Hörmətli Firuzə xanım!
Ad gününüz və yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz bugünkü ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən biri, görkəmli şairəsiniz. Vaxtilə tərtib etdiyim "Min beş yüz ilin oğuz şeiri" antolojisində yer alan şeirinizi unutmuram. Başqa gözəl şeirlərinizlə bir sırada bu şeir də sizin vətəndaşlıq qayənizin bariz örnəyidir:
Nə yatmısan bu torpağa baş qoyub,
Qalx, əlinin qabarını ovuşdur.
Bu divara kim bir xırda daş qoyub,
Azadlığın qalasına qovuşub.
Ağlamasın səsindəki inilti,
Ağlamasın üzündəki cəsarət.
Bu dünyada milyon ildi, min ildi
Azadlıq var, qollarında əsarət.
Yurdumuzda "azadlığın" qollarında əsarət olan zamanlarda, çox gənc yaşlarında Firuzə "Vahid Azərbaycan" uğrunda mübarizəyə qatılır və bunun ağır bədəlini ödəməli olur. Amma ömrü boyu bu gənclik ideallarına sadiq qalır. İstər Naxçıvanda Pedaqoji İnstitutun filialında, istər Bakıda həmin institutun dosenti kimi çalışarkən Firuzə xanım gənc nəsillərə azadlıq yolunun maariflənməkdən, savadlanmaqdan keçdiyini təlqin edir. Azadlıq mücahidlərindən nakam taleli Yusif Vəzir Çəmənzəminli haqqında elmi iş yazarkən də, çoxcildliklərində toplanmış lirik şeirlərini, poemalarını yaradarkən də Firuzə Məmmədli ədəbiyyatımıza təmənnasız xidmət edir. Türkiyədə və Azərbaycanda mükafatlara layiq görülmüş Firuzə xanımın əsərləri neçə-neçə dillərə də çevrilmişdir.
Həm fəal ədəbi yaradıcılığının dəyərlərinə görə, həm təvazökar, qayğıkeş davranışına görə, həm Yazıçılar Birliyi Həmkarlar təşkilatının sədri kimi səmərəli fəaliyyətinə görə Firuzə xanım ədəbi ictimaiyyətin böyük rəğbətini qazanmışdır. 2019-cu ildə Firuzə Məmmədli Yazıçılar Birliyinin Nəsimi mükafatına layiq görüldü, amma Firuzə xanımın ən böyük mükafatı onun poeziyasının oxucular tərəfindən sevilməsi və yüksək qiymətləndirilməsidir.
Əziz Firuzə xanım! Arzu edirəm ki, hələ çox-çox illər gözəl şeirlərinizlə, elmi araşdırmanızla, mehriban rəftarınızla hamımızı sevindirəsiniz.
Hörmətlə...
Anar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!