Çalışdığı peşənin günündə doğulmaq hər adama müyəssər olan tale yazısı deyil. Amma haqqında danışmaq istədiyim adam elə bir gündə dünyaya gəlib ki, doğulduğu gün öz enerjisi ilə həm də gələcək taleyini də müəyyənləşdirib. Bu, tanınmış türkoloq-alim, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Aman oğlu Quliyevdir.
Bundan 80 il əvvəl - 1945-ci ilin mart ayının 27-də Azərbaycan Elmlər Akademiyası fəaliyyətə başlaması ilə əlaqəadər olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli müvafiq Sərəncamı ilə cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq 27 mart tarixi Azərbaycanda Elm Günü kimi təsis edildi. Elm sahəsində çalışan hər kəs belə bir qərara həddindən artıq sevinsə də, ən çox sevinən, bəlkə də Əbülfəz müəllim oldu. Çünki bundan sonra o 27 mart tarixində həm doğum gününü, həm də peşə gününü qeyd edəcəkdi.
Əbülfəz Quliyev 1950-ci ilin 27 mart tarixində Naxçıvan şəhərində anadan olub. 1966-cı ildə Eynəli bəy Sultanov adına Naxçıvan şəhər 7 nömrəli orta məktəbdən məzun olaraq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub (1966-1971) və oranı fərqlənmə diplomu ilə bitirib. Öyrənməyə olan marağı, gələcəkdə elmi fəaliyyətlə məşğul olmağı qarşısına məqsəd qoyduğundan təhsil aldığı illərdə Axundov adına Xarici Dillər İnstitutunun ikiillik fars dili ixtisasının axşam şöbəsində həmin dili də çox yaxşı şəkildə öyrənib. Universiteti bitirdikdən sonra bir il Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə müəllim işlədikdən sonra yenidən təhsil almaq üçün Bakıya üz tutur. ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının dissertantı olur. 1973-cü ildən isə Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirməyə başlayır.
Türk dillərinin müxtəlif problemlərini araşdırmağı qarşısına məqsəd qoyan Əbülfəz müəllim 1979-cu ildə "Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)" namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını, 2003-cü ilin aprel ayında isə "Qədim türk onomastikasının leksik-semantik sistemi" mövzusunda filologiya elmləri doktorluğu dissertasiyasını uğurla müdafiə edir. Zəhmətkeş alimin bu sahədəki tədqiqatları bundan sonra da davam edir, müxtəlif kitab və monoqrafiyalar, hətta tərcümə əsərləri Əbülfəz müəllimin elmi bioqrafiyasını zənginləşdirən nəşrlər kimi ortaya çıxır. Əbülfəz müəllimin türkologiya ilə bağlı gördüyü işlərin miqyasını təsəvvür etmək baxımından ortaya qoyduğu monoqrafiyalar, kitablar, tərcümə əsərləri, tərtib etdiyi məcmuələr türk dünyasının türkoloq alimlərinin mütəmadi müraciət etdiyi sanballı elmi çəkisi olan tədqiqatlar kimi məşhurdur.
Məhsuldar elm adamı haqqında tanınmış şəxsiyyətlərin də fikirləri Əbülfəz Quliyevin alim kimliyi haqqında ətraflı fikir formalaşdırır. Bu mənada, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin "Türkologiya ağırlıqlı Azərbaycanşünas alim" yazısının adı belə, Əbülfəz müəllimin alimlik sanbalı və millilik xarakteri barədə aydın təəssürat oyadır. İsa müəllimin dediyi kimi, "Dünya türkologiya elmində özünəməxsus xüsusi yeri olan Azərbaycan türkologiyasının müstəqillik dövrü nəslinin tanınmış nümayəndəsi, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi fəaliyyəti çoxcəhətlidir. Azərbaycan elmi ictimaiyyəti arasında o, dilçi-türkoloq, ədəbiyyatçı-folklorşünas, pedaqoq və tarix yönlü alim-ziyalı kimi geniş nüfuz qazanmışdır".
