Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə xalq artisti Rafiq Əşrəf oğlu Əzimov "Şöhrət" ordeni ilə təltif edilmişdir. Xatırladırıq ki, fevralın 6-da Rafiq müəllimin 80 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir və əməkdaşımızla söhbətini təqdim edirik.
- Rafiq müəllim, deyəsən məşqdən gəlirsiz...
- Bəli. "Arvadımın əri" tamaşasının məşqlərinə başlamışıq. Hələ ki, səhnə əsərinin adı belədir, amma tezliklə dəyişdiriləcək. Tamaşada Hacı İsmayılov və mən oynayırıq. Səhnə əsərinin rejissoru Əlif Cahangirov, bədii rəhbəri isə Azərpaşa Zəfəroğludur. Teatrımızın yuxarı səhnəsində bir neçə səhnə yaradılıb: Abbasmirzə Şərifzadə səhnəsi, Adil İsgəndərov səhnəsi, Mehdi Məmmədov səhnəsi və Tofiq Kazımov səhnəsi. Bu tamaşanı Abbasmirzə Şərifzadə səhnəsi üçün hazırlayırıq. Hansı ki, bu səhnədə 4 tərəfdən tamaşaçı oturacaq. Belə səhnəni qurmaq, burada oynamaq həm çox maraqlıdır, həm də çətindir. Amma bu təcrübəni biz Teatr Xadimləri İttifaqında keçmişik. Orada biz Hacı İsmayılov və mən Mustafa Mərdanovun yazdığı "Mənim xatirələrim, mənim müasirlərim..." kitabları əsasında hazırlanmış tamaşada oynamışıq. Onun ardınca biz absurd dramaturgiyaya aid Ejen İoneskonun "Stullar" əsərini səhnələşdirdik. O tamaşada 3 personaj var idi; Həmidə Ömərova, Hacı İsmayılov və mən. Bu tamaşa mənim üçün maraqlı olduğu qədər də çətin idi. Çünki bizim teatrda absurd dramaturgiyaya müraciət olunmayıb. Yeganə olaraq Kamyunun "Anlaşılmaz qətl" əsərinin tamaşasını istisna edə bilərik. İoneskonun "Stullar" əsərinin tamaşası çox maraqla qarşılandı. Rumıniya, Moldova səfirləri gəlib həmin tamaşanı izlədi.
- Yeri gəlmişkən, qocaman aktyor kimi absurd tamaşalara, yeni sənət cərəyanlarına münasibətiniz necədir? Onların Azərbaycan teatrına gəlməsini qəbul edirsinizmi?
- Yenilikdən heç kəs qaça bilməz. Sənət aləmində yaş məsələsi önəmli meyar deyil. Önəmli meyar tamaşaçını düşündürmək, ona sirayət etməkdir. Əgər dediyiniz yeniliklər bu məqamlara hesablanırsa, təbii ki, qəbulediləndir.
Baxın indi gəncləri kitab oxumamaqda qınayırlar. Özüm də baxıram ətrafıma, bütün gənclər imtahana kompüterlə hazırlaşır, dərslərini orada oxuyur, bütün işlərini kompüterdə görür. Bu mənə qəribə görünür. Çünki biz bu işləri görmək üçün günlərlə kitabxanalarda olurduq. İndi insanlar bir düyməni basmaqla bütün dünyadan xəbər tuturlar. Onu demək istəyirəm ki, gənclər bizdən daha irəli gediblər. Onların gözləri dünyaya daha geniş açılır.
Amma istərdim bu yeniliklərə tam sahib olsunlar, onu sənətə tətbiq edə bilsinlər. Məsələn, bizim "7 oğul istərəm" filmi Nuh əyyamından qalma avadanlıqlarla çəkilmişdi. Amma bu gün də tamaşaçılar məni görəndə deyir ki, "hanı o köhnə kinolarımız?". Biz filmdə canlı atları çapırdıq, onlardan yıxılırdıq... İndi bu prosesi montaj edirlər, adam məəttəl qalır.
Amma mən pessimist adam deyiləm, inanıram gəncliyimizə. Məsələn, vaxtilə Üzeyir bəy dünyadan köçəndə kim fikirləşirdi ki, bundan sonra Fikrət Əmirov, Niyazi, Qara Qarayev gələcək. O dəfn olunanda bütün millət ayağa qalxmışdı. Amma ardınca yenə də böyük sənətkarlar yetişdi.
Gec gələr, güc gələr. Əminəm ki, Azərbaycanın üzünü ağ edən gəncliyimiz tezliklə özünü göstərəcək.
