Mənim ilk elmi rəhbərim - Teymur KƏRİMLİ

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, çağdaş dilçilik elmimizin korifeylərindən biri, Azərbaycan humanitar elminin filologiya sahəsində bir sıra elmi məktəblərin banisi Ağamusa Ağası oğlu Axundov 2 fevral 1932-ci ildə Kürdəmir şəhərində bu dünyaya göz açmış, 5 sentyabr 2015-ci ildə əbədiyyətə qovuşmuşdur.

 

Akademik Ağamusa Axundov özünün zəngin elmi və pedaqoji fəaliyyəti ilə Azərbaycan elminin inkişafında əvəzsiz rol oynamış, uzun illər ərzində bu sahədəki bütün tələblərə və çağırışlara cavab verən möhtəşəm işlər görmüşdür. O, yalnız Azərbaycan dilçiliyinin deyil, həm də ümumi filologiyanın və ədəbiyyatşünaslığın inkişafına dair çoxsaylı fundamental tədqiqatlar apararaq, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda nüfuzlu bir alim kimi tanınmış və hörmət qazanmışdır. Xüsusilə də, dilə, xalqın özünüdərk prosesinin ayrılmaz hissəsi kimi yanaşması və dövlət müstəqilliyi bərpa edildikdən sonra milli dil quruculuğu proseslərində fəal iştirak etməsi onun elmi fəaliyyətinin əsasını təşkil edən ən mühüm amillərdən biri olmuşdur.

 

O, Azərbaycan dilinin fonemlər sistemi üzrə etdiyi fundamental tədqiqatlarla tanınmış, həmçinin türk dillərinin fonetik quruluşu və təbiəti ilə bağlı apardığı araşdırmalarla bu sahəyə yeni yanaşmalar gətirmişdir. Dilin müxtəlif aspektləri, o cümlədən, qrammatika, etimologiya, dialektologiya və üslubiyyat kimi sahələrdə akademik Ağamusa Axundovun apardığı dərin tədqiqatlar elmi ictimaiyyət tərəfindən daim yüksək qiymətləndirilmişdir.

Elmi fəaliyyətini pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə birləşdirən Ağamusa Axundov, uzun illər ərzində Bakı Dövlət Universitetində yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük əhəmiyyət vermiş, çoxsaylı tələbələr yetişdirmişdir.

O tələbələrdən biri də mən olmuşam...

 

Rəqəmlərin mistikasına inandığım üçün mən bu tarixləri, bir növ, sakral qəbul edirəm: ilk dəfə onu 38 yaşı olanda görmüşəm və bu rəqəmlər yerini dəyişəndə - 83 yaşında bu fani dünyaya əlvida deyib. Ancaq nə qədər qəribə də olsa, mən onu gördüyüm ilk gündə olduğu kimi, yəni 38 yaşında yad edirəm.

Yəqin heç kim mübahisə etməz ki, akademik Ağamusa Axundov kimi böyük, unudulmaz müəllimlərimizi yalnız yaşlarının yuvarlaq rəqəmlərində deyil, hər il doğum günlərində xatırlayıb, onlar haqqında ürək sözlərimizi deməliyik, elmimiz və təhsilimiz qarşısında böyük xidmətlərini bir daha yada salıb layiqincə dəyərləndirməliyik.

Bu, bizim vəfa borcumuzdur, bir qədirbilənlik aktıdır.

 

Bəli, 1970-ci ildə mən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə girərkən, o zaman gənc professor olan Ağamusa Axundov görünür, bizim şansımızdan ilk dəfə fakültəmizin dekanı seçilmişdi. Elə ilk baxışdan onun haqqında belə düşündüm: "Üz-gözündən nur yağan müəllim!" Sarışın saçları, bəyaz çöhrəsi, şux qaməti ilə o saat diqqəti çəkirdi.

"Ümumi dilçilik" fənnindən bizə kurs apararkən isə, onun bir pedaqoq kimi istedadının da şahidi olduq. Sonralar poliqlot kimi tanıyacağım Ağamusa müəllim həm də ingilis dili dərsi deyirdi. Mən klassik ədəbiyyata böyük marağımın təhriki ilə fars dili kursuna yazılmışdım. Yarım il bu dili öyrənəndən sonra nədənsə, dil bilgilərimi ingilis dili ilə davam etdirmək istədim və bu niyyətlə Ağamusa müəllimə müraciət etdim. O mənə ingilis dilində bir kitab verib, yanında oxumağımı istədi. Elə bircə səhifə oxumuşdum ki, Ağamusa müəllim özünəxas təbəssümlə mənə baxıb təkcə bir səhvimi tutdu və: - "Sən ingilis dilini kifayət qədər bilirsən, get, fars dilini daha dərindən öyrən!" - dedi.

