Mübarək üzlü Boz Qurd - Cəlal BƏYDİLİ

Boz Qurd sevdalıları Mirəli Seyidovun və Arif Acaloğlunun xatirəsinə

Türk mədəni sisteminin dəyərlər düzümündə bütün sonrakı nəsillərin tanıdığı və "əbədi" təsəvvür etdiyi, milli tarix düşüncəsi üçün vacib sosial nizamın yaradıcısı olan müstəsna örnək obrazlar var. Mənşəcə arxaik mədəni qəhrəmana bağlı Boz Qurd onların ən ön sıralarındadır. Türk mifoloji ənənəsində simvolikasına görə o, əsasən, ulu əcdad, qoruyucu və xilaskar funksiyalarında çıxış edən hami ruh, kosmoqonik aktın iştirakçısıdır. Onun Tanrı tərəfindən göndərildiyinə inanılmışdır.

Boz Qurd mifləri türk dünyasını var edən miflərdir. Bu ölümsüz varlığın ehtişamı onun mübarək üzlü olmağından - səmaviliyindəndir. Ona etnik-mədəni ənənənin təbiətinə uyğun, mifoloji semantikasını bütün dolğunluğu ilə əks etdirən tərzdə "Göy oğlu" deyənlər də vardı. 

 

...Türklər, "Ergenekon" dastanına görə, məhz Boz Qurd sayəsində dağlar arasından yol tapıb dünya üzünə çıxmışdılar. Oğuz dastanı isə deyir ki, Oğuzun dünyanı fəthi zamanı göy üzündən işıq içində enən mübarək üzlü Boz Qurd bələdçilik edərək ordusunun önündə gedib ona yol göstərmiş, onu yürüşdən-yürüşə səsləmişdir. 

Qurdun mifik ulu əcdad olduğu düşüncəsi başqurdların da mənşə miflərində əksini tapıbdır. Bu mifə əsasən, "başqurd" səmavi mənşəli "qurdun önə düşüb gətirdiyi xalq" deməkdir [A.İnan, 1987]. 

Əslini qurda bağlamış qədim türk Aşina soyu qurdu əcdad bilirdi. Göytürklər, uyğurlar, qaraxanlılar, qıpçaqlar... da köklərini qurda bağlı sanırdılar. Bir çox türk boyları və soylarının öz əcdadlarını legitim hakimiyyətin tək qaynağı olmaqla qurda bağlamaları Turan xalqlarının inanışlarında onun xüsusi sakral semantikasından doğurdu [Lipets, 1981]. Qədim Çin qaynaqları türk əsilli olmayanlar barəsində belə söylərdi: "qurddan törəyənlərdən deyillər". 

Türk dastan ənənəsinə görə, ulusun böhranlı zamanlarında imdada yetişən də Boz Qurddur. Elin başı üzərini təhlükə aldığı ağır gündə Boz Qurd azadlıq ruhunun rəmzi olaraq yenidən meydana çıxıb, ulusa yol göstərmişdir (Araz şairinin "Ölümünlə qalımını ayırd elə // ...Dur özünü Boz Qurd elə!.." dediyi də o qan yaddaşının çağırışındandı). Uyğur əfsanəsinə görə, yurda bərəkət və səadət gətirdiyinə inanılan bir qaya çinlilərə veriləndən sonra uğursuzluqlara tuş gəlmiş el aclığa məhkum olub, yeni yurd axtarışında ikən önlərinə düşüb onlara yol göstərən yenə qurd olmuşdu. 

Türklərdə qurda verilən böyük dəyərin ən yeni dövrədək davam etdiyini yazan mədəniyyət tarixçiləri vurğulayırlar ki, etnologiya elminə görə qurd motivi türklər üçün "tipik"dir, yəni başqa xalqlarda rast gəlinməyən etnoqrafik əlamətdir [Kafesoğlu, 1998]. 

