Firuzə xanımın növbəti yubiley mərasiminə çoxdan hazırlaşırdıq. Yanvar ayının 10-da, ad günündə Firuzə xanımı təbrik edən Anar müəllim "Natəvan klubunda da bir tədbir keçirərik", - demişdi. Təntənəni xoşlamayan, şan-şöhrətə həvəssiz Firuzə xanım Anar müəllimdən keçə bilmədi. Aradabir etiraz etmək istəyirdi, fikrindən daşındırırdıq. Bir həftə əvvəl hava proqnozçuları xəbərdarlıq edəndə ki, fevralın 21-də Bakıda qarlı çovğun olacaq, qanım qaraldı, "Firuzə xanımın bəxtindəndi", dedim. Bir yandan da fikirləşdim ki, hər adamın üzünə qar yağmaz, bərəkətdi, qoy yağsın, uşaqlar da bayram edəcəklər.
Otağımıza girəndə masanın üstündə şəfəq saçan al qızılgüllər mənə bayırdakı çovğunu unutdurdu. "Aaaa... Nə gözəl güllərdir..." Firuzə xanım o nadir, məsum təbəssümü ilə: "Çingiz müəllim hamıdan birinci məni təbrik etdi, bir başqadı da Çingiz müəllim", dedi. Bu gözəl jestin müqabilində Çingiz müəllimin şəninə xoş bir söz deməmək günah olardı. "Çingiz müəllim centlmendi", dedim. Təxmin etdim ki, haradasa məsul iclas var, yəqin ki, Çingiz müəllim mütləq orada iştirak etməlidir. Yaxşı insan sözünün üstünə gəlib çıxar, deyirlər, klubu sahmana salmaq üçün otaqdan çıxanda Çingiz müəllimlə qarşılaşdıq. Firuzə xanımı bir daha gurultulu təbriklərə qərq edib, mühüm bir yığıncağa getmək məcburiyyətindən Firuzə xanımın yubiley mərasimində iştirak edə bilməyəcəyini elə ürəkdən dedi ki, bu dəfə biz az qaldıq ona üzrxahlıq edək. Çingiz müəllim aşağıya tələsdi, biz də yuxarıya qalxıb, Firuzə xanımın qiymətli irsini, saysız-hesabsız kitablarını stendə düzdük. Qonaqlar da gəlməyə başlamışdılar. Çingiz müəllim əhvalımızı elə yüksəltmişdi ki, dairəvi masanın dolub-dolmayacağı xofu çəkilib getmişdi...
Bilirdim ki, Firuzə xanımın dəyərini bilənlər, xətrini istəyənlər qardan-çovğundan qorxmayacaqlar. Xatirə Fərəcli gələndə Firuzə xanım təəccübləndi: "Sumqayıtdan necə gəldin, Hövsandan zəng edirlər ki, yollar bağlıdı, gələ bilmirlər." Xatirə xanım gəlməyənlərin tərəfini saxlamaq üçünmü, yoxsa, Firuzə xanımın kefini pozmamaq üçünmü, "çox yerdə yollar bağlıdı", dedi. Firuzə xanım dincəlmədi: "Keçmiş tələbəm birbaşa Yevlaxdan gəlib".
Mərasim başladı. Yeri gəlmişkən, deyim ki, Rəşad Məcid hələ dekabr ayından Firuzə xanımın yubileyilə məşğuldu. Fevral mərasimini də o aparacaqdı. Bir neçə gün əvvəl otağıma gəlib dedi: "Üzüm gəlmir Firuzə xanıma deməyə, məni rayona tədbirə çağırıblar, siz mənim əvəzimdən Firuzə xanıma üzrxahlıq eləyə bilərsinizmi?" "Çətin olacaq, amma ürəyini almağa çalışaram", dedim. Rəşad müəllim otaqdan çıxar-çıxmaz Firuzə xanım gəldi. Ürəyimdə qaynada-qaynada qalmışdım, axır ki, Rəşad müəllimin ismarıcını Firuzə xanıma çatdırdım. Həmən paniklədi: "Vay nə pis oldu..." Ürək-dirək verməyə, katiblərin adlarını çəkməyə başladım, "onlar da tədbirləri əla aparırlar", dedim. Nə isə, Firuzə xanımı sakitləşdirib yola saldım. Səhər Rəşad müəllim yenə gəldi. "Arifə xanım, Firuzə xanıma deyə bildinizmi?" "Dedim, çox pis oldu". O anda Rəşad müəllimin üzünü görmək lazımdı. "Vallah, mən də çox pis oluram, çox istəyirdim Firuzə xanımın tədbirini mən aparım". Rəşad müəllim otaqdan çıxdı, onun bu narahatlığından çox təsirləndim. Firuzə xanımı məsumiyyətinə görə çox sevirəm, dünyaya dünən gəlibmiş kimi olduğu kimi görünməkdən qorxmamağına heyran oluram, bəzən şirin dillərə aldanışına məəttəl qalıram. O gün hiss etdim ki, Rəşad müəllim də uşaqlığı ilə tam vidalaşmayıb, şəfqətli ürəyi var. Rəşad müəllim gedəndən xeyli sonra da ürəyimdə insanşünaslıq problemlərini çək-çevir elədim. Elə öz ünvanıma deyirəm, necə