Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "edebiyyatqazeti.az" saytının təqdimatı oldu.
Tədbirdə AYB-nin katibi, xalq şairi Fikrət Qoca çıxış edərək mərasimin əhəmiyyətindən söz açdı. O, ədəbi tribunamızın mətbu orqanı olan qəzetin nəşr olunduğu ildən bu günədək gördüyü işlərə toxundu və qeyd etdi ki, qəzet bu gün əvvəlki dönəmlərdən daha artıq ədəbi meyarları yüksək olan yazarlara dəstəkdir. O, eyni zamanda AYB-nin mətbu orqanı sayılan qəzetin və onun saytının bundan sonrakı fəaliyyətinə öz xeyir-duasını verərək kollektivə uğurlar arzuladı.
AYB-nin katibi İlqar Fəhmi qəzetin hədəf götürdüyü istiqamətlərlə bağlı fikirlərini bölüşdü. Qəzetin həyata keçirdiyi layihələrdən danışan İ.Fəhmi bildirdi ki, o layihələrdən biri də "Ədəbiyyat qəzeti" ilə AYB-nin birgə təşəbbüsü əsasında reallaşan "Əli bəy Hüseynzadə" mükafatının təsisidir. O, saytın işə başlamasını yüksək dəyərləndirdi, fəaliyyətinə uğurlar arzuladı.
Çıxış edən digər qonaqlar da qəzetin fəaliyyət istiqamətlərindən, görülən işlərdən, qəzetdə gerçəkləşən müxtəlif layihələrdən danışdılar.
İştirakçılara təşəkkürünü bildirən "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan yeni sayt haqqında məlumat verdi. Bildirdi ki, bu sayt Azərbaycan ədəbiyyatının təbliğinə, gənc istedadların tanınmasına, eləcə də görkəmli ədiblərimizin həyat və yaradıcılığına güzgü tutacaq.
Tədbir çərçivəsində "Ədəbiyyat qəzeti" yayınları" seriyasından nəşr olunmuş ilk nəşrin - həyatdan vaxtsız köçmüş şair Faiq İsmayılovun "İynəboyu böyük dünya" kitabının təqdimatı da oldu.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev "Ədəbiyyat qəzeti" ilə uzunmüddətli əməkdaşlığından çöz açdı. Bildirdi ki, ölkəmizin ədəbi camisinin yeganə qəzeti olan "Ədəbiyyat qəzeti" həmişə dövlətimizin yüksək qayğısı ilə əhatə olunub. "Bu gün qəzet həmin etimadı əsl ədəbiyyat və mədəniyyət meyarları baxımından yüksək səviyyədə doğruldur. Bu prosesdə qəzetin baş redaktoru Azər Turanın əməyini xüsusilə qeyd etmək istəyirəm. O, hələ uşaqlıq və gənclik illərindən ədəbi aləmin qaynar əhatəsində olub. Görkəmli ədəbiyyatşünas alim olan atası İmamverdi Əbilovun ziyalılıq işığında tanınmış şair və yazıçıların söhbətləri onda ədəbiyyat aləminə, yaradıcılığa xüsusi maraq oyadıb. Ədəbi meyarlara sahiblənməsində bu görüşlər əvəzsiz rol oynayıb. Bu gün Azər Turanın həmin meyarlardan çıxış edərək qəzetin fəaliyyətində çox müsbət dəyişikliklər etməsi təbiidi. Bu işdə ilk növbədə əsl yaradıcı insanlara, istedadlı qələm adamlarına arxalanmasını təqdir edirəm. Və özüm də vaxtaşırı bu sevimli orqanla əməkdaşlıq edirəm. Bu gün burada qəzetin saytı, dünyadan vaxtsız köçmüş şair Faiq İsmayılovun "Ədəbiyyat qəzeti" yayınları" seriyasından nəşr edilmiş kitabı, Yazıçılar Birliyinin və "Ədəbiyyat qəzeti"nin təsisçisi olduğu "Əli bəy Hüseynzadə" mükafatı təqdim olunur. Çox əlamətdar hadisədi. Razılıq doğuran bir təşəbbüsdü. Bütün bunlar ilk növbədə ədəbiyyatımıza, mədəniyyətimizə olan təmənnasız xidmətdi. Mənə ancaq qəzetin işinə uğurlar arzulamaq və fəal əməkdaşlıq etmək qalır".
