Şair-publisist Rəşid Faxralının 70 illiyi qeyd olunub

Fevralın 28-də Azərbaycan Yazıçılar Birliyində Qarabağ müharibəsi veteranı, şair-publisist, Əməkdar jurnalist, ehtiyatda olan mayor Rəşid Faxralının 70 illiyi münasibətilə tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "Borçalı" İctimai Birliyinin sədri Dəyanət Osmanlı Rəşid Faxralının yaradıcılığına nəzər salaraq onun poeziyasının və publisistik irsinin gücündən danışıb. O qeyd edib ki, Rəşid Faxralının qələmi təkcə söz sənətinin incəliklərini deyil, həm də vətən sevgisini özündə daşıyan bir xəzinədir. O, öz yaradıcılığı ilə daim haqqın, ədalətin müdafiəsindədir.

 

Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Elçin Hüseynbəyli isə Rəşid Faxralının həyat yolunun çoxşaxəli olduğunu deyib: “O, həmişə diqqət mərkəzində olan qələm adamlarındandır. Simasında xoşgörü, səmimiyyət var. O, həyatını yalnız yazmağa yox, həm də mübarizəyə həsr edib. Onun yazıları təkcə poeziya deyil, həm də mübariz əsgər ruhunu yaşadır”.

 

Həzi Aslanov irsinin araşdırmaçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani yubilyarın vətənpərvərlik ruhunu xüsusi vurğulayıb. “Torpaq üzərində gəzənin deyil, onu qəlbində daşıyanındır. Rəşid Faxralı məhz belə insanlardandır. O, əsgərlərimizi müharibədən əvvəl döyüşə səsləyirdisə, müharibədən sonra da bu torpağı qorumağa çağırırdı. Onun yazıları xəncəri qınından çıxaran yazılardır. O inanırdı ki, torpaqlarımızı yalnız döyüşlə azad edə bilərik və bu gün onun dedikləri tarixə həqiqət kimi yazılıb”,-deyə o əlavə edib.

 

Tədbirdə digər çıxışçılar da Rəşid Faxralı ilə bağlı fikirlərini bölüşüblər, onun xarakterindən, vətənə bağlılığından, qətiyyətli ruhundan söhbət açıblar.

 

Sonda Rəşid Faxralıya “Borçalı” İctimai Birliyinin fəxri diplomu təqdim olunub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!