Bir könül adamı Əbülfəz Süleymanlı - Orxan ARAS

Orxan ARAS

Siseron Platondan ilham alaraq,  "Dostluq haqqında" kitabını dialoq şəklində yazmışdır. Kitabda Siseronun qayınatası Laelius "Həyatda ən gözəl şey nədir?" sualına belə cavab verir:

"Özünlə danışırmışsan kimi hər şey haqqında danışa biləcəyin birinin olmasından daha yaxşı nə ola bilər?"

 

Bizim dilimizdə də dostluqda bir müqəddəslik vardır. Farsca "dost" sözü əslində Zərdüştün "Avesta"sındakı "zuşta" sözündən götürülmüşdür. Bəlkə də buna görədir ki, türk xalq ədəbiyyatında "Könül, gəl səninlə məhəbbət edək" sözləri dostluğun ürəklə, sevgi ilə yoğrulması mənasını verir. Söhbətin məhəbbətə, yəni sevgi ilə bağlı sözlərə çevrilməsi ancaq səmimi dostla mümkündür.

İllərdir ən səmimi dostum Əbülfəz Süleymanlı ilə harada tanış olduğumu əslində xatırlamıram. Amma ürək sözlərimiz haradasa kəsişdi və tanışlığımız yaxın dostluğa çevrildi. Üzündəki məsum ifadə, gözlərindəki səmimi təbəssüm onu ürəyimdəki unudulmaz dostlardan birinə çevirdi; İstanbula hər gəldiyimdə ilk zəng etdiyim insanlardan biri oldu. Onunla Üsküdarın ən tənha yerlərini gəzdik, izdihamlı kafelərdə oturduq, vaxtilə varlı ailələrin yaşadıqları köhnəlmiş malikanələrin yanından keçdik, müasir tikililərin künclərində qalan qərib məzarlara üzülərək baxdıq. İstanbulun mənəvi ab-havası dostluğumuzu, qardaşlığımızı daha da gücləndirdi.

Onunla ara-sıra ürəyimizdəki ağrılardan, yaralanmış duyğulardan danışdıq. Bir-birimizə şeirlər yazıb göndərdik. Amma daha çox, ölkəmizin keçmişindən və gələcəyindən danışdıq. Söhbətlərindən onun yurdunun daşına, torpağına necə bağlı olduğunu öyrəndim və sevindim. Həmişə öz-özümə deyirdim ki: " nə yaxşı "Türkiyə kimi böyük bir ölkəyə Əbülfəz kimi ağıllı, ürəyiaçıq müəllimlər gəldi". Çünki sərmayəsi yurdunun  mədəniyyəti, əzab-əziyyəti olan insan mənim gözümdə əsl insan idi. Həmişə var-dövlətindən, şöhrətindən, dəbdəbəli həyatından, mövqeyindən danışan, eqosu şişmiş saxta insanlardan uzaq durmuşam.

 

 

Qərbə görə insan narsistdir, Freydin təbirincə desək, insan ruhu "eqo", "id" və "super eqo"dur. Yunqa görə, "eqo" - basdırılmış şüurdur. Bəlkə də buna görə Nitsşe tanrını qəzəblə öldürəndə əslində insanı və onun eqosunu öldürmək istəyirdi.

Şərqin bütövlüyə dair əfsanə və ədəbi külliyyatında "altruizm" var. Yəni başqasını özündən üstün tutmaq... Dini terminologiyada buna "ithar" deyirlər. Yaxşılıq yolunda özünü qurban vermək ithardır... Şəhərləşmə ilə birlikdə fərdiyyətçilik və tənhalığın pik həddə çatdığı cəmiyyətlərdə bu köhnə anlayışlar artıq "empatiya" kimi tələffüz edilməyə başlayıb. Əbülfəz Süleymanlının dostluğunda həmişə fədakarlıq vardır. İşlədiyi universitetdəki bütün dostları və tələbələri ilə məni tanış edəndə həmişə xəcalətlə qulaq asmışam. Çünki onun dostluğumuza olan sevgisi, bağlılığı məni onun gözündə fərqli yerdə görürdü.

Bir dəfə birlikdə sosiologiya müəllimi və məşhur mütəfəkkir Cəmil Meriçin qızı Prof. Ümit Meriçlə görüşməyə getdik. Ümit hoca bizi türk qonaqpərvərliyinə layiq bir mehribanlıqla qarşıladı. Ümit hocanı ilk dəfə görürdüm. Əbülfəz bəy məni bir neçə cümlə ilə tanıtdı. Amma o cümlələr o qədər dostluqla dolu idi ki, Ümit hoca  qırx illik dost kimi bir saatdan çox mənimlə söhbət etdi.

Ümit Hocadan başqa uzun illərdir İstanbulda yaşayan Prof. Səlahəddin Xəlilovla Əbülfəz bəyin sayəsində tanış olmuşduq. Bütün dostlarını böyük hörmətlə qarşılayan Səlahəddin hoca ilə hər dəfə İstanbula gedəndə onun dəyərli fikirlərindən bəhrələnərək, möhkəm dostluğun təməlini qoymuşduq. Səlahəddin hocanın Bəylərbəyindəki "Fəlsəfə Evi" adlandırıla biləcək ofisinin pilləkənlərini dəfələrlə qalxıb hocanın sevgi dolu gözlərinə birlikdə baxdıq.

