Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsi, ADA Universiteti və “Mədəniyyət” telekanalının əməkdaşlığı ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” adlı layihə həyata keçirilir.
Medeniyyet.info.az xəbər verir ki, aprelin 14-də ADA Universitetində layihə çərçivəsində tələbələrlə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın görüşü olub.
ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Dövlət Komitəsinin təşəbbüsünü yüksək qiymətləndirib. O, Azərbaycanın görkəmli qələm sahibi Anarla görüşün tələbələr üçün yazıçının həyat və yaradıcılığı ilə yaxından tanış olmaq, eləcə də onunla birbaşa ünsiyyət qurmaq baxımından unikal imkan yaratdığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da "Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində görüşlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, gənc nəslin söz sənətinin ustadları ilə birbaşa ünsiyyəti onların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynayır.
Görüş zamanı Xalq yazıçısı Anar tələbələrlə səmimi söhbət aparıb, özünün ədəbi yaradıcılığı və həyat yolu haqqında danışıb. Yazıçı müxtəlif dövrlərdə qələmə aldığı əsərlər, onların mövzuları, qəhrəmanların daxili aləminin formalaşdırılması və ümumilikdə yaradıcılıq prosesinin incəlikləri barədə fikirlərini bölüşüb.
Tələbələr yazıçıya əsərlərindəki əsas ideya xətti, obrazların hansı prinsiplər əsasında yaradıldığı, yazı zamanı hansı hissləri keçirdiyi, uşaqlıq dövrünün yazıçı təxəyyülünə necə təsir etdiyi ilə bağlı suallar ünvanlayıblar.
Yazıçı vurğulayıb ki, hər bir əsərin arxasında dərin müşahidə, daxili duyum və bəzən də şəxsi həyat hadisələri dayanır. O, həmçinin qeyd edib ki, ədəbiyyat yalnız bir sənət növü deyil, eyni zamanda, insanı mənəvi cəhətdən zənginləşdirən, onu daha dərin düşünməyə və hiss etməyə təşviq edən mühüm vasitədir.
Qeyd edək ki, “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində tanınmış ziyalıların uşaq və gənclərlə görüşləri, həmçinin bu mövzuda konfransların keçirilməsi nəzərdə tutulur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!