TÜRKSOY-dan müjdə xəbər: Cəfər Cabbarlının dram əsərləri Türkiyədə nəşr olundu - Minaxanım TƏKLƏLİ

TÜRKSOY (Uluslararası Türk Kültürü Teşkilatı) xətti üzrə Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə "Cafer Cabbarlı. Seçme dram eserleri" Təşkilatdakı daimi nümayəndəmiz Elçin Qafarlının redaktorluğu ilə Ankarada nəfis şəkildə çapdan çıxmışdır. Kitaba dramaturqun səhnə əsərlərindən "Vəfalı Səriyyə" (1912), "Solğun çiçəklər" (1915), "Nəsrəddin şah" (1916), "Ədirnə fəthi" (1917), "Aydın" (1919), "Oqtay Eloğlu" (1922), "Od gəlini" (1924-1927) pyesləri daxil edilmişdir. Kitabda toplanmış əsərləri Türkiyə türkcəsinə türkiyəli dramaturq Atabəy Barış çevirmişdir.

"Cafer Cabbarlı. Seçme dram eserleri" kitabı elə ilk açdığımızda başlanğıc səhifədəki TÜRKSOY Baş Katibi Sultan Raevin "Təqdimat yazısı"nda təşkilatın "Türk Dünyasının malik olduğu zəngin mədəniyyəti və sənəti bütün dünyada geniş kütlələrə tanıtmaq və gələcək nəsillərə çatdırmaq xəttilə çalışmalarını sürdürən TÜRKSOY hər il bu mədəniyyəti zənginləşdirən və dünya mədəniyyət xəzinəsinə töhfə verən dahi sənət adamlarımızı və onların bizə qoyub getdiyi mədəni mirası yaşatmağa çalışmaqda, müxtəlif tədbirlər ilə sənətsevərlərlə bir araya gəlməkdir" kimi səmərəli fəaliyyətilə tanış oluruq. Bu günlərdə kitabın Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində keçirilən geniş təqdimatı zamanı da nəşrin yaradıcı heyəti, o cümlədən, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı daimi nümayəndəsi Elçin Qafarlı və eləcə də təşkilatın fəaliyyəti ilə tanışlıq universitetimizdəki sevindirici hadisələrdən oldu.

TÜRKSOY-un Cəfər Cabbarlıya diqqət yetirməsi təsadüfi hallardan sayılmamalıdır. XX əsr Azərbaycan ədəbiyyatının azman simalarından olan Cəfər Cabbarlı milli ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında xüsusi yeri olan, görkəmli yazıçı, dramaturq və şair kimi tanınır. Onun əsərləri, dövrünün sosial-siyasi reallıqlarını əks etdirməklə, ədəbiyyatımızda yeni bir mərhələ açmışdı. Əminliklə demək mümkündür ki, qısa bir ömür yaşamasına baxmayaraq, Cabbarlının ədəbi və ictimai fəaliyyəti bizim milli dəyərlərimizin, azadlıq düşüncəsi və ictimai şüurun inkişafına böyük təsir göstərmişdir. Odur ki, "Cəfər Cabbarlının 125 illiyinin qeyd edilməsi haqqında" "Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük sənətkar - şair, yazıçı və dramaturq" kimi prezident sərəncamında dəyərləndirilməsi çox təbii və yerində görünməklə onun şəxsiyyətinə, yaradıcılıq fəaliyyətinə verilən həqiqi yüksək qiymət kimi qarşılanmalıdır.

Cəfər Cabbarlı qısa bir ömür yaşasa da, onun ömür payı vətənin çox mürəkkəb və həlledici, coşqun hadisələr dövrünə düşmüşdür. O bu qısa ömürdə Azərbaycan ədəbiyyatına zəngin və müxtəlif tematik əsərlər bəxş etmişdir. Cabbarlı çox-çox gənc ikən yaradıcılığa şeirlə başlamış, poeziya, nəsr ilə yanaşı, dramaturgiya bu yaradıcılıq yolunun əsas istiqamətlərini təşkil edirsə də, onun yaradıcılığının ağırlıq mərkəzini bunlardan biri - məhz dramaturgiyası təşkil etmişdir. Həyat həqiqətlərini bədii həqiqətin libasında daha geniş auditoriyaya çıxarmaq, insanları düşünmək və düşündürmək, onlara çıxış yolları aramaqda yardımçı olmaq üçün dram janrının o dövrdə böyük imkanları və perspektivi var idi (Asif Rüstəmli). Əlbəttə, ədib teatrın, səhnə həyatının ictimai həyata güclü təsir göstərdiyini, nüfuz etdiyini yaxşı görür, hiss edirdi. Təbii olaraq xalqın tərəqqisinin əsas yolunu mədəniyyətin, teatrın inkişafında görən sənətkarın dramaturgiya janrında yaratdığı əsərləri onun ən məşhur əsərləri hesab olunur və ən çoxu da bununla o, Azərbaycan dramaturqu və teatr xadimi kimi ədəbiyyat tariximizdə iz buraxmışdır. Bu mənada, Cabbarlı XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Əhməd Ağaoğlu, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani, Məhəmməd Hadi, Hüseyn Cavid, Çəmənzəminli və başqa maarifçi sənətkarları ilə bir cərgədə birləşirdi. Məmnunluq hissi ilə bildirirəm ki, bu nəşr ilə Cabbarlı məhz bu dəyərdə türkiyəli oxuculara tanıtdıra bilinmişdir. Ümid etmək olar ki, bu kitab Cabbarlının milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirməklə onu yaşatmış, yeni dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyət olduğunu da türkiyəli oxuculara çatdıracaqdır. 