- 56 ildir eyni teatrda - Akademik Milli Dram Teatrında çalışırsız. Bu necə hissdir?
- Bəli. 1962-ci ildə institutu qurtaran kimi Mədəniyyət Nazirliyi 3 nəfər aktyoru bura təyin etdi: Həsən Məmmədov, Eldəniz Rəsulov və mən. Baxmayaraq ki, Eldəniz Adil İsgəndərovun kursunda oxuyurdu, o instituta bizdən iki il əvvəl daxil olmuşdu, şuluq olduğu üçün institutu iki il sonra, bizimlə bitirdi. Fasiləsiz olaraq 56 ildir bu teatrda çalışıram. Bu gün də repertuardayam. Həsənlə Eldəniz kinoyla əlaqədar bir neçə dəfə gedib, qayıtmışdılar.
Mən bu illər ərzində korifeylərlə sənət müqabili olmuşam. Mənimçün ən maraqlı məqam tamaşaçı qarşısında başqalaşa bilmək anıdır. Bu alınırsa, həm aktyor inkişaf edir, həm də tamaşaçı razı qalır. Hərçənd, teatrda başqalaşmaq sənəti çox çətindir.
Teatr mənim həyatımda çox uğurlu bir yol açıb. Mən ulu öndərimizin imzası ilə əməkdar artist, xalq artisti adına, eyni zamanda Prezident mükafatına layiq görülmüşəm. Cənab Prezidentimizin imzasıyla Prezident təqaüdü almışam. Bu mükafatlar bizə boşuna verilmir. Yəqin ki, sənətdə nəsə etmişik ki, bu işimiz nəzərə alınıb. Heç vaxt ad-san, mükafat dalınca qaçmamışam. Başımı aşağı salıb sənətlə məşğulam. Dedi-qodudan çox uzaqam. Bu gün də öz işimdəyəm. Az sonra "Qarabağnamə" tamaşasını təqdim edəcəyik. Bu tamaşada da mən Mir Möhsün Ağa surətində çıxış edirəm.
- Səhv etmirəmsə, teatr ənənəvi olaraq mövsümə bu tamaşa ilə start verib, bu tamaşa ilə də mövsümü bağlayır.
- Bəli. Belə qərara gəlinib ki, nə qədər ki, Qarabağ işğaldan azad olunmayıb, biz bu ənənəyə sadiq qalaq; mövsümü bu tamaşa ilə açıb, bu tamaşa ilə də bağlayaq. Tamaşaçıların ən sevdiyi tamaşalardandır "Qarabağnamə". İlyas Əfəndiyevin bu əsərilə biz Türkiyədə də çıxış etmişik.
- Artıq 80 yaşınız tamam olur. Yaşınız səhnə fəaliyyətinizə mane olmur?
- Mən hazırda teatrda bir neçə tamaşada iştirak edirəm: sadaladığım əsərlərdən başqa "Ölülər", "Almas", "Müfəttiş" və digər sevilən tamaşalarda oynayıram. Gördüyünüz kimi mən gənclik dövründə bu teatrda hansı fəallıqda idim, indi həmin güclə, fəallıqla davam edirəm. Tamaşaçılar qarşısında müxtəlif xarakterli rollarda çıxış edirəm. Əminəm ki, ən dəqiq qiyməti məhz tamaşaçı verir. Onlar da şahiddirlər ki, Əzimov Rafiq gənclik illərində rolları hansı həvəslə oynayırdısa, bu gün də elə davam edir.
- Kino sahəsində işləriniz necə davam edir?
- Kinoda da teatrda olduğum kimi... Burada sonuncu işim "Qarabağnamə" filmində olub. Orada salnaməçi obrazında idim. Ondan qabaqkı illərdə Elçin Musaoğlunun "Qırxıncı qapı" filmində çıxış etdim. İlqar Nəcəfin "Buta" filmində baş rolda oynadım. Hər iki film müxtəıif festivallarda mükafatlar qazanıb. Hətta "Buta" filmi "Oskar"a təqdim olunan 40 filmdən biri olmuşdu. İlqar Nəcəf cavan olmasına baxmayaraq, çox bacarıqlı rejissordur. Onun bu filmi bildiyiniz kimi Cənubi Afrika Respublikasında "Qran Pri" qazanmışdı. Başqa bir çox mükafatları qazandı.
- Rafiq müəllim, 80 illiyiniz münasibətilə sizi qəzetimiz və oxucularımız adından təbrik edirik. Sizi hələ uzun müddət səhnəmizdə görmək istəyirik.
- Mən də sizə diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.
Söhbətləşdi: Sərdar Amin
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!