olur ki, 20-25 il ünsiyyətdə olduğumuz insanları tanıya bilmirik? Kimlərsə çox məharətlə maskalana bilir, yoxsa, biz hər kəsi öz arşınımızla ölçürük? Yaxud kimlərsə qaraqabaqdı, tündməcazdı deyə, niyə uzaqdan mənfi qiymətini verib, yaxınlaşmaq, nədən adamayovuşmaz olduğunun səbəbini bilmək istəmirik? Firuzə xanım insanşünaslıq düşüncələrimin ən maraqlı obyektidi, elə gün olmaz ki, mənim üçün kimsə təkrar-təkrar onun gölgəsində qalmasın. Firuzə xanım Mövlanənin dediyi olduğu kimi görünən insanlardan deyil, göründüyündən qat-qat yaxşı insandır. Elə bilirdim, bu həqiqəti məndən başqa bilən yoxdur, dünən anladım ki, elə deyilmiş, Firuzə xanımın qiymətini bilən müdrik, genişqəlbli xeyli insan varmış. Tənqid etməyi sevməyən, tərif deməkdə də çox səxavətli olmayan Anar müəllim dedi ki, Firuzə xanımın xətri onun üçün çox əzizdir, Firuzə xanımın yaradıcılığını yüksək qiymətləndirir, Həmkarlar İttifaqının sədri kimi fəaliyyətindən razıdır. İşi başından aşan İlqar Fəhmi tədbirin aparıcısı kimi vaxta xəsislik etmədi, bütün iştirakçılara söz verdi. Elçin Hüseynbəyli Firuzə xanımdan danışanda üzü həmişə işıqlanır, bu dəfə də belə oldu. Səlim Babullaoğlu da tez-tez gülümsəyirdi, həmişə olduğu kimi, orijinal çıxışı ilə diqqətləri özünə çəkə bildi. İntiqam Qasımzadə - sınaqlardan çıxmış qədim dostla fikirlərimiz hər zaman üst-üstə düşür, təbii ki, o da Firuzə xanımı mənim qədər sevir. İntiqam müəllimə fədakar mədəniyyət xadimi deyirəm, çox gözəl, məzmunlu çıxış etdi. Professor Təyyar Salamoğlunun çıxışına Firuzə Məmmədlinin yaradıcılığı haqqında məruzə deyərdim. Poeziyası məlumdur, Təyyar müəllim Firuzə xanımın nəsrinə də xüsusi yer verdi və yadımdadı ki, "Ruhun qisası"nı oxuyanda mən də təxminən, hörmətli professorun dediklərini demişdim. Qələm yoldaşları - Mahcamal xanım, Güləmail xanım, Xatirə xanım, Məmməd Tahir, Nüşabə Məmmədli, Tofiq Nurəli, Dayandur Sevgin, Əntiqə Qonaq, ədəbiyyatşünas alimlər Mahrux Dövlətzadə, Səkinə Bayramova, tələbəlik illərinin yadigarı İntizar Nəbiyeva Firuzə xanımın yaradıcılığı və şəxsiyyəti haqqında layiq olduğu xoş sözlər dedilər. Narıngül xanım Firuzə xanımdan bəhs edən və şeirlərinin də yer aldığı "Bir az daha ömür sürək dünyada" adlı kitabın tərtibçisi kimi ürək sözlərini bölüşdü. Firuzə xanımın keçmiş tələbəsi, sonralar onunla eyni kafedrada çalışmış Pedaqoji Universitetin dosenti, "Firuzə Ədəbiyyat Ocağı"nın sədri Yeganə Qəhrəmanova müəllimi haqqında danışanda göz yaşlarını saxlaya bilmədi. Hamımız kövrəldik. Yeganə xanımın ağlı-kamalı, insanlığı onu tanıyanlara bəllidi, amma Firuzə xanımı bu qədər sevən böyük ürəyini dünən kəşf etdim. Hər müəllim belə sevilməz, hər tələbə belə sevməz. Yeganə xanıma Firuzə xanımın mənəvi qızı demək olar. Yevlaxdan gəlmiş digər keçmiş tələbəsi Rəna xanım Firuzə xanımı odlu-alovlu çıxışla təbrik etdi. Özü kimi şirin şirniyyatla gəlmişdi, varam da bölgələrimizdəki insanların mərifətinə.
Üşüyə-üşüyə gəlmişdik, ürəklərimiz isindi, qar kimi saf, ağappaq bir günün sehrinə düşdük. Qar-çovğun da, Firuzə xanım demişkən, bir sınaq idi. Təki ürəklər isti olsun, qar da, çovğun da gəldi-gedərdi.
Firuzə xanım, dünən məclisinizdə hamının üzü gülürdü, hamının ovqatı xoş idi, bilirəm, bazar ertəsi nigaran-nigaran soruşacaqsınız: "Necə keçdi?" Əla keçdi, neçə illərin təcrübəsindən bilirəm, ləyaqətli insanların məclisləri ürəkdən olur, səmimi olur, unudulmaz olur. Sizin bu mərasiminizin enerjisi 90 illik yubileyinizə qədər bizə yetər. Təki sağlıq olsun, dostlar da var olsun həmişə!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!