 

Türk mifoloji düşüncəsi ilə bağlı araşdırmalar da bütün qurdları deyil, yalnız Boz Qurdu əski türk təfəkkürünün öz tərkib hissəsi qəbul etdiyi gerçəyini üzə çıxarmış, "özümüzkülər / özgələr" qarşıdurmasında məhz "özümüzkülər"lə bir sırada dayanan Boz Qurdun müqəddəs sayıldığını, etnik-mədəni mətnin sakral mənalar iyerarxiyasında yalnız onun yer aldığını göstərmişdir [A.Acalov, 1989]. 

Azər (türk) elindən toplanmış bir mətndə Nuh peyğəmbərin oğlu Türkə qurtuluş yolu göstərən Boz Qurddur. Mətndə Türkün dediyi: "Boz Qurd bizim xilaskarımızdı, əgər o, yol göstərməsəydi, nə mən olardım, nə də siz... Ona görə də gərək həmişə Boz Qurda inanasınız" sözləri anlamlıdır...

 

Ənənəvi düşüncə üçün bayraq dövləti yaratmış soyun əcdad ruhunun məkanı, "dövlət ruhunun toplandığı yer" idi. Türk xaqanlarının otağı önündə dalğalanan bayraqda bu üzdən Altun Şuna (qızıl başlı qurd) təsviri vardı. "Üzərində qurd təsviri olan bayraq çinlilər düşündüyü kimi təkcə rəmz deyil... Burada qurdun ruhu, gücü var... Bu bayraq orduya öncüllük eləyir... Qurdun varlığının tam qarşılığıdır, onun yerini doldurur... o varlığın ta özüdür" [J.- P.Ru, 1999].

Savaşçılarla qurdların eyniləşdirildiyi köçəri türk mədəni mühitində Boz Qurd savaş ideologiyasının da əsasında dayanmışdı. Xaqan alayı "böri" (qurd) adlanırdı. Savaş ruhunun daşıyıcısı Boz Qurdu öz hamisi bilən türk döyüşçü bu ruha da tapınardı. "Oğuz Kağan dastanı"na görə, Türk ulusunun savaş parolu "Boz Qurd" (Gök Börü) idi. 

 

Dərin əsatiri keçmişdən qalma ənənəyə uyğun şəkildə Göytürk xaqanları Boz Qurda bənzədilərdi. "Monqolların gizli tarixi"ndə nəql olunur ki, dünyanın ən müdrik hökmdarı Çingiz Boz Qurd soyundandı; "Börte-çino" deyilən Boz Qurddan doğulub, adı da "Yılkı yallı Gök Börü" oğlu Çingiz xandır. "Çingiznamə" də Çingizin soy-kökünü Gün şüası və Boz Qurda bağlayır. "Çingiz//Şınqız" elə "Qurd oğlu" deməkdir. O, xilaskar "Göy oğlu" missiyasını üzərinə götürmüşdü... 

Tuba (Uryanxay) türklərinin şaman dualarında Boz Qurda üz tutaraq: "...Kök pörü erenim kayraxan!.. // Tanrımın yaxını... // Boz Qurdum!.." - deyirlər ki, "Boz Qurd" bənzətməli Kayraxan burada Tanrı müjdəçisi həmin ruhdur [B.Ögel, 1989]. 

"Dədə Qorqud kitabı"nın Vatikan nüsxəsində bir "sırtı yoluk Boz qurt" ifadəsi yer alır. Kitabın dərin biliciləri türkcələrdəki "sırt" sözünün "üz, görünüş" anlamından və qaraimcə "yol" (taleh), "yolaylı" (xoşbəxt), noqayca "yollı" (xoşbəxt), qaraqalpaqca "çollı" (mübarək, xoşbəxt), yakutca "collox//dyollox" (xoş bəxtli, mübarək) və b. kəlmələrin də əsasında dayanmış "yol" köklü "yoluk" sözünün "xoşbəxtlik, səadət" anlamlarından çıxış edərək ifadədəki "sırtı yoluk" tərkibini "üzü nurlu, mübarək üzlü" deyə yozurlar [V.Zahidoğlu, 2001]. 

