir, amma indiki halda bir xəyal kimi görünür. İlk növbədə üzərimizə düşən vəzifənin necə məsuliyyətli, vacib olmasını dərk etmək, daha sonra yorulmadan çalışmaq var. Əslində bu iş dövlətlərin iradələrinin dövriyyəyə girməsi ilə mümkündür. Türkiyə ilə Azərbaycan arasında məncə, artıq uyğunlaşdırılmış əsərlərə ehtiyac yoxdur, çünki hər iki tərəfin oxucuları bir-birini çox rahat anlaya bilir. Amma digər Türk dünyası dövlətləri ilə bağlı eyni durumdan bəhs etmək hələ tezdir.

-Azərbaycan ədəbiyyatının tanıtımı üçün nələr edilməlidir sizcə?

-Azərbaycan ədəbiyyatı çox böyük və çox zəngin bir ədəbiyyatdır, çox önəmli və gözəl əsərlərə sahibdir, amma həm Türk dünyasında, həm də bütün dünyada lazım olan qiyməti aldığını  düşünmürəm. 

Söhbətləşdi: Kəbutər Haqverdi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!