Fərid Ələkbərli-60
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin əziz xatirəsini yad edərək elmi sessiya və alimin həyat və yaradıcılığından bəhs edən "Yüz il yaşamış əlliyaşlı alim Fərid Ələkbərli" ünvanlı kitabın təqdimat mərasimi keçirilmişdir. Elmi sessiyada AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik G.Baxşəliyeva AMEA Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, bir sıra dövlət qurumlarının nümayəndələri, təhsil və tibb müəssisələrinin əməkdaşları, tanınmış ziyalılar, media təmsilçiləri və Akademiya əməkdaşları iştirak etmişlər.
Kitabda alimin keçdiyi əmək və həyat yolundan, elmə verdiyi töhfələrdən, onun qədim və orta əsrlərdə yaşamış dünyaşöhrətli alimlərin sağlamlıq və təbabətlə bağlı əsərlərinin tədqiqində göstərdiyi xidmətlərindən bəhs olunur. Kitabın "Ot kökü üstə bitər" bölümündə Fərid Ələkbərlinin soykökü barədə məlumat verərkən onun əslən İçərişəhərin tarixi şəxsiyyətlərinin "ağşalvarlılar"ın davamçısı olduğuna işarə edilir. Bu mənada, Fərid Ələkbərlinin atası, nəsilcə daha cavan, dövrümüzə görə elmimizin ağsaqqalı - ABŞ, Almaniya, Türkiyə, İsveçrə, Gürcüstan, İsrail, Yaponiya, Britaniya, Norveç, Sloveniya, Fransa, Yaponiya, Koreya, İtaliya, Yunanıstanın və dünyanın neçə-neşə aparıcı universitet və elmi tədqiqat mərkəzlərində mühazirələr oxuyan və seminarlar aparan, 500-dən artıq elmi məqalənin, qırxa qədər monoqrafiya, kitab, orta və ali məktəblər üçün davamlı insan inkişafı və ekoloji sivilizasiyanın, eksklüziv inkişafın idarə olunmasına dair dünyada ilk dərsliklərin müəllifi, AMEA-nın həqiqi üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru, "Şərəf" ordenli Urxan müəllim Ələkbərov elmimizin görkəmli nümayəndəsi kimi təqdim olunur.
Bir də sosial şəbəkələrdə şəkli kitabın onuncu səhifəsində yer almış bığlı kişi barədə tez-tez soruşulduğunu nəzərə alaraq, qeyd edilir ki, bu kişi Məmmədbağır kişinin üç oğlundan biri, Əbdülmanaf Ələkbərovdur. O Məmmədbağır kişi ki, İçərişəhərdə, Qoşa Qala Qapısından 100-150 metr qabaqda yerləşən birmərtəbəli evini söküb, hər mərtəbəsi bir oğlunun adına olmaqla, indi də mövcud olan, gəmiyə bənzər üçmərtəbəli mülkünü tikdirmişdi. Həm də tikdirmişdi ki, Azərbaycana ilk dəfə yelkənli gəmiləri əvəz edən, buxar gücü ilə hərəkət edən "poroxod"u gətirmiş, gəmi kapitanı Əbdülmanaf Ələkbərov bu evdən Xəzərdəki gəmiləri yaxşı müşahidə edə bilsin. Əbdülmanaf Ələkbərov Kazım Ələkbərovun atası, Urxan müəllimin babası, Fərid Ələkbərlinin ulu babasıdır.
Urxan müəllimin atası Kazım müəllim Ələkbərov 1929-cu ildə Azərbaycan Politexnik İnstitutunun Kənd Təsərrüfatı fakültəsinə daxil olmuş, seçdiyi ixtisasa uyğun olaraq təhsilini Tiflisdəki Zaqafqaziya Yeni Lifli Bitkilər İnstitutunda davam etdirmişdir. Hələ tələbə ikən institutun Torpaqşünaslıq kafedrasında işləməyə başlamışdır. Həmin illərdə professor D.R.Qedenaşvili və M.N.Sabaşvilinin rəhbərlik etdikləri Lənkəran, Masallı və Xaçmaz ekspedisiyalarında iştirak etmişdir. Məhz Kazım Ələkbərovun bilavasitə iştirakı ilə Şirvan, Qarabağ, Salyan bozqırlarının irimiqyaslı torpaq-aqrokimyəvi xəritələri tərtib olunmuşdur. Torpaqşünaslıq ixtisası üzrə elmlər doktoru, professor olan Kazım Ələkbərov bir sıra rəhbər vəzifələrdə çalışmış, orden və medallarla təltif olunmuşdur.
