"Azərbaycan Nəşriyyatları Assosasiyası" İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə bu il keçirilən IV Uşaq Kitab Festivalı həm uşaqlar, həm valideynlər, həm də müəllimlər üçün unudulmaz bir təcrübəyə çevrildi. Festival sadəcə bir tədbir yox, bir sevinc, bir coşqu, bir yaradıcılıq bayramı idi. Gənc istedadların parladığı, uşaqların özlərini ifadə etdikləri bu festival, gələcəyin parlaq ümidlərinin necə formalaşdığını bir daha sübut etdi.
10-13 aprel 2025-ci ildə keçirilmiş bu festivalda hər günün öz proqramı vardı. Zahid Xəlil, Qəşəm İsabəyli, Qəşəm Nəcəfzadə, Reyhan Yusifqızı, Əziz Sultan, Zahirə Cabir, Leyla Həsənova, Aygün Ələkbərova, Çinarə Köçərli, Solmaz Amanova, Elgüsel, Aynur Cavid, Aytac Qəmbərova, Xülya Sabirli, Rövşən Abdullaoğlu, Aysel Rəsulzadə və s. uşaq yazıçıları uşaqlarla görüşdü, onlarla maraqlı dialoqlar qurdular.
Festivalda tədbirlərdən biri Qəşəm Nəcəfzadənin moderatorluğu ilə baş tutdu. O, uşaqları şeirlər deməyə səsləyir, onlara maraqlı suallar verir, uşaqlar da böyük sevinc hissi ilə onun suallarına cavab verirdilər.
Festival çərçivəsində 11 aprel "Milli geyimlərimiz günü", 12 aprel "Peşələr günü", 13 aprel "Mənim nağıl qəhrəmanım günü" kimi elan edilmişdi. Arzu edən hər kəs istədiyi geyimdə festivala gələ bilərdi.
11 aprelin "Milli geyimlərimiz günü" elan edilməsi təsadüfi deyildi. Bu layihə uşaqlara öz milli kimliklərini daha yaxından tanıtmaq, xalqımızın zəngin mədəni irsini hiss etdirmək və milli dəyərlərimizi yaşatmaq məqsədi daşıyır.
Festivalın növbəti günü Azərbaycan bölgələrinə xas olan milli geyimlərin nümayişi ilə başladı. Qızlar başlarında tələlər, əyinlərində zərli atlas, kəlağayı və muncuqlarla bəzədilmiş milli donlar geyinmişdilər, oğlanlar isə papaq, arxalıq və şalvar kimi ənənəvi kişi geyimlərində çıxış edirdilər. Hər geyim Azərbaycanın müxtəlif bölgələrinə - Quba, Şəki, Lənkəran, Naxçıvan və digər diyarlarına aid olan xüsusiyyətləri əks etdirirdi.
Tədbirdə uşaqlar yalnız geyimləri nümayiş etdirməklə kifayətlənmədi, həm də xalq rəqsləri ifa etdi, nağıllardan və dastanlardan parçalar səsləndirdilər. Bu, uşaqlarda milli mədəniyyətə sevgi və maraq oyatmaqla yanaşı, həm də onların estetik zövqünü və yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədi daşıyırdı.
"Milli geyimlər günü" uşaqlara tolerantlıq və mədəni müxtəlifliyə hörmət ruhunu da aşılayır. Çünki tədbirdə təkcə Azərbaycan geyimləri deyil, digər xalqların milli geyimlərinə də yer verildi ki, bu da multikultural dəyərlərin təbliğinə xidmət edir.
Belə tədbirlər uşaqların yaddaşında uzun illər qalır və onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Həmçinin milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
12 apreldə keçirilmiş "Peşələr günü" uşaqların gələcəkdə cəmiyyətin fəal və məsuliyyətli üzvünə çevrilməsində, onların maraq və bacarıqlarının vaxtında kəşf olunmasında xüsusi əhəmiyyət daşıyır. Bu məqsəd, uşaqlara müxtəlif peşələri daha yaxından tanımaq, öz bacarıqlarını nümayiş etdirmək və gələcək arzularına bir addım da yaxınlaşmaq imkanı verir.
"Peşələr günü"nün əsas məqsədi uşaqlarda peşə yönümünü formalaşdırmaq, onlara müxtəlif sahələrdə mövcud olan ixtisaslar haqqında məlumat vermək, əmək fəaliyyətinə maraq oyatmaq və erkən yaşlardan həyatdakı seçimləri barədə düşünməyə təşviq etməkdir. Həmçinin bu cür tədbirlər uşaqlarda əməksevərlik, məsuliyyətlilik və təşəbbüskarlıq kimi keyfiyyətlərin inkişafına xidmət edir.