Dramaturqun Türkiyədə nəşr üçün seçilmiş dram əsərləri içində qadın azadlığı mövzulu əsərlər üstünlük təşkil edir; bu heç də təsadüfi deyildir. Cəfər Cabbarlının da, sırasında yer aldığı Azərbaycan maarifçiləri "türkqanlı, müsəlman etiqadlı, firəng qiyafəli" vətəndaşlar yetişdirmək istəyərkən qadın təhsilinə və tərbiyəsinə xüsusi diqqət yetirirdilər. Artıq XX əsrdə isə qadın azadlığı sürətli tərəqqinin, cəhalətdən qurtarmağın, cəmiyyətin mənəvi-əxlaqi saflaşmasının, ictimai-milli genefondu qorumağın əsas şərtlərindən hesab olunduğu kimi, ziyalılar qadın azadlığı və onların təhsilinə xüsusi əhəmiyyət verirdilər"(Zaman Əsgərli). Belə olan halda, Teatr tərbiyə məktəbinə çevrilirdi. Kitabdakı "Ön söz"ün müəllifi Ankara Universitetinin professoru Erdoğan Uyğur bunu nəzərdə tutaraq yazırdı: hekayə, şeir və dram əsərlərində qadının təhsil alması, qadın-kişi hüquq bərabərliyi, insan hüquqlarının üstünlüyü, cəmiyyətin əmin-amanlığını qoruyacaq dəyərləri göz önünə çıxarması Cəfər Cabbarlıya bir sosial xarakter qazandırmışdı.

Azərbaycan maarifçilərinin oyanış yolundakı mühüm işlərindən biri, heç təsadüfi deyil ki, teatr təsisi olmuşdu. Şərqdə ilk teatrın yaradılışı Bakının payına düşdü; 1873-cü il martın 10-da (köhnə təqvimlə) bünövrəsi, təməli qoyulmuş professional teatrımız artıq 20-ci əsrin başlanğıcından özünün yetkinlik dövrünə qədəm qoyur, anşlaqlı anlarını, anıldığı, sevildiyi məqamlarını nadan sxolastikaya, yeniliyə düşmən kəsilən ehkamlara, şər enerjili irticaya, naftalin qoxulu mühafizəkarlığa qarşı mübarizədə keçirirdi. Teatr tanınır və tanıdırdı. Əhalinin geniş təbəqələrini özünə cəlb və cəzb edən bu mədəniyyət ocağı maariflənmə yolunda güclü təsir imkanlarına malik idi. Səhnədə canlı səsin, sözün və hərəkətin uyumuş duyğulara, soyuq biganəliyə, ərpimiş milli mənlik şüuruna birbaşa emosional nüfuzu, müdaxiləsi incəsənətin bu sahəsinin hələ uzun əsrlər boyu bəşəriyyətin xidmətində duracağına əminlik yaradırdı. Cəfər Cabbarlı ədəbi yaradıcılıqda dram janrına üstünlük verməklə xalqına vicdanla xidmət etmək, "zülmi-dövran"a qarşı çıxmaq, "müqəddəs vücudları canavar zülmündən" xilasa çalışmaq, ədaləti, vicdanı "aləmi-bəşəriyyət"in yadına salmaq, mədəni və mənəvi tərəqqiyə nail olmaq, yaşadığı mühiti anlamaq və anlatmaq, səhnənin və sənətkarın səviyyəsinin yüksəlməsinə köməklik göstərmək məqsədi güdürdü. (Asif Rüstəmli). Xatirələrin işığında Cabbarlının bu yolda dramaturq kimi önəmli xidmətini göstərən hadisəyə baxaq: bir gün Yazıçılar İttifaqına - öz iş yerinə gələn Səməd Vurğun qapıda toplaşan böyük dəstəni görüb maraqla nə olduğunu soruşduqda onu qarşılayan qapıçı: "Bu gün dramaturqların toplantısı keçiriləcəkdir", - deyir. Şair dərin təəssüf hissi ilə: "Eh... bircə Cəfər Cabbarlı bəs edərdi..." - deyir. 

