Bakıda IV Uşaq Kitab Festivalına start verilib

Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalı açılıb. Tədbir aprelin 13-dək davam edəcək.

 

AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Nəşriyyatçılar Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin sponsoru qismində “Expressbank” çıxış edib.

 

Festivalın açılış mərasimi ANAİB-nin sədri Şəmil Sadiqin salamlama nitqi ilə başlayıb. O, festivalın uşaq kitab nəşri və ümumilikdə kitab nəşrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb, bu tədbirin 4 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Daha sonra layihənin direktoru, uşaq yazıçısı Fatimə Alxazlı minnətdarlığını bildirərək festival haqqında ətraflı məlumat verib.

 

Mərasimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova davam etdirərək belə tədbirlərin əhəmiyyətini vurğulayıb. O, festivalın uşaqları mütaliəyə həvəsləndirdiyini, əməkdaşlığın gücləndirilməsinə və Azərbaycanda kitab nəşrinin inkişafına töhfə verdiyini vurğulayıb.

 

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova festivalı əsl bayram adlandıraraq hər kəsi təbrik edib. O, bu tədbirin hər il keçirilməsinin gözəl ənənəyə çevrildiyini, uşaqları mütaliəyə həvəsləndirdiyini vurğulayıb və təşkilatçılara uğurlar arzulayıb.

 

Sonra Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxış edərək qeyd edib ki, IV Uşaq Kitab Festivalı mədəniyyətə, ədəbiyyata dəyər verən hər kəs üçün sevindirici hadisədir.

“Expressbank”ın nümayəndəsi Raziyə Axundova təmsil etdiyi bank adından salamlama nitqi ilə çıxış edib. O, təşkilatçılara təşəkkürünü bildirib və festivalın keçirilməsində “Expressbank”ın rolundan danışıb, həmçinin belə tədbirlərdə iştirakın vacib olduğunu qeyd edib.

 

Daha sonra yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəyli uşaqların təlim-tərbiyəsində, onların mənəvi inkişafında kitabların mühüm rol oynadığını vurğulayıb.

 

Açılış mərasiminin sonunda Şəmil Sadiq festivala verdiyi dəstəyə görə təşəkkür əlaməti olaraq xatirə mükafatlarını təqdim edib.

 

Elnarə Akimova AZƏRTAC -ın müxbirinə müsahibəsində mütaliə nəslinin formalaşması üçün festivalların əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, belə tədbirlər uşaqların yazıçıları tanımasına, kitaba marağının artmasına kömək edir. Böyüklər üçün onlar ədəbiyyat və təhsilin müzakirə meydanına çevrilirlər: “Orxan Pamukun dediyi kimi: “Bir gün kitab oxudum və bütün həyatım dəyişdi”. Qoy, festivalda alınan kitablar uşaqlar üçün də eyni təsiri göstərsin”, -deyə agentliyin həmsöhbəti əlavə edib.

 

Qeyd edək ki, festivalda həm ANAİB üzvləri, həm də digər şirkətlər də daxil olmaqla 30-dan çox nəşriyyat evi iştirak edir. Ziyarətçilərə müxtəlif janrlarda kitablar təklif olunur ki, onların çoxunu 90 faizə qədər endirimlə almaq olar.

 

Tədbir çərçivəsində kitab təqdimatları, yazıçılarla görüşlər, şeir qiraətləri və uşaqlar üçün əyləncə proqramları nəzərdə tutulub. Ustad dərsləri, müsabiqələr, teatrlaşdırılmış səhnəciklər və interaktiv fəaliyyətlər də təşkil olunur.

 

Festival üç tematik gündən ibarətdir: aprelin 11-i Milli Geyimlər Günü elan edilib - uşaqlara milli dəyərlərin aşılanması və mədəni irsin qorunması məqsədilə Azərbaycanın milli geyimləri ilə tanışlıq imkanı yaradılır.

 

Uşaqlara peşələri tanıtmaq, onlarda maraq oyatmaq məqsədi daşıyan Peşələr Günü aprelin 12-də qeyd olunacaq.

Aprelin 13-də uşaqların təxəyyülünün inkişafına və onlarda müsbət keyfiyyətlərin formalaşdırılmasına həsr olunmuş Nağıl Qəhrəmanı Günü olacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!