Fərid müəllimi dünyaya gətirmiş, Urxan müəllimin ömür-gün yoldaşı Rəna xanım Ağaxan qızı Ağabəyli haqqında danışarkən qeyd edilir ki, Muğanın tanınmış nəsllərindən biri olan Ağabəylilər Əmir Teymur (1370-1405) sülaləsinin Cığatay qoluna mənsubdurlar. Ağaxan Ağabəyli kənd təsərrüfatı elmləri doktoru, professor, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü, AMEA-nın müxbir üzvü, Azərbaycanın elm xadimi, Azərbaycanda camışçılıq elminin banisi olmuşdur. Ana tərəfdən Rəna xanım içərişəhərli Hacı Zeynəlabidinin nəticəsidir. İçərişəhərdə üç Zeynəlabidin olub: xeyriyyəçi Zeynəlabidin, Spasibo Zeynəlabidin və tədbirli və diribaş, həm də çox tərs olduğuna görə "Qatır" ləqəbi ilə tanınan Zeynəlabidin. Rəna xanım Ağabəyli həmin o diribaş Zeynəlabidinin nəticəsidir. Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında onunla bağlı bir neçə rəvayət var. Akademiyanın Rəyasət heyətinin binası ilə Sabir bağı arasındakı İçərişəhərə açılan qapını məhz həmin Zeynəlabidin açdırmışdır. Zeynəlabidin İçərişəhərdə adla tanınan Qoçu Hənifənin atası idi. Qoçu Hənifə 1918-ci ildə İçərişəhər əhalisini səfərbər edib, ermənilərin şəhərin bu hisəsinə girməsinə imkan verməmişdi. Sovetlər gələn kimi Hənifəni ələ keçirib güllələdilər.
Azərbaycan Politexnik İnstitutunun Kənd Təsərrüfatı fakültəsinə daxil olan tacir Ağaxan Ağabəyli Zeynəlabidinin nəvəsi, Tağıyevin Qızlar Seminariyasının ilk məzunlarından olan həkim Xədicə xanımla tanış olur və ailə həyatı qururlar. Onlar işləmək üçün Gəncəyə gedirlər. Bu izdivacdan 1942-ci il yanvar ayının 3-də Rəna xanım Ağabəyli dünyaya gəlir. İllər keçir, tale bu ailənin yolunu yenidən Bakıdan salır. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olan Rəna xanım Ağabəyli həmin fakültənin tələbəsi Urxan Ələkbərovla rastlaşır və ailə qururlar. Rəna xanım Ağabəyli biologiya elmləri doktorudur; 200-dən artıq elmi əsərin, 3 monoqrafiya, 4 kitab və 8 müəlliflik şəhadətnaməsi və potentin müəllifidir. Rəna xanım bir çox Beynəlxalq Elmi Cəmiyyətlərin, beynəlxalq elmi nəşrlərin redaksiya heyətlərinin üzvüdür. Seçdikləri ixtisasda, işdə, elmdə bir-birlərinə məsləhətçi, kömək olan hər iki görkəmli alimimiz -Rəna xanım Ağabəyli və Urxan müəllim Ələkbərov Azərbaycan cəmiyyəti üçün ailə ənənələrinə, soy köklərinə uyğun iki övlad tərbiyə etmişlər ki, bu gün onların soraqları çox-çox uzaqlardan gəlir. Ailənin kiçik oğlu Ramiz Ələkbərov ixtisasca həkimdir. Sonradan ABŞ-da diplomatik təhsilə yiyələnib. Böyük bir müsabiqənin qalibi olaraq BMT sədrinin müavini seçilmişdir.