Uşaqlar polis, həkim, müəllim, yanğınsöndürən, aşpaz, pilot, jurnalist, memar, proqramçı və digər peşə sahiblərinin obrazında çıxış edərək həm əylənirdilər, həm də öyrənirdilər. Məsələn, həkimlər uşaqlara necə ilkin tibbi yardım göstərmək lazım olduğunu öyrədir, yanğınsöndürənlər təhlükə zamanı necə davranmağı izah edir, aşpazlar isə yemək reseptlərini nümayiş etdirirdilər.
"Peşələr günü"nün keçirilməsi valideynlər üçün də faydalıdır. Onlar uşaqlarının hansı sahəyə daha çox maraq göstərdiyini müşahidə edərək gələcəkdə hansı istiqamətdə onları yönləndirə biləcəklərini müəyyən edə bilirlər.
"Peşələr günü" sadəcə bir əyləncə və ya festival elementi deyil - bu, uşaqların özlərini kəşf etdiyi, gələcəyin böyük arzularına kiçik addımlarla yaxınlaşdığı bir gündür. Həmçinin bu layihə uşaqlar arasında komanda ruhunu, sosial ünsiyyəti və özünüifadə bacarıqlarını gücləndirir. Belə tədbirlər uşaqlarda özlərinə inamı artırır, onlara cəmiyyətin müxtəlif sahələrində rol almağın nə qədər vacib olduğunu izah edir və ən əsası, hər bir peşənin şərəfli və əvəzolunmaz olduğunu öyrədir.
Uşaq festivalının ən sevilən və maraqla gözlənilən tədbirlərindən biri olan "Mənim nağıl qəhrəmanım" günü uşaqları sehrli nağıl dünyasına aparan unudulmaz bir gün oldu. Bu tədbirin əsas məqsədi uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, fantaziyalarını gücləndirmək, həmçinin milli və dünya nağıl qəhrəmanları ilə tanışlıq yaratmaqdır.
Bu tədbir çərçivəsində uşaqlar öz sevimli nağıl qəhrəmanlarının obrazında festivala qatıldılar. Geyimlər, dekorasiyalar və səhnəciklərlə nağılların əhval-ruhiyyəsi canlandırıldı. Uşaqlar Şahzadə, Koroğlu, Cırtdan, Göyçək Fatma, Qırmızıpapaq, Ələddin, Balaca Şahzadə, Qar Kraliçası və digər qəhrəmanlara çevrilərək öz sevimli personajlarını təqdim etdilər.
"Mənim nağıl qəhrəmanım" günü uşaqların klassik Azərbaycan nağıllarına və dünya uşaq ədəbiyyatına marağını artırmaq üçün əla vasitədir. Nağıl qəhrəmanları vasitəsilə uşaqlara dostluq, mərhəmət, ədalət, cəsarət və digər insani dəyərlər aşılanır.
Tədbirin sonunda uşaqlar xatirə şəkilləri çəkdirdilər, ən yaradıcı geyim, ən yaxşı təqdimat, ən maraqlı nağıl qəhrəmanı nominasiyaları üzrə diplom və hədiyyələrlə təltif olundular. Bu da uşaqları motivasiya edir və növbəti tədbirlərə daha həvəslə qatılmağa ruhlandırır. Bu cür tədbirlər uşaqların şəxsiyyət kimi formalaşmasında, özünü ifadə etməsində və mədəni irsimizə bağlanmasında mühüm rol oynayır.
Festivalın keçirildiyi məkan - geniş, rəngarəng bəzədilmiş açıq sahə - Bakı İdman Sarayı bir nağıl dünyasını xatırladırdı. Ən çox diqqətimi çəkən məqamlardan biri uşaqlar üçün təşkil olunan müxtəlif yaradıcılıq guşələri oldu. Hər bir guşədə onlarçün maraqlı fəaliyyətlər təşkil olunmuşdu: rəsmçəkmə, gil plastika, mozaika düzəltmə, müxtəlif əl işləri, rəqs dərsləri və mini teatr tamaşaları. Bu zonalar uşaqlara təkcə əyləncə yox, həm də öyrənmək, yaradıcılıqlarını sərbəst şəkildə ifadə etmək fürsəti verirdi.