Kitabla ətraflı tanışlıq zamanı tərcümə işinin hər baxımdan uğurlu alındığı görünür; bu da təsadüfi deyil. Belə ki, tərcüməçi Atabəy Barışın qeydlərinə görə o, Cəfər Cabbarlı yaradıcılığı ilə lap əvvəldən - universitet illərindən onun hekayələri ilə tanışlığından, bu hekayələrin onun dünyagörüşündə iz buraxdığından bəhs edir, bu səbəbdən də Cabbarlıya bir "minnət borcu" olduğunu xüsusilə vurğulayır. Yüksək şövq ilə: "Amma bu iş nə qədər uzun və çətin getsə də, mənə cənnət bağında çiçək tozcuğu toplayan işçi arı qədər həzz verdi", - deyir. Demək, mənim fikrimcə, tərcüməçi tam dəqiqliyi ilə seçilmişdir; onun özünün dramaturq fəaliyyəti, həm daha öncədən Cabbarlı irsi ilə tanışlığı və Türkiyə türkcəsi qədər də Azərbaycan türkcəsinə bələdliyi, bu dillərin eyni dərəcədə "şirinliyi"ni dadma, bu dillərin cazibə sirrini açma bacarığına malik olması çevirmə işinin uğurunu gerçəkləşdirmişdi. Cabbarlının dili nə qədər sadədirsə, o qədər də sehrli, o qədər də hissiyyatlıdır. Etiraf edim ki, Ali məktəbdə mühazirə və praktik məşğələlərimdə Süleyman Sani, Çəmənzəminli qədər də ən çox müraciət etdiyim Cabbarlının dil materialı olub. Hələ namizədlik mövzusu seçilərkən mənim Cabbarlı əsərlərinin dilini işləmək istəyimi demirəm... Cabbarlının qızı mərhum Gülarə xanım məni böyük alim, vaxtilə "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş əsli Xızıdan gələn akademik Məmməd Arif Dadaşzadə ilə görüşdürsə də, məndən asılı olmayan səbəblər üzündən bu iş baş tutmadı. O illər prof. Dəmirçizadənin Azərbaycan ədəbi dili kitabının 1-ci cildi nəşr olunmaqda idi və bu böyük alim 2-ci cild üçün nəzərdə tutduğu mövzuları öz istəyincə sıralamışdı. Bu üzdən mən dilinə, üslubuna heyran qaldığım yazıçıdan aralı düşdüm...

Nə qədər çevirmə işinin uğurlarından danışsaq da, ötəri, yüngül diqqətsizliklər gözə dəyməkdədir. Məncə, "Od gəlini" əsərinin adı "Atəşlər gəlini" deyə çevrilməməli idi və ya pyesin "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" adı "Vəfalı Səriyyə" adı tərzində ixtisar olunmamalı idi. Lakin bu və bu sayaq gözə dəyən detallar çəkilən böyük zəhmətin dəyərini heç nə ilə azaltmayır.

Yazımı tərcüməçinin sözüylə bitirmək istəyirəm: Ümumi türk teatrı səhnəsində önəmli bir bələdçi olan Cəfər Cabbarlının daha çox anladılması və anlaşılması diləkləri ilə oxucularımıza və türk ədəbiyyatına "Gözün aydın" deyirəm. Elə bilirəm, Cəfər Cabbarlının təqdim olunan pyesləri Türkiyə ədəbi ictimaiyyəti üçün dəyərli töhfə olmaqla yanaşı, ortaq miraslarımızın xəzinəsini zənginləşdirəcəkdir. 

Cabbarlının dram əsərlərinin Türkiyədə nəşrinə həsr etdiyim yazımın sonunda işin təşkilatçısı, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı daimi nümayəndəsi Elçin Qafarlıya, TÜRKSOY-un Baş Katibi Sultan Raevə, Ankara Universitetinin professoru Erdoğan Uyğura, Türkiyə türkcəsinə uyğunlaşdıran dramaturq Atabəy Barışa dərin təşəkkürlərimizi yetirirəm.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!