Aprelin 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nəriman Nərimanovun Xatirə Muzeyi və “Borçalı Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində “Nəriman Nərimanov: şəxsiyyət və zaman” adlı tədbir keçirilib.
medeniyyet.info.az xəbər verir ki,əvvəlcə tədbir iştirakçıları görkəmli dövlət xadimi, yazıçı və maarifçi Nəriman Nərimanovun (1870-1925) abidəsini ziyarət edərək önünə əklil və çiçək dəstələri qoyublar.
Nəriman Nərimanovun anadan olmasının 155 illiyi münasibətilə keçirilən tədbirdə elm adamları, mədəniyyət işçiləri, nərimanovlar nəslinin nümayəndələri, muzey fəalları, KİV nümayəndələri və başqa qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova Nəriman Nərimanovun həyat və fəaliyyətindən danışıb. Bildirib ki, Nərimanov ömrünün böyük hissəsini qəlbən inandığı xalq işi uğrunda mübarizəyə həsr edib.
Dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, şair, yazıçı-publisist, professor Hamlet İsaxanlı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, “Borçalı Cəmiyyəti”nin sədri Ramiz Həsənov, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədov və digər natiqlər görkəmli şəxsiyyət haqqında fikirlərini bölüşüblər. Çıxışlarda N.Nərimanovun elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmasından söhbət açılıb.
Tədbirdə “Nəriman Nərimanov dövrünün böyük mütəfəkkiridir” adlı sərgi nümayiş olunub. Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair”, “Hacı Zeynalabdin Tağıyevin 50 illiyi. Məişətə və cəmaətə xidmətləri”, “Tibb və İslam” adlı əsərləri tədbir iştirakçılarına hədiyyə edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!