Professor Şirindil Alışanlı da "Ədəbiyyat qəzeti"nin son illərdəki ürəkaçan fəaliyyətindən bəhs etdi. Bildirdi ki, Azər Turan qəzetin qapılarını istedadın məhsulu olan ədəbi-bədii, tənqidi yazıların üzünə taybatay açıb. Ənənəylə çağdaşlığın qovşağında maraqlı bir qəzet yeni ömrünü yaşamağa başlayıb: "Qəzetin fəaliyyəti bu gün sözün həqiqi mənasında gündəmdədi, maraqla izlənir. Bu, bir ziyalı, ədəbiyyat tədqiqatçısı kimi mənim üçün də xoş və maraqlıdı. Azərin öz həmkarlarını əvvəlki dövrlə müqayisədə çox sıx şəkildə əməkdaşlığa dəvət etməsi, maraqlı rubrikalar vasitəsilə çoxçeşidli materiallara yer verməsi təqdirəlayiqdi. Hesab edirəm qəzetin saytı da bu yolla gedəcək. Hər bir işi ilə dövlətimizin və ədəbiyyatımızın, mədəniyyətimizin, ədəbi dəyərlərimizin yanında olacaq".
Şair-tərcüməçi Səlim Babullaoğlu qəzeti müntəzəm izlədiyini, yeni layihələr hesabına daha maraqlı çıxmasında məmnun olduğunu bildirdi. "İynəboyu böyük dünya" kitabının işıq üzü görməsinə görə Azər Turana təşəkkürünü bildirdi. Qeyd etdi ki, aramızdan vaxtsız getmiş Faiq İsmayılovun şeirlərini Azər dərin bir dost sayğısı ilə hələ ötən əsrin 90-cı illərində "Yeni Azərbaycan" qəzetində silsilə şəklində dərc etdirirdi. Faiqin bu kitabının nəşri həmin etibar və vəfanın gerçək təcəssümüdür.
Görkəmli şair Ramiz Rövşən təqdimat mərasimində çıxış edərək dedi: "Hər bir millətin mənəvi ərazisi onun mədəniyyəti, incəsənəti, dili və ədəbiyyatıdı. Səmimiyyətlə deyirəm ki, bu gün "Ədəbiyyat qəzeti" illər boyu yığılıb qalmış, hər bir söz adamını daxilən məşğul edən ədəbi, əxlaqi-mənəvi problemləri layiqincə çözməklə həm millətin mənəvi ərazisinin qorunmasına, həm də bu problemlərin gündəmə gətirilməsinə xidmət edir. Böyük şairimiz Hüseyn Cavidin fiziki məhviylə qırılan dəyərləri önə çıxarır. Əslində, bizə gələn yollar bu dəyərlərdən keçib gəlir. Məhəmməd Əmin Rəsulzadədən, Səməd Vurğundan, Rəsul Rzadan və başqalarından qaynaqlanır. "Ədəbiyyat qəzeti" bu məsələlərə yetərincə yer ayırır, diqqət göstərir. Bu gün burada qəzetin saytı da təqdim edilir. Çox vacib bir saytdı. Hesab edirəm yeni sayt "Ədəbiyyat qəzeti"nin bugünkü fəaliyyətinin layiqli davamçısı olacaq, ədəbiyyatımıza xidmət edəcək. Doğru fikirdi ki, əsl sənət müəyyən vaxt-zaman məsafəsindən sonra etibarlı mənbəyə çevrilir. Çox istərdim ki, yeni sayt gələcəkdə "Ədəbiyyat qəzeti"nin ən mötəbər tarixinə, yayıcı vasitəsinə çevrilsin. Zaman sənətdə, ədəbiyyatda heykəlləşir. Ədəbiyyat gedəni saxlamaq üçündür. Biz onun üçün yazırıq, yazdıqca