Molla Pənah Vaqifin güzgüsü - Rüstəm KAMAL

Rüstəm KAMAL

Görəsən, XVIII əsrdə Qarabağda güzgülər necə və harda hazırlanırdı, hardan gətirilirdi? Xan sarayını hansı sənətkarın bağladığı güzgülər bəzəyib? Təəssüf ki, XVIII əsrdə Qarabağda, Şuşada güzgülərin (güzgüyə "ayna" da deyilir) olmasını təsdiqləyən etnoqrafik-tarixi qaynaqlar yox dərəcəsindədir. Bu mənada tariximizin bilicisi, əslən şuşalı olan Yusif Vəzir Çəmənzəminliyə etibar etməliyik. Yusif Vəzirin bədii təsvirində XVIII saray həyatını, Vaqifin otağını, güzgü asılmış divarları görürük: "Yan divarlardan birisində çargül rəngin pəncərələr arasında zərli çərçivəli güzgülər vurulmuşdu". ("İki ad arasında")

Dördkünc güzgülər Vaqif dünyasının əksidir: pəncərə şüşələrində günəşin işığı, gənc və gözəl arvadı Qızxanımın "Büllur biləklərinin  kəhrəbası"nın parıltısı. Məhz otağın güzgüsü məkanı formalaşdırır, onu görümlü edirdi.

Tacirlər Şuşaya güzgünü Çindən, Hindistandan da gətirə bilərdi, ya da sənətkarların əl işləri idi. Qarabağda güzgü ilə bir maraqlı rəvayəti folklorşünas Fəridə Hicran qələmə almışdır: "Xan qızı Xurşidbanu Natəvanın bir yaşı olanda bibisi Ağabəyim ağa öz sevimli güzgüsünü ona hədiyyə edib".

Güzgünü İran hökmdarı Fətəli şah əslində Ağabəyim ağa üçün bağlatdırıbmış. Çox məşhur bir sənətkarın əl işi olan bu güzgünün dörd tərəfi qızıldan ecazkar haşiyələrlə hörülmüş, aralarına çox qiymətli böyük karatlarla brilyant, zümrüd, ləl qaşlar düzülübmüş. Güzgü uzun illər  boyu Tehranda qərib həyatı yaşayan və övladı olmayan Ağabəyim ağanın otağında olub və bu qərib xanım hər dəfə kədərli halda o güzgünün önünə keçərkən, onun qarşısında evləri, ailəsi üçün darıxdığından, övladsız olduğuna görə sıxıldığından göz yaşı tökmüş və sonralar - ölümündən bir il əvvəl son dəfə vətəni Qarabağa qonaq gedərkən ən qiymətli hədiyyə kimi öz sevimli güzgüsünü bir bibi hədiyyəsi olaraq xan qızı Natəvana bağışlamışdır. Natəvan həddi-buluğa çatarkən güzgünü çox qiymətləndirmiş, onu silib, təmizləyib, qoruyaraq saxlamışdır. Lakin sonradan həyatındakı bir çox uğursuzluqlarla qarşılaşdıqca həmin güzgüdən uzaqlaşmağa çalışmışdır. O, göz yaşı ilə başlanan uğursuz taleyinin bir tərəfini də bu güzgü ilə ilgili hesab etmişdir. Hətta Natəvan xanımı tanıyıb, onunla yaxınlıq edənlər guya yuxuda anası Bədircahan xanımın xan qızına məsələni bu cür anlatdığını da danışırmışlar. Qarabağda sonralar Natəvan xanımın güzgünü cavahiratdan ayırıb atdığını da söyləyənlər çox olub…"

Mir Möhsün Nəvvabın magik təcrübələri göstərir ki, Şuşada güzgü sadəcə bir vacib məişət əşyası deyil, mistik mənalı predmetlərdən biri olubdur.

Güzgü Qarabağ insanının, indiki dillə desək, gündəlik aksesuarı deyildi, həm də həyat aynası idi. Bu aynaya baxan şəxs həm də öz yaşamını, taleyini anlamağa çalışırdı.

Qarabağ xanlığında qadın gözəlliyinə yüksək dəyər verilirdi. Bunu salnaməçilər də qeyd edir. Vaqif poeziyası bu estetik dəyəri bədii təsdiq edir.

Vaqifin şeirlərindən məlum olur ki, "əldə ayna gözə sürmə çəkmək" həm də bir etiket imiş. Qarabağ gözəlləri ayna ilə yatıb ayna ilə dururlar...

 

Ayna tutar, zənəxdana gül düzər,

Hər muyinə yüz min fitnə-fel düzər.

