Moskvada Baninin “Qafqaz günləri” avtobioqrafik romanı və Qurban Səidin “Əli və Nino” romanını özündə əks etdirən “Azərbaycanın mühacir ədəbiyyatı” kitabı nəşr olunub.
Banin (Um-el Banu) 1905-ci ildə Bakıda zadəgan ailəsində anadan olmuşdur. Onun ata tərəfdən (Şəmsi Əsədullayev) və ana tərəfdən (Musa Nağıyev) babaları məşhur neft sənayeçiləri olublar. Erkən yaşda anasını itirən Banin Avropa dayələrının himayəsində böyüyüb. 19 yaşında ailəsi ilə birlikdə Türkiyəyə, oradan da Fransaya mühacirət edib. Banin erkən yaşlarında ədəbiyyata maraq göstərib və bu, Fransaya mühacirət etdikdən sonra onun əsas fəaliyyətinə çevrilib. Parisin ədəbi dairələri ona güclü təsir göstərmişdi. “Qafqaz günləri” avtobioqrafik romanı 1945-ci ildə nəşr olunub və bu, onun ikinci romanı idi. Sonralar o, bir neçə roman və hekayə yazıb, həmçinin rus ədəbiyyatı klassiklərinin əsərlərini fransız dilinə tərcümə etib.
Yazıçı “Qafqaz günləri” kitabında 1920-ci illərdə Bakı cəmiyyətinin müxtəlif təbəqələrinin həyatından, varlıların və kasıbların zövq və vərdişlərindən, sadə insanların durumundan bəhs edir. Romanda yazıçının ailəsinin şəxsi dramasi və ötən əsrin əvvəllərində böyük sarsıntılar dövründə Azərbaycan xalqının həyatında baş verən faciəvi hadisələr öz əksini tapıb.
Qeyd edək ki, Banin fəal vətəndaş mövqeyi tutaraq 1990-cı illərdəki münaqişə zamanı Fransanın aparıcı qəzetlərində Azərbaycana qarşı təcavüzlə bağlı açıqlamalar verib.
“Əli və Nino” romanının heyrətamiz taleyi var. Roman ilk dəfə 1937-ci ildə Vyanada (Avstriya) alman dilində nəşr edilmişdir. Qurban Səidin romanı azərbaycanlı müsəlman Əli Xan Şirvanşir ilə gürcü xristian Nino Kipiani arasındakı məhəbbətdən bəhs edir. Kitab İslam və Xristianlığı, Şərqlə Qərbi anlamaq yollarının axtarışı kimi təgdim etmək olar.
Romanda Birinci Dünya müharibəsi, inqilablar, vətəndaş müharibəsi və 1918-ci ilin mart hadisələri, ingilislərin Bakıya gəlişi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Sovet gosunlarının Bakını zəbt etməsi, XX əsrin əvvəllərində Bakı və bakılıların həyatından ətraflı bəhs edilir.
Romanın müəllifi bu günə qədər naməlum olaraq qalır və bu mövzu ətrafında müzakirələr davam edir. Bəzi tədqiqatçılar hesab edirlər ki, Qurban Səid təxəllüsü əslində azərbaycanlı yazıçı, publisist və tarixçi Yusif Vəzir Çəmənzəminlidir. Romanın mümkün müəllifi Bakı neft maqnatınin oğlu, İslamı qəbul etmiş yəhudi əsilli alman yazıçısı və jurnalisti Lev Nussimbaum da hesab olunur.
“Əli və Nino” romanı dünya miqyasında bestsellerdir. Dünyanın 33 dilində nəşr olunub və hazırda romanın 100-dən çox nəşri məlumdur.
Təgdim olunan nəşrdə açıq mənbələrdən alınan materiallardan istifadə etməklə hazırlanmışdır. Kitab məhdud tirajla nəşr olunub və Rusiya Federasiyasının və MDB ölkələrinin kitabxanalarında və ixtisaslaşmış müəssisələrində təmənnasız yayım üçün nəzərdə tutulub.
“Azərbaycanın mühacirət ədəbiyyatı” kitabının təşəbbüskarı, tərtibçisi və müqəddiməsinin müəllifi tibb elmləri doktoru, professor, Tacikistan Tibb Elmləri Akademiyasının xarici üzvü Mehman Məmmədovdur. Son 5 ildə alim Moskvada Azərbaycanın mədəniyyətinə və tarixinə dair silsilə kitablar çap etdirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!