həm də özümüzə xidmət etmiş oluruq, özümüzü tarixə köçürürük… Bu gün burada aramızdan vaxtsız köçmüş çox istedadlı şair Faiq İsmayılovun "Ədəbiyyat qəzeti"nin yeni nəşrlər seriyasından nəşr edilən "İynəboyu böyük dünya" kitabı da təqdim olunur. Maraqlı və təəssübkeşlik hissindən qaynaqlanan bir layihədir. Azər Turanın təqdimatında Faiqin şeirlərini "Ədəbiyyat qəzeti"ndə oxuyanda çox təsirləndim. Onun şeirlərindəki səmimiyyət duyğusu məni heyrətləndirdi və ruhumu oxşadı. Azərə zəng edib Faiqin şeirlər kitabını çap etdirmək istədiyimi dedim. O da qəzetin bu layihəni mütləq gerçəkləşdirəcəyini dedi. Sevindim. Bu gün həmin kitab təqdim olunur və mən buna çox sevinirəm. Faiqin şeirlərindən aldığım təəssüratla bağlı yazdığım məqalənin kitabda yer alması da mənim üçün çox xoşdu".
Görkəmli şair Çingiz Əlioğlu dedi: "Mənim zənnimcə, insanın mənəvi keyfiyyətlərinin ən öndə gələni, yaxşısı onun yaddaşının etibarlı olmasıdı. Nakam və gənc şairimiz Faiq İsmayılovun kitabını nəşr etdirməklə Azər Turan Azərbaycan ədəbiyyatı cameəsinə çox diri, yaşarı bir şairin kitabını təqdim edib. Bu kitaba görə ona dərin minnətdarlığımı bildirirəm. "Ədəbiyyat qəzeti"nin burada təqdim edilən saytı isə çox lazımlı və gərəkli bir işdir. Bu, "Ədəbiyyat qəzeti"nin müasirləşmə cəhdinin göstəricisidi. Azər Turan "Ədəbiyyat qəzeti"nə rəhbər gələndən sonra qəzetin siması dəyişib. Yeniləşib və öz missiyasını yerinə yetirməyə başlayıb. Necə deyərlər, əsl ədəbiyyat qəzetinə dönüb. Bu, Azərin ədəbiyyatımıza olan sevgisindən, söz sənəti qarşısındakı məsuliyyət hissindən irəli gəlir. Mən köhnə naşirəm. Təcrübəmə əsasən bilirəm ki, "Ədəbiyyat qəzeti" düz yoldadı. Zaman keçdikcə qəzetin bugünkü fəaliyyəti daha qabarıq görünəcək və təqdir ediləcək".
Yazıçı-dramaturq Seyran Səxavət çıxış edərək bildirdi ki, illər öncəsi oxucu qıtlığının yaranmasında "Ədəbiyyat qəzeti"nin çox böyük rolu olub. Ancaq qəzet indi ondan gözlədiyimiz missiyanı yerinə yetirməyə başlayıb. Necə deyərlər, reanimasiya dalanından çıxıb. Təəssüf edirəm ki, ölkədə pedaqoji fəaliyyətlə məşğul olan 20-30 minə qədər ədəbiyyat müəlliminin əksəriyyəti bu gün ədəbi mətbəxi, eləcə də "Ədəbiyyat qəzeti"nin yeni saylarını yetərincə izləmirlər. Bu məsələlər qabardılmalıdır. "Ədəbiyyat qəzeti" indi hər kəsin qəzeti olmağa başlayıb. Həmişə bu yolla getməli, oxucu qıtlığına son qoymalıdı. Buna qəzetin hər cür imkanı və potensialı var".
Sonra qəzetin saytı təqdim edildi. Sərdar Amin saytla bağlı əhatəli məlumat verdi.