Bəyaz gərdəninə siyah tel düzər,

Sanasan sonadır mənim sevdigim.

 

Yaxud:

 

Əldə ayna, gözə sürmə çəkəndə,

Ala gözün bulağından öpəydim.

Zənəxdanın çevrəsindən, xalından,

Qələm qaşın qabağından öpəydim.

 

Saray məişətinin ən dəyərli predimeti olan güzgü-ayna Vaqifin vizual dünyasında da xüsusi simvolik, poetik funksiyaya malik idi. Ayna-güzgü obrazının simvolikası Vaqif poeziyasında hər şeyi fərqli estetik mənalar çevrəsinə daxil edir. Güzgü effekti bütövlükdə qadın detallarını Vaqifin vizual məntiqinə tabe edir. Güzgü bədii portret yaratmağın bir üsuludur.

O, bu güzgüdə hər şeyi gözəl görür. Aşağıdakı şeirdə böyük sənətkar "gözəl" sözünü o qədər fəallaşdırır ki, istər-istəməz "göz" və "gözəl" sözlərinin eyni kökdən yarandığına inanırsan:

 

Biləyi, bazusu, hər bəndi gözəl,

Gərdəndə zülfünün kəməndi gözəl,

Ayna tutdu, durdu, bəzəndi gözəl,

Sallandı, görəsən, nə qiyamətdə.

 

Vaqif üçün "ayna qabaq" və "göyçək qabaq" qadın gözəlliyini mənalandıran epitetlərdir. Gül camalın nuru günəşin nuru ilə eyniləşdirilir.

 

Bir ayna qabaqlı, tər sinəli yar,

Çox müştaqdır sizin cəmalə Vaqif.

 

Yaxud:

 

Şanə kim, zülfü bölür, zahir olur

göyçək qabaq,

Bərq vurur oynar buludlardan çıxan

güntək qabaq...

 

Təsəvvüfdə məşuq aşiqin "güzgüsüdür" - yalnız bu güzgüdə "vəhdəti-vücud" mümkündür. Aşiq yarın günəş camalında öz qismətini arayır. Bu "canlı güzgü"yə baxıb xoşbəxt olacağına inanır. Vaqif üçün yarın üzü ruhunun, ovqatının aynasıdır:

 

Vaqifəm, yoxdur mənə

            cahi-zənəxdandan nicat,

Göstərir əhvalımı aydın üzün güzgü kimi.

 

Yaxud:

 

Könlünü aynatək eyləyəydi pak,

Bir söz desəm, olmayaydı qəzəbnak.

 

Vaqif yarın aynaya baxmasını rəqibə baxması, yaxud məşuqa biganəliyi kimi mənalandırır. Hətta arada bir aynaya da qışqanmalı olur...

Güzgünün əsasında ikiləşmə ideyası var. Güzgü oxşarlıqları yaradan bir semiotik alətdir. Y.Lotman qeyd edirdi ki, oxşarlıq mövzusu "güzgü motivinin ədəbi uyğunudur". Ona görə də şair sevgilisinin klassik obrazlar səviyyəsində oxşarına inanır. Güzgü prinsipindən istifadə edərək, onların arasında oxşarlığı axtarır.

 

Oturuşu Şirin, duruşu Leyli,

Qəmzəsi sitəmli, yarı gileyli.…

 

Yaxud:

 

Ustad səni çəkib manəndi-mələk,

Bundan artıq həqqi say ola bilməz.

 

Vaqif üçün Tiflis də hardasa Şuşanın güzgü oxşarıdır - ikisinin də "yaşılbaş sonaları", "türfə tamaşələri var".

Güzgü daosizmdə, buddizmdə "dünyanın ikinci əksini" bildirir. "Dao bütün varlığın güzgüsüdür: soyuqdur, sakitdir, boşdur (heçlikdir). Güzgü hər şeyi əks etdirir, axı özü hər şeydir və heç nədir. İkinci əks olunan həyatdır. Bu, ölü həyatmı?

Yox, çünki güzgüdə əks olunan nə varsa, nə ölüdür, nə də diridir. Bu - ikinci həyatdır, kabuslara və ya qalüsinasiyalara bənzər sirli varlıqdır". (Xuan Fan-ço. "Saflaşmış ruhun güzgüsü", rus dilində)

Qüdrətli "bir padşahın (Ağa Məhəmməd Şah Qacarın) başını ortada top kimi oynadanda, "qədirbilməz həmdəmi" Batmanqılınca qoşulub qaçanda qoca şair anlayır ki, "ikinci güzgü" adlanan bu dünya toy-bayram yeri deyil, həm də mənasız ilğımdır, heçlikdir…

Rüstəm KAMAL


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!