“Aşıq dastanları”nın 3-cü cildi işıq üzü görüb

Azərbaycan Aşıqlar Birliyində (AAB) nəşrə hazırlanan “Aşıq dastanları” çoxcildliyinin 3-cü cildi işıq üzü görüb.

 

Bu barədə AZƏRTAC-a AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

 

O bildirib ki, bu cild də Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə layihəsi olan “Saz-söz məclisi” (əvvəllər “Saz-söz axşamı”) verilişində 2022-2024-cü illər arasında canlandırılan dastanların seçmə örnəkləri əsasında hazırlanıb. Ustad aşıqların və yeni nəsil ifaçıların repertuarından videoyazıya alınan dastanları və dastan-rəvayətləri çevrələyən bu cild özündən əvvəlki cildlər kimi, kənar müdaxilələrdən uzaq olmaqla yanaşı, dastançıların təhkiyə tərzini, eləcə də dil-üslub özəlliklərini qoruyan epik mətnlərdir.

 

AAB-nin sədri, Əməkdar elm xadimi professor Məhərrəm Qasımlının kitaba yazdığı “Ön söz”də vurğuladığı kimi, bu üçcildliyin indiyə qədərki dastan nəşrlərindən çoxsaylı üstünlükləri və fərqləri vardır. Təhkiyə və oxu-çalğı tərzinin orijinala sədaqəti, mətnin elmi qaydada pasportlaşdırılması, izaha ehtiyacı olan fakt, hadisə və məfhumların açıqlamalı təqdimatı çox mühüm göstəricilərdir. Gərgin zəhmətin bəhrəsi olan bu keyfiyyətlər zaman-zaman bir çox yeni elmi araşdırmaların aparılmasına yol açacaqdır.

 

“Aşıq dastanları” üçcildliyi gələcək dastan nəşrlərinin ortaya çıxması üçün sanballı bir töhfə olmaqla yanaşı, yeni nəsil aşıqlar, folklorçular, aşıqşünas və musiqişünaslar üçün faydalı qaynaqdır.

Əvvəlki cildlərdə olduğu kimi, bu cildin də elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru dosent Altay Məmmədli, redaktoru filologiya üzrə fəlsəfə doktoru dosent Aynur Xəlilovadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!