Tanınmış aktyor, Faiq İsmayılovun tələbə yoldaşı Vidadi Həsənov söz alaraq dedi ki, tələbəlik illərində dörd nəfər həmişə birgə gəzərdik. Faiq həmişə deyirdi: "Mən bu şeirləri yazıram, ancaq onları daha çox sənin səsində eşidirəm. Onun Azərə yazdığı "Dostum, səni kim apardı?", mənə yazdığı "Ürək geymək çətindi" misrası ilə izlənən şeirini və Vüqara həsr etdiyi "Güllüköynək kənd uşağı" şeirini indi həmin illərin unudulmaz xatirəsi kimi yada salıram. Elə bil hər şey dünən olub".
Sonra İncəsənət Universitetinin tələbələrinin ifasında F.İsmayılovun şeirləri səsləndirildi. Azər Turan bildirdi ki, burada səsləndirilən şeirləri Faiq 18-20 yaşlarında yazıb. Ötən il onun şeirlərini "Ədəbiyyat qəzeti"ndə təqdim edəndə hamıdan əvvəl gözəl şairimiz və dostumuz Çingiz Əlioğlu zəng edib soruşdu ki, bu şair kimdi? Açıqlama verdim. Bərk mütəəssir olduğunu, təsirləndiyini dedi. Sonra bu təqdir Ramiz Rövşəndən gəldi. Təqdir etdi. Dedi ki, mən onun kitabını çap etdirəcəm. Minnətdarlığımı bildirdim. Düşündüm ki, kaş Faiq sağ olaydı, bu deyilənləri özü eşidəydi. Sonra xalq yazıçısı Anar zəng edib onun şeirləri haqqında xoş sözlər dedi. Belə hallar çox nadir hallarda olur. Sağ olsun, Anar müəllim sonra Faiqin şeirlər kitabına "İynəboyu böyük dünya" adlı ön söz də yazdı. Bu gün Faiqin kitabı həmin adla təqdim olunur.
Faiq İsmayılovun həyat yoldaşı, Mingəçevir Dövlət Universitetinin müəllimi İlhamə İsmayılova dedi: "Bu tədbirdə deyilənləri dinləyə-dinləyə Faiqin son nəfəsindəki son arzusunu yada salıram. Azəri xatırlayırdı. Azəri çox istəyirdi. Deyirdi, tələbəlik illərində Azərin çox şeirlərini cırıb küləyə vermişəm. Çünki onun başqa sahələrdə potensialı, ədəbi imkanları daha çoxdu. Daha böyük uğur qazana bilər. Deyirdi Azəri böyük auditoriyalarda mühazirə oxuyan görmək istəyirəm. Azər də həmişə Faiqin xatirəsinə ehtiramlı olub. Dünən redaksiyada söhbətimiz zamanı Sərvaz Hüseynoğluna da dedim ki, Azərin öz kitabının çap olunmaq məqamı yetişəndə o, həmişə Faiqin kitabını qabağa verib. Dostunun kitabını çap etdirib. Buna görə Azərə minnətdarlıq edirəm. Faiqin şeirləri barədə Anar müəllim, İradə Musayeva, Elnarə Akimova, Rüstəm Kamal, Mətanət Vahid və başqaları da maraqlı məqalələr yazıblar. Çox sağ olsunlar. Çalışdığım institutda "Ədəbiyyat qəzeti"nin çoxsaylı oxucuları var. Əksəriyyəti gənclərdi. Oxuyur və müzakirə edirik. Maraqlı və öz missiyasına sadiq bir qəzet nəşr olunur".