Hər görüşdə məni onun kimi cəmiyyətimizi düşünən, gecəsi-gündüzü elmlə, irfanla yoğrulmuş insanlarla tanış edirdi. Üsküdarın irfan əhlindən Şamil Kuçur bəy də onlardan biri idi. İstanbulda jurnalist olan Şamil bəy və ortaq dostlarımızdan Fəthi Gədikli bəy biz tək qaldığımızda Əbülfəz bəy haqqında sitayişlə söz açardı.

 

Əbülfəz bəyin uzun illər çalışdığı Üsküdar Universitetindəki dostları da mənim dostum oldu. Bu dostlar arasında ilk ağlıma gələnlər Zülfikar Özkan və Uğur Canpoladla ilk qarşılaşdığımızda Əbülfəz bəyin himmətiylə bir-birimizə qaynayıb qarışdıq. Hətta onun tələbələri ilə tanış oldum. "Ayrılığın rəngi hüzn" kitabım məndən əvvəl universitetə getmişdi. Əbülfəz müəllim dərslərində şagirdlərə kitabı səhifə-səhifə oxutdurmuş, onların hiss və düşüncələrini öyrənmişdir. Əslində o, bu yolla ürəyimdəki İğdırı, İğdırda anamı, atamı, torpaqlarımızı, yəni Azərbaycanın hikmətini Türkiyədəki universitetə, tələbələrinə daşıdı. Bu cür fəaliyyətlər bəzi şəxsi mənfəətini düşünənlərin gurultulu "türkçülük, turançılıq" şüarlarından min dəfə təsirli idi. Çünki belə kitablarla, dərslərlə xalqımızın ortaq duyğuları, qəlblərindəki həsrəti gənc tələbələrin mənliyində kök salmaq  olar.

Yüz illik mübahisələrimizə səbəb olan "milli kimlik" üzərinə yazılmış əsəri onun türk dünyasına təqdim etdiyi ilk tədqiqat işidir. Amma müxtəlif dövrlərdə yazdığı məqalələrdə "milli kimlik" məsələsinin gələcəyimizlə necə bağlı olduğunu elmi dillə izah edib.

 

"Azərbaycan türkləri milliləşmə prosesində" məqaləsi bu mövzu ilə maraqlanan hər bir tədqiqatçı üçün istinad mənbəyinə çevrilmişdir. Eyni mövzuda yazılan "Milli kimliyi məhv edən sovet fəaliyyəti" məqaləsi də türk oxucuları üçün çox yeni bir tədqiqat mənbəyidir.

Xüsusilə, pandemiya dövründə yazdığı məqalələrdə, verdiyi seminarlarda "Ailə", "Tənhalıq", "Məcburi köç", "Sürgün" kimi mövzular da onun necə bir alim olduğunun göstəricisidir. Çünki zamanında cəmiyyətin nəbzini tutmaq, araşdırmaq, həll yollarını ortaya çıxartmaq başqa bir həssaslıq və dərinlik ehtiva edir. Bunlardan başqa o, Türkiyədə Suriyadakı mühacirlərlə bağlı mövzulara aid araşdırmalar aparıb və nəşr etdirib.

Əbülfəz bəylə olan digər mənəvi yaxınlığım da odur ki, buraya Azərbaycanın müstəqilliyindən sonra  ilk göndərilən tələbələrdən biridir. Məlum olduğu kimi, 1920-ci ildə ən kasıb və ən çətin vaxtlarında Azərbaycan Xalq Cümhuriyyəti yeddi milyon rubl ayıraraq 100 tələbəni Avropaya oxumağa göndərmişdi. Sovet dövründə Avropaya gedən Hilal Münşi, Abbas bəy Atamalıbəyov kimi tələbələr Azərbaycana qayıtmasalar da, öz şüurlu və yüksək intellektual qabiliyyətləri ilə orada mədəniyyətimizin təbliği istiqamətində çox mühüm işlər görmüşlər.

 

Prof. Əbülfəz Süleymanlı 1991-ci ildən - göndərildiyi gündən bəri xalqımızın ümidlərini puç etməmiş, atasını gənc yaşlarında itirməsinə baxmayaraq, gecə-gündüz çalışaraq Türkiyənin ən yüksək elmi dərəcəsinə çatmış, professor adını qazanmışdır. Sadəcə bunlarmı?! Atası Davud kişi bir dəmiryolçu zəhmətkeşi olaraq gənc yaşda vəfat etmişdi. Həyatının qırx ilini şagird yetişdirməklə, gənclərin maariflənməsində ömrü keçmiş rəhmətlik anası Sidiqə müəllimə Rüstəmovanın da dostumun bugünkü uğurunda böyük təsiri olmuşdur. Əbülfəz bəy yaxşı ata və müəllim kimi iki çox ağıllı oğul da böyüdüb. Mühəndis Davud Süleymanlı "Texnofest"də qızıl medal qazanıb. Elçin Süleymanlı gələcək həkim kimi təhsilini İzmirdə davam etdirir.

Üzündə gəncliyin bütün işıltısını daşıyan Əbülfəz bəy kamillik yaşı hesab edilən  əlli yaşına qədəm basır. Duyğularımı və sözlərimi Əbülfəz bəyə layiq, kifayət qədər ifadə edə bilməsəm də, ona cansağlığı, uzun ömür arzulayıram.

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!