Hazırladı: Tural CƏFƏRLİ
"Ədəbi talelər" layihəsində oxuculara Azərbaycanın dahi
mütəfəkkirlərinin, yazıçı və şairlərin, mədəniyyət nümayəndələrinin həyat yolu yeni faktlarla təqdim olunacaq, görkəmli şəxsiyyətlərin ədəbi talelərinin və yaradıcı fəaliyyətlərinin gizli tərəflərinə işıq
salınacaq. "Ədəbi talelər" layihəsinin ilk portreti dramaturq,
ictimai xadim, filosof və ədəbi tənqidçi Mirzə Fətəli Axundovdur.
Bəzi tədqiqatçılar onu "Şərqin görkəmli ateistlərindən" biri və ya "İslamın əsaslarının mühüm tənqidçisi" kimi səciyyələndirirlər. Onun haqqında irəli sürülən müxtəlif faktlar və hadisələr bu gün də birmənalı qarşılanmır. "Müsəlmanların Molyeri" kimi tanınan bu dahi azərbaycanlının həyatı və ədəbi fəaliyyəti özündə bir çox təzadlı və maraqlı məqamları ehtiva edir.
Söhbət XIX əsr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi, dövrünün tanınmış ictimai xadimlərindən biri olan Mirzə Fətəli Axundovdan gedir. M.F.Axundov həm də Azərbaycan dramaturgiyasının və ədəbi tənqidinin banisi kimi tarixə düşüb. 1812-ci ildə Şəki şəhərində dünyaya göz açan balaca Fətəlinin uşaqlığı Cənubi Azərbaycanda keçib. M.F.Axundov on üç yaşında anası Nanə xanımla yenidən Şəkiyə qayıdır. Ailəsi onu ruhani təhsilinə yönəldir. Ancaq hadisələr heç də ailəsinin istədiyi kimi cərəyan etmir. Gəncədə ruhani təhsili alan Axundovun gələcək həyatı müəlliminin təsiri ilə başqa bir istiqamət alır. Sərbəstfikirliliyi ilə seçilən məşhur Azərbaycan lirik şairi Mirzə Şəfi Vazehlə tanış olan Mirzə Fətəli ruhani təhsil almaqdan imtina edərək, Şəkiyə qayıdır və 1833-cü ildə rus-tatar məktəbinə daxil olur. Burada rus dilini mükəmməl öyrənir.
1834-cü ildə M.F.Axundov o dövrdə Zaqafqaziyanın mədəni və inzibati mərkəzi olan Tiflisə köçür və Qafqaz canişininin dəftərxanasında Şərq dillərindən rus dilinə tərcüməçi kimi xidmətə başlayır. Tiflis həyatı, ictimai xidmət, Tiflis məktəbində müəllimlik fəaliyyəti, mütərəqqi rus yazıçıları, jurnalistləri, siyasi xadimləri (A.A.Bestujev-Marlinski, V.A.Solloqub, P.Polonski) ilə görüşlər M.F.Axundovun dünyagörüşünə təsir göstərmişdir. Şərq ədəbiyyatını dərindən mənimsəyən, ərəb, fars və rus dillərini bilən M.F.Axundov rus və Qərbi Avropa elmi və ədəbiyyatının görkəmli nümayəndələri ilə tanış olmuşdur.
Mirzə Fətəli Axundov A.S.Puşkinin istedadına heyran olmuş və 1837-ci ildə böyük rus şairinin vəfatı haqqındakı kədərli xəbərdən təsirlənərək, "Puşkinin ölümünə Şərq poeması" adlı əsəri qələmə alır. Əsər 1837-ci ildə "Moskovski Teleqraf" jurnalında dərc olunur. Poemanın rus dilinə tərcüməsi Axundovun tərcümə işində ilk cəhdləri idi. Ədəbiyyatşünas Andrey Popovun qeyd edir ki, bu tərcümə M.F.Axundovun Gürcüstan dəftərxanasından olan dostu və həmkarı İvan Klementyev tərəfindən müəllifin xəbəri olmadan Moskvaya, "Moskovski nablüdatel" jurnalının redaksiyasına göndərilib. Belə ki, poemanın sətri tərcüməsini hazırlayan Axundov onu ilk olaraq Klementyevə göstərir. Tərcümə ilə tanış olan Klementyev heyrətə gəlir və əsərin yazılış üslubuna cüzi düzəlişlər edərək, qısa məktubla birlikdə poemanı "Moskovski nablüdatel" jurnalının redaksiyasına göndərir.
Qeyd edək ki, redaksiya "Moskovski nablüdatel"də dərc olunan mətndə xırda düzəlişlər etmişdir. Redaksiya əsəri "Puşkinin məzarına atılmış lətif bir çiçək" adlandırmış, əsərə bəzi qeydləri sonradan əlavə etmişdir. Sonrakı dövrlərdə Axundovun Puşkinin ölümünə həsr etdiyi poeması dəfələrlə nəşr olunmuşdur. Əsər 1871-ci ildə "Kafkaz" qəzetində çap olunub. Moskvada Puşkinin abidəsinin açılması ilə əlaqədar 1880-ci ildə "Peterburqski listok" adlı qəzet poemanın Aleksandr Sokolovun tərcüməsini dərc etmişdir (Bu tərcümə poemanın rus dilinə olan ilk mənzum tərcüməsi idi). Puşkinin anadan olmasının yüz illiyi ilə əlaqədar "Kafkaz" qəzeti poemanı Bestujevin yeni tərcümə olunmuş variantda təkrarən çap etmişdir və Bestujev əlavəsində oxucularına bildirmişdi ki, "dahi rus şairinin faciəli vəfatı barədə bəd xəbər yurdumuza çatanda, Fətəli ahəngdar şeiri ilə öz kədərini ifadə etmişdir".