Ailənin böyük oğlu Fərid Ələkbərliyə gəlincə, təxminən, onunla eyni vaxtda Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamışıq. Uğurlarının əksəriyyəti gözümün önündə baş verib.
Orta əsrlərdə mövcud olmuş sağlamlığın qorunması nəzəriyyəsi, təkcə tibb və əczaçılıqla məhdudlaşmır, sanitariya, memarlıq və məişət mədəniyyəti kimi məfhumları da əhatə edir. Əczaçılıq da sağlamlığın qorunması nəzəriyyəsinin ayrılmaz qolu olub. Məhz F.Ələkbərlinin apardığı araşdırmalar nəticəsində orta əsr Azərbaycan təbabətində istifadə olunan 724 növ dərman bitkisinin, 150 heyvanın, 115 mineralın növ mənsubiyyəti və müasir elmi adları müəyyənləşdirilmiş, onların siyahısı tərtib edilmişdir. Mürəkkəb tərkibli dərmanlara gəlincə, 866 növü aşkar edilmişdir. Aşkar edilmiş bitki və heyvan növləri ilk dəfə olaraq müasir təsnifat sistemi çərçivəsində təhlil edilmiş, orta əsr mənbələrində onların müalicəvi xüsusiyyətləri haqqında verilmiş məlumatlar öyrənilmişdir. İlk dəfə olaraq onların dərman formaları və terapevtik qruplar üzrə təsnifatı aparılmışdır. Tədqiqatlar nəticəsində o da müəyyən olunmuşdur ki, həmin 724 növ bitkidən 422-si hal-hazırda Azərbaycan Respublikası ərazisində yayılmışdır. Onların 256-sı müasir tibb elmində istifadə olunmur və unudulmuş dərman bitkiləri sayıla bilər. Onların öyrənilməsi və yenidən tibb elminin istifadəsinə qaytarılması böyük əhəmiyyət kəsb edir. Orta əsr müəlliflərinin sağlamlığın qorunması və sağlam həyat tərzinin təşkilinə aid mülahizələri və tövsiyələri müvafiq testlər, kliniki və eksperimental tədqiqatlardan sonra tibb elmində geniş istifadə edilə bilər.
Fərid Ələkbərlinin ortaçağ Şərq təbabəti sahəsindəki araşdırmaları da uğurlu alınmışdır. Alimin fikrincə, təxminən, yüz əlli, iki yüz il bundan əvvəl Avropada baş verən texniki tərəqqi bütün elmlərdə olduğu kimi, tibb elmində də sıçrayış yaratdı.
2003-cü ildə Əlyazmalar İnstitutunun "Tərcümə və informasiya" şöbəsinə müdir təyin olunan alim elə bu məqsədlə də ilk növbədə, fondda mühafizə olunan tibbə dair əlyazmaların tərcümə və tədqiqini ümdə sayıb. Məhz onun məsləhət və rəhbərliyi ilə şöbədə Əbu Bəkir Məhəmməd ibn Zəkəriyya ibn Yəhya ər-Razinin "Ət-tibbül-Mənsuri" ("Mənsur təbabəti"), İshaq ibn Hüneynin "Sadə dərmanlar kitabı", Məhəmməd ibn Mahmud ibn Hacı Şirvaninin "Ətriyyat bağçası" ( Hər üç kitabın tərcümə edəni Hacı Müzafəddin Əzizovdur), Həsən ibn Rza Şirvaninin "Siracüt-tibb", Əbülhəsən əl-Narağinin "Müalicəti-münfəridə" (hər iki kitabı tərcümə edən: İradə Qaibova), Mir Məhəmməd Hüseyni Möminin "Töhfətül-Möminin" və s. adlı əsərlər ərəb və fars dillərindən Azərbaycan dilinə tərcümə edilmişdir.