ADU-da təhsil aldığım dövrdə (1970-1975-ci illər) o vaxt dilçilik sahəsinin ən gənc elmlər doktorlarından biri olan professor Ağamusa Axundov, tələbələr arasında böyük nüfuza malik idi və yorulmaz elmi axtarışları, zəhmətsevərliyi ilə bizə əsl örnək sayılırdı.

 

Sonralar akademik Ağamusa Axundovun zəngin elmi irsi və publisistikası ilə daha dərindən tanış olduqca, onun çağdaş Azərbaycan dilçilik məktəbinin ən böyük nümayəndələrindən biri olduğunu, bu gün də bir çox ardıcılları tərəfindən yaşadılan və elmi ənənələri davam etdirilən möhtəşəm bir dilçilik məktəbi yaratdığını iqrar etdim. Məhz bu məktəbin işığında, Ağamusa Axundovun elmi rəhbərliyi altında bir çox alimlər yetişmişdir. Bu mütəxəssislər hazırda Azərbaycan elminin müxtəlif sahələrində uğurla fəaliyyət göstərməkdədirlər.

Akademik Ağamusa Axundov böyük dilçi alim kimi elmi məktəb formalaşdırmaqla yanaşı, həm də doğma dilimizin inkişafı və müasir səviyyədə zənginləşməsi yolunda yorulmadan fəaliyyət göstərən bir dil keşikçisi idi. Özəlliklə alimin son fundamental əsəri olan "Dil və ədəbiyyat" ikicildliyi onun bu sahədə necə böyük işlər gördüyünün əyani örnəyidir.

Yeni dövrün dilindən danışarkən akademik Ağamusa Axundov həmişə deyərdi ki, bazar iqtisadiyyatının dili bazar dili olmamalıdır və İmadəddin Nəsiminin bu beytini əzbərdən oxuyardı:

 

Dil bazarçısı yalandır, varmazam bazarına,

Əgri dildən nəsnə gəlməz, durmuşam inkarına!

 

"Dil və ədəbiyyat" əsərinin birinci cildinin "Dil və cəmiyyət" bölməsində Ağamusa müəllim yazır:

"Dil və xalq məsələsi o qədər önəmli, ciddi problemdir ki, dilçilik tarixində o, dörd məktəbin (fəlsəfi dilçilik, fərdi psixologizm, "sözlər və şeylər", etnolinqvistika) əsas tədqiqat obyekti olmuşdur".

Doğrudan da, əgər dili xalqsız təsəvvür etmək mümkündürsə (ölü dilləri örnək göstərə bilərik), dilsiz xalqı heç cür təsəvvür etmək mümkün deyildir. Xüsusən, dövlət suverenliyinin "dönməz və əbədi" (Heydər Əliyev) əldə edildiyi, otuz ildən bəri düşmən tapdağında qalmış torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, istedadlı sərkərdə, dünya şöhrətli diplomat  İlham Əliyevin başçılığı altında geri qaytarılaraq ərazi bütövlüyümüzün bərpa edildiyi bir dövrdə müstəqil dövlətin dövlət dili kimi Azərbaycan dilinin statusu daha  böyük önəm kəsb edir.

Şübhəsiz ki, bu prosesin başında Ulu Öndərimiz Heydər Əliyev durmuşdur. Keçən yüzilliyin 90-cı illərinin əvvəlindən - Ümummilli Liderin ikinci dəfə Respublika hakimiyyətinə gəlməsindən sonra Prezident Heydər Əliyevin "Azərbaycan dilinin tətbiqi və daha da təkmilləşdirilməsi haqqında" verdiyi Fərman dilimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. O dövrü məmnuniyyət hissi ilə xatırlayan akademik Ağamusa Axundov minnətdarlıq duyğusu ilə yazır:

 

"1994-cü il oktyabrın 19-da Türk ölkələri dövlət başçılarının İstanbul zirvə toplantısından qayıdanda möhtərəm prezidentimiz (Heydər Əliyev - T.K.) nümayəndə heyətinin rəsmi üzvlərini (7-8 nəfər idik) təyyarədə yanına çağırdı. Söhbət zamanı Dilçilik İnstitutunda görülən işlərlə də maraqlandı və tapşırdı ki, birinci vəzifə nitq mədəniyyətinin öyrənilməsi və öyrədilməsi olmalıdır."

Əlbəttə, Ulu Öndərin özü böyük natiq idi və onun nitq mədəniyyətinə bu qədər yüksək önəm verməsi heç də təsadüfi deyildi. Ümummilli Liderin bu sözləri deməsindən 26 il keçəcək və onun layiqli varisi və davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ön cəbhədə olduğu kimi, söz cəbhəsində də böyük hünər göstərərək savaş meydanında misilsiz igidlik göstərən ordumuza, qalib xalqımıza öz mənfur ikili standartlarının ülgüsü ilə qara yaxmağa çalışan bir para söz dəllallarının nəfəsini öz natiqlik istedadı ilə xırp kəsəcəkdi!