"Müsəlmanların Molyeri" adlandırılan Mirzə Fətəli Axundov ədəbi yaradıcılığı ilə çağdaş Azərbaycan teatrının təməlini qoymuşdur. O, öz əsərlərində dövrün eybəcərliklərini, sosial-mənəvi problemlərini, ictimai vəziyyəti olduğu kimi əks etdirməyə çalışmışdır. Onun qələmə aldığı "Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-vəziri-xani-Lənkəran", "Sərgüzəşti-mərdi xəsis", "Hekayəti-Müsyö Jordan həkimi nəbatət və dərviş Məstəlişah caduküni-məşhur" və digər pyesləri Azərbaycan dramaturgiyasının ilk nümunələridir. Dahi Molyerlə müqayisə olunması isə təbiidir. Belə ki, Axundovun yaradıcılığında Molyerin üslubunu və yanaşmasını xatırladan, ondan təsirləndiyini əks etdirən bir çox nəsnələr mövcuddur.
Mirzə Fətəli Axundov dövrünün ən sərt və tutarlı əsaslarla çıxış edən tənqidçilərindən sayılırdı. Ələlxüsus da, fanatizmə, dini xurafata, cəmiyyətdəki avamlığa, cahilliyə, geri düşüncəliliyə, zülmə, əsarətə qarşı qoyduğu mövqe heç də həmişə xoş qarşılanmayıb. Buna görə də onun yazdığı "Kəmalüddövlə məktubları" sağlığında nəşr olunmayıb. Kitab ancaq müəllifin ölümündən sonra - 1924-cü ildə Bakıda "Yeni Əlifba Komiteti" tərəfindən nəşr edilib.
M.F.Axundovun "...Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi-mütləq olsun" fikirləri onun ədəbi fəaliyyəti ilə necə səsləşdiyini göstərir. İki dahi şəxsiyyətin - Molyer və Axundzadə yaradıcılığı arasında ən çox oxşarlığı onların yazdığı pyeslərin obrazlarında görmək olar. Belə ki, Jan Batist Molyerin "Xəsis" pyesinin qəhrəmanı Qarpaqon ilə, Mirzə Fətəlinin "Sərgüzəşti-mərdi xəsis" pyesinin qəhrəmanı Hacı Qara arasında tənqidçilər və araşdırmaçılar paralellər aparmışdır.
Əlbəttə, şəxsi həyatı faciələrlə dolu olan adamın bu qədər komediya yazması da bir qədər təəccüb doğurur. İki dəfə evlənən Axundovun Tubu xanımla evliliyindən nə az, nə çox, düz on üç övladı olur. Amma onlardan yalnız ikisi - oğlu Rəşid bəy və qızı Nisə xanım sağ qalır. Qalan on bir övladı erkən yaşlarda vəfat edir...
Dramaturqun oğlu Rəşid Axundovun da həyatı faciə ilə bitir. Rusiya İmperiyasının quberniya katibi kimi mülki məmur rütbəsini daşıyan oğlu, həmçinin fransızcadan ruscaya və azərbaycancaya bədii tərcümə işi ilə də məşğul olub. Rəşid Axundov oğlunun adını atasının xatirəsini yaşatmaq üçün Fətəli qoyur. Rəşid Axundov cəmi əlli beş yaşında olarkən, tapançadan özü-özünə atəş açaraq intihar edib. Təəssüf ki, nəvə Fətəlinin də həyatı faciə ilə sona çatır. Belə ki, nəvə Fətəli 1938-ci ildə Stalin repressiyasının qurbanı olub...
Dini görüşlərindən, sərt fikirlərindən və açıq tənqidi düşüncələrindən dolayı dəfni üç gün uzanıb. Onu İslam qaydalarına uyğun dəfn etməyə heç bir din xadimi gəlməyib. Haqverdiyev xatirələrində yazır: "Mirzə Fətəlinin ölümünü Şeyxülislam Molla Əhmədə xəbər verdikdə o dedi: "Onun din haqqında olan nöqteyi-nəzəri ilə tanışam. Buna görə də onun namazını qılmaqdan imtina edirəm". Aparılan söhbətlərdən və uzun minnətdən sonra Şeyxülislam məscid xadimlərindən Molla Hüseynə tapşırıb ki, gedib Mirzənin nəşi üzərində dini adətlərə uyğun bir neçə söz desin.
Dahi dramaturq, filosof və ictimai xadim Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat edir və vəsiyyəti üzrə müəllimi Mirzə Şəfi Vazehin yanında torpağa tapşırılır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!