Görkəmli alim qədim tibbin bir çox sirlərini özündə qoruyub saxlayan orta əsr əlyazmalarının yalnız tərcüməsi ilə kifayətlənməmiş, onlar üzərində araşdırmalar da aparmışdır. Bu amalla 1988-1989-cu illərdə Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" (XVIII) və Məhəmməd Mömininin "Töhfətül-Möminin" (XVII) əsərlərini tədqiq edərək, 1992-ci ildə "Orta əsr (XII-XVIII) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik (biologiya üzrə fəlsəfə doktoru) dissertasiyası müdafiə etmişdir. Altı il sonra, 1998-ci ildə isə "Orta əsr (X-XVIII) ərəb yazılı mənbələri Azərbaycanda sağlamlığın qorunması haqqında" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
Alim Türkiyə, İran, Rusiya, Fransa, İngiltərə və neçə-neçə ölkənin müxtəlif şəhərlərində təşkil olunmuş beynəlxalq elmi konfrans, konqres və simpoziumlarda bir-birindən maraqlı mövzularda çıxış edərək Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. Əlyazmalar İnstitutunda işlədiyi 36 illik (1986-2021) bir müddət ərzində İnstitut elmi Şurasının, Müdafiə Şurasının, eləcə də bir neçə elmi müəssisədə fəaliyyət göstərən müdafiə şuralarının üzvü olmuşdur.
Fərid Ələkbərli bir sıra beynəlxalq, o cümlədən, Bolqarıstanda işıq üzü görən "Asklepios" Beynəlxalq Tibb Tarixi jurnalının və ABŞ-da dərc olunan "Azerbaijan İnternational", "Biomedicine İnternational" və "İnternational Journal of History and Philosopy of Medicine" jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur.
F.Ələkbərli 10-a qədər doktorant və dissertanta elmi rəhbər təyin edilmişdir. Onlardan yalnız bir qismi artıq elmi dərəcə almışlar.
İlk öncə tibb tarixi üzrə görkəmli mütəxəssis olan professor F.Ələkbərli mənzil-qərargahı Parisdə yerləşən Dünya Tibb Tarixi Cəmiyyətinin İdarə Heyətinin üzvü, ilk dəfə olaraq Əlyazmalar İnstitutunun kolleksiyasından üç nadir əlyazmanı (Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi", Əbülqasim Zəhravinin "Əl-məqələtus-səlasin", Əbu Əli ibn Sinanın "Əl-Qanun fit-tibb" əsərləri) UNESCO-nun Dünya Yaddaşı Proqramının siyahısına daxil etməyə nail olmuş alim, Vatikan Apostol Kitabxanası və Vatikan Məxfi Arxivinə daxil olmuş ilk azərbaycanlı araşdırmaçı, Azərbaycan Tibb Tarixçiləri Birliyinin ilk yaradıcısı və seçilmiş prezidenti olmuşdur. Azərbaycanda təkcə bu əlyazmalar deyil, digər sənədlər, fərmanlar, çox qiymətli məlumatlar var ki, onlar bəşəriyyət tarixi üçün həddən artıq dəyərli sənədlərdir ki, alim onların da beynəlxalq ictimaiyyətə tanıdılmasını lazım bilmişdir. F.Ələkbərli Həsən ibn Rza Şirvaninin "Siracüt-tibb", Hacı Süleyman İrəvaninin "Fəvaidül-hikmət", Yusif ibn İsmayıl Xoyinin "Cameyi-Bağdadi", Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərlərini də UNESCO-nun Dünya Yaddaşı Proqramına təqdim etmiş olduğunu da bildirmişdir.
Qələmindən çıxan 40-dan artıq kitab və broşür, 200-dən artıq müxtəlif dillərdə çap olunmuş məqalə və tezisdən ibarət elmi sərvəti qoyub getmiş görkəmli alim, Professor Fərid Urxan oğlu Ələkbərli yalnız öyrənməkdən doymayırdı desəm, yanılmaram.
Professor Fərid Ələkbərli elmi yaradıcılığı ilə bərabər yüksək bədii təfəkkürə də malik idi. Onun uşaqlar üçün dərc etdirdiyi təbiət hadisələrindən bəhs edən alleqorik nağıllar topluları xüsusi maraq kəsb edir. Alimin bu qəbildən aşağıdakı əsərləri dərc olunmuşdur.