 

Boz Qurda "mübarək üzlü..." deyilməsi obrazın mifoloji simvolikasıyla üst-üstə düşür, etnik-mədəni dəyərlər düzümündə tam təsdiqini tapır. İfadə dastanın Drezden nüsxəsində eyni boyda "Qurd yüzi mübarəkdir..." şəklində də təkrarlanıbdı. 

Koroğlu ilə Boz Qurd mifologemi arasındakı semantik əlaqə və mifoloji plandakı eyniyyət zəminində "Koroğlu" dastanını Boz Qurd mətninin transformasiyası sayırlar; doğrudan, dastanda Boz Qurdla əlaqənin izləri çoxdur. Türkmən "Goroğlu"su üçün ən yaxşı savaşçılar "Boz Qurd oğulları"dır. Boz Qurd necə bir qurtarıcıdırsa, Koroğlu haqda da Qaşqay türkləri deyirlər: "Koroğlu aramızda yaşayır, bizləri yaşadır və qoruyur"... Eyni genetik bağlılıq Manas ilə Boz Qurd arasında var. 

"Türk mifologiyasının ən önəmli simvolu" olan Boz Qurdun obrazının guya "Dədə Qorqud" dastanları dövründə oğuzların təfəkküründən az qala silindiyi iddiası əsassızdır. Boz Qurdla bağlı türk xalqları arasında neçə-neçə sınamanın, inancın hələ də mövcudluğu onun bəlalardan qurtarıcı, xoşbəxtlik gətirən qüvvət, sosial nizamın qoruyucusu və b. olaraq bu ənənədə hər zaman mühüm yer tutduğunu göstərir. Türkiyədə bəktaşi-ələvi türkmənlərdən toplanmış mənqəbə qurtarıcı və yolgöstərən Boz Qurdun motiv səviyyəsində günümüzədək yaşadığı gerçəyinin daha bir təsdiqidir [Ö.Çobanoğlu]. 

 

Türk inanışları axarında Boz Qurd mifologemi slavyanlara da keçmişdir. "Bosıy volk" "Boz Qurd"un "İqor alayı dastanı"ndakı qarşılığıdır. Əski rus mənbələri şamanlıq qabiliyyəti də olan qıpçaq hökmdarı Bonyakın qurdlarla danışmağı, qurda çevrilə bilməyi haqda bilgi verir. Bunların fonunda V.Qordlevski yazırdı ki, Boz Qurd önümüzdə türk şaman inanışları dünyasını açır. 

Qurdun totem olub-olmadığı məsələsinə gəlincə, D.Kloson hələ 1960-cı illərdə yazılı qaynaqlara istinadla əski türklərdə qurdun totem olduğu fikrini şübhə altına almış, L.Potapov isə çoxsaylı etnoqrafik materialın çağdaş türk və monqol xalqlarında totemist inanışdan bəhs etməyə əsas vermədiyini yazmışdı [L.Potapov, 1991]. Prof. H.Tanyu da bildirirdi ki, qurdun totem, tanrı kimi açıqlanması türk dini tarixi baxımından tamamən yanlışdır. 

Türk mifologiyasında yeri əsla totemizm çərçivəsinə sığmır. Uzun müddətdən bəri totem deyib durduqları Boz Qurdda totemizmin nə sosial, nə hüquqi aspekti var [A.Acalov, 1989]. Totemizmdə etnik birliklərin daxili bölgüsünə xidmət edən totemlərin əksinə, türk ellərinin mübarək sandıqları Boz Qurd öz mifoloji simvolikası ilə bütün türk millətini birləşdirib, ona bütövlük qazandırır... 

 

Ulu əcdad, xilaskar və yolgöstərici vəsfləri ilə daşların belə yaddaşına işləyən Boz Qurd əski türk inanışları axarında daim milliyyət duyğusuna yön verərək, türk millətsevərliyinin, türk milli məfkurəsinin parlaqdan parlaq rəmzinə çevrilmişdir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!