Tənqidçi İradə Musayeva çıxışında qeyd etdi ki, artıq bu gün "Ədəbiyyat qəzeti"nin xüsusi təqdimata və tərifə ehtiyacı yoxdu. Qəzet öz adını yetərincə doğruldub; bunu çox vaxt görməməzliyə vuranlar olsa da belə. Təbii ki, qəzetin bugünkü vəziyyətə nail olması elə də asan olmadı. Azər Turan bunun üçün çox şeyə dözdü, mücadilə apardı. Hər dəfə redaksiyaya qədəm qoyduqda Azər müəllimlə bərabər Sərvaz Hüseynoğlunun, Elnarə Akimovanın hansı psixoloji durumla üzləşdiklərinin, dirəniş göstərdiklərinin şahidi olmuşam. Bu hal qəzetçilikdə çox vacib bir haldı. Yaxın günlərdə mənim ədəbiyyatşünaslıq, ədəbi-tənqid məsələlərilə bağlı irihəcmli bir kitabım çıxıb. O kitaba daxil edilən məqalələrin çoxu son vaxtlar "Ədəbiyyat qəzeti"nin səhifələrində işıq üzü görüb. O məqalələrin çoxunu Azər Turanın yaxşı mənada təkidilə yazmışam. Ərk edib və onun bu ərköyünlüyünü yüksək qiymətləndirirəm".
Tənqidçi Elnarə Akimova təqdim olunan saytın vacib cəhətlərindən bəhs etdi. Bildirdi ki, bu gün çox önəmli olan üç ədəbi hadisənin təqdimatına yığışmışıq. Ədəbiyyat qəzetinin saytının yaranması düşünürəm ki, indiki elektron informasiya yayğınlığı dönəmində gərəkli addımdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün bu sayt vasitəsilə həm də ədəbiyyatımızın çağdaş durumunun polifonik mənzərəsi cızılacaq". Daha sonra Elnarə Akimova qeyd etdi: "Azər Turan Faiq İsmayılovla bağlı yazdığı məqaləni belə bir qeydlərlə bitirirdi: "Faiqin iynəboyu şeirlərinin filoloji masaya yatırılması ədəbiyyatşünaslığın predmetinə çevrilməsi qaçılmazdır. Buna inanıram və bu inamıma tənqidçilərin də nəzərə almasını istəyirəm". Məncə, Azər müəllimin istəyi baş tutdu. Amma bu yalnız ona görə baş verdi ki, Faiq İsmayılovun mətnlərinin buna gücü çatdı. Bir dost əli, bir də şeir yaddaşı onu qaranlığın hücrəsindən poeziyanın gün işığına çıxartdı. Faiq qısa ömür bioqrafiyasına sığışan mətnləri ilə bu dövrün çöküş ruhlu poeziya orbitində öz səsi, rəng simvolikası, intonasiyası ilə doğulan şair kimi görünür və müstəqillik dövrünün şeirinin ovqat çalarının təyin olunmasında əsas göstəriciyə çevrilir".
"Qobustan" dərgisinin baş redaktoru Vaqif Əlixanlı da "Ədəbiyyat qəzeti"nin qısa vaxt ərzində öz simasını yetərincə dəyişməsindən, önəmli oxucu diqqəti cəlb etməsindən söz açdı.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu dedi: "Ədəbiyyatın müəyyən zaman kəsimi üçün iki amil mühümdür: Bir, həmin dövr ərzində yaranan çox dəyərli- şedevr əsər (əgər belə bir əsər yaranırsa... bəzən elə olur ki, o əsər yaranmır, bu heç kəsin iradəsindən aslı deyil), bir də ədəbi mühiti formalaşdıracaq şəxsiyyət, ədəbi dərgi və ya ədəbi hərəkatın olması. Bunlardan biri və ya hər ikisi varsa, ədəbiyyatın o dövrü qiymətli olur, yadda qalır. Son bir ildə "Ədəbiyyat qəzeti" ədəbi mühiti müəyyən dərəcədə ətrafında cəmləşdirə və bir çox imzaları qabarda bildi. Bu, baş redaktor əsas olmaqla, redaksiya kollektivinin uğurudur."