1. "Qoca meşəbəyinin əhvalatları", Bakı, 1986.
2. "Bioloqiçeskie skazki", Moskva, 1989-1990.
3. "Elmi nağıllar, Bakı, 1996.
4. "Derviş", Moskva, 2010.
5. "Scientific Tales, Los Angeles, 2011.
6. "Yaşıl Boya", Bakı, 2012.
Təkcə onun "Sehrli boya" (Bakı, "Təhsil", 2012, 32 s.) başlıqlı elmi nağıllar toplusunu göstərmək kifayətdir. Buraya müəllifin uşaqlar ücün qələmə aldığı "Biosfer qoruğu", "Günəş və günəbaxan", "Su və dəvətikanı", "Sehrli boya", "Göbələk və yosun" və "Cüllüt və timsah" adlı elmi nağılları daxil edilmişdir.
Nağıllar həcmcə kiçik olsa da, hər birində dostluq, əmin-amanlıq, yardıma çağırış vardır.
Ətraf mühitdəki elmi hadisələri uşaq dili ilə balaca oxuculara anladan bu kitab BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və dəstəyi ilə "İnsan və biosfer" Proqramı çərçivəsində hazırlanmışdır. Fərid Ələkbərlinin uşaqlar üçün bu qəbildən yazdığı digər elmi-kütləvi hekayələri və kitabları Azərbaycanda, Rusiyada və ABŞ-da nəşr olunmuşdur.
Fərid Ələkbərlinin Azərbaycan tarixi qarşısında ən böyük xidmətlərindən biri onun Vatikan Apostol Kitabxanasından və Məxfi Arxivlərindən əldə etdiyi materiallardır. 2010-2014-cü illərdə Fərid Ələkbərli Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vatikanda elmi ezamiyyətdə olub. Ezamiyyətin əsas məqsədi oradakı Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb olunması idi. Alimin fikrincə, Avropanın elə bir böyük əlyazma xəzinəsi yoxdur ki, orada Azərbaycana aid sənədlər olmasın. Bir sıra şərq əlyazma toplularında da onlar var. Lakin Vatikan bu xəzinələrin arasında özünəməxsus yer tutur. Çünki Vatikan Apostol Kitabxanası dünyanın ən iri kitabxanalarındandır. Burada milyonlarca kitab və əlyazma əsəri saxlanılır. Bu əlyazma toplusunun əsası hələ Roma imperiyası zamanında katolik kilsəsi yaradılanda qoyulmuşdur. Lakin zamanla pərakəndə düşmüş və XV əsrdə yenidən bərpa olunmuşdur. Sonda iki hissəyə bölünmüşdür - Apostol Kitabxanası və Vatikan Məxfi Arxivləri. Professor Vatikan Apostol Kitabxanasında olarkən 700-dən çox sənəd araşdırıb. Nəticədə Azərbaycan tarixinə dair 85 sənəd aşkarlamışdır. Fərid Ələkbərli qeyd etdiyinə görə daha çox məktubları, yazışmaları, rəsmi fərmanları, Vatikan rəhbərliyinin - Papa, kardinal və missionerlərin Azərbaycanla bağlı məktublarını, hesabatlarını və ortaçağ Azərbaycan dövlətlərinin, mərkəzi Azərbaycanda - Təbrizdə, Şamaxıda, Gəncədə, Naxçıvanda və başqa şəhərlərdə yerləşən qədim türk imperiyalarının - Atabəylər, Səfəvilər, Ağqoyunlular və İlxani rəhbərlərinin Roma papaları ilə yazışmaları ilə bağlı sənədləri aşkarlayıb və surətlərini Azərbaycana gətirmişdir. Həmçinin azərbaycanlı müəlliflərin - orta əsrlərdə bu məkanda yaşamış müəlliflərin müxtəlif dillərdə - ərəb, fars və türk dillərində qələmə aldıqları kitablar, o cümlədən, tibb, riyaziyyat, ilahiyyat, dilçilik və b. sahələr üzrə əsərlər, Azərbaycan klassiklərinin - Nizaminin, Füzulinin, Nəsiminin, Şəbüstərinin, Sührəvərdinin və indiyədək adı bizə məlum olmayan bir neçə orta əsr müəlliflərinin (Şirvan və Cənubi Azərbaycandan olan müəlliflərin) əsərlərini aşkarlamış, elektron surətlərini yazdırıb Azərbaycana gətirmişdir.
