Ədəbiyyat Pərvanəsinin əbədiyyəti - Vüsalə MUSALI

Pərvanə Bəkirqızına vida

Dost vida eylər mənimlə, ağlaram mən zar-zar,

Gözlərimdən hər zaman gör bəhri-ümman ayrılır.    

                                 

Xətai

 

 

Filologiya elmləri doktoru Pərvanə Bəkir qızı İsayeva Azərbaycan ədəbiyyatşünaslığının tanınmış nümayəndələrindən biri idi. O, Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmışdır. Bununla yanaşı, Pərvanə Bəkirqızı uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar şöbəsində və Filologiya üzrə Ekspert Şurasında müavin vəzifəsində fəaliyyət göstərmişdir. 

Görkəmli alim "Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri" mövzusunda namizədlik, "XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkürü (nəsr və dramaturgiya əsasında)" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, "XX əsr Azərbaycan dramaturgiyasında İblis obrazının dini-mifoloji qaynaqları", "Dastan poetikası və nəsr", "Mifopoetika və filoloji fikirdə mif konsepsiyaları", "Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu" və s. kimi elmi əsərlərin müəllifidir.

Pərvanə xanımın elmi fəaliyyəti, əsasən, XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu və mifopoetik təfəkkürünün tədqiqinə həsr olunmuşdur. Onun "Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu" adlı monoqrafiyası bu sahədə mühüm elmi əhəmiyyət kəsb edir. Elmi məqalə və tədqiqatları Azərbaycan ədəbiyyatının müxtəlif aspektlərini əhatə edərək ədəbiyyatşünaslıq sahəsinə dəyərli töhfələr vermişdir.

Pərvanə xanımın mifopoetika ilə bağlı kitabı onun elmi araşdırmalarının zirvəsi hesab oluna bilər. O, XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu və mifopoetik təfəkkürünü dərindən araşdıraraq, mifoloji motivlərin, obrazların və simvolların ədəbiyyatda necə formalaşdığını geniş şəkildə təhlil etmişdir.

Bu kitabda mif və poeziyanın qarşılıqlı əlaqəsi, Azərbaycan yazıçılarının əsərlərində mifopoetik ünsürlərin rolu və miflərin bədii düşüncədə təcəssümü ətraflı şəkildə izah edilir. Onun tədqiqatı göstərir ki, mif təkcə keçmişin izlərini daşıyan bir fenomen deyil, həm də müasir ədəbiyyatda bədii-estetik düşüncənin əsas qaynaqlarından biridir.

Pərvanə xanım mifopoetika ilə bağlı "Mito-Poetik ve Filolojik Düşüncede Mit Konseptleri" sərlövhəli kitab hazırlamış və Türkiyədə nəşr olunması üçün mənə göndərmişdi. Bu gün Pərvanə xanım kitabın nəşri ilə bağlı müqavilə imzalamalı idi, amma ömür vəfa etmədi... Hazırladığı kitab ona layiq şəkildə nəşr ediləcək. Bu onun zəhmətinə və elmi irsinə olan ehtiramımızın kiçik bir göstəricisi olacaq. 

Təsəvvüfdə "pərvanə", İlahi eşqin və bu eşq uğrunda edilən fədakarlığın simvoludur. O, işığa doğru yönələn, bu yolda varlığından keçən, işığa çatmaq uğrunda hər şeyini fəda edən bir aşiq kimi təsvir olunur. Pərvanənin işığa olan bu cazibəsi, dünyəvi mənlikdən və eqodan uzaqlaşaraq yalnız İlahi sevgiyə yönəlməyi simvollaşdırır. Təsəvvüfdə bu yol "fənafillah" anlayışını ifadə edir. Pərvanə işığa doğru getdikcə varlığını itirir və özünü Allahın həqiqətində yox edir. Bu isə onun İlahi eşqə olan sonsuz bağlılığını təcəssüm etdirir.

Pərvanə xanım yalnız elmi araşdırmaları ilə deyil, həm də ədalətə, doğruluğa və vicdanlı mövqeyə olan sadiqliyi ilə seçilirdi. Onun mənəvi və elmi duruşu, təsəvvüfdə pərvanənin işığa doğru gedərkən özünü fəda etməsi və İlahi eşqə doğru sonsuz bir yol alması ilə səsləşirdi. O da yüksək bir amal uğrunda - elmə, həqiqətə və insanlığa xidmət etməyə yönəlmiş bir məqsəd yolunda həyat sürdü.

Pərvanə xanımla tanışlığımızın çox maraqlı və yaddaqalan bir tarixçəsi var. 2013-cü ildə AMEA Rəyasət Heyətində "Azərbaycan təzkirəçilik tarixi" adlı monoqrafiyam mükafatlandırılarkən, Pərvanə xanım ilk dəfə adımı eşitmişdi. Bu hadisədən sonra mənə zəng edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasında elmi katib vəzifəsinə namizəd olaraq irəli sürüldüyümü bildirdi. Məhz bu məqam tanışlığımızın başlanğıcı oldu və eyni zamanda Pərvanə xanımın obyektivliyini bir daha təsdiqləyən mühüm bir an kimi yadda qaldı.

Zaman keçdikcə onun dərin zəkaya, geniş dünyagörüşünə və müdrikliyə sahib olduğunu daha yaxından anladım. Pərvanə xanım yalnız bilik və elmi araşdırmaları ilə deyil, həm də obyektivliyi, ədalət prinsiplərinə sadiqliyi və vicdanlı mövqeyi ilə seçilirdi.

Filologiya elmləri doktoru Pərvanə Bəkirqızının vəfatı Azərbaycan ədəbiyyatşünaslığı üçün böyük bir itki olmuşdur. Onun elmi irsi, Azərbaycan ədəbiyyatşünaslığının inkişafına verdiyi töhfələr əsərləri və tələbələri vasitəsilə yaşayacaqdır. Ailəsinə, yaxınlarına və elmi ictimaiyyətə dərin hüznlə başsağlığı veririk.

Gözün arxada qalmasın, əziz dostum...

Əlvida, əziz rəfiqəm.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!