"İynəboyu böyük dünya" kitabının təqdimatı ilə bağlı isə xanım yazar dedi: "Erkən dünyasını dəyişən şairin kitabının nəşrini, təqdimatını həyata keçirənlərin borc hissini dəyərləndirirəm. Bəzən müşahidə edirik ki, son illər cəmiyyətimizdə insanlarımız bu hissi xeyli yadırğamışdır. Bəzən valideyn öz borcunu yerinə yetirmək istəmir, övlad öz borcunu dərk etmir, vətəndaş vətən borcu haqqında düşünmür, işçi həmkarları və oz peşəsi qarşısında ozünü borclu saymır. Bu kitabın nəşri gənclik dostuna, qələm dostuna borc hissindən yaranıb. İdeya müəllifi və tərtibçisi Azər Turanı bu addımına görə alqışlamaq lazımdır."
Daha sonra "Əli bəy Hüseynzadə" mükafatı təqdim olundu. Mükafat türk poeziyasının nəfis təqdimatına görə yazıçı-şair Dilsuza, ədəbi-tənqidi məqalələrinə görə akademik Nizami Cəfərov və Məti Osmanoğluna, ədəbi-publisistik məqalələrinə görə gənc yazar Mirmehdi Ağaoğluna, esselərinə görə isə Nargis İsmayılova (Naxçıvan) və Mətləb Ağaya verildi.
AYB və "Ədəbiyyat qəzeti"nin birgə təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatının yeni laureatlarından tanınmış şair Dilsuz təsisçilərə dərin minnətdarlığını bildirdi: "Mükafatla bağlı xəbəri eşidəndə çaşdım. İdeya müəlliflərinə təşəkkür edirəm. Bu tədbir səmimiyyətlə süslənmiş bir tədbirdir. Burada ədəbiyyatımızın problemlərindən çox səmimiyyətlə söz açıldı. Ramiz Rövşən düz dedi ki, problemli ruh həmişə qəzetdə olmalıdı. Amma qəzetə bu ruhu biz yazarlar verməliyik. Yaxşı publisist, yaxşı tərcüməçi yazıçı və şairlə bir sırada dayanır. Seyran Səxavət də düz vurğulayır ki, bu gün çağdaş ədəbi həyatı izləməyən, "Ədəbiyyat qəzeti"ni oxumayan pedaqoq yetirmələrinə nə deyə bilər?.. Sevinirəm ki, bu gün "Ədəbiyyat qəzeti" oxunur. Köşkdən soruşanda deyirlər: "İkisi gəlmişdi, indicə aldılar". Bunu da eşitmək bir dad, bir ləzzətdi".
Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru Məti Osmanoğlu "Əli bəy Hüseynzadə" mükafatına görə təsisçilərə təşəkkür etdi: "İstənilən halda hər hansı mükafata layiq görülmək yaradıcı insan üçün xoşdu. Bu öz yerində. "Əli bəy Hüseynzadə" mükafatını almaqsa mənim üçün şərəfdi".
Gənc yazar Nargis İsmayılova qeyd etdi ki, "Naxçıvanda "Ədəbiyyat qəzeti" sevə-sevə oxunan qəzetdi. Çünki Azər Turan Azərbaycanın bütün bölgələrinə eyni qədirşünaslıqla yer ayırır, hamıyla həssas davranmağa çalışır. Bu mənada, "Ədəbiyyat qəzeti"ni Azərbaycanın mənəvi xəritəsi də hesab etmək olar. Çox sevinirəm ki, belə dəyərli qəzetdə yazaram, dəyərli Azər Turanın redaktoru olduğu bir dönəmin qəzetində görünmək şansı qazanmışam. "Əli bəy Hüseynzadə" mükafatı ilə təltif olunmaq isə mənim üçün şərəf işidi və buna görə mənə etimad göstərən Azər bəyə və digər insanlara minnətdaram".
"Əli bəy Hüseynzadə" mükafatının laureatları olan Mətləb Ağa və Mirmehdi Ağaoğlu da təsisçilərə, eləcə də "Ədəbiyyat qəzeti"nin yaradıcı heyətinə dərin təşəkkürlərini bildirdilər.
Sərvaz HÜSEYNOĞLU
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!