Alim Vatikanın Apostol kitabxanasında da 400-dən artıq əlyazmanı araşdırmaya cəlb etmişdir. Burada Azərbaycan müəlliflərinə məxsus 80 qədim əlyazmanı aşkarlamışdır. Azərbaycanın Vatikandakı səfirliyinin ödənişli təqdimatı ilə həmin sənədlərin surətini Azərbaycana gətirmişdir.
Fərid Ələkbərlinin Azərbaycanda tibb tarixi sahəsindəki araşdırmaları da fakt və xronoloji dəlillərə söykənən, dolğun və tamamlanmış bir işdir. Alimin araşdırmalarına görə, tarixi e.ə. VI-V əsrə gedib çıxan Azərbaycan tibbi e.ə. III-I minilliklərdə Şumer, Babilistan və Assuriya təbabətinin təsiri nəticəsində daha da inkişaf etmişdir.
Azərbaycan ta qədimdən zəngin təbiəti ilə yanaşı, bu təbiətin yetirdiyi nemətləri dərindən tanıyıb insanların xəstəliklərinin əlacında tətbiq etməyi bacaran, zəngin biliyə malik təbib və loğmanları ilə də məşhur olmuşdur. Kitabda professor F.Ələkbərlinin tədqiq etdiyi Azərbaycan təbiblərinin həyat və yaradıcılığı barədə də qısa məlumat verilir. Onların sırasında Bəhmənyar əl-Azərbaycani (v. 1065/1066), İsa ər-Raği Tiflisi (XI) əsr, Əbu Abdullah Məhəmməd bin Həmvar Təbrizi (1194-1245), Nəcməddin Əhməd Naxçıvani v.1253), Fəzlullah Rəşidəddin (1247-1317), Mahmud ibn İlyas (XIV), Yusif ibn İsmayıl Xoyi (XIII-XIV), Mahmud ibn Məhəmməd Dilşad Şirvani (XV), Məhəmməd Tağı Tufarqanlı (v.1982), Murtuza Qulu Şamlu (XVII-XVIII), Hacı Süleyman Qacar İrəvani (XVIII), Məhəmməd Yusif Şirvani ((XVII-XVIII) və s. onlarla azərbaycanlı təbibin həyat və yaradıcılığı, əsərləri və elm əxz etdikləri mühit barədə məlumat əldə etmək mümkündür.
Zəngin elmi potensiala malik, yorulmaz tədqiqatçı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunun şöbə müdiri, Biologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, profesor Fərid Urxan oğlu Ələkbərli yaradıcılığının çiçəklənən bir dövründə, 2021-ci il, aprel ayının 7-də uzun sürən xəstəlikdən sonra haqq dünyasına qovuşdu. Onun yaradıcılığını yenidən nəzərdən keçirdikcə, mənə elə gəlirdi ki, tibbi əlyazmaları araşdıran Fərid Ələkbərli həm də öz xəstəliyinə çarə axtarırdı. O bunu bacarmasa da, ölümə qalib gəldi. Kirqamış bir dəfə ölümsüzlüyün çarəsini tapmışdı, amma həmin məlhəmi ondan oğurladılar. Bizim Fəriddən isə onu heç kəs oğurlaya bilməz. Çünki o maddi deyil, o, qanda, canda olan qeyrət, yüksək intellektual səviyyə, mədəniyyət, sadəlik, Vətən, xalq təəssübkeşliyi, elm yolunda fədakarlıq, dostlarına sədaqət və neçə-neçə xoş məramlardan yoğrulmuş, gözlə görülməz mücərrəd varlıqdır. Fərid Ələkbərli onu tanıyanların yaddaşında və Azərbaycan elm tarixində belə qaldı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!