Mən bir müddət rəsm çəkmə bölməsində qaldım və oradakı balaca rəssamların fırçaları ilə necə böyük duyğular ifadə etdiklərinə şahid oldum. Bir az sonra gil plastika guşəsində altı yaşlı bir qızcığazın az qala peşəkarcasına hazırladığı kiçik heykəlcikləri görəndə heyran qaldım. Onun gözlərindəki işıq və yaratdığına duyduğu qürur məni də kövrəltdi.
Festivalın əsas səhnəsində isə kiçik ifaçılar öz bacarıqlarını nümayiş etdirirdi. Mahnılar, rəqslər, şeirlər və səhnəciklər tamaşaçılardan alqış yağışı aldı. Bəzi çıxışlar gülüşlərlə, bəziləri isə duyğusal anlarla yadda qaldı. Bu çıxışların arxasında duran əziyyət və məşq prosesi hiss olunurdu. Valideynlərin gözlərindəki qürur, müəllimlərin baxışındakı sevinc və uşaqların üzündəki xoşbəxtlik bu festivalın nə qədər mənalı olduğunu göstərirdi.
Festivalın təşkilində əməyi olan hər kəs - müəllimlər, könüllülər, təşkilatçılar - alqışa layiqdir. Uşaqların inkişafına, azad düşüncəli və yaradıcı fərdlər kimi formalaşmalarına verilən bu dəstək cəmiyyətin gələcəyinə qoyulan ən dəyərli sərmayədir. Festivalın proqramı mükəmməl tərtib olunmuşdu və hər bir yaş qrupu üçün uyğun fəaliyyətlər nəzərə alınmışdı.
İştirak etdiyim bu festival mənim üçün, sözün əsl mənasında, yaddaqalan oldu. Uşaqların yaratdığı enerjini, sevinci və səmimiyyəti bir araya gətirən bu tədbir elə bir atmosfer yaratmışdı ki, insan özünü nağıl dünyasında hiss edirdi. Hələ məkanın girişindən başlayaraq rəngli bayraqlar, şarlarla bəzədilmiş yollar, şən musiqi sədaları və uşaqların gülüş səsləri festivalın ruhunu hiss etdirməyə impuls verirdi.
Festival çərçivəsində valideynlər və müəllimlər üçün də maraqlı guşələr hazırlanmışdı. Psixoloqların uşaq inkişafı ilə bağlı seminarları, maarifləndirici stendlər və faydalı kitabların təqdimatı hər kəs üçün çox dəyərli idi. Orada iştirak edən valideynlərlə söhbətlərimiz zamanı hamının razı davranışı və sevinc dolu fikirləri bir daha sübut edirdi ki, bu festival təkcə uşaqlar üçün yox, böyüklər üçün də ruhlandırıcı və maarifləndirici bir hadisəyə çevrilib. Bu da festivalın yalnız əyləncəyə deyil, həm də maariflənməyə xidmət etdiyini göstərdi.
Festivalda təşkil edilmiş "Sülh və sevgi yürüşü" isə ən təsirli məqam idi. Uşaqlar əllərində sülh və dostluq rəmzləri ilə səhnəyə çıxaraq birlik mesajı verdilər. Bu yürüş mənim yaddaşıma dərin iz saldı. Çünki orada gələcəyimizi əmanət etdiyimiz nəslin nə qədər mehriban, yaradıcı və dəyərlərimizə bağlı böyüdüyünü aydın görmək mümkün idi.
Dördüncü Uşaq Kitab Festivalı mənim üçün sadəcə bir tədbir deyildi - bu, ruhumu oxşayan, gələcəyə ümid verən, sevgi və yaradıcı enerjiylə dolu bir gün idi. Burada uşaqların sevincini, istedadını və potensialını görmək mümkün oldu. Belə festivalların sayının artması, onların regionlarda da keçirilməsi, uşaq mədəniyyətinə və yaradıcılığına verilən dəyərin artması deməkdir.
Burada gördüklərim, eşitdiklərim və yaşadıqlarım uzun müddət yaddaşımdan silinməyəcək. İnanıram ki, belə festivalların sayının artması uşaqların cəmiyyətdə fəal, məsuliyyətli və yaradıcı fərdlər kimi yetişməsinə böyük töhfə verəcək.
Bu festival bizə bir daha göstərdi: uşaq gülüşü gələcəyin ən saf və ümidverici səslərindən biridir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!