Əsərdə akademik Ağamusa Axundovun irəli sürdüyü aktual dil problemlərindən biri də latın qrafikalı yeni Azərbaycan əlifbası məsələsidir. "Yeni əlifbamız və onun problemləri" adlı məqaləsində yeni əlifbanın dilimizin qayda-qanunlarına maksimum uyğunlaşdırılması haqqında alimin bir sıra qiymətli fikirləri yer almışdır. Bu problemin çözülməsi zamanı alimin irəli sürdüyü ritorik suallardan biri də, yeni əlifbaya keçid zamanı "Nə qazanırıq, nə itiririk?" sualıdır. Qeyd edim ki, böyük alimin vaxtında qaldırdığı bu sual hələ indinin özündə də müəyyən mənada aktuallığını saxlamaqdadır.

Dilçilik elmimizin ən müxtəlif sahələrində özünü dünya səviyyəli bir alim kimi sübut etmiş akademik Ağamusa Axundov humanitar elmimizin başqa sahələrində də yüksək səviyyəli alim sözünü deyərək, sanballı tədqiqatlar aparmış ensiklopedik zəkadır. 

 

Akademik Ağamusa Axundov haqqında sanballı araşdırmanın müəllifi, akademik İsa Həbibbəyli alimin yaradıcılığına bu baxımdan yüksək qiymət verərək yazmışdır: "Azərbaycan dilçiliyinə, ümumi dilçiliyə, ədəbiyyatşünaslıq problemlərinə, estetikaya, ictimai fikrimizin qayğılarına, tarixşünaslığa, nitq mədəniyyəti məsələlərinə həsr olunmuş sanballı əsərləri akademik Ağamusa Axundovun geniş elmi dünyagörüşə, böyük istedada, universal elmi düşüncəyə malik görkəmli elm xadimi olduğunu aydın surətdə nümayiş etdirir. Azərbaycan humanitar elminin bir dövrünü "Ağamusa Axundov mərhələsi" kimi adlandırmaq mümkündür."

Onu da deyim ki, filologiya fakültəsinin üçüncü kursunda oxuyanda, elmi istiqamət seçimi məsələsi qarşıya çıxarkən mən o zaman prestijli sayılan ədəbi tənqid və ədəbiyyatşünaslıq ixtisaslarını deyil, dilçilik ixtisasını seçdim ki, bu da heç şübhəsiz, dərin hörmət bəslədiyim müəllimim Ağamusa Axundovun şəxsiyyətinə və istedadına sevgimin örnəyi kimi qiymətləndirilə bilər.

Elə bu hörmət və sevgimin nəticəsində diplom mövzusunu da o zaman hələ professor olan Ağamusa Axundovun ən böyük tədqiqatçısı olduğu ümumi dilçilikdən götürdüm. Mövzular siyahısında məni ən çox tutan "Dünya dillərində infinitiv" mövzusu oldu və çox həvəslə diplom işi üzərində çalışmağa başladım. Deyə bilərəm ki, müəllimimin təsiri altında mövzu ilə bağlı bir sıra maraqlı nəticələrə də gəlmişdim. Nə yazıq ki, o kirayədən bu kirayəyə köçhaköç zamanı diplom işimi itirdim.

 

Yaxşı yadımdadır ki, hər dəfə məni universitetin o zaman Kommunist (indiki İstiqlaliyyət) küçəsində yerləşən köhnə binasının ikinci mərtəbəsindəki dəhlizində görərkən Ağamusa müəllim zəndlə gözünü qıyıb, özünəxas təbəssümlə məni başdan-ayağa süzər və: "Diplom işi necə oldu?" deyə soruşardı. Nəhayət, işi bitirib elmi rəhbərimə təqdim etdim. Qısa müddətdə oxuyub rəyini yazdı və mən diplom müdafiəsində əla qiymət aldım...

Diplom işinin itirilməsinə bir də ona görə heyifsilənirəm ki, orada sevimli müəllimimin təkraredilməz xətti ilə qısa bir rəy, sonunda isə onun məşhur imzası: "A.Axundov" var idi.

Sonralar Ağamusa müəllim Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışarkən çox sıx əməkdaşlıq etdik və mən artıq tələbəlikdən çıxmağıma, necə deyərlər, ağsaqqal kişi olmağıma baxmayaraq, onun müəllim qayğısını həmişə üzərimdə hiss etmişəm və bu məndə indi də xoş duyğular oyatmaqdadır.

 

Düşünürəm ki, filoloji təhsilimizdə və elmi düşüncəmizdə bütöv bir epoxa təşkil edən böyük şəxsiyyətlər - Mir Cəlal Paşayev, Ağamusa Axundov, Abbas Zamanov, Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Yusif Seyidov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Firidun Hüseynov, Təhsin Mütəllimov və b. kimi böyük ustadlardan dərs aldığımız üçün bu gün yüksək qürur hissi keçirməyə haqqımız var. Borcumuz isə onların elmi irsini layiqincə qiymətləndirərək yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!