Əbülfəz Quliyev bir çox alimlərin yetişməsində də rol oynamışdır. Onun rəhbərliyi altında 20-dən çox dilçi və türkoloq elmlər doktoru və fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almış, bir neçə tədqiqatçı isə bu gün də Əbülfəz müəllimin rəhbərliyi ilə öz dissertasiyaları üzərində işləyərək tədqiqatlar aparırlar.
Azərbaycan Milli Elmlər Akademiyası İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru kimi idarəçilik fəaliyyətini də Əbülfəz Quliyevin 75 illik ömrünün mühüm tərkib hissəsi olaraq qeyd etmək lazımdır. AMEA Naxçıvan Bölməsinin yaradılmasından bəri həmin İnstituta rəhbərlik edən Ə.Quliyev elmi işçilərin fəaliyyətinin təkmilləşdirilməsində, əməkdaşların təşkilati fəaliyyətinin düzgün istiqamətdə qurulmasında da rol oynamağa çalışır. Hazırda onun elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərən biri kimi bir etirafımı da etmək istərdim. Əbülfəz müəllim elmdə güzəştə getməyən biridir. O, belə demək mümkünsə, yol verər, amma yola verməz. Hətta Türkiyənin bir çox şəhərlərində keçirilən beynəlxalq simpoziumlarda iştirakımız zamanı onu da müşahidə etmişəm ki, Əbülfəz müəllimlə yola getmək çətin olsa da, onunla yol getmək bir o qədər asandır. O, yol yoldaşı kimi də maraqlı və zarafatcıl biridir. İşdəki tələbkarlığından fərqli olaraq, qeyri-iş zamanlarında yaşının və təcrübəsinin ona qazandırdığı, özünün şahid olduğu baməzə söhbətləri özünəməxsus yumorla təqdim etməyin də ustasıdır. Nə qədər ciddi elm adamıdırsa, bir o qədər zaraftcıl xarakterə malik insandır. Kənardan baxanlar, bəzən onu yeni tanıyanlar üçün çətin biri kimi görünsə də, ürəyinin həssas damarını tuta bildinsə, mülayim keyfiyyətləri ilə də tanış olmaq fürsətin olacaqdır.
Beynəlxalq simpoziumlar, səfər təəssüratlarından söz açmışkən bir məqamı da vurğulamaq istəyirəm. Qatıldığım beynəlxalq elmi tədbirlərdə Naxçıvandan gəldiyimi öyrənən türk dünyasının müxtəlif coğrafiyalarından olan alimlər həmişə məndən ilk olaraq Əbülfəz Quliyevi soruşmuş, ona salamlar göndərmişlər. Bunun özü də Əbülfəz müəllimin öz elmi tədqiqatları ilə hansı coğrafi masştabda nüfuz sahibi qazandığını göstərən əhəmiyyətli məqam kimi qeyd olunmalıdır.
Naxçıvan Dövlət Universitetində təhsil aldığım illərdə dərslərimizə girən, bizə qədim türk yazılı abidələrinin dilindən dərs deyən Əbülfəz müəllimlə indi çiyin-çiyinə işləmək, müəllim-tələbə münasibətindən direktor-müavin əməkdaşlığına kimi yol gəlmək nə qədər taleyin qismətidirsə, bir o qədər də onun öyrətdiklərinin yolumuzda açdığı cığırların gətirib çıxardığı növbəti dayanacaqdır.
Yaz fəslinin yeni güllənən, çiçəklənən zamanında - mart ayının 27-də - Elm Günündə dünyaya gələn AMEA-nın müxbir üzvü, professor, dilçi-türkoloq alim, hörmətli Əbülfəz müəllimi 75 yaşının tamam olması münasibətilə təbrik edir, bundan sonrakı fəaliyyətində də türk dünyasına, Azərbaycanşünaslığa, Azərbaycan dilçilik elminə yeniliklərlə töhfələr verməsini arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!